
ARZU ŞƏRBƏTİ
(Hekayə)
Əfsanəyə görə oturuşmuş adətlərə qarşı üsyan etmək istəyən biri ağlına gələn ilk dua üçün allahdan onu bir kəpənəyə çevirməsini təvəqqə edir.Yavaş-yavaş bu arzunun qanadlarında nəhayətsiz ənginliklərə uçur.Azadlıq , istədiyini etmək sevdası , dünyanın bütün pisliklərindən qaçmaq , təmənnalı dostlardan uzaq olmaq istəyinin reallaşağacığını ağılının ucundan belə keçirəndə sərməst olub , yeni həyatın şirinliyində büsat qurur.
Kəpənək olmaq !
Günəşdən ,çiçəklərdən zövq almaq , istədiyi qədər uçmaq … Və yenə də uçmaq..
Qurduğu xəyal dünyasında insan olaraq buxovlandığı , bezdiyi hər nə varsa ondan uçmaq , nəfəsi kəsilənəcən uçmaq . Və yenə də qonduğu çiçəklərdən şirə çəkib , mavi göylərin intəhasız əsrarəngizliyində mehdən-küləyə , rüzgarların qanadlarında bihuş olmaq.
Və… Və birdən haqdan gələn nida bir andaca onu kəpənəyə çevirir.
Bu qədərmi asan , buncamı arzu anındaca arzuluqdan dönüb real olarmış ?
… Oldu keçdi. Geriyə dönüş yox. Kəpənək olaraq uç ! Zövq al ! Güllərin ətirindən məst ol ! İnsanların yaratdığı pis tabulara meydan oxu ! Ehkamlarına rişxənd et ! Sevgi azadlığına doyunca qanad çal !
Cəmi bir gün keçir. Çiçəklərin şirələri dadsızlaşır , qəfil yağan yaz yağışı moruqları təmsiz edir. Bu azmış kimi anadillərin,qaranquşların təqibi onu uçub gizlənməyə məcbur edir.O , gah gizlənir , gah da yağışdan islanmış qanadlarını çırparaq uçacağı səmti belə bilmədən vurnuxur.
Lap yaxşı bilir ki , tanrı onu bir daha insana çevirməyəcək .
Birdən aşağıda ucsuz-bucaqsız tarla görünür.Hələ insan olduğu dönəmlərin ən yaxşı dostlarına yaxın olduğu məkan bilib , qanadlarını süzərək tarlaya enir.Bura onun üçün tanış məkan imiş . İnsanlığının son dönəmlərində tanış olduğu , bir az da yarımgerçək duyğularından rəng qatdığı dostu buralara tez- tez baş çəkərdi.Qaçmaq , uçmaq onu taqətdən salmışdı. Quşlardan gizləndiyindən heç bir şirə də dadmamışdı.
Burada heç bir çiçək yoxdur ki….
Hələ başqa canlı olduğu zamanların yaddaşını xatırlamağa çalışdı. Alatoran xatirələr buranın şəkər çuğunduru tarlası olduğunu, çuğundurların onun keçmiş həmcinsləri tərəfindən torpaqdan çıxarıldığını özü üçün aydınlaşdırdı. Sahədəki yumuru – uzunsov çuğundur qalaqlarından hiss etdi ki, çiçək dönəmi deyil , məhsul yığımı zamanıdır.Böyük bir çuğundurun üzərinə qonub ,gövdə ilə yarpaqların birləşdiyi hissədən doyunca şirə çəkdi. Əvvəl xoşlandı , ac mədəsində doymağın ləzzətini duydu….
Bu nədir ?
Mən zəhər içmişəm ?
Başı gicəlləndi. şəkər çuğundurunun kölgəsinə yuvarlandı.
– Gəncdir ,prespektivi böyükdür.Düzü onun ziyanvericilərlə mübarizə üçün təklif etdiyi elmi işin təcürbə sahəmdə tətbiqinə ehtiyat edirdim.Amma yanılmışam. Bir baxın tarlada bir dənə də olsa kəpənək uçmur.
Bu insan kimi doğulan, kəpənək kimi ölən birinin həyatda eşitdiyi son sözlər idi.
Müəllif: Pərviz YƏHYALI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Əllərinə sağlıq uğurların bol olsun.Amin