ŞƏHİDLƏR Millətim yol gəlir neçə min ildir, Yolunu-izini çəkər şəhidlər. Yerdə aslan kimi durar marıqda, Göydə şahin kimi səkər şəhidlər. * * * Doğulub düşmənə daş atmaq üçün, Ürəyi qorxudan boşaltmaq üçün. Ölərlər vətəni yaşatmaq üçün, Hər qəlbdə bir qala tikər şəhidlər. * * * Analar ər doğar,oğul böyüdər, Hər oğul dünyası- nağıl, böyüdər. Yurdunu sevərlər analar qədər, Düşmənin qəddini bükər şəhidlər. * * * Səngəri ev bilib ağ ban eyləyər, Bağ qurar,ömrünü bağban eyləyər. Canını xalqına qurban eyləyər, Qanını yurd üçün tökər şəhidlər. * * * Özü qocalmaz ki,əsri qocaldar, Gələcək,gedəcək nəsli qocaldar. Qəlblərdə vətənə heykəl ucaldar, Azadlıq ağacı əkər şəhidlər. * * * Bayraqtək ucadır adı onların, Adları titrədir yadı onların Qanında doğmaqçün qəhrəmanların, Millətin ruhuna çökər şəhidlər. * * * Vətən,qurbanınam- üzdə demədi, Əməldə göstərdi,sözdə demədi. Mahirə,ağlamaq,sızlamaq nədi, Sənin göz yaşından küsər şəhidlər.
TOY GÜNÜ Bu gün toyumdu, otağımda oturmuşam. Bir azdan toy adamları gələcək, vağzalı səslənəcək. Mən də həyat yoldaşımın qoluna girib otaqdan çıxacam. Bir də bu evə qayıtmayacağam sonra. İçimdən bir səs “ Etmə, hər şeyi yarıda qoy, soyun gəlinliyini” – deyir… Amma qonşular nə deyər, ailəm nə deyər?… Axı hər kəsin ümid yeriyəm… Axı hər kəs bəzənib – düzənib restorana gələcək. Axı bizim toydan kim isə kiməsə qız bəyənəcək, kimlərsə sağlıq deyəcək axı… Halbuki məni düşünən yoxdu… Hə, bir şey yaxşı oldu, daha “Nə vaxt tərpənirsən?”- sözünü eşitməyəcəm. Yerinə “Bir şey, mir şey var?”- deyəcəklər bir müddət. Amma istəmirəm, könülsüz gedirəm. O bir mahnının da sözlərində var e, deyir: “Könülsüz gedən qızın, ağlamaqdır peşəsi”… Mən ağlamaq istəmirəm artıq. İndiyədək ağladığım bəsdi mənə. Güclü olmaq,. eh… Bəlkədə elə xoşbəxt olmaq istəyirəm.
HƏDİYYƏ Səliqəli evdə valideynləri və Arif süfrə arxasında əylışib yemək yeyir. Bu zaman Arifə mesaj gəlir, “ Biz kafedəyik, istəyirsən sən də gəl”. Arif anasını qucaqlayıb, öpüb, atasından icazə alıb evdən çıxır. Anası qapıda: “Arif, oğlum, amandı, qurbanın olum tez gəl, bilirsən ki, narahatam, yeməyini də yemədin.” Arif: Narahat olma, anam, qayıdacam. Kafe: Uşaqlar yığışıb çay içir, hərə maşından danışır, hə… Arif, sən nə vaxt maşın alırsan?.. (yerdən gülüş səsləri eşidilir) – Onun anası icazə verməz, Arif hələ uşaqdı… (gülüş səsləri) – Sürücülük vəsiqən də yox idi sənin? (gülüş səsləri davam edir) – Adə, sürməyi bilir ki, öyrənsin də? – (yerdən yenə səs) qırxında öyrənər… (gülür) o məsələ Gülüş səsləri davam edir. Arifin isə heç nəyi yox idi, söhbətə qarışa bilmirdi və bu onu çox narahat edirdi. Hər dəfə dostlarının xoşbəxtliyi və onların hər şeyi olduğunu görüb, özünün isə heç nəyi olmadığını biləndə çox pis olurdu. Nəhayət stoldan pərt olaraq durur və evə gəlir. Qapını qəzəblə çırpıb açır və deyir: Bəsdir də, başqaları hər gün yeyib- içməkdə, sən mənə heç nə etmirsən. Mən də rahat yaşamaq istəyirəm. Mənim də buna haqqım var, mən bir də bu evə qayıtmayacam”- qapını çırpıb ağlaya- ağlaya evdən çıxır. Ana donuq vəziyyətdə, məyus olur. Televizorda aparıcının təqdimatında xəbərlər eşidilir: “Efiri elə indicə baş vermiş gərgin bir ölüm hadisə ilə açırıq. Hazırda Bakının inşaatçılar prospektində ağır avtonəqliyyat hadisəsi baş vermişdi. Sürücü idarəetməni itirərək avtomobili divara çırpmış, ölənlər var”… Qara fon: fatihə surəsi eşidilir. Mərhumun dəfnindən sonra oğlan əlini cibinə qoyub millətdən uzaqlaşır… gəlir evə, anasını öpüb qucaqlayır. Kadr arxası səs: “Bəzən qıymır deyə valideynlərimizin bizə almadıqları şeylər əslində bizim varlığımızdır. Ən böyük hədiyyə də məhz budur”.
ARZU Sərxoş bir kişiyə oğlu yaxınlaşır, “ Ata, mənim anam hanı, anam üçün darıxıram, olar, məni anama apararsan? Kişi içki şüşəsini balaca uşağın üstünə vıyıldadıb, ananın? Bu dəqiqə… gəəl, gəl sənə göstərəcəm. Uşaq qorxaraq geri addımlayır və deyir, – Ata, axı mən qorxuram, qolumu incidirsən, ata. – Ata deyir: “ Sən deyilsən ananın yanına getmək istəyən? Aparıram da… (uşaq ağlayır…) Sakit dur, yum ağzını… Uşağı boğmağa çalışır və uşağın gözləri yumulur. ( Uşaq xırıltılı səslə boğulur). Ambulans səsləri və xəstəxana Klinika: Uşaq reanimasiya şöbəsində : Gözlərinin önünə atası gəlir və gülümsəyir. Çox sağ ol ata, çox sağ ol – deyərək gözlərini yumur və ürək döyüntüləri dayanır.
QƏRƏNFİL Ağladın Azadlıq şəhidlərinə, Bir az da dənizə ağla,qərənfil. Ağla ölənlərin itmiş ruhuna, Bir az da kükrəyib çağla,qərənfil. * * * Bizdən yan keçmədi ölüm,fəlakət, Günah işlətmişik,yoxsa qəbahət? Baxışlar nigaran, ürək narahat… Bir az da sinələr dağla,qərənfil. * * * Bu nə intizardı,bu nə sualdı, Dəniz susub,dinmir,elə bil laldı, Son ümid şöləsi közərə qaldı, Bir az da yaramı bağla,qərənfil.
DEYİRLƏR, KİŞİ AĞLAMAZ… (20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…) Deyirlər,kişi ağlamaz, Ancaq hamı ağladı o gün, Anam ağladı, bacım ağladı… Göz yaşları gildir-gildir, elə bil ki, seldir… O vaxt atam da ağladı- 1990-da… Onda ərşə qalxdı, sinə dağladı atamın anamın,bacımın naləsinə qarışan yanıqlı fəryadı… O ağladı,sızladı,mən düşündüm, Sakit,təbiətən mülayim atam niyə ağlayır? Üşüdüm… Mənə elə gəldi ki,o ayazlı, şaxtalı gecədə küçədə əliyalın,sinəsini düşmən gülləsinə Sipər edən mən idim… Atam mənə görə ağlayırdı, Sən demə, Vətən oğulları üçün sızlayırdı. Deyirlər,kişilər ağlamaz,ancaq ağladı atam o şənbə gecəsinin dəhşətinə,vəhşətinə… İlham üçün özünü qurban verən Fərizənin həsrətinə. Yandı şair təbiətli Ülvinin gəncliyinə,nakam ömrünə O gecə şəhidlik zirvəsinə ucalan oğullar üçün ağladı atam… Deyirlər,kişi ağlamaz,ancaq atam ağladı,mənə görə yox- Şəhid olmuş qardaşıma,bacıma… 5.05.2014. Quba-Zərdabi.
ŞƏHİDLƏRİN RUHUNA Güllər buta bağlayanda, Çaylar daşıb çağlayanda, Qərənfillər ağlayanda Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Gəncdi Ülvi Bünyadzadə, Nakam ömrü getdi bada, Gətirib sən onu yada Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Leyli-Məcnun əfsanədir, Sədaqətə nümunədir– Onlar İlham-Fərizədir. Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Bir olmuşuq həmişə biz Azad olsun Vətənimiz. Mövlud,çatar zəfərimiz… Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına…. 13.12.2014. Quba-Zərdabi.