
Salamlar Qarabağa… Müjdə Tanrı dağına…
Uzun illər bu məmləkətin ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… Qarabağ ağrı idi… Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi… Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…
Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, adı “dünya birliyi” olan xristian dünyası bizə yüz il bundan sonra da gün ağlayası deyil.
Bizim Türkdən başqa kürəyimizi söykəyəcəyimiz heç kimimiz yoxdu… Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaş günləri bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil. Bir Türk bir sözüylə bizə ordu bərabərində arxadır. Bir Türk bir şeiriylə bizə bir silah gücündə dayaqdır. Dərdimizin ortağı da, mücadiləmizin silahdaşı da, zəfərimizin sevinəni də gerçək Türk insanlarıdır…
Bizi Qarabağa aparan o qutsal yolun yolçuları ilə – haqq savaşçılarımızla, Zəfəri yaralı canı, əli, ayağı, itirdiyi gözünün nuruyla yazan qardaşlarımızla aylardır ki, həmsöhbətəm, onların cəhbə xatirələrini dinləyərək şəhidlərimizin əziz xatirəsini ölümsüzləşdirmək amacıyla “Savaş günlükləri” yazıram… Bu amacla tez-tez Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Hospitallarında tedavi görən qazilərimizə baş çəkirəm. Ötən gün şahid olduğum hadisə isə sözün bütün mənalarında ruhumu silkələdi…
Asta addımlarla hospitala daxil oluram. Ağ göyərçinə bənzəyən Tibb bacısı xoş təbəssümlə salamlayıb içəri aparır məni… Gənclərin səsi bütün dəhlizi bürüyüb, harada olduğumu unuduram:
Səndən başlar sonsuzluğa yol, Oğlum…
Dörd bir yana atmalısan qol, Oğlum!…
Çörəyini ac olanla böl, Oğlum!
Haram yemə, haqq uğrunda öl, Oğlum!
Tarixə Sən verəcəksən can, Oğlum!
Gün gələr ki, torpaq istər qan, Oğlum!
Səslər coşğuyla yüksəldikcə ürəyim dağa dönür. Səs gələn otağa tərəf yönəlirəm. Bəzən adam göz yaşlarının səbəbini nə anlaya, nə də izah edə bilmir. Gördüyüm mənzərə qarşısında heykəl kimi hərəkətsiz qalıram, ürəyim dağa dönür, amma bu elə bir izahsız duyğudur ki, sözə çevirmək olmur.
Gəz, Oğlum
Vətəninə göz dikəni əz, oğlum.!
Dostun kim, düşmənin kim, sez oğlum!
Tarixini şərəfinlə yaz, oğlum!
Yaz oğlum.!
Səndən gidər sonsuzluğa yol oğlum
Dört bir yana salmalısın qol oğlum
Ekmeğini ac olanla böl, oğlum
Haram yemə, haqq uğruna öl, oğlum.!
Çabuk böyü, çabuk yetis, tez oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Çabuk büyü çabuk yetiş tez oğlum
Hain gezen şu dağlarda gez oğlum!
Tarixə can vermək üçün canından, gözünün nurundan, yürüyən ayağından, vuran qolundan keçən (hətta bəziləri nitqini itirib) qardaşlarımızın belə çiyin-çiyinə söykənib ruh yüksəkliyi ilə “Vətəninə göz dikəni əz, Oğlum!” deyə oxuması ürəyimi dağa döndərir.
Kitablardan oxusaydım, bəlkə də qəribə qarşılayardım, amma indi öz gözlərimlə belə bir mənzərənin şahidi olmağım kövrəltdiyi qədər də qürurlandırır məni…
Məni dövrəyə alıb salamlayırlar. Təəccübümü və heyranlığımı görən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı, baş gizir Cavidan Səfərov sözə başlayır: Anam, siz elə bilirsiniz ki, biz Qarabağı silah gücünəmi azad etdik?! Silahımızdan da kəsərli ruh yüksəkliyimiz vardı. Bax həmin o türkülər bizə elə ruh yüksəkliyi verirdi ki, nəinki yağı düşmənə, hətta Əzrayıla belə meydan oxuyurduq…
Qürur qarışıq kövrək duyğular baş qaldırır içimdə. Bu duyğuların əhatəsində qazilərimizə Sərhat bəydən, onun Türk gəncliyinə müraciətlə yazılmış “Bil oğlum” şeirindən danışmağa başlayıram: “Əzizlərim! Dedikləriniz o qədər doğma hisslərdi ki… Sizlərin döyüşdə olduğunuz həmin o çətin günlərdə inanın ki, bizim də yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi…
İndi Sizin ifanızda çox əziz Serhat Kabaklının sözlərinə Esat bəyin bəstələmiş olduğu türkünü dinlədikcə bir neçə məqamı xatırlayıram: Şuşanın azad olunduğu gün idi. Həmin bu sözlərin müəllifi əziz Sərhat bəy özünəməxsus doğmalıqla sevincini, şükrünü belə dilə gətirmişdi: O gün olsun, burda qıldığım şükür namazını Şuşa məscidində qılım!” Bu duaya təkcə dilim yox, gözümdə gilənən göz yaşım da “Amin!” demişdi… Növbəti gün isə Sərhat bəyin “Salamlar Qarabağa! Müjdə Tanrıdağına!…” – deyə Qarabağın azadlığını müjdələməsi məndən ötrü Tanrıdağı boyda sevinc olmuşdu…
Hərbçilərimizin “Bil, oğlum!”a bu cür həssas münasibətindən ürəklənib şeirin yazılma tarixçəsini danışıram və onlara söz verirəm ki, bir gün mütləq onları döyüşə ruhlandıran bu ecazkar misraların müəllifi ilə – Sərhat bəy Kabaklı ilə görüşməyinizi sağlayacam… Hamısının gözlərində sevinc görürəm. Bir şeirin yaratdığı məhəbbət, bir misranın milyon – milyon ürəkdə yuva qurması, bir sənətkarın ruhlara toxunuşu… Sənətin bəxş etdiyi doğmalıq budur əslində…
Dəyərli Sərhat bəyin yaradıcı adam kimi uğuru da məhz bundadır. İnsanların qəlbinə gedən yolu tapmaqda… Bu yol o qədər müqəddəs bir yoldur ki, hər qələm adamına o yolda yürümək nəsib olmur. Ki, bu da Sərhat bəyin böyük ürəyinə mükafat olaraq bir Tanrı lütfüdür…
Mən Sərhat bəyi Dəyərli Ustadım İmdat Avşarın təqdimatıyla tanımışam. İmdat bəyin gözəl söhbətlərindən təsirlənərək yüksək insanlığını, şəxsiyyətini və yaradıcılığını sevdiyim Sərhat Kabaklı məndən ötrü yeriyən Türküstandır… Elazığdır, Qarabağdır, Kırımdır, Kərkükdür, Kıbrısdır, Ahıshadır…
Sərhat Kabaklının şair kimi, sənətkar kimi, şəxsiyyət kimi, insan kimi keçdiyi ömür yolu türk gəncliyi üçün – bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Bu həyatda təkcə ürəyini, ruhunu, təmiz adını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Bütün bunların mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Sərhat bəy şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan, Sözü kimi bütöv insandır.
Sərhat Kabaklının ictimai həyatımızdakı rolu, Nazim Hikmətin təbiriylə desək, havanın qurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Onun xarakterini tamamlayan və indiki vaxtda nadir rast gəlinən insan mənzərəsidir. Sərhat bəy həyatı ilə şeirləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasibliyi qoruyan uca ürəkli şəxsiyyətdir. Sərhat Kabaklı insanların hürr yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun şair qəlbi həmişə ədalətsizliyə qarşı barışmazlığı və mübariz ruhu ilə seçilir.
Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Sərhat bəy… Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı, ucalmağı qəbul etməyib və insanlara da əqidəsində, yolunda sadiq olmağı bir Bilgə kimi həmişə tövsiyə edib. İxtisasca müəllim olub, amma təkcə elm öyrətməklə vəzifəsini bitmiş hesab etməyib, öyrəncilərinə kitablardan daha öncə həyatı öyrədib Sərhat bəy…
Ot kökü üstə bitər, – deyirlər… Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam fidanlar pöhrələyər. Bu gün Sərhat Kabaklı qocaman bir Dədə Palıd kimi dörd bir yanına kölgə salır… O, zəngin mənəvi ənənənələri olan bir ailənin işığından pay alıb. Sərhat bəyin fikirlərinin formalaşmağında Əmisi Türk dünyasının böyük düşünürlərindən olan Əhməd Kabaklının müstəsna əməyi olub. Əhməd Kabaklı böyük türk ədəbiyyatının çoxəsrlik tarixini beş cilddə toplayan dəyərli bilim adamlarımızdandır. Həmin toplunun böyük hissəsində Azərbaycan ədəbiyyatı tarixi də yer alıb. Bu, hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün mühüm işdir. Bu o deməkdir ki, Əhməd bəy Azərbaycanı öz vətənindən heç zaman ayrı tutmayıb.
Əmisi ilə bağlı xatirələrində Sərhat Kabaklı söyləyir ki, o zaman 18 yaşım olanda əmim mənim şeirimi Türkiyənin ən böyük ədəbiyyat dərgisində çap etdirdi və ondan sonra ədəbi məsuliyyətim daha da artdı.
21 yaşındaydım. Əmim telefonla oxuduğum yurdu aradı və məni qurucusu olduğu Türk Ədəbiyyatı Cəmiyyətinə çağırdı. Həmin ərəfədə mənim “Mərmər və İnsan” adlı şeirim yenicə işıq üzü görmüşdü. Türk Ədəbiyyatı Cəmiyyətinə çatdım ki, Nəcib Fazil Qısakürək içəridə oturur. Məni görəndə ayağı qalxdı və qaşlarını çatıb: “Sən özünü kim hesab edirsən ki, mənim hələ gələn il yazacağım şeiri indidən yazmağa cəhd edirsən?”-dedi. O görüş məni xatirimdə və yaradıcılığımda unudulmaz iz qoymuş oldu.
Bu gün Əhməh Kabaklı da, Nəcip Fazıl Kısakürək böyük Türk millətinin ürəyinə – mənəvi dünyasına köçüb. İlk qələm təcrübələrindən başlayaraq Əhməd Kabaklının təsiri ilə yazıb-yaradan Serhat bəy isə “Öncə göyərçinləri vurdular” və “Bil, Oğlum!” şeir kitabları ilə türk oxucusunun ürəyini çoxdan fəth edib.
Fəqət heç zaman şairlik iddiasında olmayıb Sərhat bəy… Sadəcə söz ürəyinə yük olanda yazmaqla hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb…
Bu gün Sərhat bəy İstanbulda əsası 1978-ci ildə Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanıdır. Vəqfin Ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Dəyərli Sərhat Kabaklı söyləyir ki: “Biz Türk Ədəbiyyatı Vəqfi olaraq Türk dünyasının bütün coğrafiyalarına türkcə danışılan hər bir vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik”.
Yeri gəlmişkən, bir məqamı qeyd edək ki, Azərbaycan ədəbiyyatının təbliğində Türk Ədəbiyyatı Vəqfinin xidmətlərindən dolayı dəyərli Sərhat bəy Beynəlxalq Mahmud Kaşğari Mükafatı almış, Azərbaycan Yazıçılar Birliyinin, Vektor Elm Akademiyasının fəxri doktoru” ödüllərini və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatının dostu” fəxri titulunu qazanmışdır.
Adlar, titullar, mükafatlar, təltiflər – əslində, bunların hamısından daha ucada dayanan bir məqam – insanların qəlbinə gedən yoldur… Önəmli olan insanların qəlbinə gedən yolu tapmaq və Öz işığı, saflığı, səmimiyyəti ilə insanlığa, sözün bütün mənalarında, töhfə verməyə çalışmaqdır ki, Sərhat bəy bu mənəvi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur. Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Sərhat bəy məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan, şərəfli ömrünü fədakarlıqla insanlığın, türklüyün, türkçülüyün rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı vətəndaş, Bilgə Aydın…
Cənubi Koreya rejissoru Çan Don Linin “Poeziya” adlı maraqlı bir filmi var. Filmdə ədəbiyyat, şeir və poeziya həvəskarı olan insanlara yaradıcılıq kursu keçirlər. Kursun dinləyicisi olan bir qadın müəllimə deyir ki, şeir yazmaq necə də çətindi.
Şair – müəllim isə cavabında ona deyir: “Şeir yazmaq çətin deyil, o şeiri adama yazdıracaq ürəyə sahib olmaq çətindir. Gözəl, maraqlı yaza bilmək üçün sevgi ilə dolu böyük ürəyə sahib olmalısan. Yazar əlinə qələm götürməmişdən və masanın üstündəki çırağı yandırmamışdan əvvəl ürəyini yandırmalıdır”.
Dahiyanə cavabdır. Həqiqətən də, şairin, yazıçının qələminin məhsulu olan hər bir möhtəşəm əsər zəngin yaradıcılıq təcrübəsinin, böyük ürəyin, ağır zəhmətin məhsuludur. Bu mənada, Sərhat Kabaklının bütün qələmə aldıqları gözünün və qəlbinin nurundan yaranmışdır və bu şeirlər, sözün həqiqi mənasında oxucunu mənəvi işığa doğru yönəldir. Ümumiyyətlə, söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu kamil bir mərtəbəyə qaldırmağa çalışmaqdır ki, Sərhat Kabaklı ədəbi şəxsiyyəti və yaradıcılığı ilə bu işin öhdəsindən şərəflə gəlməkdədir.






Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur, Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın – Sözün həqiqi mənasında böyük hərflərlə İNSANIN varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu millət Sərhat bəy Kabaklı ləyaqətdə qutsal və uca ürəkli bir şəxsiyyət yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…
Müəllif: Xəyalə ZƏRRABQIZI
Filologiya üzrə fəlsəfə doktoru
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru