
Şahid körpü
Beli bir kənara tullayıb əlcəklərini çıxartdı. Oturub siqaret yandırdı. Ətrafa nəzər salıb, götür-qoy etməyə başladı.
Bura heç kimin ağlına gəlməyəcək. Gözdən uzaq bir yer seçmişdi. Heç kim ondan şübhələnməyəcək, buna əmindi.
Hər şeyi əvvəlcədən ölçüb-biçmişdi. Basdıqdıqdan sonra istifadə etdiyi əşyaları ayrı-ayrılıqda çaya atacaq, ordan birdəfəlik uzaqlaşıb, gedib qatili “axtaracaqdı”.
Hər kəs bir-birinə dəymişdi. Valeh yoxa çıxmışdı. Evdən ayrı heç yerdə gecələməzdi Valeh. Sakit təbiətli, üzüyola bir insan olan Valehin müəmmalı şəkildə yox çıxması bütün qəsəbəni narahat edirdi.
İki körpə qızı boynunu büküb durmuşdu. Atalarına hədsiz bağlı olan körpələrin gözlərində kədər ürək parçalayırdı.
Polisə artıq xəbər verilmişdi. Axşamdan qəsəbənin yanından keçən Sarı çayında axtarışlar başlamışdı. Qonşular iki yerə ayrılıb meşəyə, Valehi axtarmağa getmişdilər.
Valeh dünən səhər evdən bazara getmək adı ilə çıxmışdı. Qonşularda usta işləyib ailəsini yarıac-yarıtox dolandıran biçarə, hər kəsin işinə yarıyırdı. Gülərüz, mehriban insan idi Valeh. Qonşular xətrini çox istəyirdi. Heç kimlə işi olmazdı. Əlindəki son tikəsini də tanıdığı insanlarla bölən Valehin yoxa çıxması hamını narahat edirdi.
Nə çayda, nə meşədə Valehə aid heç nə tapılmadı.
Valehgil iki qardaş idilər. Saleh və Valeh.
Ata-anaları 2 il olardı ki, rəhmətə getmişdi. Qardaşlar ikisi də ailəli idi. Salehin iki oğlu vardı. Bir həyətdə ayrı-ayrı evdə mehribancasına yaşayırdılar.
Hər yeri ələk-vələk edən qohum-qonşu əllərini hər yerdən üzüb axtarışın nəticəsini gözləməyə başladılar.
Valehin yoxa çıxmasından sonra ailə maddi cəhətdən sıxıntı çəkməyə başladı. Salehin qazancı ancaq ailəsinə çatırdı.
Qapıda bir balaca əkin yeri düzəldən Durna ordan götürdüyü tərəvəzi aparıb bazarda satır, güclə uşaqlarını dolandırırdı. Uşaqlar böyüyür, tələbatlar artırdı. Durna uşaqlarını dolandırmaq üçün özünü oda-közə vururdu. Durnanın ata-anası da onlara əl yetirir, uşaqların pal-paltarlarını alırdılar.
Durna evlərə təmizlikçi kimi gedir, qazandığı qəpik-quruşla uşaqlarını saxlayırdı. Qızları ilə hər gecə oturub söhbət edirdi:
– Qızım, dərslərinizi yaxşı oxuyun.
– Ana, biz hər gün dərslərimizi hazırlayırıq.
– Bilirəm qızım, amma daha yaxşı oxumaq lazımdır.
– Düzdü ana, müəlliməmiz də o gün dedi ki, uşaqlar yaxşı oxumaq lazımdır.
– Görürsənmi, qızım mən oxumamışam, atandan sonra necə əziyyət çəkirik.
– Elədi, ana, atam olsaydı sən bizimlə, dərslərimizlə daha yaxşı maraqlanardın. O işə gedərdi, sən də bizim dərslərimizə kömək edərdin.
– Canım qızlarım, mən də yaxşı oxuyurdum, nənəgil məni oxumağa qoymadı. İndi oxusaydım hər şey ayrı cürə olardı.
– Bu günümüzə şükür edək, ana. Bizdən də pis vəziyyətdə olanlar da var. Sən bizi çox yaxşı saxlayırsan.
– Çox sagolun, balalarım. Gedin yatın gecdi artıq.
Uşaqlar gedib yatandan sonra Durna oturub corab toxumağa başladı. Gecələr toxuduğu corabları səhər işə gedəndə dükana verir, aldığı pula vacib ərzaqları alırdı.
Valehdən iki il idi ki, xəbər yox idi. Polis işin araşdırıldığını, bir nəticə olmadığını deyirdi.
Valehin yaxın dostlarından olan Qəhrəman tez-tez onları gəlib yoxlayır, bir ehtiyacları olub olmadıgını soruşurdu. Durnanın əvvəldən ondan nəsə xoşu gəlmirdi. İndi də görəndə çalışırdı özünü görməməzliyə vursun.
Həyət qapısı döyüldü. Gələn Qəhrəman idi. Uşaqlar üstünə yüyürdülər. Gələndə uşaqlara şirniyyat alıb gətirirdi. Qızlar payların alıb, onu evə kimi dartıb gətirdilər.
– Ana, ana gör kim gəlib.
Durna pəncərədən Qəhrəmanın gəldiyini görmüşdü. Özünü o yerə qoymadı. Başını qapıdan çıxardıb xoşgəldin etdi.
Qəhrəman sözlü adama oxşayırdı. Həm də elə bil içkili idi.
– Ay Durna, (həmişə Durna bacı deyərdi) bəsdi ta, hamıdan qaçdığın, gəl otur bir az dərdləşək!
Durna özünü eşitməməzliyə vurdu. Ürəyində yalvardı ki, Saleh evə gəlməsin. Onun da Qəhrəmandan xoşu gəlmirdi. Boş yerə qanıqaraçılıq ola bilərdi.
Qəhrəman səsini başına atmışdı. Sanki kiməsə eşitdirmək istəyirdi.
-Ay Durna, çay noldu?
Durna çölə çıxıb sakit səslə:
– Qəhrəman qardaş, Saleh evdə olanda gələrsən, – dedi.
– Həmişə gəldiyim evdi. Buranı doğma bilirəm. Valehdən ta xəbər-ətər çıxmadı.
Son söz Durnanı yaman tutdu. İstədi çıxıb Qəhrəmanı qovsun. Yenə səbrini basıb dinmədi. Qızları evə səslədi ki, bəlkə “üzlü qonaq” durub gedə.
Qəhrəman ayağa durub, sagollaşmadan çıxdı. Çıxarkən qapıdan Durnanı süzdü:
-Görüşərik.
Durnanın canına qorxu düşmüşdü. Qəhrəmanın addımbaşı qarşısına çıxması onda şübhələr yaradırdı. Salehə deməyə qorxurdu. Kişi xeylağıdı gedib nəsə deyər, heç nədən söz-söhbət yaranar deyə özünü saxlayırdı.
Axşam uşaqlarla söhbətində üstüörtülü uşaqlara başa saldı ki, onlar artıq böyük qızdılar, hər adamın yanına getməsinlər.
Humayın sualı onu çaşdırdı:
-Ana, kimlərin yanına gedə bilərik?
Sunay tez cavab verdi:
– Bizi çox istəyən insanların, məsələn əmimin, Qəhrəman əminin.
Durna onun sözünü ağzında qoydu:
– Qızım, Valeh əmidən başqa heç kimin yanına getmək olmaz.
Uşaqların niyə sualı cavabsız qaldı.
Nə qədər əziyyətli işdə çalışsa da, Durna öz gözəlliyini qoruyub saxlaya bilmişdi. Valehdən sonra ağaran saçları ona tam başqa gözəllik verirdi.
Qulağına tez-tez gəlib çatan evlilik təkliflərini rədd edirdi. Valehin ölümünə inanmırdı, nə vaxtsa geri dönəcəyi günü səbrsizliklə gözləyirdi.
İstintaq davam edirdi. Polis Valehi tanıyan hər kəsi dəfələrlə şöbəyə çağırıb dindirmişdi. Heç bir iz yox idi.
Durnanın ağlına yüz fikir gəlirdi. Ancaq dərindən oturub fikirləşəndə, Valehin mərdimazar biri olmadğı üçün onu kiminsə öldürəcəyi versiyasına inanmırdı.
Tək əlac gedişatı izləmək idi.
Saleh də qardşının işi üçün polis şöbəsinə tez-tez gedir, maraqlanırdı.
Durna işdən evə dönürdü. Yolu qısalsın deyə dar aralıqlara dönməli oldu. Buralar helə də gedişli-gəlişli deyildi. Yorğun oldugundan, əlindəki zənbilləri yerə qoya-qoya gələn Durnanın gözlərindən yuxu tökülürdü.
Qəfildən qarşı tərəfdən səs gəldi. Durna bir qədər duruxdu. Deyəsən kimsə yıxıldı. Durna addımlarını yavaşıtdı. Ürəyinə min cür fikir gəldi. Valehdən sonra ehtiyyatlı davranırdı. Cibində qatlanan bıçaq gəzdirirdi. Aralığın başında Qəhrəmanı görəndə elə bil başına qaynar su tökdülər. Qəhrəman yenə də içkili idi. Axır vaxtlar haqqında müxtəlif şayələr dolaşan Qəhrəman kafelərin sevimli müştərisinə çevrilmişdi. Deyilənə görə zəhirmara qalmış narkotikə qurşanmış , hətta alverinə də başlamışdı. Ailəsilə də münasibəti yaxşı deyildi. İki gündən bir yoldaşı qızını da götürüb atası evinə gedirdi.
Durnaya gəlib çatan, ayaq üstə güclə dayanan Qəhrəman qollarını açıb Durnanın yolunu kəsdi. Kinayəli gülüşlə:
– Salam, ay Durna bacı, hardan gəlirsən belə? – dedi.
Durna dinməyib, onun çəkilməsini gözlədi.
– Nolub, nə naz edirsən belə? Gəl kömək edim zənbilinə, bir az dərdləşək.
Yıxılmamaq üçün divarları özünə dayaq edən Qəhrəman yolu kəsmişdi. Durna nifrətlə onu süzdü:
– Çəkil, yolumdan!
– Niyə hirslənirsən, nə dedim axı?
– Sən nə qədər arsız insansan? Valehin evində çörək kəsmisən, yoldaşına sataşırsan?
– Ay Durna, həyat davam edir. Neyniyim, nə yalan deyim sənə olan sevgim günü-gündən artır.
Durna bıçağı çıxardıb onu hədələdi:
– Yoluma çalış çıxma!
Qəhrəman tez özünü düzəldib, yol verdi.
Durna ürəyi əsə-əsə evə gəldi.
Yox, belə olmaz. bu barədə Salehə deməlidir. Deməsə də olmur. Bu əclaf onu biabır edəcək.
Axşamı, Salehin işdən qayıtmasını gözlədi. İstədi əvvəl Nərminlə (Salehin yoldaşı) məsləhətləşsin, Sonra vaz keçdi.
-Sözü kim böyüdər, yİyəsi,- deyib atalar.
Saleh hər gün işdən gələndə onlara keçər, hal-əhval soruşub, uşaqlarla oynayardı.
Bu gün də gəlmişdi.
– Xoş gəlmisən, Saleh qardaş.
– Xoş gününüzə gəlim, Durna bacı.
– İşlər necədi? Qurtaran ərzaqların siyahısını yaz ver, sabah bazara gedəcəm alım gətirim.
-Allah razı olsun. Yazaram.
Saleh bir az oturdu. Durub getmək istəyəndə Durna:
-Sənə sözüm var. Söz ver qanqaraçılıq yaratmayacaqsan.
Salehin qaşları çatıldı.
-Nolub, kimsə xətrinizə dəyib?
-Yox.
– Qızlar, otagınıza keçın, əmiylə sözüm var.
Qızlar sakitcə otaqlarına keçdilər.
– Bilirsən, qardaş məsələ Qəhrəmandı.
– Hə, ondan gözüm çoxdan su içmir. Sənə nəsə deyib?
Durna qorxdu.
-Yox, sadəcə bura vaxtsız gəlir, yolda görəndə özün yaxşı aparmır bir az.
– Nəsə deyir, sənə?
– Yox, yox!
– Qorxma, bacım. Mənim ondan gözüm çoxdan su içmir. Bir söz desə mənə de.
– Yaxşı!
Durna məsələnin ciddiləşməsindən qorxurdu.
– Gecəniz xeyrə.
-Xeyrə qarşı.
Qəsəbəyə yeni xəbər yayılmışdı. Deyilənə görə Qəhrəmanı həbs etmişdilər. Durna sevincindən “uçurdu”. Amma bu sevincin ömrü 1-2 saat çəkdi.
Qəhrəmanın yoldaşı boşanma ərizəsi vermişdi. Deyilənə görə səbəb, Qəhrəmanın həyatımda biri var deməsi olmuşdu. Heç kim biri kimdi deyə maraqlanmamışdı. Kişi xeylagı sözdü deyib, deyə qadını sakitləşdirmək istəsələr də, qərarı qəti olan qadın ərizəsin yazıb vermişdi.
Bir gün çayxanada dostları ilə çay içən Saleh qəribə bir söz eşitmişdi. Qəhrəmanın münasibəti olan qadının əri itgin düşübmüş. Saleh söhbətin Durnadan getdiyini anlasa da, özünü eşitməməzliyə vurmuşdu.
Neçə gün qaş-qabağı yerlə gedən Saleh, Durnaya heç nə demədən məsələni araşdırmağa qərar vermişdi.
Valehin yoxa çıxmağından 3 il ötürdü. Durna onun geri qaydacağı günü səbrsizliklə gözləyirdi. Valeh onları buraxıb heç bir yerə getməzdi axı.
Saleh Durnayla ətraflı danışmaq qərarına gəlmişdi. Qəhrəmanın Durna haqqında danışdığı xoşagəlməz sözlər Salehdə şübhə yaratmağa başlamışdı. Qəhrəman Durnanın ona hə dediyini, sadəcə zaman istədiyini, Durnaya görə ailəsini dağıtdığını agız dolusu danışır, Durnaya şər böhtan atlrdı.
Evin qapısı döyüldü.
-Ana, əmimdi.
– Hə, xoş gəlib, qızım. Denən keçsin içəri gəlirəm.
Durna işdən yenicə qayıtmışdı. Yorğunluğunun azalması üçün uzanmışdı.
Ayağa durub Salehə: – Xoşgəlmisən, – dedi.
– Durna bacı, səninlə açıq danışacam. Bilirsən ki sənə necə hörmətim var.
– Çox sagol, Saleh qardaş, bilirəm.
– Qardaşım Valeh həmişə sənə qarşı yaxşı olub, sevib ailə qurmusunuz. Başını aşağı salıb fəhləlik edib, sizləri saxlayıb. Uşaqlarını necə çox sevirdi, yazıq.
– Bunları mənə niyə deyirsən ki? Mən Valehin bir gün gələcəyinə inanıram.
– Bax, bacım, ailə qurmaq fikrin varsa açıq de. Sən də xoşbəxt olmaq istəyirsən. Gənc yaşda iki uşaqla qalmısan. Həm kişi işinə, həm qadın işinə qaçırsan.
– Nə danışırsan? Nə? Ailə qurmaq?
– Bacım, bu sənin haqqındı. Amma…
– Amma nə?
– Qəhrəman kimi əclafla yox.
– Nə Qəhrəman?
– Hamıya deyir ki, Durnaya görə boşanmışam, münasibətimiz var, evlənəcəyik.
Elə bil Durnanı ilan sancdı.
– Sən o alçağın sözünə inanırsan?
– Mən inanmıram, ona görə də səndən soruşmaq qərarına gəldim.
– Yaxşı, bacım mən gedim.
Saleh sağollaşıb gedəndən sonra Durnanın gözünə yuxu getmədi. Əsəbdən bədəni tutrəməyə başladı. Bu dəmdə evin pəncərəsi döyüldü. Durna qorxa-qorxa pəncərəyə yaxınlaşdı.
– Yenə də sən???
– Hə, gözəlim gəlmişəm. Qəhrəman ayaqüstə güclə durmuşdu.
Durna onu polislə hədələdi.
Qəhrəman şaqqanaq çəkib güldü.
– Polis? O kimdi elə? Mən ailə qurmaq istəyirəm, polis nə deyə bilər?
Qəhrəmanın gecənin bu vaxtı arsızcasına dediyi sözlər Durnanı özündən çıxartsa da səs-küy yaratmaq istəmədi. Xoşluqla onu burdan uzaqlaşdırmaq lazım idi. Ona görə:
– Qəhrəman qardaş, get sabah danışarıq, – deyib pəncərəni bağladı.
Qəhrəman mahnı oxuya-oxuya uzaqlaşdı.
Durna artıq başqa cür hərəkət etməli idi. Amma necə?
Polis Qəhrəmana tərəfə olacaqdı. Həm də onu şər atmaqda suçlaya bilərdilər.
Vəziyyət get-gedə dəyişirdi.
Salehi işə qatmaq istəməyən Durna məsələni yoluna qoymaq üçün gecə-gündüz baş sındırırdı.
Qəhrəmanın yaydığı şayə qəsəbəyə yayılmışdı. Heç kim məsələnin dogru və ya yalan olduğunu araşdırmırdı. Durnaya da ağır gələn bu idi. İşə gedəndə yolda gördüyü qohum-qonşusunun o keçəndən sonra arxasınca dediyi sözləri eşidir, özünü eşitməməzliyə vururdu. Çox pis təsir edirdi bunlar Durnaya. Onu bu vaxta qədər tanıya bilməmişlər demək.
Hər gün Allaha yalvarır, bu bəladan onu xilas etməsi üçün dua edirdi. Qəhrəman artıq ona göz verib, işıq vermirdi .
Qarabaqara arxasınca gəzir, hə deməsi üçün hədələyirdi. Durna heç vaxt cavab vermirdi . Bilirdi ki, mənasızdı. Qəhrəman bunu razılıq əlaməti kimi qəbul edir, daha da irəli gedirdi.
Saleh Durnaya nə qədər inansa da, qəsəbədə danışılanlar onu çaş-baş salmışdı.
Durna Qəhrəmanı çagırıb danışmaq qərarına gəldi.
Saleh Qəhrəmanı öldürmək qərarını vermişdi. Qəhrəmanı öldürəndən sonra Durnanı da öldürəcək, sonra təslim olacaqdı. Bəs uşaqlar? Uşaqlar uşaq evinə verərlər. Neynəsin axı? Çölə çıxa bilmir. Hər kəs ona qeyrətsiz kimi baxır, hətta söz belə atırdılar.
Durna Qəhrəmanı gözləyirdi. Görüş vaxtına az qalmışdı. Durna bıçağı cibinə qoydu. Qəhrəman maşını saxlayıb düşdü. Durnaya yaxınlaşıb salam verdi. Nə əcəbsə içkili deyildi. Ağlı başında adamlar kimi oturub söhbət edəcəkdilər. Durna deyəcəklərini əvvəlcədəm düşünmüşdü.
Sükutu Qəhrəman pozdu:
– Durna, mənim fikrimi bilirsən. Mənimlə evlənərsən?
Durna düşünmədən:
– Hə, dedi.
Qəhrəman gözləmədiyi cavabdan çaş-baş qaldı.
– Zarafat edirsən?
– Yox, niyə ki?
Amma şərtlərim var.
Sevinən Qəhrəman tez-tələsik şərtlərlə razılaşacagına söz verdi.
Durnanın planları baş tuturdu. Bir müddət əvvəl Qəhrəman haqqında eşitdiklərindən sonra araşdırma aparmış, bəzi məsələləri öyrənə bilmişdi.
Durnanı qarabaqara izləyən Saleh onların görüşdüyü gün də görmüşdü. Onun da planı hazır idi. Hər şeydən bixəbər Qəhrəman sevindiyindən
“göylərdə uçurdu”
Durna yenə də asma körpünün altına gəlmişdi. Əlindəki bellə qazdığı yerlərə yenidən baxırdı.
Bir neçə gün bundan qabaq qapıları bərkdən döyülmüşdü Durnagilin. Qapıya gedən Durna qapıda əyni-başı cırıq-cırıq olan bir yaşlı kişinin durduğunu görüb, kim lazım oldugunu soruşanda:
– İçəri keçə bilərəm, qızım?
– Evdə kişi xeylağı yoxdu, əmi.
– Bilirəm, qızım. Çox vacib sözüm var.
Durna qorxa-qorxa ətrafa baxıb, onu içəri dəvət etmişdi.
Əmi danışmağa başlamışdı.
O danışdıqca Durna əlini dizinə çırpıb Valehim lay-lay, deyib için-için ağlamışdı.
Əvvəl əminin danışdıqlara inanmaq istəməsə də, sonradan onun göstərdiyi sübutlar inandırıcı gəlmişdi.
O sübutların izinə düşüb, həmən “lal“ körpünün yanına gəlmişdi. Qazdığı yerdən Valehin saatının əqrəbini tapmışdı. Yenə də inanmamışdı. Bir neçə günlük axtarışından sonra Valehin çürüməkdə olan köynəyinin bir qolunu tapmışdı.
Və … planını cızmışdı.
Saleh Qəhrəmanı görüşə çağırmışdı. Xoş dillə aldadıb, asma körpünün altına aparacaq, orda öldürüb, basdıracaqdı .
Həyat təsadüflərlə doludur. Körpüyə çatanda kiminsə orda eşələndiyini gördülər. Onları görən Durna qaçıb gizləndi. Qaraltı yaxınlaşdıqca onların Salehlə Qəhrəman olduğunu gördü. ”Ürəyi ayağının altına düşdü”.
Burdan “qan“ iyi gəlirdi.
Durna gizlənib onları güdməyə başladı. Saleh Qəhrəmanın qollarından tutub yerə yıxdı.
– De görüm, Durnayla münasibətin var?
– Burax, burax deyirəm sənə.
-Sualıma cavab ver!
– Mənə nəsə olsa, polis dostlarım biləcək.
– Mən söz soruşdum axı, məni hədələmə.
– Məndən nə istəyirsən?
-Durna sənə söz verib?
– Hə, biz evlənəcəyik.
-Nə???
Asma körpü yellənməyə başladı. Hər ikisi başını qaldırıb yuxarı baxdı. Qəhrəman vəziyyətdən istifadə edib, Salehin əlindən çıxdı. Yerdən əlinə keçən taxta parçasıyla ona hücum etdi. Saleh qorunmaq üçün kənara tullandı. Artıq gec idi. Qəhrəman onu öldürə bilərdi.
Qıraqdan baxa-baxa qalan Durna qorxusundan yaxınlaşa bilmirdi. Saleh nə düşünərdi. Amma əli-qolu bağlı dayanıb seyr edə də bilmirdi.
Qəhrəmanın vurduğu taxtaların səsi ətrafa yayılırdı. Səssizlik içində Salehin iniltisi dəhşət saçırdı. Saleh xırıldamağa başladı.
Durna dözə bilməyib köməyə gəlmək istədi. Çox qəribə hadisə baş verdi. Durnanın Qəhrəmana çatmağına 1 addım qalmış asma körpü uçdu. Qəhrəman körpünün altında, Saleh bir qədər kənarda idi.
Salehin xırıltısı kəsildi. Qəhrəmandan da səs çıxmırdı. Durna inildəməyə başladı .
Səhər üzü idi artıq. Bütün qəsəbə buradaydı. Körpünün uçma xəbəri ildırım sürətilə yayılmışdı. Körpü qəsəbəylə kəndi birləşdirirdi. Kənddən səhər üzü gəlmək istəyən maşınlar körpünün uçduğunu görüb polisə xəbər vermişdilər.
Körpünün altından çıxarılan Qəhrəmanın vəziyyəti agır idi. Saleh hələ də ayılmamışdı, Durna o qədər də zədələnməmişdi.
Artıq qəsəbədə onlar haqqında müxtləif fərziyyələr irəli sürürdülər. Bəziləri oranın Durnayla Qəhrəmanın görüş yeri oldugunu, Salehin sonradan ora getdiyini, bəziləri Salehin Durnanı öldürmək üçün ora apardıgını Qəhrəmanın ora sonradan gəldiyini, bəzilərisə əksinə Salehin Qəhrəmanın öldürmək üçün ora aprdığını düşünürdü.
Heç kim məsələnin tam tərəfini bilmirdi.
Durnanın vəziyyəti yaxşı idi. Polisə izahat verimişdi. Salehin səhhəti yavaş-yavaş düzəlməyə doğru gedirdi. Ondan da izahat alınmışdı.
Hadisədən 3 ay keçirdi…
Qəhrəman yavaş-yavaş özünə gəlməyə başlamışdı.
Ən maraqlısı o idi ki, istintaq zamanı körpünün altından kişi meyidi tapılmışdı. Meyidin Valehə aid olduğu məlum olmuşdu.
Durna izinə düşdüyü qətl barədə məlumat vermişdi.
Araşdırmalar zamanı məlum olmuşdu ki, Valehi Qəhrəman qətlə yetirib. Durnaya gözü düşən Qəhrəman Valehi aradan götürüb istəyinə çatacağına ümid edirmiş. Valehlə yeyib içəndən sonra onu körpünün yanına gətirib, bıçaqla öldürmüşdü. Sonrada burdaca basdırmışdı.
Beləcə Valehlə illərin dostu olan Qəhərman, bir gün onun qatilinə çevrilmişdi.
Qəhrəmanın heç vaxt ağlına gəlməzdi ki, “lal” körpü bir gün onun sirrinin üstünü açmaq üçün sınıb yerə tökülə bilər.
Müəllif:Leyla YAŞAR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru