BƏXTİYAR MÜƏLLİM YERİ GƏLƏNDƏ ONUN ŞEİRLƏRİNDƏN ƏZBƏR DEYİRMİŞ
ŞAHMAR ƏKBƏRZADƏ 80
Həmrəyliyimiz, Birliyimiz, Azadlığımız, Bütövlüyümüz uğrunda yaşanan ədəbi ömür… Səksən illiyindən, yubiley ilindən keçirik bu ömrün…Ruhu şad olsun!..
Şahmar müəllim sevgi poeziyası ilə ədəbiyyata gəlib desəm, bəlkə də səhv etmiş olmaram… Oxucu sevgisi qazanan şeirlərlə gəlib desəm, yenə bir-birini tamamlayan fikirlər söyləmiş olaram…
Onun ilk oxuduğum şeirlərinə əsaslanıb bu fikri yazıram… Ancaq elə yaradıcılığının ilk illərindən onun Vətən, dövlət, xalq sevgisi gur, çağlar bir ömrə çevrildi, bu ömür misra-misra, dalğa- dalğa ömrümüzə qarışdı…Bu ömür Vətən müharibəsində qazandığımız qələbəyə də mənəvi töhfəsini verdi… Bu ömür qardaş ölkələrdən gələn yardımlarda da göründü…
Şahmar milli maraqlarımıza, tarixi dərdlərimizə söykək şeirləri ilə, ədəbiyyatımıza yeni bir nəfəslə gəldi. Türk xalqlarının birliyinin qorunmasının gərəkliyini, bir-birinə qılınc çəkən qardaş millətlərin faciəsini dilə gətirdi…
Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı…
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..
Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..
Böyük məclislərdə, 1989-cu ildə Qırgızstanda keçirilən bir yubiley düzənindəki çıxışı ilə türk dünyasının böyük təəssübkeşi kimi tanındı. Türkiyəli qələm adamları: Şahmar bizim sərhədsiz ruhumuzdu- dedilər. Bizim deyəndə, əlbəttə, bütöv türk dünyası nəzərdə tutulur.
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk poeziyasından keçib gələn vətəndaş yanğısı Şahmar Əkbərzadə şeirində özünəməxsus ifadəsini tapdı.Hətta Bəxtiyar müəllim yeri gələndə Şahmarın şeirlərindən nümunələri əzbər deyirmiş…
Torpaqlarımızın işğalına etraz şair harayına çevrilir, özünü, soydaşlarını ittihama çevrilir, yanar ürəkdən qopub gələn şeirlərə çevrilir… Arada nisbi sakitlik yarananda, özü-özü ilə tək qalanda yenə sakitləşmir:
Qırxqız dərdin dənizləşir,
Gəlin qayan kənizləşir.
Ta Şuşan da Təbrizləşir,
Döy başına, yan, ay Şahmar!
Bəzən dərdini-kədərini də dünyaya ünvanlayır, zülmü, əzabı insanlardan əsirgəməyən dünyaya “sağ olsun deyir,minnətdarlıq da bildirir”, bəs bu necə sağ oldu, necə minnətdarlıqdı?..
Zülmümü taxtından heç endirmədi,
Dərdimin gözünü nəmləndirmədi.
Sağ olsun, qəmimi qəmləndirmədi,
Mindirdi qəmimi hörmətə dünya.
Cövrümə olmazın hörmət eylədi,
Cəfamı ağ günə qismət eylədi,
Neçə yurd-yuvamı qürbət eylədi,
Tanıtdı yaxamı qürbətə dünya.
Vətəndaş qayğılarının, narahatlığının, etrazının lirika vasitəsi ilə ifadəsi Şahmar Əkbərzadə şeirində örnək sayılacaq səviyyədədi. Şahmar Əkbərzadə poeziyası dəyərlər uğrunda mübarizə poeziyasıdı…
Adamlar itirir adamlığinı,
Adam təlxək olur, Allah amandır!
…Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!
Yaxud:
Hanı dinimizi bayraq edənlər,
Yanan yox o əsir məbədə, Allah!
Cihaddan yayınıb Həccə gedənlər
Səndən nə istəyir Kəbədə, Allah?
Şeirlərində mürəkkəbi qeyrət olan qələmdən, min kişiyə papaq olan qadın,qız ləçəyindən yazır… Tariximizə nəzər salır, sanki bu günümüzü də görür, bizdən ayıqlıq, sayıqlıq istəyir:
Gizli tələ qurur ölkə ölkəyə,
Dövlət ovlamağa dövlət axtarır.
90-cı illərin əvvəlində gedən Qarabağ döyüşlərinə münasibət bildirir. Çəkinmədən, cəsarətlə gerçəkliyi yazır. Bizi silkələyir, haqlı olaraq, bizdən baş verənlərə tənqidi münasibət istəyir. Mühitin saflaşmasına ehtiyacdan yazır:
Haqq savaşı dönüb alış-verişə,
Kasıb-kusub mat qalıbdı bu işə.
Aman Allah, döyüşə bax, döyüşə,
Satqınıyla qəhrəmanı bilinmir…
“Armud ağacı” şeiri Mirzə Ələkbər Sabirin nəfəsi duyulan şeirlərindəndi, “özümüzə əngəl kələf” olmağımızı, nöqsanlarımızı dilə gətirir. Bu şeir özünüittiham, özünütənqid və duruluğa çağrış şeiri kimi dəyərlidi…
Lirik duuğuların təravətli ifadəsı, dil gözəlliyi, incə duyum Şahmar Əkbərzadəni klassiklərlə bir sıraya gətirir.
Xəlqi ifadələr, könül çırpıntılarının bədii təqdimi oxucunun varlığına yol tapır, nə vaxtsa yaşadığı kövrək duyğuları ona yenidən yaşadır.
Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.
…Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.
Sevgisində Fərhad kimi fədakardı, sədaqətlidi Şahmar.
Məndən küsmə, gül nəfəsin tövşüyər,
Sənə baxıb bənövşələr pörşüyər,
Dayan, gülüm, qədəmlərin üşüyər,
Kirpiyimi qədəminə sərim qoy.
Əksər şeirlərində xalqın dərdini, güzaranını dilə gətirir, çoxları bunu yazmağa bəlkə də cürət etməz, ancaq Şahmar yazır:
Qanun-qaydalarla özəlləşir qəm,
Qızıllar cəhənnəm, dollar cəhənnəm,
Samana çevrilən pullar cəhənnəm,
Ülfətə girişir inflyasiya.
Ana haqqı-tanrı haqqı deyib ulu babalarımız. Şahmar dörd misralıq şeirində ana itkisinindən yazır. Yaxından, uzaqdan keçən yolçulara xitab edir… Burada onu, anasının pak ruhunun keşiyində dayanan bir oğul kimi görürük…
Yolçu, ayaq saxla bircə saniyə!
Demirəm yanğıma gözündən yaş tök…
Anamın pak ruhu şad olsun deyə,
Gedib öz ananın önündə diz çök!
Bu misralarda ana qədri bilən, başqalarından da bu münasibəti gözləyən oğul var, insanlıq, böyüklük, ululuq var-Şahmar var…
Şahmar Əkbərzadə şeirinin məna-məzmunu, dil-üslub incəliyi, səmimiyyəti, Vətən qayğıları ilə sözün həqiqi mənasında, klassik qələm sahibinə çevrilir…
Sözümü Şahmara həsr etdiyim misralarla tamamlamaq istəyirəm:
Əsgərləri sətir-sətir,
Döyüşdə sərkərdə-Şahmar.
Haqqı dedi, hər məclisdə
Əl uzatdı mərdə Şahmar…
Fikir, qayğı şələ… çəkdi,
Çox mətləbi zilə çəkdi…
Dərdlərini elə çəkdi,
Dərd olmadı dərdə Şahmar…
Yolum yurda, doğma yerə,
Öndə çaylar, körpü, bərə…
Gedəm üzü üfüqlərə,
Bu yol, bu mən, bir də Şahmar…
Olsun, bu yol demə indı,
Yoxuşluqdu, yenişlikdi…
Göydü, göydə genişlıkdi,
Yoldu, izdi yerdə Şahmar…
Müəllif: Musa ASLANXANLI
AYB-in üzvü. Prezident təqaüdçüsü.
ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI
“YAZARLAR” JURNALI PDF
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru