VAQİF VÜQAR – ŞEİRLƏR

VAQİF VÜQARIN ŞEİRLƏRİ

ZİRVƏLƏR QIŞ DOĞUR…
Gedir göy üzündə bulud davası,
Əbədi tufanın evidi dünya.
Baharı bağrına basıb hardasa,
Bir yarpaq boydaca böyüdü dünya.
* * *
Zirvəyə can atıb yüyürdükcə biz,
Qovur ruhumuzu min tufan, min qar.
Görüb, tanıyırıq düşündükcə biz
Zirvələr qış doğur, dərələr bahar.
* * *
Gah ayıq oluruq, gah da mürgülü,
Dünyanın özünə çox oxşayırıq.
Özü bitirdiyi təbrik gülünü,
Bircə sevgisinə bağışlayırıq.

YÜRÜŞ EDƏCƏYİK…
Nə vaxtdan bəridir talan Vətənin,
Yanan kəndlərini, məbədlərini.
Düşmən tapdağında qalan Vətənin,
Göstərin uzanan sərhədlərini.
* * *
Boğmaq, cilovlamaq olmaz tufanı,
Günəşin yenidən doğulması var.
Xəbərdar edirik Ermənistanı,
Bizim odumuzla oynamasınlar.
* * *
Qəhrəman olmağı bizə öyrədib,
Özünün adını daşıyıb Vətən.
Səngər alınyazımızdır əbədi
Qanlar bahasına yaşayıb Vətən.
* * *
Xatırlayın dönə-dönə Babəki,
Yurdunu Tanrının məkanı saydı.
Bu ölkə olmazdı, qəlbində sevgi
Böyük Xətailər doğulmasaydi.
* * *
Tükənsə son ümid, son işıq kimi
Yürüş edəcəyik yurdlara sarı.
Viran edəcəyik düşmən evini,
Keçib dərələri, aşıb dağları..
* * *
Dədə mirasları qaytarmaq üçün,
Yürüş edəcəyik Ağrı dağına.
Ruhları dolaşan qos-qoca Türkün
Əzəli, əbədi torpaqlarına…

EY SÖZ QIZI…
Sən günəşin işığını gözünə yığ,
Ömrümüzsə sıxılıbdır damlalara.
O göylərin rəngi tutqun, rəngi qara
Və bir az da buluduna oxşayırıq.
* * *
Sən bir çiçəyin üzündəki rəngsən-rəng,
Mən bir şehəm ruzigarın yaxasında.
Oxunuruq Bethovenin sonatası tək,
Oxunuruq bir gecənin havasında.
* * *
Tənha qalmış bir adayam sular döyüb,
Sənin gəmin balacadı dəniz böyük.
Tutanların kölgəsini oğurlayıb,
Kəhərimə yüyən etdim mən ömürlük.
* * *
Salam verib min gözəllik sabahına,
İsmarıc da eləyirsən sən sözümə.
Ey söz qızı, mənsə eşqin dərgahında
Çocuq təki yüyürürəm dan üzünə…

Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir