VAQİF OSMANOV – VAXTIN PƏNCƏRƏSİNDƏN GÖRDÜKLƏRİM

VAQİF OSMANOV

VAXTIN PƏNCƏRƏSİNDƏN GÖRDÜKLƏRİM

(Kənan Hacının təkadamlıq “Vaxt pəncərəsi”ndən bir başqa dünya görünür)

Öz evini çiynində gəzdirən, qapı-qapı gəzən, könlü mənəvi kasıb, nəfsinin arzularına məğlub olan saxta, modern dərvişlərin maddi aləmdən imtina edib ruhsal dünyaya atılmağını, sufi rəqslərlə saat əqrəbinin əksinə fırlanaraq göy cisimlərinin hərəkətini etməsini görmüsünüzmü? Mən görməmişəm. Bunun üçün Tanrının verdiyi ruhi hal lazımdır. Çoxumuz dərvişləri dilənçi kimi tanıyırıq. Dərviş yoxsuldurmu? Bunu mənəvi yoxsullar belə düşünər. Əgər sənin mənəvi heybən doludursa, dünyanın ən zənginisən.

Gənclik illərindən bu günə qədər Səttar Bəhlulzadə dərvişliyi ilə eyni olan dərviş axtarışındayam. Axtarışlarımın hələlik bir nəticəsi yoxdur.

“Təkadamlıq” bir hekayə məni”Vaxtın pəncərəsi”nin boz-bulanıq şüşəsindən baxmağa məcbur etdi. O pəncərədən nələr gördüm? Kənan Hacının “vaxt pəncərəsi”ndə yer “təkadamlıq” olsa da mənəviyyat vurğunlarının hamısını ora dəvət edirəm. Kənan Hacıya deməyin bunu. Sirr saxlaya bilmirəm. Sirr saxlamayanlara ağzıcırıq deyirlər, mənsə ağzıcırıq da deyiləm, səxavətliyəm. Yaxşı bir nəsnə görəndə özümü saxlaya bilməyib car çəkirəm ki, qoy hamı özünü çatdırsın, içini redaktə etsin.

Saxta dərvişlərin bic doğulmuş mahnıar oxuduğu, oriental rəqslərlə ora-burasını nümayiş etdirib yanıqları həyəcanlandırdığı bu günümüzdə dərvişlik çox ucuzlaşıb. Kənan Hacı isə əsl dərvişlik sınağından üzüağ çıxan “sonuncu dərviş”dir. “Xirqə”si də var, “kəşkül”ü də. O, bilir ki, “ağrı bədənin, dərd ruhundur, ağıl yerdir, hiss göy, ağıl, bədən sudur, hiss, ruh od”.

Dünyanın özü hərtərəfi su və od ilə əhatə olunan adadı, Kənan bəy. Dərviş İlkən də, sən də hara qaçacaqsan ki? Sizin kimilərin taleyinə yazılan yazıdı bu. Odun və suyun “vətən”i yerdi, hissin və ruhun sığınacağı isə göy. Çoxumuz yerlə göyün pasportsuz, ikili vətəndaşıyıq. Elə “Günəş köynəkli” Dərviş İlkən də. Əslində “vətəndaş” kəlməsi yerinə düşmədi, laməkanların nə vətəndaşlığı? Bu cahana sığmayanları onların ruhuna şərik olanlar daşıya və tapa bilər. Tanrıyla “həsb-hal” edənlər həmişə oyaqdılar. Onlar üçün “yatmaq vaxt itkisidir”. Belələri, yerə yatmışları oyatmaq üçün göndəriliblər, böyük Sabir kimi…

Od da, su da müqəddəsdir, hər ikisi insanlığın xilası üçündür. Ona görəmi “od suyun qəlbində soyuyur? Atalar deyib ki, biriniz od olanda biriniz də su olun. İnsanlar da iki qismə bölünüb – oda və su xislətlilər. Deyirlər ki, insan bədəninin 80 faizi sudur. Oğuz Türklərinin bədənində bu əllinin əlliyə nisbətindədir, Yaradanın bizə ənamıdır. Ancaq nədənsə həndəvərimizdə başdan ayağacan su, yaxud təpədən dırnağacan od adamlar çoxalıb. Günahlarımızı Tanrı görür, unutmayaq.

Heç fikirləşmisinizmi, bizim əməllərimizdən od nə çəkir, su nə? “Od nə çəkdi küldən soruş” deyirdi Rəsul Rza. Bəs suyun çəkdiklərini kimdən, yaxud nədən soruşaq?

“Ruh insanın bədənində qonaqdır”, biz qonağa canımızı verməyə hazırlardanıq, bunun açısını ulu ömrümüz boyu dadırıq. Ancaq ruhumuz nankor deyil. Bircə onu küsdürməyək. Ruh nədir? Bizdən sonrakı biz. Bəs niyə özümüzə biganəyik?

Bəlkə qəmimizi duruldan içimizdəki su, sevincimizi yanmış kösövə döndərən oddur. Ona görəmi qəmimiz tərtəmizdi – həmişə müqəddəs suda qüslləndiyi üçün, sevicimiz də yanıq? Yox, suda, odda günah axtarmayaq…

Sükutumuzun da dili var, Kənan Hacı. Sükutun pıçıltılarını nə vaxr qulağımız eşitməsə, çığır-bağırdan dəli olarıq. Bizim abır-həyamızı sükut ört-basdır edir.

Yerindən duran qələminə and içib ağzına və ağlına gələni yazıb bəyaz kağıza püskürür, sonra da sönmüş vulkan kimi öləziyib itib-batır.

Kaş bizi nağılsız böyüdəydilər nənələrimiz. Bizə Məlikməmmədlərin kəndirini kəsməyəyi, göyçək Fatmaları təndirdə yandırmağı, qardaşa daş atmağı, cırtdaların hiyləsini nağıllar öyrətmədimi? İndi nağıllara inanmamağımızın nə mənası? Artıq iş-işdən keçib. İndi dünyanın hər yanı it hürən tərəfdi. İşıq gələn tərəfi axtarsaq da tapmırıq. Deyəsən işıq gələn deşiyə barmağımızı çoxdan tıxamışıq, bəlkə də yumruğumuzu…

Kainatdakı “makro və mikrosistemlər” tamahımızın ucbatından hər gün qram-qram arıqlayır, əriyir. Makro dərdlərimizsə ərimir, daha da kökəlir, mikro sevincimizin gözünü azğın əcdahaxislətlilər kor edirlər.

“Vaxt rəncərəsi”nin arxasında məlul-məlul dayanıb siyasət

Təpəgözlərinin işləklərini qınamaqdan yorulmuruq, hərdən səssiz-küysüz məzlumcasına hədələyirik onları: “Ay gidi dünya!”. Gidi dünya isə bizi yad ünsür kimi görür. Dünyanın mayasına haram qatılıb, yoğurduğumuz xəmirə duz atmağı çoxdan unutmuşuq.

Hamımız tənha adaya çəkilsək, vay o adanın halına. Qoy orada Dərviş İlkənlər yaşasın, onların yorğanına birə buraxmayaq.

Biz Əli Kərimin diliylə desək, həqiqəti it, yalanı ceyran şəklində görməyə alışmışıq. Həqiqətdən qorxmuşuq – itdən qorxan kimi, yalan gözümüzə zərif, incə, göyçək görünüb – ceyran şəklində.

Deyirlər, insan ən şüurlu, vicdanlı çanlısıdır planetimizin. Bəs onda niyə insan yalanlar içində kef çəkir, yalan söyləməkdən həzz alır, hətta Tanrıya da kəf gəlməyə çalışır? Budurmu şüur, vicdan? Şüursuz hesab etdiyimiz nəhəng ağaclar, bapbalaca boylu çiçəklər yalan pıçıldamır, külək yalandan əsmir, quşlar yalançı nəğmələr ötmürlər? Yalan şüurlular üçünmüş…

Hələ çoxmu “quşları rəngləriylə aldadan dadsız kəpənəklər kimi mozaik zamana” aldanacağıq, yaxud üzü üzlər görmüş, qarıyıb ifritəyə dönmış zamanı aldatdığımızı düşünəcəyik avam-avam?

Gəlin gedək, Ramiz Rövşən sayağı, yalanın nəfəsi dəyməyən yerə…

 16.01. 2022

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI


KƏNAN HACININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir