Uşaqlığımla söhbət…
Verələr uşaqlığımı
Tutam isti əlindən,
Apararam keçmişə
Anam layla deyənə,
Atam sığal çəkənə,
Nənəm isti çörəyə
Pendir,yağı çəkənə.
İsti yorğan altından
Saat 5də oyadıb
Məktəbə hazırlayan
Anamın qızıl səsi,
Qulağıma dəyənə.
Atamın ağır əli
Qəzəblənib arabir
Evə gec gəldim deyə
Sillə olub bir anlıq
Yanağıma dəyənə.
Əyiləm ona sarı,
Deyəm qorxma,çəkinmə
Güvəndəsən indicə
Anan,atan sağdısa
Bu dünyadan,həyatdan
Amandı sən incimə.
Dərd çəkməyə vaxtın bol,
Hələ çat bir əlliyə,
Gör necə ağır həyat
İsti döşəkdən durmaq,
Ağır çanta daşımaq,
Dərd deyil, dərd əsasda
Həyat yükü daşımaq.
Oynamağa adam yox
Geyinməyə paltar yox
Dərd inan, bunlar deyil
Danışmağa adam yox
Güvənməyə insan yox
Bax bunlardı əzablı.
Sən mənə çatan kimi
Bu həyat yollarında
Mən kimi səhv döngələr
Dönmə saqın,ağır get.
Aldanma bir kimsəyə
Dost demə sən hər kəsə
Sıxma hər ötən əli
Baş qoyma yad çiyinə.
Mən istərəm sən olum,
Sən mən olmağa tələsmə.
Müəllif: Fəridə ABDUL
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru