ZAUR USTAC – NAZLI BALA

Zaur USTAC – şair-publisist.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
Donun Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÜLKƏR NİCATLI – XƏZƏRİN PAYIZI

Ülkər NİCATLI – şair.

XƏZƏRİN PAYIZI
Mənim könlümdəki duyğular kimi,
Bu payız günündə çırpınır Xəzər.
Ruhumdan ələnən söz qoxusunu,
Allah, bu dənizin sularına sər.
* * *
Sahilə can atan coşqun dalğalar,
Vüsala tələsən könlüm kimidir.
Tufanlar içində boğulan qayıq,
Uzaqdan əl edən ölüm kimidir.
* * *
Sənli xatirələr üşüyür burda,
Yenə ürəyimi həsrət dağlayır.
Dənizin üzünə qəriblik hopub,
Dalğalar hönkürür,sahil ağlayır.
* * *
Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuva tək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular.

Müəllif: Ülkər NİCATLI

ÜLKƏR NİCATLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VƏTƏN və İNSAN SEVDALI ZÜLFİYYƏ XANIM

Zülfiyyə Əlisaab qızı Vəliyeva

VƏTƏN və İNSAN SEVDALI ZÜLFİYYƏ XANIM

(Zülfiyyə Vəliyevanın yarım əsrlik yaradıcı ömrünə ötəri baxış)

Onu tanımaq, dərk etmək, şəxsiyyətinə nüfuz etmək üçün elə də çox zaman gərək olmur.

Zülfiyyə xanımdan bəhs edən bu yazını qələmə almaq üçün şəxsən mənə 2021-ci ilin son dörd ayının təəssüratları kifayət edib.

İnsana sevinc bəxş etmək – özündə çox “dumanları”-gümanları birləşdirənindiki zəmanəmizdə insanlardan qarşılıq­sız yaxşılıq görmək bir qədər laübalı anlayışdır. Çox xoş ki, Zülfiyyə xanım bu kimi anlayışlardan kənar təfəkkür sahibidir. Etdiyi yaxşılıqların əvəzində heç bir qarşılıq gözləməyən  və bu əməlindən zövq alan, özünü xoşbəxt hiss edən insandır.  

Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə… Zülfiyyə xanımın həyat kredosu budur. Qarşı tərəf bunu dərk etsə də, hətta bu duyğudan xali birisi olsa belə, O bunu edir. Ola da bilər ki, o kəs Allahın bir quru “sağ ol”una da qızırğana, qıyımsızlıq edə, ancaq Zülfiyyə xanım öz mövqeyindən heç vədə yayınmayıb, bundan incik düşməyib. Qarşısındakının kim olmasının onun üçün heç vədə önəmi olmayıb, Ürəyinə gəldimi, ürəyi ona diktə olunan “addımı” atmağa çağırış etdimi, bu kifayət edər. Bu mövqedə onun öz yolu, öz dəst-xətti var. Və bu mövqeyini heç vədə dəyişmir.

Onu tanıdıqca, zaman-zaman iç dünyasına bələd olduqca necə qılıqı, istiqanlı, məhrəm duyğulara sahib olduğuna səndə əminlik yaranır.

Baxmayaraq kiçox qısa bir zamandır bir “ocaq”da çalışırıq, onun necə zəhmətkeş, öz işindən zövq alan, bacardığını iş yoldaşlarından əsirgəməyən insan olduğuna əminlik hasil etdim, Bu təfəkkür sahibi ilə bir kollektivdə olmaq insana zövq verir. Zülfiyyə xanım “sadəlik” adlı bir gözəlliyə sığınaraq yaşayır və bu gözəlliyi ətrafındakılara da təlqin etməkdən zövq alır. ADPU-da ETM formalaşmasının mənim üçün bir önəmi də bu oldu ki, Zülfiyyə xanım kimi pedaqoji səviyyəyə və yaradıcılıq potensialına malik, daim pedaqoji cameənin maraq dünyasında olan bir müəllimi və qələm sahibini tanıdım. 

Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi – insana insanlıq münasibətidir.

Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:

– “Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir”;

– “Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar”;

– “Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür. Müəllim – ruhumuzan memarıdır”;

– “Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir”;

– “İnsan dünyaya ağlaya-ağlaya gəlir, doğmaları onu sevinclə qarşılayır. Qur`ani-Kərim”də buyrulur: elə yaşayın ki, dünyadan gülə-gülə gedəsiniz, sizi ağlaya-ağlaya yola salsınlar. Ən dolğun, mənalı həyat budur”;

– “Hər bir insanın ehtiyacı hörmətdir, diqqətdir, məhəbbətdir”;

– “Xoş xasiyyətli olmaq – insanın xoşbəxtliyidir”;

– “Müdrik – çox bilən adam deyil, biliyi xeyirli olan adamdır”;

– “Bir insanın sənə nələr verə biləcəyini deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir”;

– “Yaradan insanı Yer üzünün əşrəfi yaradıb, azad, müstəqil və varlıq kimi yaradıb, cisimdən, ruhdan yaradıb. İnsanın qorunmasını da Yaradan onun özünə həvalə edib. İnsanın da borcudur ki, bu missiyanı vicdanla yerinə yetirsin, ona bəxş olunan canı məhəbbətlə, ismətlə qorusun”;

– “Vətən əmanətdir, onu qorumaq, başının tacı etmək hər bir vətən övladının namus, şərəf işidir”.

***

İnsan üçün, illah da xanım üçün “xarakter insan” olmaq çətin, bəlkə də mümkünsizdir. Ancaq tanımaq imkanında olduğum bir neçə ay ərzində onu davamlı olaraq belə gördüm: sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən. 

Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyası açılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında öz əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim günü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdə başlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları xüsusi yer tutur.

Zülfiyyə xanım bu sıralanmada hər nəsnəyə “can verməyi” bacarır. Məqalələrinin oxucusu, ən müxtəlif tədbirlərdə çıxışlarının dinləyicisi olan hər kəs Azərbaycan təhsilində islahatların hansı səviyyədə aparıldığı barədə zəngin informasiya almaq imkanına malik olur. Ustalığı, peşəkarlığı da bundadır ki, ilk baxışda “quru” təsir bağışlayacağı düşünülən faktlar Onun qələmində (nitqində) “dil açıb” oxucusu (dinləyicisi) ilə “isti təmasda” olur, “danışır”, zəngin informasiya mənbəyinə, görülən işin, çəkilən zəhmətin göstəricisinə çevrilir. Sıraladığı faktları canlandırmaqla təqdim etdiyi mövzunun Azərbaycan dünyasında, Azərbaycan təhsilində yerini müəyyən edir. Həm də elə ustalıqla ki, ssenari ahəngdarlığı ilə sıralanmış faktlar bolluğundan yorulmursan, usanmırsan.

***

Zaman yaşa baxmır. Zamanı yaxşı yaşayanda, özündən yaxşı iz qoyanda… İnsanı yaşadan, həyatını rövnəqləndirən də elə bu kimi amillərdir. Həm ömür uzunluğu anlamında, həm də insanların yaddaşında yaşamaq, arxanca xoş məramlı iz qoymq mənasında.

Yaxın günlərin söhbətidir. Mənim də qatıldığım bir yığnaqda 70 yaş və 70+ yaş həddində olanların, cavanların yerini tutub hələ də işlədiklərinəbənzər ifadə işləndi. Baş qoşmaq istəməsəm də, söz sahibinin inadlı danışıq tərzi məni dillənməyə sövq etdi. Təbəssümlə sözünü kəsdim ki, mən də 70 yaşındayam, 30 yaşda olanlar arasından özümə rəqib axtarıram. Rəqib bildiklərimin fəaliyyətini tərəzinin bir gözünə, mənim yaradıcılığımı tərəzinin başqa bir gözünə qoyaq, görək hansı pərsəng verəcək?!

“Daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşması bügünki qayğılarımızdandır” amalı ilə yaşayan, ruhu döyüş misallı vətənpərvər xanım Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir. Eynən pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayevin qələmə aldığı tərzdə: – “Zülfiyyə xanımın yazılarını hər oxuyanda qürur hissi keçirirəm. Vətənpərvərlik bu gün aktual məsələdir, “525-ci qəzet”də “Vətəni qoruyan oğullar” adlı məqaləsini maraqla oxudum. Elə bil cəbhədən dönmüş bir döyüşçü ilə diz-dizə əyləşib həmsöhbət olursan, onların əməllərinə, hər hərəkətinə böyük sayqı göstərirsən… Gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işi aparılmasında Zülfiyyə xanımın bu silsilədən söhbətlərinin, qələmə aldığı yazıların rolu əhəmiyyətli dərəcədə yüksəkdir”;

Gülşən Eminova, pedaqoqika üzrə fəlsəfə doktoru: – Əzizimiz, müəllimlər müəllimi, ürəyi də, əməli də gözəl, xeyirxah xanım Zülfiyyə Vəliyeva, Allah sizi qorusun! 20 ildən artıqdır ki, sizi tanıyıram. Bu illər ərzində sizi yalnız təhsilə, peşəsini sevdirməyə çalışan, öhdəsinə götürdüyü ən çətin işləri mükəmməl icra edən bir pedaqoq kimi tanıdım. Nə yaxşı ki varsız, sevilirsiz!..

***

Müəyyən yaş həddində insan özünün hər saatından-günündən, hər ayından hesabat tələb edir. Zülfiyyə xanım bunabənzər hər sorğunu asanlıqla cavablandırmaq imkanındadır. Azərbaycan tarixinin, pedaqogikasının elə bir təqvim günü, hadisəsi olmaz ki, ədəbi qəhrəmanımız həmin tarixi özünəməxsus mətbu yazılarıyla, çıxışlarıyla qarşılamasın. Bunun üçün çox yox, Zülfiyyə xanımı tanımaq imkanında olduğum 2021-ci ilin göstəricilərinə də diqqət yetirmək kifayət edər: 

– 1 simpozium, 3 forum, 1 beynəlxalq seminar, 1 beynəlxalq və 4 respublika konfransının, 7 təlim, 2 layihə və 7 vəsait və təqdimatın müəllifidir. Əməyi 11 sertifikat və təşəkkürnamə ilə dəyərləndirilib. 5 jurnal, 6 qəzet məqaləsi var. Məqalələrindən ikisi II Qarabağ müharibəsi qəhrəmanlarına “Vətən sevdalı cəsur döyüşçü” (Mircəfər Mirsəfər oğlu Bağırova) və “Vətəni qoruyan oğullar” (Fail Rəfayıl oğlu İsgəndərova) həsr edilib;

– II Qarabağ müharibəsində tarixi qələbəmizlə bağlı sosial şəbəkələrdə yazılar paylaşıb, video-çıxışlar edib. “Vətən və insan sevgisi” mövzusunda silsilə vebinarlar keçirib, müəllimlərə kömək məqsədilə xüsusi təqdimatlar hazırlayıb. “Azərbaycan bayrağı Şuşada dalğalanır” və “Tarix yazan sərkərdə” sərlövhəli məqalələri “Təhsil dünyası” qəzetində, “Qələbələr içərisində ən ali qələbəmiz” və “Qələbəmiz – sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır” məqalələri “Təhsil” jurnalında yer alıb. Müəllimlərə kömək məqsədilə bu kimi mövzularda təqdimatlar hazırlayıb, Qələbə münasibətilə rəsmi internet səhifəsində ölkə Prezidentinə müraciət ünvanlayıb. “ADPU- 100. Məzunlar” layihəsinin müəllifi və rəhbəri olub.

Həyat yolu: Əməkdar metodist müəllim və “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi” adını ləyaqətlə daşıyan Zülfiyyə Vəliyeva Göyçay rayonunda anadan olub. 1966-1975-ci illərdə Azərbaycan  Dövlət  Universitetinin (indiki BDU-nun) tarix fakültəsində (qiyabi) təhsil alıb. Azərbaycan Müəllimlər istitutunun (Azərbaycan PK İA və YH Baş İnstitutunun) İqtisadiyyat fakültəsinin 1996-cı il məzunların­dandır. 1971-1973-cü illərdə Göyçay rayon 7 saylı orta məktəbində müəllim, 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsində Məktəblər üzrə  katib və II katib vəzifələrində çalışıb. 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirib. 1995-2016-cı illərdə Azərbaycan Müəllimlər institutunda (APKİA və YHİ-da) metodist, kabinet müdiri, “Təhsildə Araşdırmalar və İnnovasiyalar” Mərkəzinin  əməkdaşı olaraq fəaliyyət göstərib. 2016-ci ildən ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidr.

İctimai fəaliyyəti: 1988-ci ildə SSRİ Təhsil Şurasının üzvü, 1988-ci ildən Yaradıcı Müəllimlər İttifaqı İdarə Heyətinin üzvü, 1999-2005-ci illərdə Respublika Təhsil Nazirliyi Elmi Metodik Şuranın üzvü, 2003-cü ildə Təhsil İslahatı ilə bağlı “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və SSRİ Təhsil Nazirliyinin Qabaqcıl Maarif Xadimidir.

Mükafatları: SSRİ Təhsil Nazirliyinin  “Krupskaya medalı”, akademik. Mehdi Mehdizadə mükafatı laueratı, ”XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomunun və “Azərbaycan Respublikasının Əməkdar müəllimi (1990-cı il) fəxri adının daşıyıcısı. “VEKTOR” Beynəlxalq Elmi Mərkəzinin təsisçisi olduğu “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihənin qalibidir. Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.

Seçilmiş əsərləri: “Tarix fənni üzrə proqram” (IX siniflər üçün. Bakı-2000); “Fəal təlim”. (metodik vəsait. Bakı-2003); “Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi: qarşıya çıxan problemlər və əldə olunan nailiyyətlər” (metodik vəsait. Bakı-2003);

“Fəal və interaktiv təlim-tədris üsulları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidən­hazır­lanma təhsili üçün tədris-tematik plan və proq­ram. Bakı-2004); “Təhsil islahatı və müasir təlim metodları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “İbtidai siniflərdə nağılların “Debat» texnologiyası ilə tədrisi” (müəl­­lim­lər ücün metodik vəsait. Bakı-2005); “Distant Təhsil Texnologiyaları” (peda­qoji işçilərin özünün təhsilinə kömək (metodik vəsait. Bakı-2006); “Distant Təhsil Texnologiya­ları” treninq proqramı (Bakı-2007); “Pedaqoji Təhsildə İnnovasiyaların, yeni metod və yanaşma­ların tətbiqinin işlənilməsi” təhsilə uğurlu  dəstək, “Təhsildə innovasiya – dərslərin kliniki müşahidəsi” (metodik material); “Təhsildə innovasiya-Elektron məktəb”(metodik material); “Təhsildə innovasiya-Gender” (metodik material); ”İqtisadi təhsil zamanın tələbidir”. Müəllim kadrlarının hazırlığında innovasiyya və texnologiyalardan istifadə; “Yeni təlim texnologiya­larının pedaqoji texnologiya sistemində səciyyəsi”, “Pedaqoji təfəkkürün formalaş­masında İnteraktiv təlimin imkanları” Tədris-təlim prosesinin keyfiyyət təminatı: Səriştəli yanaşma”. “Səmərəli İnnovasiya sistemi və yeni təhsil texnologiyaları” – “Motivasiya, prosedur və fəaliyyətlə bağlı kompetensiyalar”, Müəllimin peşəkarlıq səviyyəsinin inkişafına təsir edən amillər”. “Təhsil alanların  elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi günün tələbidir”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyaların tətbiqi kadr hazırlığının zəruri amili kimi”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyalar”, “Təhsildə İnnovativ metodlardan istifadə”, “Pedaqoji Təhsilin İnnovasiyon inkişafının layihələndirilməsi”və s…

Bu gün də günlə səsləşən, ödənişsiz vebi­nar­lar keçirərək müəllim və məktəb psixoloq­larına yardım missiyasını səylə davam etdirən Zülfiyyə xanım çox sayda beynəlxalq və respub­lika elmi-metodik konfransın, simpozium, forum və təlimlərin iştirakçısı olmuş, 50-yə qədər sertifikat, fəxri fərman və diploma layiq görü­lmüşdür. 105 elmi məqalə və 47 tezis, çox sayda publisistik məqalə müəlifidir. İmzası ”Təhsil”, ”Azərbaycan məktəbi”, ”Məktəbəqədər və ibtidai təhsil” və “Pedaqoji Universitet xəbərləri” jurnallarının, ”Respublika”, “Azərbaycan müəllimi”, ”Təhsil və zaman”, ”Təhsil problemləri”, “Palitra” qəzetlərinin daimi oxucularına yaxşı tanışdır. Konfranslarda, dəyirmi masa və görüşlərdə, təlim, mühazirə və seminar­larda yüksək peşəkarlıqla etdiyi çıxışlar pedaqoji ictimaiyyət tərəfindən  həmişə maraq və rəğbətlə qarşılanır.

***

Müraciətlərimə diqqət yetirdinizmi? Hər adını çəkdiyimdə hökmən “xanım” kəlməsi nitqimə gəlib. Həm də bu, gəlişigözəl, etika məqsədilə işlədilən müraciət deyil.

Qədim tariximizi xatırlayaq. İnsana müraciət formasının “xan”, “bəy”, “xanım”, “xatun” olduğu illəri. Sonrakı illərdə ziyalı təbəqəsinə müraciət forması olaraq “müəllim” müraciət forması meydana gəldi. Indi “müəllim” müraciət  forması yalnız bu peşə sahiblərinə deyil, ümumən ziyalı təbəqəsinə aid edilir. Bu hal müəllim sənətinə, müəllim peşəsinin cəfakeşlərinə xalqımızın sayqısının göstəricisi deyilmi?

Müsahibim ona “Zülfiyyə xanım” deyə müraciət tərzini özü qazanıb: davranışlarıyla, insanlara diqqət və münasibətilə, savadı, dünyagörüşü, intellekti ilə. 

*** 

Tərcümeyi-hal insanı bəzəmir, insan tərcümeyi-halını bəzəyir. Zülfiyyə xanım tərcümeyi-halına bu yerəcən sizlərə indi bəlli etdiklərimdən və bəlli edə bilmədiklərimdən məqam-məqam çox “nağışlar” vurub. Tərcümeyi-hal isə davam edir. Bu da o deməkdir ki, Zülfiyyə xanım hələ bundan sonra da tərcümeyi-halına özünəməxsus “naxışlar” vurmaqda davam edəcək. Bizə isə bu uğurlara ürəkdolusu fərəhlənmək və qürurlanmaq qalır.

Yaşadığınız ömür payında tutduğunuz mövqedə uğur yol yoldaşınız olsun, Zülfiyyə xanım.

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),

Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı

AYƏTXAN ZİYADIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru