DEKABR QARPIZI
(Hekayə)
Görünür, yaxşı sürücü olmadığımdandır ki, heç nə hiss etməmişəm.Yanımdan ötən maşın qəza işıqlarını yandırıb-söndürdü və daha sonra sürücü sükan arxasından əli ilə nə isə işarə etdi. Maşını yolun kənarına verib saxladım. Arxa sağ təkərin havasız olduğunu gördüm.Təbii ki, ilk olaraq ehtiyat təkəri çexolundan çıxarıb, təkər açmaq üçün açarı və domkratı yük yerindən götürdüm. Təəssüf ki, ehtiyat şində də hava yox idi. Nasos isə ümumiyyətlə maşınımda olmadığı yadıma indi düşdü.
Məndən təxminən otuz-qırx metr irəlidə ağ rəngli jiquli maşını dayanmışdır. Adətən belə sovet maşınlarında nasos olur deyə yaxınlaşmağa qərar verdim. Üz-gözündən nüranıliyi ilk andaca sezilən yaşlı kişi yolun kənarında qarpız satırdı. Onun piştaxtasının üstündə on-on iki qarpız vardı.
-Salam ağsaqqal,bazar olsun!- dedim.
-Çox sağ ol oğul -deyə cavab verdi və əlavə etdi:- Texnika şıltaqlıq edir?
-Hə ağsaqqal. Nasosunuz olmaz?
-Yox oğul! Qabaqda Sığırlı kəndinə yaxın təkər təmiri yeri var.
-Axı necə…
– Problem deyil, mən aparıb hava vurduraram, altı-yeddi klometr ola-ya olmaya
-Dayı can, xəcalət verirsiz ,amma başqa secimim də yoxdur- dedim.
Ehtiyat təkərimi baqajında qarpız olduğundan maşının salonuna yerləşdirdim.
-Narahat olma, bu saat hava vurdurub qayıdacam.Əgər kimsə saxlayıb qarpız istəsə kilosu iki manatdır. Hamısı standart on kiloluqdur. İyirmi manat!
-Arxayın olun, dayı – dedim.
Heç ağsaqqalın maşını uzaqlaşmamış bir AMC markal mersedes saxladı. Salamsız-kəlamsız qarpız neçəyədir soruşan gənc oğlana bir anlıq tərəddüdən sonra iki manat cavabını verdim.
-Yəni biri iki manata?
-Xeyir kloqramı,biri iyirimi manata
-Bu dekabr soyuğunda qarpızı kimdi alan. Birinə beş manat verim?
-Sahibi mən deyiləm. Mənə tapşırıb ki,birini iyirmi manata verərsən.
Gənc oğlan, heçnə demədən, sükan arxasına əyləşib sürüb getdi.
Bir az keçmişdi, solğun yaşıl rəngli vaz “011” markalı köhnə maşın saxladı. Maşının vəziyyətindən hiss olunurdu ki,o yalnız ayağı yerdən üzməyə yarayır.Sürücü 30-35 yaşlı, qarayanız gənc idi. Maşının arxa qapısı da eyni vaxtda açıldı. Solğun bənizli gənc xanım düşəndə zənn etdim ki, onlar ər-arvaddır. Qarpız seçmək üçün ikisi də piştaxtaya yaxınlaşacaq. Amma zənnimdə yanılmışdım. Xanım maşının arxasına keçdi. Mənə elə gəldi ki,onun sifəti avazımış, üzündə ləkəyə bənzər qızartı vardı. Diqqət yetirməyin etik normalardan kənar olduğunu anlasam da, ancaq onun ögüməyini hiss etməmək mümkün deyildi.
-Salam qardaş! Bazar olsun! Qarpız neçəyədir?
Tutuquşu kimi ikinci “müştərimə” də cavab verdim.
-Bu soyuqda qarpızı heç kim kefindən almaz- deyə o, maşınına tərəf döndü.
Qeyri-ixtiyari əlini dəsmalla ağzına tutan xanıma baxdım. O, maşından iki-üç metrlik məsafədə idi. Çevrilib əyləşmək istəyəndə ilk olaraq sol ayağını atdı. Anidən,haradan yadıma düşdüyünü anlamadım ki,axı qadınlar əsasən yeriyəndə sağ ayağı birinci atır. Bəlkə də bu xanım boyludur fikirləşdim.
-Qardaş bəs siz neçəyə istəyirsiz?
Gənc:
-Beş manatım var,verərsiz?
-Əlbəttə! Buyurun götürün!
Ağsaqqal naşı olduğumu görüb, təkərin dəyişdirilməsini də özü etdi. Xüdafizləşmək məqamı çatanda, cibimdən iyirmi manat çıxarıb:
-Siz gələnəcən bir qarpızınızı satmışam -dedim.
-Nə yaxşı, ay oğul. Elə olur ki, heç mən üç gündə bir qarpız sata bilmirəm.
Sonra isə onun “qonaq olun” deməsinə baxmayaraq, bir qarpız da özüm üçün aldım.
Müəllif: Pərviz YƏHYALI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru