AŞIQ ƏLƏSGƏRİN YARADICILIĞI TƏHSİLLƏNDİRİCİ VƏ TƏRBİYƏLƏNDİRİCİ AMİLLƏR KİMİ – Lalə  Akif qızı  Məmmədli

DƏDƏ ƏLƏSGƏR

AŞIQ ƏLƏSGƏR – 200

AŞIQ ƏLƏSGƏRİN YARADICILIĞI TƏHSİLLƏNDİRİCİ VƏ TƏRBİYƏLƏNDİRİCİ AMİLLƏR KİMİ

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunur.

1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində Alməmməd kişinin ailəsində dünyaya göz açan Aşıq Ələsgər  xalq şeirimizin çox görkəmli nümayəndələrindən biri kimi yetişmişdir.

Ələsgərdə şeirə-sənətə meyli təsadüfən yaranmamışdı. Atası dülgər olsa da,  ara-sra bədhətən şeirlər deyərdi. Bayatı, gəraylı, qoşma söyləməkdə də mahir idi. Təbii ki, bütün bunlar balaca Ələsgərdə təsirsiz ötüşməmişdi. Ailə mühiti, Ağkilsə kəndinin təbiəti onu ilhama gətirmişdi.

Ailələri böyük, dolanışıqları çətin olduğundan Ələsgər bir müddət Kərbəlayi Qurbanın həyətində nökərçilik etmişdi. O, təhsil ala bilməmişdi. El şənliklərində olarkən, aşıqların dastanlarını dinləyə-dinləyə, adlı-sanlı aşıqlardan dərs ala-ala aşıq sənətinin sirlərinə yiyələnmiş, sonralar özü də yetişən aşıqların pütxələşməsində önəmli rol oynamışdır.

Səməd Vurğun Aşıq Ələsgərin xidmətlərindən danışarkən deyirdi: “Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, aşıq sənətimizin önəmli nümayəndəsi, qüdrətli söz ustası, aşıq yaradıcılığının qüdrətli nümayəndəsi   Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi planlaşdırılmışdır.  Bu, görkəmli sənətkara verilən dövlət qayğısının, xalq sevgisinin əlamətidir.

Aşıq Ələsgər çoxsaylı müxəmməs, təcnis, dodaqdəyməz, gəraylı,  cığalı, qıfılbənd, divani və s. müəllifidir. Həmin şeir nümunələrində təbiət gözəlliklərinin, gözəllərin vəsfi ilə yanaşı, şəxsiyyətin təşəkkül tapıb Vətənin layiqli və ləyaqətli övladları kimi formalaşmasına kömək göstərəcək tərbiyəvi fikirlər, nəsihətlər, məsləhətlər vardır. Onları nəzərdən keçirək:

Həcvlər və hərbi-zorbalar seriyasından qələmə aldığı “Xəbərin varmı?” həcvində deyilir:

Nə zaman ki, gəldim sizə,

Mail oldum qaşa, gözə,

Zibilin çıxıbdı dizə,

Külündən xəbərin varmı?!

Aşıq  pinti, tənbəl qadınları tənqid edir.  Qəfil gələn qonaq evdə “Zibilin dizə çıxdığını” görür. Həmin həcvdə eyni zamanda qeyd olunur:

                   O vədə ki, gəlin oldun,

Qabırğası qalın oldun,

Qaynanana zalım oldun,

Dilindən xəbərin varmı?!

Sən demə, haqqında danışılan qadın nəinki pinti və tənbəl imiş, eyni zamanda kobud və söz eşitməz, qanmaz (“Qabırğası qalın oldun”) imiş, qayınanasına zülm edirmiş (“Qaynanana zalım oldun”).

Aşıq Ələsgər insanları nikbin olmağa, bədbinliyə qapılmamağa çağırırdı. Elə şəxslər var ki, çətinliyə, dara düşəndə, şərlə üzləşəndə, necə deyərlər,  əl-ayağı yerdən üzülür, dünya başına dar olur. Aşıq Ələsgər belələrini nəzərdə tutaraq deyirdi:

          Yaxşı günün olurmuşsa yamanı,

Yaman günün yaxşı halı varıymış.

Dahi sənətkar haqqı nahaqdan, düzü əyridən, yaxşını pisdən ayırmağı, qiymətləndirmənin düzgün aparılmasını vacib bilirdi.  Fikir verək:

Haqq sözə gərəkdi, düz qiymət olsun,

Qiyməti vеrməyə mərifət olsun.

         Odur ki, insanlardan – insanlıq, hamıdan – səxavət tələb edirdi. Cah-cəlala əsasən insanları dəyərləndirməyi məsləhət görmürdü.

İnsanda insanlıq, səxavət olsun,

Nеylərəm ki, cah-calalı varıymış.

Yuxarıdakı misralar aşığın “Varıymış” qoşmasından götürülmüşdür.

           Aşıq Ələsgərin “Bu dünyada üç şey başa bəladır” qoşmasında   son dərəcə güclü tərbiyəedici imkanlara malikdir. Həmin üç şey hansılardır? Aşıq Ələsgərə müraciət edək:

                            Bu dünyada üç şеy başa bəladı;

                        Yaman oğul, yaman arvad, yaman at.

       Bəs bu üç “şey”lə necə davranmalı? Dahi sənətkar əlacı aşağıdakı tədbirlərdə görür:

                         İstəyirsən qurtarasan əlindən,

                      Birin boşla, birin boşa, birin sat.

         Lakin nəzərə almaq lazımdır ki, Aşıq Ələsgər yuxarıdakı tədbirləri irəli sürməklə hökm vermir.  Övladın da, arvadın da tərbiyəsi ilə məşğul olmaq lazımdır. Oğulu boşlamaq, arvadı boşamaq olmaz. Çalışıb dil tapmaq lazımdır. Bu, bizim qənaətlərimizdir. Aşıq Ələsgər də bizimlə razılaşardı. Heç o da övlada arxa çevirməyi, ciddi səbəb olmadan həyat yoldaşını boşamağa razı olmazdı.

Böyük sənətkar insanlardan mərifət, qanacaq umurdu. Onların nəzakətli, istiqanlı, mehriban, şirindil, qayğıkeş olmalarını istəyirdi. Bu xüsusda sazını sinəsinə basaraq səsini ucaldırdı. “Gərəkdi” qoşmasından:.

Aşıq olub, diyar-diyar gəzənin,

Əvvəl, başda pür kamalı gərəkdi.

Oturub-durmaqla ədəbin bilə,

Mərifət еlmində dolu gərəkdi.

O, həqiqət carçısı olanları, nəfsini basa bilənləri, şeytanın felinə uymayanları, el-obada alnı-açıq, üzüağ dolananları,  xoş sədası gələnləri xoşlayır, onları təqdir edir, bu xüsusda deyirdi:

Xalqa həqiqətdən mətləb qandıra,

Şеytanı öldürə, nəfsin yandıra,

Еl içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi.

  Bu qoşmaya da diqqət yetirək (“Görmədim” qoşmasından):

                      Bivəfanın, müxənnəsin, nakəsin

Doğru sözün, düz ilqarın görmədim.

Namərdin dünyada çox çəkdim bəhsin,

Namusun, qеyrətin, arın görmədim.

      ?-dan göründüyü kimi,  bivəfalar, müxənnəslər, nakəslər, namərdlər Aşıq Ələsgərin gözünün düşməni idi. Ona görə ki, o, “bivəfada, müxənnəsdə, nakəsdə” heç zaman “doğru söz, düz ilqar görmür” və görə də bilməz.  Bu şəxslər xəbisdirlər, düzəlməzdilər.

Aşıq Ələsgər  dostluğa, həqiqi dosta yüksək qiymət verir, eyni zamanda “yеtəni özünə  dost еyləməyi” də məqbul sanmır. 

Bu misralar “Olmaz” qoşmasından götürülmüşdür:

Bir mərd ilə ağı yеsən, şirindi,

Yüz namərdlə şəkər yеsən, dad olmaz.

        ?-dən göründüyü kimi, dahi sənətkar mərdliyə xüsusi önəm verir, namərdliyi lənətləyirdi. Belə qənaətə gəlirdi ki:

                  Hеç namərdin adı gəlməz hеsaba,

Mərd bir olar, onda iki ad olmaz.

       Biz Aşıq Ələsgərin zəngin yaradıcılığının bəzi məqamlarını yada saldıq. Ümumi qənaətimiz belədir ki, görkəmli sənətkarın əsərləri həmişə özünün təhsilləndirici və tərbiyələndirici imkanlarını özündə saxlayır.

Müəllif:Lalə  AKİF QIZI  MƏMMƏDLİ

Pedaqogika  üzrə  fəlsəfə  doktoru, Azərbaycan Respublikasının Təhsil  İnstitutunun aparıcı  mütəxəssisi.

LALƏ  AKİF QIZI  MƏMMƏDLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDUL – QADIN

Fəridə ABDUL – şair, yazar, filoloq

QADIN
Qadın bir az başı dik
Dabanı dik,sözü dik
Əyiləndə qaməti,
Dikələndə boyu dik.
Hər insana deyilməz
Ruhu dərin qadına
Ucuz qiymət verilməz.
Ucuz ruhlar geyinməz
Gərçək qadın adına
Layiq olan xanımlar.
Hər qadın eyni deyil
Hər adam kişi deyil,
Bax eləcə hər qadın,
Hər dikdaban geyinən,
Bir az saçın uzadan,
Əxlaqı dırnağından,
Ətəyi qərarından qısa olan,
Hər qırağ yoldan keçən
Dəyərli qadın deyil.
Necəki namərdi var
Kişinin ağsaqallı
Bəzən bir el çaqqalı
Olduğu kimi, qadının da
Yaxşısı var, pisi var.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru