YAŞIM ÖTÜB
Hanı sevgin, hanı əhdin, ilqarın?
Hanı sənin yenilməyən vüqarın?
Hanı ürəyində qalan qubarın?
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Əvvəl mənlə əhdi-peyman bağladın,
Ayrılsan da ürəyində ağladın.
Heyif sənə bu yaşımda bağlandım,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Kaş geri dönəydi sənli günlərim,
Mənimlə saralıb, soldu güllərim.
Salam ver, havada qaldı əllərim,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Hanı andın, sənki məni sevirdin?!
Səni sevdiyimi yaxşı bilirdin.
İndisə olmusan, sən mənə düşmən,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Tanrım salar səni min bir oyuna,
Baxmaz baharına, baxmaz yayına.
Lənət gəlsin bu cür sevgi payına,
Yaşım ötüb deyə üz döndərirsən.
* * *
Məndən ayrılmağın olacaq gizli,
Ürəyimdə sevgim varsa təmizdi.
Allahın qarğışı tutacaq bizi
Yaşım ötüb deyə üz döndərirsən.
UNUDUM GƏRƏK
(Nüsrət Kəsəmənlinin şeirindən ilhamlanaraq)
Mənə “ ayrılırıq”, “unut” deyirsən,
Sənli günlərimi yox edim gərək.
Sən mənim özümsən bunu bilirsən,
Unutsam özümü unudum gərək.
* * *
Hər gecə yuxuma gizli gəlirsən,
Döyünən qəlbimin sevgisi sənsən.
Sən mənim yuxumun şəhzadəsisən,
Unutsam yuxumu unudum gərək.
* * *
Allahdan arzumdur geri dönəsən,
Xoşbəxt anlarını birgə böləsən.
Heyif ki, sən mənə unut deyirsən,
Unutsam dünyamı unudum gərək.
* * *
Sevgin məni şair etdi biləsən,
İstəyirəm göz yaşımı siləsən.
Axı niyə mənə unut deyirsən?
Unutsam hər şeyi unudum gərək.
YUXU
Hər gecə yuxuma gizli gəlirsən,
Bu ki, həqiqətdir, yuxu deyilsən.
Gizlincə durursan bir qıraqda sən
Bəlkə də özünsən bildirməyirsən.
* * *
Oyatma sən məni yuxudayam mən,
Dünyanın ən şirin yuxusundayam.
Yuxuda görürəm bir sən, bir də mən,
Sevgi körpüsünün ortasındayam.
GEDİRƏM
Yoluma bax gizli-gizli köks ötür,
Ürəyində qubar bağla, gedirəm.
Gəlib ürəyimi təkcə sən götür,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Ürəyim çırpınır quş qəlbi kimi,
Artıq günəş belə üşüdür məni.
Xətrimə dəymisən, neynirəm qəmi?
Yasıma gələrək ağla, gedirəm.
* * *
Məktubları saxla, qoy yadigar olsun,
Sevgilim deyirsən, qoy xitab olsun,
Qəlbin başqasına qoy mehtab olsun,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Başım gicəllənir, görmürəm heç nə,
Yanımdan beləcə ötəri keçmə.
Sevgi şərabından sən hələ içmə,.
Yasıma gələrək ağla, gedirəm.
* * *
Yenə səni xoşbəxt görmək istərəm,
Uşaq kimi coşub-çağla gedirəm,
Məni heç düşünmə, amma bircə gün
Yasıma gələrək ağla, gedirəm.
HEÇ OLDU
Mən aşiqdim, bir cavana vuruldum,
Könlün alım deyə ona qul oldum.
Ürəyimdə sevinc əkdim, qəm bitdi,
Nalə çəkdim iztirabım heç odu.
NİYƏ MƏNDƏN KÜSMÜSƏN?
Leylidən, Məcnundan söylədin mənə,
Sevirəm deyərək yanaşdın mənə.
Gizli-gizli girdin sevən qəlbimə,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Hündür zirvələri tən yaratmışam,
Qara saçlarımda dən yaratmışam,
Bu sevda yolunda “Sən” yaratmışam,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Həyatda qəlbimi sənə vermişəm,
Tək sənə inanıb, səni sevmişəm.
Tanrıdan tək səni istəmişəm mən,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Sabahdır, ağladım bütün gecəni,
Düşündüm eləcə olub keçəni.
