DÖRD İLDƏN SONRA
Adım Samiddir. Dörd il idi ki ailəmdən ayrılmışdım. Daha o evdən əlaqəni kəsmiş, hətta yeddi yaşlı qızım Nurayı görmək üçün də getmirdim.
Qızımın mənim yolumu gözləməsini, ata nəfəsinə, ata qayğısına nə qədər çox ehtiyacı olduğunu da unutmuşdum.
Şəhərin mərkəzində ailəmdən uzaq bir yerdə ev kiralamış, tək-tənha orada yaşayırdım.
Evin də bütün işlərini özüm görürdüm. İkinci bir ailə də qurmamışdım, çünki evli olduğumu bilirdim, sadəcə gedib sahib çıxmaq istəmirdim.
Bəlkə də dörd ildən sonra yenidən qayıdıb getməyə utanırdım, yaxud da məni qəbul etməzlər deyə çəkinirdim.
Bir gün əsl möcüzə baş verdi.
Axşam düşürdü. Evə qayıdırdım. Yolun sağ kənarında daşın üstündə balaca bir qız uşağı oturub hönkür-hönkür ağlayırdı. Olardı yeddi – səkkiz yaşı. Balaca əllərini üzünə sıxmışdı. Ona yaxınlaşıb mən də yanında əyləşdim. O sanki bunu hiss etmir, ağlamağına davam edirdi.
Bir az nəvazişlə və bir az da təəccüblə soruşdum:
– Qızım nə olub, niyə ağlayırsan?
O əllərini üzündən çəkdi. Ağlamağını kəssə də dinmədi, sadəcə dərindən bir ah çəkdi.
Uşağın kədərli olduğu çöhrəsindən duyulurdu. Sanki kimsə onun qəlbini qırmışdı.
Hava olduqca soyuq idi. Külək uğuldayırdı. Uşağın əynində tək sadəcə bir qolsuz köynək və çox sadə bir şalvar olduğunu görüb təəccüblü soruşdum:
-Qızım üşümürsən? Hava çox soyuqdu axı…
Qız titrək səslə dedi:
– Üşüyürəm..
dedim elə isə niyə qalın geyimlər geyməyibsən… xəstələnərsən axı….
Qızcığaz sanki utandı və çəkinə-çəkinə astadan dedi:
– Qalın geyimlərim yoxdu ki….
və başını aşağı salıb dinmədi.
Yenə mən soruşdum
Qızım bərk üşümürsən?
dedi hə..
Əynimdəki pencəyi çıxarıb uşağın çiyninə saldım.
O başını aşağı salıb, əllərini bir-birinə sıxıb durmuşdu.
Adını soruşdum dedi Aytacdır.
Onunla bir xeyli söhbət etdikdən sonra məlum oldu ki, Aytac burada əyləşib həmişəki kimi anasını gözləyir.
Anası Səmayə xanım çörək sexində işləyir və birazdan gələcək, onlar evlərinə gedəcəklər.
Aytac asta səslə onu da əlavə etdi ki həmişə anam evə tez gələrdi, bu gün nəsə bir az yubanıb.
Atasını isə heç tanımır, deyir atam bizi atıb gedib. Hara getdiyini isə bilmirəm.
Aytacın bu sözündən çox məyus olsam da yenə soruşdum:
– Qızım, atan yenidən qayıdıb gəlsə nə edərsən, yenə də onu qəbul edib ata deyərsən, ya yox?
Aytac çox məyus hada
– O qayıdıb gəlməz, – dedi.
– İndi onun başqa arvadı, uşaqları var. O bizi istəməz.. yox qayıtmaz… birdə gəlməz…
O bu sözləri deyərək yenidən ağlamağa başladı.
Ona çox qəlbim yandı, bağrıma basıb gözlərini sildim, pörtülmüş lalə yanaqlarından öpdüm. Dedim ağlama qızım gör nə deyirəm.
– Atan səni çox sevir və haçansa qayıdıb gələcək, amma o elə bilir ki, yenidən qayıdıb gəlsə sən onu çox istəməyəcək, ona ata deməyəcəksən. Elə ona görə gəlmir bəlkə də…
Bu sözü deyərkən uşağın üzünə azacıq da olsa soyuq bir təbəssüm qondu.
O dedi:- Çox istərəm ki atam qayıdıb gəlsin, mənə təzə paltarlar, oyuncaqlar alsın.
Hamı kimi mənim də atam olsun.
Atam olsun ki, heç kim atan səni atıb gedib deməsin və mən də ağlamayım.
Ağlayanda bağrına basıb, gözümü silsin, qızım deyib saçlarımı sığallasın…
Çox istərəm…çox…çox….
Bu zaman Aytacın anası da işdən qayıtdı və qızını da götürüb evlərinə getdilər…
Mənsə o daşın üstündə bir xeyli oturub xəyala daldım.
Axı mən də bir atayam, mənim də yeddi yaşında bir balam var.
İndi mənim də qızım Aytac kimi ata yolu gözləyir bəlkə də…
O da istəyir ki mən onu bağrıma basım, üz gözündən öpüb, saçlarına sığal çəkim. O da istəyir ki, ata nəfəsini hiss etsin. Daima arxasında duracaq, onun qayğısına qalacaq, hər nazını çəkəcək bir atasının olduğuna inansın.
Bu düşüncələrlə birbaşa evə yollandım.
Həmin o evə.
Dörd ildir tək – tənha qoyub getdiyim ailəmin yanına.
Qapını döydüm. Həyat yoldaşımın çöhrəsindəki gülüşlər, qızımın boynuma sarılıb məni bərk-bərk qucaqlaması…
-Atam, daha səni heç yerə buraxmayacam, sən həmişəlik mənim atam olacaqsan deməsi…
Sanki o evə zülmətdən bir işıq doğdu, elə bil dörd illik həsrətlərinə son qoyuldu o gün.
Mən onlardan üzürxahlıq etdim, onlar da məni bağışladılar və çox şad oldular.
Əllərimi göyə açdım. Rəbbimə şükr etdim:
– Ey ucalardan uca olan Aləmlərin Rəbbi.
nə olaydı ki, kaş bir gün yolda gördüyüm o balaca qızın da atası etdiyi əməldən peşman olub öz ailəsinin yanına qayıdardı.
Müəllif:Əsgər ORDUBADLI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru