MƏN, QALİB XALQIN OĞLUYAM VƏ BUNUNLA FƏXR EDİRƏM
Nurxan Elçin oğlu Babazadə ilə söhbətləşdim, o, Sabirabad rayonundakı N.Nərimanov adına beynəlmiləl məktəb liseyin beşinci sinfində oxuyur. Fikirləri ciddi, həm də maraqlıdır. Özünəməxsusluğu ilə fərqlənir Nurxan. Ona verdiyim suallara düşünərək cavab verir, fikrini səlis və aydın bildirir. İndi uşaqların əksəriyyəti ünsiyyət problemi yaşayır, çəkingənlik, özünə güvən hissinin aşağı olması valideyni narahat edir. Əlac qalır psixoloqlara, o da bəzən istənilən nəticəni vermir, ya da həlli vacib məişət problemlərinin arasında itib batır… Beləliklə. Siz də söhbətə qoşulun, Nurxanı yaxından tanımağa çalışın.
1.Sual: Xahiş edirəm qısaca özün haqda məlumat verəsən.
Mən, Babazadə Nurxanam, Sabirabad rayonunun 2011-ci il, aprelin 20-də Bulduq kəndində dünyaya gəlmişəm. Rayondakı 2 saylı uşaq bağçasına getmişəm. Ailəmizdə hamı ali təhsillidir, anam da kəndimizdə müəllim işləyir, ona görə məni də, qardaşım Akifi də nənəm hər gün işə gedəndə bizi də öz maşınıyla aparırdı. Nənəm onda İcra Hakimiyyətində müavin işləyirdi. Sonra altı yaşım oldu, bağçanı bitirdim, məktəbə getdim. Məktəbim də 2 saylı oldu… İndi beşinci sinifdəyəm, əlaçıyam…
2. Müəllimləriniz, aldığınız təhsildən razısanmı?
Bəli, razıyam. Müəllimlər çox tələbkar və qayğıkeşdir. Məktəbin direktoru Elşad Şərifov hamıya qayğı ilə yanaşır. Mən rus dilində təhsil alıram, amma ingilis və alman dilləri də keçilir. Heyif ki, alman dilini istədiyimiz səviyyədə öyrənə bilmirik. Bəzən əvəzinə ingilis dili də keçirlər…
3. Ən çox hansı fənləri sevirsən, dərslərə fərq qoyursanmı heç, ya hamısını eyni həvəslə öyrənirsən?
Riyaziyyata, Həyat bilgisi fənlərinə marağım lap çoxdu. Babam deyir ki, riyaziyyat elə bir elmdir ki, onu biləndə başqa dərsləri də rahat öyrənmək olur. Həyat bilgisində isə həyatda bilmədiyim çox şeyi öyrənə bilirəm. Burda hər şey haqqında danışılır, son dərsimiz millətlər arası münasibətlər, dinlər haqqında idi. Bax onda bildim ki, bizim ölkəmiz tolerant ölkədir və burada bütün millətlərdən olan insanlar rahat yaşayır…
4. Gələcəkdə kim olmaq, hansı peşənin sahibi olmaq fikrindəsən?
Mən, həkim olmaq, həm də ali təhsilimi xaricdə almaq istərdim. Bilirsiz, mən uzun müddət xəstə olmuşam, nənəm özü də uşaq həkimidir, o məni çox yerə aparıb, müalicə etdirib… Mən istəyirəm hamı sağlam olsun, ona görə də bu sənəti seçmişəm…
5. Nurxan, səncə dostluq nə deməkdir, buna münasibətin necədir, dost necə olmalıdır?
Dostluq etmək yaxşıdır, sinifdə mənimlə dost olmaq istəyən uşaqlar çoxdur. Hamsını sevirəm, dost dosta kömək etməli, həm də deyirlər ki, dost güzgü kimidir. Mənim nənəm bizim dostumuzdur. O, şairdir, kitabları var, onları oxuyuram, nəsə öyrənməyə çalışıram. Onunla söhbət çox maraqlı olur… Ailəmizdə hamımız, atam, anam, babam dostuq elə, qardaşım da mənim yaxşı dostlarımdandır… Qardaşımı həmişə qayğıkeş görmüşəm, evdə, məktəbdə. O, 7-ci sinifdə oxuyur, o da əlaçıdır, o məni hər yerdə qoruyur. Mən də onu sevirəm, sözündən çıxmıram. Nənəm deyir ki, siz ikiniz də bir-birinizin böyük qardaşısınız…
6. Qardaşın dedi ki, sən hətta qızdırmalı halda da dərs buraxmırsan, doğrudurmu?
Düz deyir, dərsdən qalanda özümü narahat hiss edirəm. Ona görə gedə bilməyəndə də qızdırma içində belə olsam hazırlaşıram ki, geri qalmayım… Ona görə nəticələrim həmişə yüksək olur, müəllimlər razılıq edir məndən..
7. Bilirsən ki, Azərbaycan Qarabağ uğrunda müharibədə zəfər qazandı, ölkəmiz də ordumuz da qalibiyyət sevincini yaşadı. 30 ilə qədər çəkən erməni işğalı bitdi, torpaqlarımız özümüzə qaytarıldı. Bu qələbə asan başa gəlmədi, şəhidlər verdik, qazilərimiz də oldu. Bu sevinci siz məktəblilər necə yaşadı?
Azərbaycanın qələbəsi biz uşaqların da ürəyini sevindirdi. Mən müharibə haqqınd az şey bilirəm, amma qürurluyuq , mən şəhərlərin azad edildiyi tarixləri əzbər bilirəm. Əvvəllər kədərli günlər anılırdı, indi artıq hamımızın başımızı uca edən qələbəmizlə öyünürük…
8. Səncə, qələbə qazanmaq üçün nə lazım idi?
Əlbəttə ki, birlik! Prezidentimizin yanında olan xalqımız, güclü ordumuz, əsgərlərimiz, döyüşçülər hamısı “dəmir yumruq” oldular, ona görə də qələbə çaldıq…
9. Nurxan, sənin jurnalımıza ürək sözlərin varmı, sualları bəyəndinmi?
Bəli, bəyəndim. Jurnala da sizə də uğurlar arzulayıram, bu söhbətimiz çıxan jurnalın yolunu gözləyirəm. Sağ olun, hələlik…
Söhbətləşdi: Tuncay ŞƏHRİLİ
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru