ŞƏLALƏ CAMAL – SEVGİLİM

Şəlalə CAMAL – şair, yazar.

SƏN AXI HARDAN ÇIXDIN
Yenə də qarşılaşdıq, bu hiss mənə tanışdı,
Unudulmuş keçmişim dilə gəldi, danışdı.
Xatirələr canlandı, sanki gözüm acışdı,
Gözümdən bir damcı yaş düşdü yanağıma,
San axı hardan çıxdın bir daha qabağıma?
* * *
Kədər dolu qəlbimi unutmuşdun nə yaxşı?
Çox çalışıb mən səni unutmuşdum, nə yaxşı,
Neçə il keçdi üstdən xatırlamırdım daha,
Nə üçün sən od vurdun xatirə qalağıma?
Sən axı hardan çıxdın, bir daha qabağıma?

SEVGİLİM
Həsrət tilsimini qıraq, sevgilim,
Gəl bir-birimizin olaq, sevgilim.
Yolları al-əlvan boyayaq yenə,
Vüsal şərbətindən dadaq, sevgilim.
* * *
Gəl çiyin-çiyinə hər gün dərdləşək,
Gəl biz ömrümüzü birgə bölüşək.
Gəl yenə danışaq ötən günlərdən,
Gəl yenə sevgilim, yenə görüşək.
* * *
Ayrılıq alovun söndürək indi,
Bil ki, bütün sevgim ancaq sənindi.
Gəl xoşbəxt yaşayaq bu gündən belə,
Bil ki, varım-yoxum sənə aiddi.
* * *
Gəl artıq, geriyə dönək, sevgilim,
Gəl hər dərdimizi bölək, sevgilim.
Əcəl vaxtı çatıbsa artıq bu gün,
Gəl biz eyni anda ölək, sevgilim.
* * *
Mən səni sevirəm, dünyalar qədər,
Əziyyət çəkirəm, çəkdiyim hədər.
Taleyim qəm dolu, qismətim kədər,
Daha buralardan gedək, sevgilim.
* * *
Ömrümü, günümü sənə vermişəm,
Mən sənsiz ağlayıb, sənlə gülmüşəm.
Dünyanın sevgisin səndə görmüşəm,
Gəl sən də sev məni, belə sevgilim.
* * *
Gəl unutma məni bir ömür, gülüm,
Yaralıdır qəlbim, dərdlidir könlüm.
Uzaqdan da olsa gəlib gör məni,
Nə olar sevgilim, unutma məni.
* * *
Mənim gözlərimdə dünya yaranar,
Sevgi dünyasında sevən də olar.
Mən səni sevirəm özümdən də çox,
Sənə olan sevgim daim çoxalar.

MƏN SEVİRƏM, SƏNƏ NƏ?
Baxışın aldı məni özümdən belə,
Dönmərəm mən artıq sözümdən belə.
Sənə çox baxaram bu gündən belə,
Sən sevmirsən, mən sevirəm, sənə nə?
* * *
Dönüş yoxdu bu sevgidə aldandıq,
Bu sevgi yolunda birlikdə yandıq.
Bu bir yuxu idi, indi oyandıq,
Sən sevmirsən, mən sevirəm, sənə nə?
* * *
Mən yanaram, sənin sevgin odunda,
Daha tab gətirmir yanan odun da,
Yanıram elə-hey sevgi yolunda,
Sən sevmirsən, mən sevirəm, sənə nə?
* * *
İzin versən görüşərdik bir daha,
Fikir vermə çəkilən dərdli aha,
Yalvarıram sənə batma günaha
Sən sevmirsən, mən sevirəm, sənə nə?
* * *
Gəl görüşək gözlər gülsün bir daha,
Səni görüm, yalvarıram Allaha
Mən ucuz sevgini alaram baha,
Sən almırsan, mən alıram, sənə nə?
* * *
Mən gedirəm gülüm, qalma nigaran,
Bil yanımda nə atam var, nə anam,
Sənsiz keçən hər anıma yanaram,
Sən yanmırsan mən yanıram sənə nə?
* * *
Qurunun oduna yaş da yanar,
Sevən könül eşqsiz qalsa dayanar.
Ürəyimdə sevgi hissi oyanar,
Sən sevmirsən, mən sevirəm, sənə nə?
* * *
Həyat məni nə yaman aldadıbdı,
Başım daşdan-daşa yaman dəyibdi.
Ürək bir baxışçün yaman yanıbdı,
Sən sevmirsən, mən sevirəm, sənə nə?
* * *
Məni ürəyindən çıxarsan da, bil,
Daima sev gülüm, daima sevil.
Amma ürəyində qalacaq nisgil,
Sən sevmirsən, mən sevirəm, sənə nə?
* * *
Bilirəm ki, məhəbbəti satmısan,
İndi artıq muradına çatmısan.
Məni həsrət dəryasına atmısan,
Sən sevmirsən, mən sevirəm, sənə nə?

BU MƏHƏBBƏTİM
Deyirdin cavanam, xoş yaşayacam,
Sevəcəm, sevərək xoşbəxt olacam,
Mən nə biləydim ki, vaxtsız solacam,
Çox tez qocalacaq bu məhəbbətim.
* * *
Həyatdan heç zaman zövq almamışam,
Hələ çox gəncəm mən qocalmamışam,
Sevmişəm, arzuma mən çatmamışam,
Çox tez qocalacaq bu məhəbbətim.
* * *
Daha sevmərəm mən bu gündən sonra,
Artıq çarə yoxdu, yaşananlara,
Bilirəm, səbəbsiz yerə olsa da,
Çox tez qocalacaq bu məhəbbətim.
* * *
Bir güzgüyə baxdım, bir də özümə,
Bir an heyfisləndim bu gəncliyimə.
Mən böyük sevgini tapmadım hələ,
Çox tez qocalacaq bu məhəbbətim.
* * *
Kimlərsə unutdu öz keçmişini,
Mənim unudası yoxdu keçmişim.
Kimlərsə unutdu öz sevgisini
Çox tez qocalacaq bu məhəbbətim.
* * *
Hərənin öz dərdi özünə yetər,
Mənimsə bu dərdim dərddən də betər,
Sevgi də, gənclik də, ömür də bitər,
Çox tez qocalacaq bu məhəbbətim.
* * *
Yaş ötür… cavanlıq illərim gedir,
İlahi, bu nədir? Bu necə dərddir?
Hələ bu sevgidən pay götürmədim,
Çox tez qocalacaq bu məhəbbətim.

GÖRÜNMÜR
Məni mənlə tənha qoyub gedirsən,
Məni indi atıb yenə gedirsən.
Səni sevdiyimi bilib gedirsən,
İndi sənin izin belə görünmür.
* * *
Səni sevdiyimi dedim mən sənə,
Gedirsən, deyirəm “geri dönsənə”.
Son dəfə üzümə baxıb gülsənə,
İndi daha üzün belə görünmür.
* * *
Sevəndə vəfasız olma dedim mən,
Heyif səni dəli kimi sevdim mən.
Sən sevgimə layiq belə deyilsən,
İndi sənin yerin belə görünmür.
* * *
Məni özümlə tənha buraxmısan,
Məni yandırmısan, yaman yaxmısan.
Tikdiyim sevda qalasın yıxmısan,
İndi uçan parça belə görünmür.
* * *
Məni unutmaq çətindi, bilirsən,
Bilirəm ki, sən də məni sevirsən.
Sən nəfsinə qalib gələ bilirsən?
İndi sənin nəfsin belə görünmür.
* * *
Yadındamı, verirdik biz baş-başa,
Ayağımız dəydi indi bir daşa.
Tanrı bizi yaratmışdı bir, qoşa,
İndi bizdən əsər belə görünmür.
* * *
Nə sən varsan, nə mən varam, nə sevgi,
Bizim sevgi olub indi bir itgi.
Sanki sevmək çox böyük bir vergidi,
Bu vergidə dilək belə görünmür.
* * *
Sən unutdun, canım deyib ayrıldın,
Sanki bir yuxudu, indi oyandın.
Sən aldatdın, mən də sənə inandım,
İndi sevən ürək belə görünmür.

DE NƏDİR?
Səni məndən ayıran, uzaq salan,
Yerlə göy qədər məsafədirmi?
Söylə bu günahı kimdə görüm mən?
İldirmi, aydırmı, qərinədirmi?

QƏLBİNİ KƏDƏRİM, QƏMİM DAĞIDAR
Məndən ayrılmısan, çox da sevinmə,
Qəlbində həsrətin ocağın tikmə.
Bağında sevginin ağacın əkmə,
Qəlbini kədərim, qəmim dağıdar.
* * *
Mənəm-mənəm deyib döşünə döymə,
Nə olar könlümün budağın əymə.
Mən səni söysəm də, sən məni söymə,
Qəlbini kədərim, qəmim dağıdar.
* * *
Ayağın büdrəyər, belin bükülər,
Ayrılaq deyəndə dilin tökülər,
Sevgi ucbatından qürur əyilər,
Qəlbini kədərim, qəmim dağıdar.
* * *
Ağlayıb yanarsan, mənsiz qalarsan,
Məni axtararsan, məni sorarsan.
Ağlına əbədi bir şey yazarsan,
Qəlbini kədərim, qəmim dağıdar.
* * *
Sən məni itirdin öz həyatından,
Nə olar, əbədi çıx xəyalımdan,
Bir ömür, əbədi çıxsam yadından,
Qəlbini kədərim, qəmim dağıdar.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir