
ŞƏHİDLƏR
Millətim yol gəlir neçə min ildir,
Yolunu-izini çəkər şəhidlər.
Yerdə aslan kimi durar marıqda,
Göydə şahin kimi səkər şəhidlər.
* * *
Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.
* * *
Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası- nağıl, böyüdər.
Yurdunu sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər.
* * *
Səngəri ev bilib ağ ban eyləyər,
Bağ qurar,ömrünü bağban eyləyər.
Canını xalqına qurban eyləyər,
Qanını yurd üçün tökər şəhidlər.
* * *
Özü qocalmaz ki,əsri qocaldar,
Gələcək,gedəcək nəsli qocaldar.
Qəlblərdə vətənə heykəl ucaldar,
Azadlıq ağacı əkər şəhidlər.
* * *
Bayraqtək ucadır adı onların,
Adları titrədir yadı onların
Qanında doğmaqçün qəhrəmanların,
Millətin ruhuna çökər şəhidlər.
* * *
Vətən,qurbanınam- üzdə demədi,
Əməldə göstərdi,sözdə demədi.
Mahirə,ağlamaq,sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər.
Müəllif: Mahirə NAĞIQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Allah rəhmət eləsin şəhidlərimizə