YENİ DƏRS VƏSAİTİ İŞIQ ÜZÜ GÖRDÜ

Rəhiməxanım Rzabala qızı Məmmədzadənin “Müasir dövrdə Qərbi Avropada məktəbin inkişafı” adlı dərs vəsaiti

                         

                Yeni ilin ilk ayında “Mütərcim” nəşriyyatı pedaqoji ictimaiyyətinə pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin müəllimi Rəhiməxanım Rzabala qızı Məmmədzadənin “Müasir dövrdə Qərbi Avropada məktəbin inkişafı” adlı dərs vəsaitini təqdim etdi.

         Dərs vəsaitinin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Abbas oğlu Rüstəmov, rəyçiləri pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Nurağa oğlu Abbasov və  pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim İntiqam Hilal oğlu Cəbrayılovdur.

           Dərs vəsaiti iki fəsildən ibarətdir. Müəllif “XX əsrin II yarısı, XXI əsrin əvvəllərində Qərbi Avropada təhsil” adlanan birinci fəsildə təhsil-tərbiyənin problemləri və prioritetləri; məktəb sistemləri ümumtəhsil məktəbləri üçün müəllim kadrları hazırlığı təhsil-tərbiyə ilə bağlı məktəb təcrübələri; təhsil-tərbiyə sahəsində islahatlar kimi məsələləri diqqət mərkəzinə gətirir.

           Dərs vəsaitinin növbəti fəsli “Müasir dövrdə Qərbi Avropada məktəb təhsilinin təşkilinin forma və metodları” adlanır. Bu fəsildə nəzərdən keçirilən məsələlər bunlardır: təhsilin inkişaf yolları haqqında müxtəlif fikirlər; əsas didaktik konsepsiyalar; təhsili səmərəliliyinin göstəriciləri; tədris proqramlarının təkmilləşdirilməsi; tədris proqramlarının növləri; proqramların dəyişdirilməsinin əsas yolları; təhsil və təlimin diferensiallaşdırılması.

            Dərs vəsaiti pedaqogika tarixi üzrə məşğələlərdə faydalanmaq üçün hazırlanmışdır.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahnaz Şahin – DÜNYAYA UZAQDAN BAXA BİLSƏYDİK

Şahnaz Şahin

DÜNYAYA UZAQDAN BAXA BİLSƏYDİK

Esse

     Eyforiya-insanın sevinc, şadlıq hissinin yüksək olduğu ruhi-psixoloji vəziyyətdir. Əslində tərkibində patologiya elementləri olmayan bu hiss Psixatriyada xəstəlik halı kimi qiymətləndirilir. Çünki bu zaman insanın olduğu ruhi vəziyyət onun kədər və həyəcan kimi digər hisslərin qəbulunu ləngidir. İnsan gerçəkləri olduğu kimi qəbul etməkdə aciz qalır, bəzən isə belə şəxs və ya şəxsləri istənilən kimi idarə etmək mümkün olur.

Sözün hərfi mənası isə şən əhval-ruhiyyə, uğur və müvəffəqiyyətdən baş gicəllənməsidir. Qurani-Kərimin Ənkəbut surəsində buyrulur “…Şeytan onlara etikləri əməli gözəl cilvələndirdi və beləliklə onları həqiqi yoldan saxladı, bir halda ki, onlar görürdülər.”Bəli, Şeytanın insanı doğru yolundan azdırmaq üsullarından biri də elə haqqında danışdığım eyforiya halıdır. Nəticədə insan öz kiçik uğurunu həddən artıq şişirdir, özünü də, işini də öz gözündə böyüdür, beləliklə düz yoldan sapınır, minnətdarlıq hissindən uzaqlaşır, təkkəbbür hissi güclənir və inkişafdan da geri qalır.

   Şotland yazıçısı, şairs və tərcüməçi, hüquqşünas Valter Skott söyləyir ki, ilk dəfə anlayanda ki, ədəbiyyatçı olmağa məhkumam, bütün gücümü o, xəstə hissiyyatdan-şairlər tayfasını bədbəxt və gülməli günə qoyan şöhrətpərəstlikdən qurtulmağa yönəltdim. Komplimentlərdən ötrü yanan şairlərə məxsus hissləri içimdə məhv etməyə çalışdım…

İlahi, məni bağışla,

Bilmədən öydüm özümü.

Anlayanda bilmədin heç,

Ta necə döydüm özümü.

Evim başına kül tökdü,

Çökdü daş-divar ağladı.

Bayquşlar halıma yandı,

Ala qarğalar ağladı…

Ayaqlarımın altında,

Otlar əzildi, üzüldü.

Qızılgüllərin gözündən,

Yaşlar süzüldü, süzüldü..

Indi dərgahın önündə,

Diz üstə çöküb qalmışam.

Ilahi əfv elə məni,

Ilahi, məni bağışla..(Ş.Ş)

Depressiya- isə əksinə əhval düşüklüyü olaraq bir çox səbəblərdən yarana bilir. Bunu ruhun anomaliyası da hesab etmək olar ki, ətraf mühit, fəsil və ya fizioloji dəyişikliklərləri səbəbiylə yaranır. Hətta hər hansı bir uğursuzluq səbəbiylə də, hətta keçmişdə yaşanmış olsa belə ortaya çıxa bilər və bu  əslində patologiya sayılmammalıdır. Yox, əgər insan dərin psixoloji travma alırsa, onun iş və əmək qabiliyyəti də aşağı düşür, açıq-aşkar ruh düşkünlüyü yaşayırsa artıq narahat olmağa dəyər. Tanıdığım bir yaxın insan hər il payız fəsli gələndə depressiv hala düşür, bu da onun uzun illər öncə aldığı ruhi zədənin, hələ də dəyişməyən fikir və düşüncələrin göstəricisidir. Bu zaman o, özünü lazımsız hiss edir, yuxusuzluqdan əziyyət çəkir, ümidsizlik duyğusu baş qaldırır, heç bir şey ona ürək dolusu sevinc yaşada bilmir.

  Alimlərin fikrincə günəşli günlərdə günəş işığının təsirindən insan bədənində xoşbəxtlik hormonu-endolfin yaranması səbəbindən depressiya müşahidə olunmur. Amma soyuq aylarda, günlərin gödək, həm də dumanlı, yağışlı-çiskinli keçdiyi zamanlar depressiya üçün münbit şərait yaranır. Səbəb də eynidir-Endolfin çatışmazlığı…

   Uşaqlarda, yeniyetmələrdə hələ sinir sistemi tam formalaşmadığından depressiya daha dərin keçə bilir. Ali məktəbə qəbul ola bilməmək, ailədə hər hansı formada münasibət pozğunluğu, kobudluq, qəlbini aça bildiyi insanın olmaması və s onları real vəziyyətdən uzaqlaşdırıb depressiyaya sala bilər. Ona görə də uşaq və yetkinlik çağında olan kəslərə evdə, ətraf cəmiyyətdə qayğı və diqqətin olması vacibdir.  

    İki anormal vəziyyət və iki fərqli sonluq… Heç biri təqdir edilən deyil, normal hal hesab edilmir, nə özünü İran şahı hesab edən, nə də yararsız sayan haqlıdır. Amma hər iki halda insanın insana, sevgiyə, qayğıya ehtiyacı var. Dünyaya uzaqlardan baxa bilsəydi insan, kim bilir hansı gözəllikləri görə bilərdi.. Dünya və içindəki bütün yaradılışlar İlahinin əsəridir və olduqca gözəldir. Bax, bir gülün açılması, yağışın yağması, buludların göy üzündə yaratdığı möcüzəvi tablolar, yerdə insan, onun xatirinə yaradılan kainat necə mükəmməl və qüsursuzdur. Hər şey incə dəqiqliklə planlanmış və insan üçün ən yaxşı olanı seçilmişdir.

Dünyaya uzaqdan baxa bilsəydik… Əlinə belə bir imkan düşən astronavt Russel Louis Schweickarts söyləyir:

-Kosmosdan dünyaya baxanda onun ucsuz-bucaqsız bir kainat içində nə qədər önəmli olduğunu gördüm. Ordan dünya bir nöqtə kimi görünürdü. O anda mənim üçün vacib olan hər şeyin, tarixin, sənətin, həyatın, doğumun, ölümün və sevginin bu kiçik nöqtə üzərində olduğunun fərqinə vardım…

Ağlı başında olan, həyatı dərk edən hər kəs nə qazandıqlarından məst, nə itirdiklərindən qəmgin olmasın gərək. Axı dünya fırlanır və insan da onunla bərabər.. Hər işə sevgiylə başlamaq və sevgiylə sona çatdırmaq düşür öhdəmizə.

…Bir qəza yeridi ürəyim daha,

Arzular partlayır, ümidlər batır.

Başımı qaldırıb göyə baxıram-

Hardansa, harasa durnalar uçur…

Unutmayın, hər kəsin astronavt olmaq kimi bir şansı yoxdur!..

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Özəlyiniz gözəlliyinizdir

ATLAZ RZAYİ

ATLAZ RZAYİ İLƏ MÜSAHİBƏ

1. Şeirlərinizdən birində yazırsınız ki, könlüm darıxır hələ səninçün bu darıxmaq keçəcəkmi sizcə?

Darıxmaq mənim üçün ən gözəl, ən doğma hisdir. Darıxanda xoşbəxtliyin mənə daha yaxın olduğunu hiss edirəm. Bəzən də gec bitməyini istəyirəm. Əlbəttə ki, darıxmaq keçir.

2. Hisslərin bir özəl səbəbi var? Olub hisslər sizi yanıltsın?

Mən hisslərimə çox inanıram. Ağlımla addım atanda bəzən yanılıram.

3. Xoşbəxtlik yaxın olduğu halda bir o qədər də əl çatmaz olanda? Vaz keçdiyiniz olub ? Bu xoşbəxtlik mənimdir axıra kimi getmisiniz xoşbəxtliyiniz üçün?

Xoşbəxtlik bir anlıq hissdir və bu anı dönə-dönə yaşamaq üçün xatırlayırıq. Xoşbəxtlikdən vaz keçmək olmur. O sənindirsə, sən qovsan belə o getmir.

4. Belə gəlmə belə gəliş ürəyinizcə deyil biraz dəyişməliydin? Dəyişilsəydi bu gəliş həyatınızda bir şeylər dəyişdirərdi yoxsa elə buraxdığı kimi olardı hər şey?

Gələn öz keçmişini unudub mənimlə gələcəyini görəcəksə, gəlsin. Bəli həyatım dəyişərdi., İnana bilərdim, xoşbəxt olardım. Amma belə də xoşbəxtəm.

5. Nədən ədəbiyyat?

Bu Allahın haqqımda verdiyi bir qərarıdır deyək.

6. İlk şeiri xatırlayırsınız?

İlk şeirimi doqquz yaşımda yazmışam. Ulduzlar şeiri. Bəli tamamilə yadımda qalıb .

7. Elə bir şeiriniz olub? Onu hər oxuduğunuzda sizə unutmaq istədiyiniz nələrisə xatırlatsın? Sizi kövrəltsin?

Keçmişin kədərinə bağlı biri deyiləm deyə olub keçənlər məni kövrəltmir. Keçmişdə olan hadisələr üçün də şeir yazmağı sevmirəm.

8. ‘”Ulduzlar” şeirin bəxt ulduzunuzla bir əlaqəsi var?

Bəlkə də var. Məncə bu qədər təsadüf ola bilməz Bəxtimə bəlkə də o vaxt doğan ulduz haqqında yazmışam.

9. Sizə bir şans versəydilər? Nələri həyatınızdan silərdiniz?

Bu haqda çox düşünmüşəm. İxtisas seçimimi yenidən edərdim. Sevdiyim sahəni seçərdim.

10. Dostlarınız sizə qarşı dost dostcanlıdır? Yoxsa üzünüzü çevirən kimi qeybətinizi edirlər?

Dost dediyimiz insan mərd olar. Çox şükür ki, bu gün ətrafımda yalnız əsl dostlardır. Dostlarım çoxdur bəli.

11. Sonuncu sualım istərdinizmi? Həyatınızda sizi gizli sevən biri olsun? Buna reaksiyanız nə olardı? Necə qarşılardınız?

Həyatda gizli olan hər şey maraqlı olur. Amma sevgilərin gizli qalmasını istəməzdim.
Çox gözəl suallar idi. Təşəkkür edirəm.

Mən təşəkkür edirəm. Maraqlı və səmimi müsahibəyə görə çox sağ olun.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

ATLAZ RZAYİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİQULU QƏMKÜSAR – ƏDƏBİYYAT ŞEİRİ

Əliqulu QƏMKÜSAR

ƏDƏBİYYAT
Bir hökumət tazə çıxmış, ismi Azərbaycan.
Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban?
Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Hər şəhərdə xandır, əyandır keçib iş başına,
Hər cəhətdən üz görür öz qövmu, öz qardaşına.
Get dolan kənd-kəsəyi, bax bir axan göz yaşına,
Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan.
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Get Qazaxdan keç, Tovuzdan keç, özün ver Gəncəyə,
Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə,
Kəndliyə, rəncbərlərə bax bir olan işkəncəyə.
Bax nə cür bu zülmdən qan ağlayırlar hər zaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Nəql edim bir-bir sənə mən hər yerin əhvalını,
Kəndlinin, rəncbər, əkinçi, fəhlənin bil halını,
Bax, düşün, gör onların idbarını, iqbalını,
Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Xoylu xan bir müddət etdi tək idarə milləti,
Kabinə təşkil eylədi, hər yerdə çıxdı şöhrəti,
Çünki böhran oldu, dəyişdi vizarət heyəti,
Hər tərəfdən toplanıb məbus açıldı parlaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Bəh, nə məbuslar ki, tanrı bədnəzərdən saxlasın,
Qıymasın canlarına, hər şur-şərdən saxlasın,
Qəlblərin sinsitməsin, qəmdən, kədərdən saxlasın,
Çünki millət onlara mərhuni-minnətdir hər an,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Var o cür məbus əsla anlamaz bəsət nədir,
Parlaman nə, üzv nə, bu vəz, bu halət nədir,
Kimdi millət, kimdi dövlət, bu qədər bidət nədir,
Çünki onda nə fərasət var, nə təqriri-bəyan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Get soruş öyrən, gör, aya, bunları kimlər seçib,
Onların kim qəddinə bu xələti ölçüb-biçib,
Hər biri yüz min fırıldaq işlədib,zorən keçib,
Ayda on min donluq alsın, müftə olsun kamiran,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Böylə getsə binəvalər büsbütün pamal olur,
Bu fəlakətdən, yəqin, axırda izmehlal olur,
Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur,
Hər tərəfdən ərşə qalxıbdır bütün ahu fəğan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Vardı min dinsiz, imansız hər biri milyon yeyib,
Beş gün əqdəm lüt gəzərkən indi xəz paltun geyib,
Doğrudur həqqən, keçənlər mətləbin lübbün deyib,
İndi bülbüllər yerində qarğalar tutmuş məkan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Qan töküldü, can verildi, oldu hürriyyət pədid,
Köhnə istibdad düşdü, parladı tərzi-cədid,
Şahidi-məqsud göstərdi üzün, verdi nəvid,
İxtiyar olmuş könüllər oldular yeksər cavan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Leyk, heyf olsun, üzü bir binəvanın gülmədi,
Milləti-cahil bu feyzin qürb-qədrin bilmədi,
Fəhlənin bir kəs üzündən əşki-alın silmədi
Canəvərlər əl-qol açdı oldu zalımlar əyan
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
İndi getsən hər mahala hər yetən dad eyləyir,
Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir,
Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir,
Qalmayıbdır rəncbərlərdə dəxi tabu təvan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
İndi lazımdır ki, millət huşunu cəm eyləsin,
Hər cür olsa haq danışsın, haq desin, haq söyləsin,
Yoxsa bizlərə təpər yoxsa, buna kim neyləsin?
Qalmaz axırda bu cür bivayə millətdən nişan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Çünki bu millət susayıb bir-birinin qanına,
İndi firsətdir, düşüb qardaş qardaş canına ,
Gözləri qızmış, qudurmuş, getmək olmaz yanına,
Ol səbəbdəndir olur gündən-günə işlər yaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Müəllif: Əliqulu QƏMKÜSAR

“Hürriyyət”,

4 oktyabr 1919, N: 17

Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.