İSTƏRƏM Mən sənin eşqinin asimanında Aya, ulduzlara çatmaq istərəm. Min-min səadəti boyunbağıtək Mən sənin boynuna atmaq istərəm. * * * Bir sən, bir mən olum, bir uçuq kaha, Heç nə istəmirəm taledən daha. Bütün kədərini alıb çox baha, Sevinci havayı satmaq istərəm. * * * Yaşayım yüz il də, milyon da, min də, Həyatım bitəcək həmin o gündə. Sənin gözlərinin dərinliyində, Boğulmaq istərəm, batmaq istərəm.
ƏLLİ İLDİ Könlüm viran, qəlbim talan, Yar, gəzirəm əlli ildi. Xəstə düşən dərman gəzər, Qar gəzirəm əlli ildi. * * * Bu sevdanın adı nədi, Duzu, tamı, dadı nədi? Ocaqdırsa, odu nədi? Qor gəzirəm əlli ildi. * * * O yolları yordu gözüm, Yollarda nə gördü gözüm? Nuru gedib, tordu gözüm, Kor gəzirəm əlli ildi. * * * Bu həsrətin yaşı qara, Ürəyimin başı yara. Kəfən geyib yaşayıram, Gor gəzirəm əlli ildi. * * * O gözəldə gözüm qaldı, O tilsimdi, o xəyaldı. Mən Ramizəm, dilim laldı, Kar gəzirəm əlli ildi.
SEÇİM DEDİM… Bu dünyada yaman da var, Yamandan pay uman da var, Yaxşıya göz yuman da var, Yaxşıları yamanlardan – Seçim dedim, – seçəmmədim. * * * Bir gözəlin butasıydım, Əllərindən tutasıydım. Vüsalına çatasıydım, Səadətin şərbətini – İçim dedim, – içəmmədim. * * * Sevincimdən əzabım çox, Sualım var, cavabım yox. Günahım az, savabım çox, Suçum varsa, bağışlayım – Keçim dedim, – keçəmmədim. * * * Ramiz, söylə möhürbəndi, Yolumuz qıl körpüdəndi. Həyat zəmi, ömür dəndi, Fələk göyə sovurmamış – Biçim dedim, – biçəmmədim.
QOÇ OLMAZ Qoç olmaz yetim quzudan, Qoç oğlundan qoç törəyər. Bar gözləmə çürük qozdan, Törəsə də puç törəyər. * * * Min illərdir belə olub, Mərd meydanda bəlli olub. Dəli oğlu dəli olub, Gicbəsərdən gic törəyər. * * * Görmüşük başdan – binadan, Çörək qədri bilməz nadan. Zatı qırıqdan, zinadan Bic doğular, bic törəyər. * * * Ramiz, sızlat sarı simi, Söz sındırar hər tilsimi. Halal olsan arı kimi Bir bəsləsən üç törəyər.
HƏSRƏTİMİN Ürəyimdə doğma yurdu – Yuvası var həsrətimin. Yalvarıram uçub getmir, Vəfası var həsrətimin. * * * Qəlbimdə qəm gözəlləşib, Gözümdə nəm gözəlləşib. Saçımda dən gözəlləşib, Şəfası var həsrətimin. * * * Hər çətinə, bərkə dözdük, Bərkə-boşa birgə dözdük. Nə qəribə görkə dözdük, Cəfası var həsrətimin. * * * Ömürlük dost, sirdaş olduq, Yaman bağrıbadaş olduq. Ramiz, daha qardaş olduq, Səfası var həsrətimin.
GİLEYLİ Həyat qəribədir – kimi dindirsən, Göydən narazıdı, yerdən gileyli. Allahın ən mömin bəndələri də, Hərdən asi olur, hərdən gileyli. * * * Adam var xisləti, məsləki sirdir, Adam var yaxşılıq, yamanlıq birdir. Adam var ümidi “ocaq”dır, pirdir, Adam var seyiddən, pirdən gileyli. * * * Adam var, can atır, “daş-başa” – çatır, Adam var, əlləri boz daşa çatır. Adam var, cütləyib şeş qoşa atır, Yek atıb uduzan zərdən gileyli. * * * Ramiz, çoxdu hələ səni duymayan, Nifrətdən, qeybətdən gözü doymayan. Bir-birinə xətir-hörmət qoymayan, Ər arvaddan, arvad ərdən gileyli.
MƏNİ Belə yaşamağa yaşamaq desəm, Il ağlar, ay ağlar, gün ağlar məni. Baş aça bilmirəm sirri-xudadan, Tutub batmadığım günahlar məni. * * * Baş götürüb hara köçüm, görəsən, Nə imiş təqsirim, suçum, görəsən? Harda tükənəcək gücüm, görəsən, Nə vaxt tərk edəcək qınaqlar məni?! * * * Üzümə gülənlər mələk deyilmiş, Ağım kəfən imiş, bələk deyilmiş. Əsən tufan imiş, külək deyilmiş, Şeytan qucaqlayar, cin ağlar məni. * * * Hara getdim, nadan çıxdı qarşıma, Gülə-gülə zəhər qatdı aşıma. “Ağlıma gəlməyən gəldi başıma”, Yaram sim bağlayar, sim ağlar məni. * * * Duyğusuz insana könül bağladım, Yol gözlədim, ədəb-ərkan saxladım. Anadan olanda özüm ağladım, Öləndə bilmirəm kim ağlar məni. * * * Sevincim, kədərim qoşadır daha, Yönüm qar-boranlı qışadır daha. Ramizəm, bir ümid yaşadır daha, Bəlkə bir əhli-dil soraqlar məni.
BU QIZIN Darağı, güzgüsü düşmür əlindən, Gözündən od-alov çıxır bu qızın. Sinəsi köynəyə sığışmır daha, Köynək sinəsini sıxır bu qızın. * * * Gözəli darağa “bağlayan” nədir, Güzgü qabağında saxlayan nədir, Qəlbində kükrəyən, çağlayan nədir? Baxışı yandırıb yaxır bu qızın. * * * Yaşılı soyunur, alı geyinir, Qardaş “qəzəblənir”, nənə deyinir. Ata qürur duyur, ana sevinir, Naz-qəmzəsi “evlər yıxır” bu qızın. * * * Bir-birinə aman vermir elçilər, “Hə” alınar, şirin çayı içilər. Bir gün nişan olar, parça biçilər, Toyu olar əvvəl-axır bu qızın.
GEDƏCƏK Ömrümün karvanı yol üstündədi, Illəri yan-yana düzüb gedəcək. Qarlı zirvələrdən, şoran çöllərdən, Bulanıq sulardan üzüb gedəcək. * * * Qabağına eniş-yoxuş çıxacaq, Xoşuna gəlməyən çox iş çıxacaq. Könül bulandıran baxış çıxacaq, Yersiz tənələrə dözüb gedəcək. * * * Arzusu, diləyi qalıb yarıda, Sınıb bərkiməmiş qanadları da. Gününə bax, – günü keçmiş qarı da, Ağız əyib, dodaq büzüb gedəcək. * * * Karvan gedəsidi, kimsə əyləməz, Geriyə döndərməz, yoldan eyləməz. Bir mələk gələcək, dinməz-söyləməz, Əcəl şərbətini süzüb gedəcək. * * * Ramiz kirpiyində od götürəndə, Gəzdiyi cığırlar ot bitirəndə, Çayını, suyunu yad gətirəndə, Bəxtindən inciyib küsüb gedəcək, Həyatdan əlini üzüb gedəcək. Müəllif: Ramiz İSMAYIL