Sevənlər də günahlardan keçəndi,
Söylə indi nədir məndən küsmüsən?
* * *
İncisəm də səndən küsən deyiləm,
Özümü doğrayıb, kəsən deyiləm.
Sünbülün mən idim, süsən deyiləm,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Dərdimi, qəmimi sənlə bölərəm,
İnan bu həyatda sənsiz ölərəm.
Həyatın mənası səni bilərəm,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Qəribə bir eşqə düçar olmuşam,
Qıfıllı qəlbinə açar olmuşam.
Günəştək istilik saçar olmuşam,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Küsməyinin səbəbi olmalıdır,
Bu sevən gözlərim kor baxmalıdır.
Bu ömrüm ömrünə yar olmalıdır,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Ərşə çəkildi yuxu gözlərimdən,
Taqət düşdü bu duran dizlərimdən.
İncimisən de hansı sözlərimdən?
Söylə indi nədir məndən küsmüsən?
* * *
Böyük tarixim var səninlə birgə,
Hörmətim, sevgim var səninlə birgə.
Həyatda böyüdüm səninlə birgə,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Ürəyimi aldın, qaytar demədim,
Sevgimi yad qızda axtar demədim.
Mən sənə, “Axtaran tapar” demədim,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Sənin sevgin məni Leyli eylədi,
Qəməri təqvimi Hicri eylədi.
Əsli də Kərəmi yanar eylədi,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Hər şeyin səbəbi olmalıdır, bil,
Ağlasam gəl yenə gözlərimi sil.
Məcnunun sevdası itəcək deyil,
Söylə indi nədir məndən küsmüsən?
* * *
Şəlaləyəm, üzüm güldü səninlə,
Qəlbindəyəm, qəlbin səsini dinlə.
Sənsiz ömrüm hədər oldu qəminlə,
Söylə indi nədir məndən küsmüsən?
GÖZƏL
Gözə gələrsən, gözəlim,
Gözlərin gözəldi sənin.
Gözəllərdən seçilirsən,
Sənə baxır bu gözlərim.
APARIR MƏNİ
Bu necə sevgidir üzür qəlbimi,
Ağlayıram hər gün düşünüb səni,
Bacarmıram ürəyimlə deyəsən,
Sevgim uçuruma aparır məni.
* * *
Şirin candan keçərəm, bil, səninçün,
Dözərəm hər əzaba səninçün.
Son qoyaram bu həyata səninçün,
Sevgim uçuruma aparır məni.
ƏZƏLİ, YA ƏBƏDİDİR?
Bu sevgidə ikimiz də günahkarıq,
Yaşamaqçün səbəbimiz de nədir?
Yaşamağa ikimiz də inadkarıq,
De sevgin əzəli, ya əbədidir?
* * *
Heç biri,.. demək ki, bir variant var,
Sevgiylə oynamaq, tez atmaq da var.
Sevməyəndə qəlbi oyuncaq etmək,
Sevənlərdə sevgi yaratmaq da var.
* * *
Hardan girdin ürəyimə bilmədim,
Həyatımda sən olandan gülmədim.
Mən sənin sevgini oyun bilmədim,
De sevgin əzəli, ya əbədidir?
* * *
Yaratmaq eşqilə yaşayıb yazdım,
Səni sevib tez də yolumu azdım.
İstədim məktubda bir sual yazım,
De sevgin əzəli, ya əbədidir?
* * *
Eşqindən şamların başına dönüb,
Pərvanə olmuşam, səni düşünüb.
Sual verəcəyəm, qəlbinə düşüb,
De sevgin əzəli, ya əbədidir?
* * *
Bu həyatdan köçsəm, bil, üzülmərəm,
Ürəyimi qəm oduyla üzmərəm.
Gözlərimə kədər yaşı düzmərəm,
De sevgin əzəli, ya əbədidir?
* * *
Ayları qatmışam artıq illərə,
Səs-sədam düşübdü indi ellərə.
Pərişan – pərişan düşüb çöllərə,
De sevgin əzəli, ya əbədidir?
GİZLİ
Sən getdin, “Əlvida” deyərək mənə,
Getdiyin yollara baxıram gizli.
Daha gücüm çatmır bir də sevməyə,
Getdiyin yollara baxıram gizli.
* * *
Qarşında diz çöküb ağlamayacam,
Ölsən yasını da saxlamayacam.
Alışdım, bird aha odlanmayacam,
Getdiyin yollara baxıram gizli.
* * *
Ayrılıq, amma ki, sevmişəm düzü,
Əlvida olmuşdu sənin son sözün.
Nədən sevmədinsə yaşardı gözün?
Getdiyin yollara baxıram gizli.
* * *
Hərdən yuxularıma girəndə mənim,
Qəlbimi odlara yaxıram gizli.
Ağrıdı həmişə yandı bu qəlbim,
Getdiyin yollara baxıram gizli.
* * *
Ayrılmayaq, yalvarmışdım Allaha,
Qələm də mürəkkəb axıtmır daha.
Saxta məhəbbəti satmışdın baha,
Getdiyin yollara baxıram gizli.
CAN DİLƏ
Sevgi üçün candan keçib can dilə,
Xəstə oldum, bağlanıbdır can dilə.
Şirin sözün ilan çıxardar qından,
Gərək bu dil cana yetsin, can dilə.
DE NİYƏ?
Nə oldu ki, ayrılırıq biz indi?
Ağlamağa tab gətirmir göz indi
Danış bilim, de mənə bir söz indi,
Aramızdan yel də əsmir de niyə?
* * *
Ayrılırıq, dözə bilmirəm buna,
Sevgimi sən indi yetirdin sona
Qəlbimi vermərəm yad bir oğlana
Aramızdan yel də əsmir de niyə?
* * *
Qəlbim quş qəlbitək indi döyünür,
Sevənlərə baxıb hər kəs öynür,
Məhəbbətim kəmmi gəldi sevəndə?
Aramızdan yel də əsmir de niyə?
* * *
Darıxdığım zaman təsəllim olmur,
Ağlayıram amma gözlərim dolmur,
Əllərim əlinə dəyməyib donur,
Aramızdan yel də əsmir de niyə?
QOCALMA SEVGİLİM
Mən səni sevmişəm ömrüm uzunu,
Həyatda sevgi də, nifrət də olar,
Dəyişərəm ölsəm alın yazımı,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Gözünə nur gəlsin, qoluna qüvvət,
Dilinə söz gəlsin, dizinə taqət.
Heç zaman ölməyər sevgiyə hörmət,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Heyif deyilmi ki, cavan qalasan,
Bil ki, istəyirəm qocalmaysan.
Hətta istəyirəm mənlə olasan,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Qocalsan saçına vaxtsız düşər dən,
Qəlbində olmasın nə kədər, nə qəm,
Uşaqlıq sevgimsən, deyirdim hərdən,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Mən uşaq, sən isə yetkin bir gəncdin,
Mənim ürəyimi kədərlə sancdın.
Bəlkə də mənimçün adi inancdın,
Qocalma, sevgilim, qocalma, nolar.
* * *
Səni gördüm, sanki dünyam dəyişdi,
Ürəyimdə bil hisslərim dəyişdi.
Aradan vaxt keçdi, zaman dəyişdi,
Qocalma, sevgilim, qocalma nə olar.
* * *
Sevgi əzabından uzaq olacam,
Kədər yuvasında boş qalacağam.
Dizinə baş qoyub çox yatacağam,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Ürək dəftərindən adımı silmə,
Zəmanə tez keçir, bil, ilmə-ilmə.
Qocalıq nə şeydi sən hələ bilmə,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Mən bir dilənçiyəm, sənə əl açıb,
Sevgimi geriyə istəsəm olar?
Xatırımdə ancaq məhəbbət qalar,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Unutma, tənhalıq yıxar evini,
Hələki cavanlıq yaşadır səni.
Mən hələ görmədim eşqin məhvini,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Sən məni atmısan, unutma ey yar,
Sevgiyə dönüklər sayılar əğyar,
Həyat gözlərində görünəcək dar,
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Cavansan, çalış ki, xoş yaşayasan,
Qocalıq barədə düşünmə hələ,
Nə badə bir daha qocalmaysan
Qocalma, sevgilim, qocalma nolar.
* * *
Qoy nəzər dəyməsin gözəlliyinə,
Sən hələ cavansan, qal həmişə belə.
Qocalıq kəlməsin gətirmə dilə,
Qocalma, sevgilim qocalma nolar.
Müəllif: Şəlalə CAMAL,
Yaradıcılıq məsələləri üzrə menecer.
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru