ŞƏLALƏ CAMAL – BİLƏRSƏNMİ?

Şəlalə CAMAL – şair, yazar.

BİLƏRSƏNMİ?
Həyat nədir?
– Bir pəncərə
Döysəm aça bilərsənmi?
– Açaram.
Tale nədir?
– Ulu bir sirr
Ondan qaça bilərsənmi?
– Qaçaram.
Həyat nədir?
– Sınıq körpü.
Ondan keçə bilərsənmi?
– Keçərəm.
Sevgi nədir?
Olmasa yaşayarsanmı?
Bu ki, asan bir sualdır,
Niyə axı susursan?
Axı niyə sevdiyini
Belə tez unudursan?

GERİ QAYITMARAM
Mənim məhəbbətim zalım sevgidir,
Mənim bəyəndiyim məni bəyənmir.
Məni də çoxları, minləri sevir,
Geri qaıtmaram daha mən sənə.
* * *
Dəniz dalğasız dözə bilirsə,
Qəlb öz sevgisini yox edə bilsə,
Ürəyim alışıb, yanıb közərsə,
Geri qayıtmaram daha mən sənə.
* * *
Sən mənim deyilsən, razıyam buna,
Təki bu sevgimiz yetməsin sona.
Bu dünya girsə də min dondan dona,
Geri qayıtmaram daha mən sənə.
* * *
Ayrılıq oduyla yandırdı məni,
Məndən ayrılmısan, günah mənimdi.
Mən indi sevmirəm artıq heç kimi,
Geri qayıtmaram daha mən sənə.
* * *
Ver məhəbbətimi, qaytar eşqimi,
Qaytar göz yaşımı, qaytar sevgimi.
Qaytar gəncliyimi, özün dönsən də,
Geri qayıtmaram daha mən sənə.
* * *
Daha nifrətimə bais çıxmısan,
Mənim qəlb evimi yaman yıxmısan.
Nakam məhəbbəti apar özünlə,
Geri qayıtmaram daha mən sənə
* * *
Milyon göz baxırdı bil ki, həmin gün,
Mənim ol deyərək yalvardığın gün
Mənimsən, ayrılma demişdin mənə,
Geri qayıtmaram daha mən sənə.
* * *
Yalvarma sən mənə, demə sevgilim,
Məni sevmədiyini yaxşı bilirəm.
Mənə dön söyləmə, dönən deyiləm,
Geri qayıtmaram daha mən sənə.

MƏNASI YOXDUR
Sən ayrılıb getdin, tənnhayam indi,
Sevincim yox olub, qalan qəmimdi.
Ətrafımda bil ki, çevrəm genişdi,
Sənsiz yaşamağın mənası yoxdu.
* * *
Sevirdim mən səni dəlilər kimi,
Axı indi kimə deyim dərdimi?
Mən sənsiz xəstəyəm, bil bu qədrimi,
Sənsiz yaşamağın mənası yoxdu.
* * *
Xəstəyəm, həkimlər düzələr dedi,
“Gözəlsən hamıdan” – gözəllər dedi.
Şairlər adıma qəzəllər dedi,
Sənsiz yaşamağın mənası yoxdu.
* * *
Mən ölürəm, əcəl çox yavaş gəlir,
Bəlkə əcəldən qabaq sən gələsən?
Gəlib məni bu halımla görəsən,
Sənsiz yaşamağın mənası yoxdu.
* * *
Mən göz dikməmişəm dünya malına,
Bir söz deməmişəm özgə yarına.
Deyərəm mən səni basıb bağrıma,
Sənsiz yaşamağın mənası yoxdu.
* * *
Nizami deyiləm Xəmsədən yazım,
Aşıq da deyiləm, yoxdu avazım.
Oğuz elindən də qalıb bu sazım,
Sənsiz yaşamağın mənası yoxdu.
* * *
Elə hey görürəm canlar alışır,
Hamı bir-biriylə eşqdə yarışır.
Dodaqlar da şirin sözlər danışır,
Sənsiz yaşamağın mənası yoxdu.
* * *
Əllərim əlindən qopdu o anda,
Elə ki, ayrılaq söylədin onda.
Mən ömrümü tək-tənha yaşasam da
Sənsiz yaşamağın mənası yoxdu.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir