ÜSTÜNDƏYƏM MƏN
Bu gün qəribə bir yuxu görmüşəm,
Sanki bir nərdivan üstündəyəm mən.
Nə göydə, nə yerdə, nə asimanda,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Görürəm daşlar da dilə gəlibdir,
Dərdimi dünyadan başqa kim bilir?
Dilim dayanmadan dualar edir,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Görürəm hamıyla sağollaşıram,
Hamıyla əl verib qucaqlaşıram.
Anamla, atamla halallaşıram,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Dostlarla əbədi vidalaşıram,
Dünyayla əbədi sağollaşıram.
Zəncirtək köhlənə çox dolaşıram,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Sevgimi birində qoyub gedirəm,
Yaramı dərində qoyub gedirəm.
Dünyadan biryolluq doyub gedirəm,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Əlvida hər şeyim, ey varım, yoxum,
Əlvida kamanım, əlvida oxum.
Sən idin dünyada şipşirin yuxum,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Sanki dodaqların gülüş görməyib,
Ey ləbi dodağı gülüş görməyən.
Bil ki, mən ölsəm də ruhum ölməyib,
Əcəl köhləninin üstündəyəm mən.
DE NİYƏ?
Nə oldu ki, ayrılırıq biz indi?
Ağlamağa tab gətirmir göz indi.
Danış bilim, de mənə bir söz indi,
Aramızdan yel də əsmir de niyə?
* * *
Ayrılırıq, dözə bilmirəm buna,
Sevgimi sən indi yetirdin sona
Qəlbimi vermərəm yad bir oğlana
Aramızdan yel də əsmir de niyə?
* * *
Qəlbim quş qəlbitək indi döyünür,
Sevənlərə baxıb hər kəs öynür,
Ayrılıq deyəndə qəlbim göynüyür,
Aramızdan yel də əsmir de niyə?
* * *
Darıxdığım zaman təsəllim olmur,
Ağlayıram amma gözlərim dolmur,
Əllərim əlinə dəyməyib donur,
Aramızdan yel də əsmir de niyə?
GEDİRƏM
Yoluma bax gizli-gizli köks ötür,
Ürəyində qubar bağla, gedirəm.
Gəlib ürəyimi təkcə sən götür,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Ürəyim çırpınır quş qəlbi kimi,
Artıq günəş belə üşüdür məni.
Xətrimə dəymisən, neynirəm səni?
Yasıma gələrək ağla, gedirəm.
* * *
Məktubları saxla, yadigar olsun,
Sevgilim deyirsən, qoy xitab olsun,
Qəlbin başqasına qoy mehtab olsun,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Başım gicəllənir, görmürəm heç nə,
Yanımdan beləcə ötəri keçmə.
Sevgi şərabından sən hələ içmə,.
Yasıma gələrək ağla, gedirəm.
* * *
Yenə səni xoşbəxt görmək istərəm,
Uşaq kimi coşub-çağla gedirəm,
Məni heç düşünmə, amma bircə gün,
Yasıma gələrək ağla, gedirəm.
Müəllif: Şəlalə CAMAL,
Yaradıcılıq məsələləri üzrə menecer.
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru