Aqşin Evrən və Xəzər Süleymanlının “Ayrılıqların təkrarı” romanında küllərdən doğulan sevgi… – Səma MUĞANNA

Səma MUĞANNA

AQŞİN EVRƏN VƏ XƏZƏR SÜLEYMANLININ “AYRILIQLARIN TƏKRARI” ROMANINDA KÜLLƏRDƏN DOĞULAN SEVGİ…

Talelər, əslində, insanların yaşadığı bir imtahan deyil. Talelər insanların yenidən doğulduğu bir dünyadır. O dünyanın insanları talelərini özlərinin qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr, xatirələr yaşanıb və bitib, lakin insanlar onları qəflətən yuxudan oyadıb işgəncə verməyə çalışırlar, ancaq anlamırlar ki, onların taleləri yuxudan oyandığı saatdan hər zərrələrinə hopubdur.

Çoxları taleni bir az nakam sevgiyə, bir az da xəyanətə bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən yaranan məzlumdur. O məzluma əzab verən də sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar ilk yaşadığı sevgilərini təqvimdə necə təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə, ayrıldıqları günü təqvimdə deyil, yaddaşlarına qeyd edirlər. Bunu bəzən “tale oyunu” adlandırırlar. Daha düşünmürlər ki, günahkar tale yox, elə insanların içində böyüyən sevgi və xəyanət məxluqlarıdır. Hansı ki, o sevgi də deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan “ayrılıq”dır. Bir düşünün, necə ki, siyah-bəyaz bir-birinə ziddirsə, eynən sevgi və xəyanət də elədir. Onların nifrətindən doğulan isə ayrılıqdır.

Ayrılıq daima təkrarlana bilər də, bilməyə də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin qollarından tutub dörd divara, yaxud parçalanmış bir qəlbə həbs edə bilərsən, ancaq ayrılığı heç vaxt. Ayrılıq təkrarları, yaşanmış hadisələrin bir daha yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara aldı. Çox savaşdı, həm də ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin bir hissəsində taleyini, dörd divarın arasında isə ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.

İki əfsanənin birlikdə ərsəyə gətirdiyi xəzinədən danışdığımı yəqin ki, anlamısınız. Xəzinə dedim, çünki bu kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da mənimlə həmfikirdilər. Tam səmimi söyləyim ki, romanı ilk aldığım gündən bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini açıb oxuduqda artıq sonunun necə bitəcəyini maraqla və həyəcanla gözləyirlər, ancaq mən bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər səhifəsindən sonra hansı hadisələrlə qarşılaşacağımı deyil, hər sətrinin yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim. Bu duyğunu izah etmək çox çətindir, çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə yanaşı, onların hansı emosiyaları yaşadığını, hansı duyğulara qapandığını həm anlayıram, həm də anlamıram. Əksinə, bəzən sual doğurur məndə, eynən Aqşin Evrən və Xəzər Süleymanlı kimi. Hər dəfə oxuyarkən təkrar-təkrar analiz edir, nəticə çıxarır və o hadisələrin ətrafında dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin xəyal gücünə əhsən!

Reallıq və mistikanın vəhdət təşkil etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə, Mehran, Ofeliya və Nərmin. Ayrılığın birləşdirdiyi talelər. O talelərə bağlı olan xəritə. Sizcə, o xəritə kimdir axı?

O xəritənin kimliyini mən deyil, bağlı qapıların arasında gizlənən sirlər, gözlənilmədən baş verən ayrılıqlar və Mehran ilə Nərminin daxilində itib-batan “Antik tənhalıq” mağazasında dərin yuxuya dalan mücrü açacaq. O mücrü küləyin “açıq” və digər üzünə “bağlı” olan mağazanın taleyinə cavab verməyə çalışırdı, eynən mücrü də Mehran və Nərminin tale nöqtələrini əlinə alıb, xəritənin kimliyini açıqlayacaqdı.

İndi isə başlayaq Mehran və Ofeliyanı ayıran, ancaq Mehranın həyatına günəş kimi doğan Nərminin “Antik tənhalıq” mağazasından. Mən düşünürəm ki, küləyin orada böyük rolu var. Romanda ilk cümləsində deyilir ki, “Külək “Antik tənhalıq” mağazasının qapısından asılmış bir üzünə “açıqdır”, digər üzünə “bağlıdır” yazılan lövhəni o tərəf-bu tərəfə çevirir, sanki kiminsə taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi”.

Bu, çox doğru fikirdir.  Külək bilirdi ki, Mehran xəritəni illərdir ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni də, kimliyini də tapsa, Ofeliya onun həyatından çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik açarını tapıb, növbəti qapıların kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə 1874-cü ilin qış fəslinə qayıtdıqda Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin başlanğıc və son nöqtəsini axtardıqca dəliyə dönür. O evin divarlarının hər küncü, yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O xəritəyə işgəncə verən də Ofeliyanın “Qan qartalına” bürünmüş lənətlənmiş ruhu idi. Ofeliya həqiqətləri daxilində gizlədib, Tanrının ən uca varlığı olan sevgini geyinmişdi bədəninə. Hər şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla qoşulub qaçardı? Əsla! Bu da bir kənara xəritə olmasaydı, həqiqət nə qədər acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə geri döndü və Mehranın gözləri önündə dayandı. Dayana bilərdimi? Yox, təbii ki, dayana bilməzdi…

Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar yaşadığı taleyini yenidən özü yaratdı. O, taleyinin memarı olub, onun üzərində işlədi, eynən xəritə kimi. Elə yeri gəlmişkən romandan bir sitat gətirim: “Keçmişin ardınca qaçmaq gələcəyi sürətlə itirməyin ən asan yoludur”.

Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər bütövlükdə hər zərrəsini itirir və 30 parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş həyat hekayələri, neçə-neçə insanın qurban getdiyi talelər. Sual yaranır ki, 30 ampul nədir axı? Məsələyə bir başqa yöndən baxdıqda özünü Nərminin əmisi, əslində isə doğma atası olan Burxanın dəhşətlər doğuracaq “Medi Sina Mru” klinikasından başlayır. Qəribə bir adla tanınan bu klinika da şifrələnmiş həyat hekayələrinin parçalanmış hallarıdır ki, bu, Mehranla Nərmini birləşdirir.

Klinikanın  adını dəfələrlə oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq zilləyirdim. Demək, tək ayrılıq yox, insanın bütövlükdə yaşadıqları ona təkrarən yaşadılır. Ən dəhşətlisi isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul olmasıdır. Bəlkə də bu vəhşiliyin üstü örtülü qalacaqdı, ancaq Mehran yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə bitəcək insan ömürlərinin yarısını da olsa, qurtara bildi. Məni dəhşətə gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun olmasıdır. Simurq quşu da kül olub, küllərindən doğulan bir quşdur, həmçinin 30 quşun simvoludur. O 30 quşun hər biri bir Simurq quşudur. Sizcə də bu, möcüzə deyilmi? Bu möcüzə Mehran və Nərminin sevdası idi.

Mehran, Ofeliya, Burxan və Nərminin talelərindən danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri gələcəyi görməyə can atmağa çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin. Nərmin o gün niyə təcili olaraq evini tərk etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki, Mehranı uçuruma sürükləyirdisə də, Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə olan sevgisi azalırdı, xeyr, əksinə, özü də bilmədən daha da çox artırdı. Mən onun necə bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin “tapılmayan cəsədi” xəbərini eşitməsi. Burxanın cəsədi məlum idi, ancaq Nərmininki… Bu 3 nöqtəni tamamlamaq belə qeyri-mümkündür. Mehran da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər şeyi də əlinə alıb uzun yola çıxdı. Qatarın yolu onu ilk xəritəyə, daha sonra Nərminə aparırdı. Mehran bu duyğularla da bərabər irəlilədi və xəritənin də özü olduğunu bir daha təsdiqləmiş oldu.

Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan parçaları da birləşdirib gələcəyə addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu “Antik tənhalıq” mağazasına indi Nərminlə addımladı. Külək həqiqətən də onların taleyi ilə vacib qərarı elə bu gün verdi.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.