ÖLÜM YÜKLÜ SEVGİ
Qasım qapını çırpıb getdi.
Gülşən otağa keçib burnunu çəkə-çəkə ağladı.
1 yaşlı qızı Zəhranın ona nəmli gözlərlə baxdığını görüb özünü ələ aldı. Tez Zəhranı qucağına götürüb, saçlarından öpdü. Bağrına basıb çarpayısının yanına gətirdi. Uşaqdan gələn o gözəl qoxu ruhunu oxşadı, bir az toxtayıb gülümsəməyə başladı. O dəqiqə Zəhranın gözləri güldü, öz dilində danışmağa başladı. Sevindiyindən gah atılıb-düşür, gah da Gülşəni qucaqlayırdı.
Gülşənin ailəsi rayonda yaşardı. Qasımla tələbə yoldaşı olmuşdular. O vaxtdan aralarında münasibətlər ciddiliyə doğru getmiş, 2 – ci kursda nişanlanıb, 4 – ci kursda evlənmişdilər.
Gülşənin valideyinləri müəllim idi. Gözlərinin ağı-qarası Gülşən də onların yolunu seçmişdi. Müəllimlik ixtisasına yiyələnib, rayona qayıtmaq, neçə – neçə evlərdə cəmiyyət üçün şəxsiyyətlər yetişdirmək arzusunda idi.
Amma taleyin kompası ona tam başqa istiqamət göstərdi.
Qasımla nişanlı vaxtlarında inciklikləri olsa da, çox uzun çəkməzdi. Hərdən Qasımın ona qarşı kobudluqları olurdu. Tezliklə Gülşənin könlünü alan, küsülülüyü aradan qaldırmağı bacaran Qasımda bu hərəkət, artıq adət halını almışdı.
Qasımın ailəsi Gülşənlə evliliyə razı deyildi. Özlərinə yaxın bildikləri ailədən qız gözaltı edən valideyinlər Gülşən məsələsilə razılaşmamışdılar.
Sonda Qasımın vaz keçməyəcəyini görüb, əlacsız qalmışdılar.
Elə o vaxtdan da Gülşənə “oglanlarını onlardan alan düşmən“ kimi baxırdılar.
Hər işini söz edir, evdə heç nədən söz-söhbət yaradırdılar.
Qasım əslində sakit təbiətli bir insan idi. Ailəsini sevər, dəyər verərdi.
Ata – anasının Gülşənə qarşı münasibətinə qarşı çıxar, Gülşəni müdafiə edərdi.
Qasımın bir bacısı vardı.
Evin erköyün qızı olan baldız ailə qurub getsə də, Qasımın ailəsinə müdaxilə etmək öhdəliyini üzərinə götürmüşdü .
Gülşən deyib – gülən, şən qız idi. Hər sözü söz etməz, heç nədən dava etməzdi.
İlk gündən bəyənilməyən gəlin evin qonagı idi sanki.
Gülşənin valideyinləri heç vaxt onların ailəsinə müdaxilə etməzdi.
Qızlarının xoşbəxtliyi üçün əllərindən gələni edən ata – ana qızlarına başını aşağı salıb uşagını böyütməyi məsləhət görürdülər.
Ailədə gərginlik getdikcə artırdı. Qasım da artıq dəyişmişdi. Gülşəni haqlı olduğunu bilə – bilə haqsız çıxardır.
7 aylıq Zəhraya sığınan Gülşən gününü ağlamaqla keçirdirdi.
Qaynana onu boşatdırmaqla hədələyir, hətta o günün çox da uzaqda olmadıgını deyirdi.
Bir evdə yaşamagın mümkümsüzlüyünü anlayan Gülşən Qasımdan ayrı evə çıxmaq üçün xahiş etdi.
Gülşənin bu istəyi böyük bir dava ilə nəticələndi.
Məsələni ilk bilən qaynana əlini belinə qoyub gəlinə hücum etdi.
-Mənim bir oğlum var, onu məndən almaq istəyirsən?
Sən özünü nə sayırsan?
– Yox, xala , bir müddət ayrı yaşasaq yaxşı olar deyə düşündüm.
– Sən kimsən ki, mən dura-dura bu evdə qərar verirsən?
– Xala, bütün günü söz – söhbətlə bir yerdə qalmaq olmur.
Bu evdə ilk gələn gündən məni istəməmisiniz.
Gözünüzün qabağından uzaqlaşsam yaxşı olar deyə düşündüm.
– Uzaqlaşmaq istəyirsən, çıx get dədən evinə.
Qulaqlarını aç yaxşı eşit. Onsuzda bu evdə sən artıqsan. İstənilməmisən, istənilməyəcəksən də!
Səs küyə Qasım gəldi.
-Nolub, ay ana?
– Nə olacaq bundan artıq?
Sənin bu gülməşəkər arvadın burada qalmaq istəmir.
İstəməz də, görmədiyi günə düşüb. Tövlədən gətirib şəhərdə yaşadanda belə olur axırı.
– Ay ana, bir az sakit ol.
Gülşən də haqlıdı. Ev evə sıgmaz deyib atalar. Qoy bir ev tutaq, bir müddət orda qalaq.
Sizi atmırıq ki, yenə də gəlib gedəcəyik.
– Nə dedin?
Səni yoldan çıxardıb bu gülməşəkər?
Sənin evin buradı.
Gedişin var, dönüşün yox !
Yaxşı fikirləş ya biz,
ya da yad qızı .
Qapı zərblə çırpıldı.
İkinci mərtəbənin təzə düzəldilmiş pəncərələri yenə qaynananın hikkəsinin qurbanına çevrildi.
İki tərəf arasında qalan Qasım bir söz demədi. Paltarını dəyişib işə getdi.
Qara günlər bundan sonra başladı. Gülşənin evdə yeyib içdiyi zəhərə döndü.
Pis yola düşmüş adamlar kimi evdə addımbaşı təqirlə üzləşdi. Valideyinləri dözüb oturmağı məsləhət gördülər.
Vəziyyətin get-gedə agırlaşdıgını görən Qasım ayrı evə çıxmalı oldu.
Gülşən həm sevinir, həm də pis olurdu. Nə qədər olmasa 2 ilə yaxındı ki bir yerdə yaşayırdılar.
Bir xoş üz görməsə də üzü-gözü onlara öyrəşmişdi.
Valideyinləri hər şeyin yaxşı olacağını deyir, səbrli olmağı məsləhət görürdülər.
Gülşən taleyilə barışmışdı. Ayrı evə çıxmağın çıxış yolunu düşünən Gülşən qara günlərinin qabaqda olduğunu aglına belə gətirmirdi.
Qasım evə gec-gec gəlməyə başlamışdı. Elə gecə olurdu ki evə gəlmir, müxtəlif bəhanələr uydurur, bəzənsə öz işimdi özüm bilərəm deyib dava salırdı. Çarəsiz qalan Gülşən dərdini heç kimə aça bilmirdi. Bilirdiki deyən kimi onu günahkar biləcəklər .
3 ay idi təzə evə köçdükləri. Qasım geri dönmək üçün israr edirdi. Heç nədən evdə qanıqaraçılıq yaradırdı. Gülşən çarəsiz qalmışdı.
Bu gün də geri dönmək üstündə mübahisə etmişdilər.
– Hazırlaş, geri qayıdırıq.
– Qasım, bura rahatdı axı.
– Orada sənə neynirlər?
Əllərinin içində saxlayırdılar səni.
– Qasım, bu sənsən ?
İnana bilmirəm.
– Nəyə inanmırsan?
Sən yola getmədin, məndə gətirdim səni bura.
Gördüm günah səndədi, mənimlə də yola getmirsən.
– Niyə haqsız danışırsan?
Mən sənə neynirəm ?
-Bundan artıq nə edəcən? Mənimlə dil – dil ötürsən.
Gülşən əlləriylə üzünü qapatdı. Uşagın yanında ağlamaq istəmədi.
– Yaxşı fikirləş, ya dönəcəyik ata-anamın yanına, ya da zəng et gəlsinlər səni aparsınlar.
Sənə görə valideyinlərimi atmayacağam!
Gülşən yerindəcə quruyub qalmışdı.
-Qasıma nə olmuşdu ?
Gülşən əlacsız qalıb, əşyalarını topalamağa başladı.
Ağlaya-ağlaya güzgünün qabağına keçdi, özünə güzgüdə baxd. Bu neçə ildə çox dəyişmişdi, sanki 10 il qocalmışdı.
Yaşadığı mühit onu məngənəsində sıxıb balacalaşdırmışdı.
Özünə qulluq etməyi belə yadırğamışdı. Bütün gününü uşaga qulluq etməklə keçirdirdi.
Qasımın ona, uşagına qarşı biganəliyinə birtəhət dözür,
üzə vurmurdu.
Valideyinlərinə də heç bir şey demək istəmirdi.
Alacagı cavab bəlli idi:- Özün getmisən, hamıda olan şeydi, döz otur düzələcək və s.
Əşyalarını yığa-yığa aglayırdı. Keçmişə qayıtdı xəyallarında. Qasımla o qədər xoşbəxt idiki.. .
Qasıma olan saf, ülvi sevgisi onun gözünü elə tutmuşdu ki, ətrafdan xəbəri yox idi.
İnsafla , Qasımda ona qarşı çox yaxşı idi.
-Bəs nə oldu? Nə dəyişdi?
-Bəlkə səhv həqiqətən də ondadı?
-Bəlkə özünü sevdirə bilmədi Qasıma?
Bəlkə, bəlkə … Bəlkələrlə dolu bir ömür…
Qapının zəngi çalındı,
Qasım idi. Sir-sifətindən zəhirmar yağırdı.
– Maşın gözləyir, uşağı götür, düş aşağı.
Mənə bax, birdən orada artıq-əskik soz deyərsən ha!
Başını aşagı salıb uşagınla məşgul ol. Elə etmə ki, uşagı əlindən alıb, əxlaqsız adıyla səni qovum..
Gülşən pilləkənlərdə quruyub qalmışdı, nə irəl, nə də geri addım ata bilirdi.
-Yuxuda görürdü bunları? Qasımın davranışları qan qoxulu idi.
Heç nə deməyib maşına əyləşdi. Sükutu hərdən Zəhranın qıgıltısı pozurdu. Ünvana çatdılar. Cəhənnəm yuvası qucaq açmışdı onlara.
-Açmışdımı?
-Bax o da sual altında idi..
Evə keçdilər. Qarşılayan olmadı. Mətbəxdən səslər gəlirdi. Deyəsən baldızı da burdaydı.
Divarlar onu sıxmaga başladı . Əşyalarını götürüb otağa qalxmaq istəyirdi ki, Qasım hardansa peyda oldu.
– Nə durmusan burada?
Get anamla görüş.
– Bilir gəldiyimizi, çölə çıxmadı axı.
– Sən getməlisən, sən gəlinsən.
Gülşən səsizcə mətbəxə keçdi. Qaynana, baldız görməməzlikdəm gəldilər. Gülşən salam verib qaynanasına yaxınlaşdı.
– Uzaq dur, ifritə. Niyə qayıdıb gəlmisən?
Gülşən qorxa – qorxa Qasıma baxdı.
– Ana, bir səhvdi edib, söz verib, indən belə bu evdə səsi çıxmayacaq.
Gülşən mat-məəttəl qalmışdı. —Burada nələr baş verirdi?
Uşagı götürüb yataq otağına keçdi. Çox keçmədi,
” qəhrəman ər” özünü yetirdi.
– Bax, bu gündən anamın qulusan. O nə dedi, o da olacaq.
Gülşən ağzını açıb danışmaga heyifi gəldi. Heç nə deməyib Zəhranı yatızdırdı.
Özü də durub ev işləri ilə məşğul olmaga başladı.
Eyni həyat Gülşəni artıq bezdirməyə başlamışdı.
Əvvəllər ayda bir dəfə də olsa valideyinlərini görməyə gedirdisə, artıq 3 ay idi ki, bu görüş ləğv edilmişdi.
Gündə 1 dəfə anasıyla danışmağa icazə verilirdi.
Küçəyə çıxışa da qadağa qoyulmuşdu.
Qasımın bu hərəkətlərinə ad tapa bilməyən Gülşən Zəhrayla təsəlli tapırdı. Rəsmən türmə həyatı yaşamağa məhkum edilmiş zavallı Gülşən ruhunu cismindən ayrı hiss edirdi.
Evə ruh kimi gəlib gedən Qasıma söz demək mümkün deyildi. Evdə demək olar ki hamı küsülü idi. Hərdən qaynananın deyinməsi olmasa Gülşən bu gedişatla razılaşmışdı.
Demək olar ki o yaşamırdı.
Məqsədsiz, arzusuz, ümüdsüz, ən əsası sevgisiz bir həyatla yol yoldaşı olmuşdu.
Günlərin bir günü telefonuna gələn zəng bərbad olan həyatına “rəngarənglik” qatdı..
-Alo, buyurun.
-Salam. Zəng vurdum ki, biləsiniz, biz Qasımla bir-birimizi sevirik. Yolumuzdan səssizcə çəkilib gedin.
-Alo, alo…
Dəstəkdən gələn səs itib batdı…
Qara günlərin “hədiyyəsi” qabaqdaymış. Yox, bu qədər də olmaz-deyə düşünən Gülşən
-bu gün hər şey bitəcək.
Qasım yenədə səssiz-səmirsiz gəli, mətbəxə keçdi.
Anasınım hazırladığı yeməyi yeyib, salona keçmək istəyəndə Gülşəni əli qoynunda mətbəxin qapısında dayanan gördü.
Qaşqabağını sallayıb, nifrətlə Gülşəni süzdü.
– Nə dayanmısan, məni güdürsən?
– Yox.
-Onda rədd ol get.
Qasım ayaq üstə güclə dayanırdı. Gülşən onun düz yolda olmadığını görürdü. Amma nə edə bilərdi? Onun bu evdə özünə belə ixtiyarı çatmırdı.
Acınacaqlı vəziyyət idi. Səs -küyə gələn qaynana Gülşəni güclə Qasımın əlindən ala bildi.
Gülşənin iniltisi hər tərəfə yayılırdı. Ağrıdan gecələri yata bilmirdi. Qasım vurduğu təpik qabırgasını sındırmışdı .
Üz-gözü də şiş içində idi, vəhşicəsinə döyülmüşdü.
Evə çağırılan tibb bacısı nə qədər israr etsə də, xəstəni xəstəxanaya aparmaga ailə razı olmurdu.
İşin böyüyəcəyindən qorxan Qasım iynə-dərmanla evdə sağalacaq deyib durmuşdu.
Günü-gündən pisləşən ailə münasibətləri Gülşəni bezdirmişdi.
Qasım yeni bir bəhanə tapmışdı. Gülşən çadraya keçməli idi. Hətta evdə belə, qaynatasına görə hicab taxmalıydı.
Gülşən intihar həddinə çatmışdı. Axşamlar vaxt tapanda sızıldayan ayaqlarını qucaqlayıb çıxış yolu axtarırıdı.
Evin pəncərələri dəmir barmaqlıqlarla örtülmüşdü. Pərdənin altından pəncərəyə qara üzlüklər çəkilmiş, həyətə düşməyə də qadağa qoyulmuşdu.
Qasımın hansı məzhəbə qulluq etdiyi bəlli deyildi .
Nə içkidən, nə narkotikdən, nə də əxlaqsız həyatından uzaqlaşmışdı.
Maraqlısı o idiki, bu qadagalar ancaq Gülşən üçün idi.
Çıxış yolu tapa bilməyən Gülşən uşagı da götürüb evdən qaçmaq qərarına gəldi.
Amma necə, hara?
Suallar onu boğurdu.
Qasımdan da qorxurdu. Tapsa, tapdığı yerdə öldürəcəkdi.
Lap canını qurtarsa belə, cəmiyyətin vurduğu damgadan qurtula biləcəkdimi?
Filənkəsin arvadı evdən qaçıb.
Müxtəlif mülahizələr, “ağıllı” məsləhətlər, geri qalmış fikirlər və ən əsası sərbəstlik axtarır ona görə qaçıb deyimi. Gülşən bunların hamısını yaxşı bilirdi.
Eşidən deyəcək;
– Özü sevib gedib.
– Nə istəyir axı, evi – eşiyi .
-Gül kimi balası var.
– Hamımız elə arvad olmuşuq.
– Arvad döyülər də, söyülər də.
– Nolub, o cürə yoldaşı var, alıb gətirir.
-Nə istəyir axı? Deyir çadra ört, ortməlisən də.
– Yəqin başqasın tapıb və s.
Bəs bu zavallı neynəsin axı?
Axır vaxtlar Qasım hər gün demək olar ki onu döyürdü. Qasım gələndə qorxusundan gözünə görsənmirdi.Hətta onun da üstündə döyülürdü.
Yemək niyə gec oldu, çay niyə qaynar deyil, duzqabı niyə əyri durub, palaz niyə belə sərilib, bir sözlə döymək üçün bəhanələr hər zaman tapılırdı.
Problemləri həll etmək əvəzinə birinin üstünə beşini qoyub Qasıma çatdıran qaynana, Gülşəni təhqir etməklə yanaşı, onun bu vəziyyətindən istifadə edib acıq verirdi.
– Görürsən, mənim qızımı necə saxlayırlar?
Gülşənin hər yerdən əli üzülmüşdü. Ata – anasıyla əlaqə tamamilə kəsilmişdi. Evlərini satıb, başqa yerdən ev alan Qasım ünvanı heç kimə vermirdi.
Beləcə bir ailə məhv olub gedirdi. Zəhra da günü gündən saralıb solurdu.
Gülşən Qasımla danışmaga dəfələrlə cəhd etmiş,
sonda günhakar çıxardırılaraq döyülmüşdü.
Gülşən sonuncu dəfə Qasımla danışmaq fikrindəydi. Axşamı həsrətlə gözləyirdi.
Bu gün evliliklərinin 3 ili tamam olurdu. Qasım yəqin çoxdan unutmuşdu onla olan xatirələri. Gülşən yenə də ümüd şamını yandırıb, pərvanətək başına dolanırdı. Qəlbindəki ümüd, dilindəki bəlkələr onun həyat hekayəsini 3 ilə beləcə gətirib çıxartmışdı.
Qapı açıldı. Qasımın gəlişi Gülşəni çaşdırdı. Əlində gül dəstəsi, yanında şirniyyat ..
Ola bilməz, Gülşən yuxu görürdü deyəsən.
Dəli kimi qaçıb Qasımı qucaqlayıb, sevincdən doyunca aglamaq keçdi könlündən. Qorxdu, Qasıma xoş getməz deyə.
Qasım onun üzünə baxıb gülümsündü. İlahi, neçə illərdi bu gülüşə həsrət idi Gülşən.
Onun tanıdıgı Qasım geri döndü. Sevincindən nə edəcəyini bilməyən Gülşən əl – ayaga düşdü. Süfrə düzəltdi. Uşagı geyindirdi. Evdəkiləri süfrəyə dəvət etdi. Mızıldana – mızıldana gələn qaynana gözucu, agzını büzüb süfrəyə baxdı. İstədi süfrənin düzlüşünə mız qoya, Qasımın baxışları sözünü agzında qoydu.
Qasım hər kəsə müraciət etdi.
-Əyləşin, bu gün evliliyimin 3- cü ildönümüdi.
Məsciddən gəlirəm, tövbə etdim.Bu gündən hər şey yoluna qoyulacaq.
Gülşən, çadranı özün istəmiyənədək baglama. Pəncərələrdəki qara üzlükləri söküb atın.
Ananın gözü az qalırdı yerindən çıxsın. Əlacı olsa idi, durub Qasımın agzını əli ilə tutardı.
– Bu evdə səs – küy eşitməyim.
– Başınızı aşagı salıb mehribancasına dolanın.
Gülşən dili – agzı qurumuşdu. Qulaqlarına inana bilmirdi.
Bir müddət evdə hüzur yerini tapdı. Heç kim Gülşənə dəyib dolaşmırdı. Qaynananın təhqirli atmacalarını qulaqardına vuran Gülşən Qasıma inanır, onun dediklərini edirdi.
Xoşbəxlik quşu 3 ay onlarda qonaq oldu.
Hər şey yaxşı idi. Evə bazarlıq edib gələn Qasımın Gülşənlə danışıgını eşidən qaynana, pislik donunu geyinib davaya hazır vəziyyətə gəldi.
Qasım Gülşənə tezliklə işə çıxa biləcəyini, uşagı bagçaya yazdırdıgını deyirdi.
Qapı zərblə çırpıldı.
– Məni bu evdə sayan yoxdu.
Mən bu evin böyüyüyəm.
Heç nədən xəbərim yoxdu.
-Ay ana, niyə əsəbləşirsən? Gülşən analıqdadı.
Zəhra da bagçaya getmək yaşına çatıb. Bagçaya qoyaq, Gülşən işinə çıxsın.
Burda nə varki?
– Bagçada nə bilirsən necə baxacaqlar? Döyəcəklər, yemək vermiyəcəklər.
– Bagça uşaq döymək üçün deyil, ay ana.
– Otursun baxsın gülməşəkər arvadın evdə. işinin adı nədi?
– Bəs deyirdin,baxa bilmir?
-Eh, sənin də agzının kəsəri yoxdu. Neynədisə,çadranı atdırı, indi də işə çıxardırsan.
– Ay ana, məhv olub getmişdim, həyata qayıtdım, səhvimi anladım. Sevinmirsən ki ailəm dagılmadı?
– Hm, əvvəl axır dagılacaq!
Qasım məsələnin uzandıgını görüb mətbəxə keçdi. Arxasıyca keçmək istəyən Gülşənə qaynananın sözü sillə kimi dəydi.
– Sən də azadlıq istəyirsən də, Anan kimi pis yola gedəsən.
Gülşən geri çevrilib;
-Ay xala, o nə sözdü deyirsən ?
Arvad himə bənd imiş, səsini atdı başına , aləm dəydi bir – birinə. Qasım nə qədər çalışsa da sakitlik yarada bilmədi. Qaynananın agzı necə qızmışdısa Gülşəni ən agır söyüşlərlə söyməkdən belə çəkinmirdi. Gülşən həm Qasımdan qorxurdu, həm də özündən böyüyə cavab qaytarmaq istəmirdi.
Qaynana Gülşənin səssizliyini məglubiyyət kimi başa düşüb, daha da kükrəyirdi.
Gülşən dözə bilməyib qışqırmaga başladı.
Neçə vaxtı yaşadıgı stress vulkan çevrilib püskürməyə başlamışdı. Ürəyi yerindın çıxacaq kimi tez – tez vurmaga başlamışdı. Artıq dözə bilmirdi. Belə olmaz axı?.
Gülşənin günahı nə idi?
Sevib ailə qurmaq?
Yoxsa hörmət edib cavab qaytarmamaq?
Qasımın ona tərəf çıxmagından hiddətlənən qaynana əlini belinə qoyub çəmkirdi;
– Səndə günah yoxdu,
günah sənin ərindədi.
Vaxtında dilini kəssəydi,
indi cavab verə bilməzdin.
– Mən sizə nə deyirəm axı?
– Ta nə deyəcəkdin ki?
– Siz mənim valideyinlərimi söyürsünüz. Mənim səssiz qalmagımı istəyirsiniz?
– Sənin səsin niyə çıxmalıdır ki? Sən kimsən ?
Gülşən sərhədi keçmək istəmədi. Hələdə qaynanasına siz deyə müraciət edirdi.
Qasım çölə çıxdı. Gülşən də balaca Zəhranl götürüb yataq otağına keçdi. Qaynananın hələ də səsi gəlirdi. Get – gedə səsinin tonu daha da qalxır, sanki döyüşə rəqib çagırırdı.
Gülşən səbrini basıb oturmuşdi. Yataq otagının qapısı zərblə açıldı. Budur, qaynana alov saçan 7 başlı əjdaha kimi içəri keçdi.
– Sən, nə qədər arsız adamsan, bu qədər söyüşdən sonra hələ də burdasan?.
Niyə çıxıb getmirsən dədənin xarabasına?
– Mən ailəmin yanındayam.
– Nə ailə, ailə salmısan? Səni əvvəl axır boşatdıracagam
– Niyə, səbəbin bilmək istəyirəm.
– Səbəbi bizim varlı, sizin kasıb olmagınız. Bu bəsdi, yoxsa davam edim?
– O səbəb deyil axı?
– Dilini kəs, elə etmə ki, bu evdə son gecən olsun!
Gülşən ayag qalxıb əşyalarını topalamaga başladı.. Burada qalmagın mümkünsüzlüyünü dərk edirdi . Qasımın qəfil gəlişi qaynananı daha da alovlandırdı.
-Hələ bitirməmisiniz?
– Günah ondadı. Mənə bayaq bilirsən nə dedi ?
– Nə?
– Bala, söz etmə, amma mənə elə söz dediki onu boşamasan südümü sənə halal etmərəm.
Gülşən ağzından artıq söz çıxartmadığını bilirdi.
Amma nə fayda?
Arvad dediyini deyirdi.
Qasım artıq səs – küydən yoruldu. Sakitlik yarada bilmirdi. Gülşən cavab vermirdi,
əlini üzünə tutub aglayırdı. Məkirli qaynana isə dediyini deyirdi.
– Sən ananı onun ayağına verdin, sən yaxşı ogul olsaydın, o mənə cavab verə bilməzdi.
Nifrət dolu sözlər Qasımın başı ətrafında fırlanır, qulaqlarına girmirdi. Birdən arvad yerə yıxıldı.Özünü elə göstərirdi ki, guya ürəyi gedib.
Gözlərini yumub açmırdı.
Gülşən bunun oyun oldugunu bilirdi. Evdə eri ilə də dalaşan kimi uzanıb yerə özünü bu vəziyyətə salırdı.
Qasım qorxuya düşmüşdü. Gülşən su gətirdi.
Nə qədər etsələr də arvad gözünü açmadı.
Bu dəmdə Zəhra agladı.
Gülşən onu qucagına götürüb gəldi.
Qapının zəngi çalındı.
Gələn Qasımın atasıyla, bacısı idi. Səhnə yenidən quruldu.
Baldız səsini atdı başına.
– Anama nə etmisiniz?
-Niyə ayılmır?
-İndi özünə gələr deyə Qasım qorxa – qorxa cavab verdi.
– Hamısını edən sənin arvadındı. Anam burada ölür sən hələ də onun tərəfin tutursan. Sən sən olsan o heç nə edə bilməz.
Sənsən günahkar, sənsən…
Sözlər qulaqlarında cingildəməyə başladl Qasımın. Nə qədər etsə də özünü ələ ala bilmədi.Dəli kimi qışqırıb Gülşənin üstünə hücum çəkdi. Qaynana baldız baxışıb xısın – xısın güldülər.
Qasım Gülşəni döyməyə başladı Balaca Zəhranın səsi aləmə yayılırdı. Gözü heç nə görməyən Qasım Gülşəni döyməkdə davam edirdi. Qasımın əlindən birtəhər qurtaran bədbəxt 2 – ci mərtəbəyə qalxdı.
Qasım dəli kimi qışqırır, onu öldürəcəyi ilə hədələyirdi.
2 ci mərtəbədəki mətbəxin bir qapısı eyvana açılırdı.
Otaqdan girişi olan mətbəxin qapısını baglaylb tir – tir əsən Gülşənin son ümüd yeri bura idi. Qasım nə qədər qışqırsa da qapını açmadı.
Zəhrayla səs – səsə verib aglayırdılar. Qasım qapını açmagı bacardı. Gülşənin üstünə hücum çəkib söyüşlə bərabər sillə yağışına tutdu.
İlahı, vəhşi Qasım qayıtmışdı.
Eyvana qaçan Gülşən uşagını bərk-bərk qucaqlayıb imdad diləyirdi. Ağzı-burnu qan içində, ağrıdan yerdə qıvrılan bəxtsiz gəlini zorla ayağa qaldırıb yenidən döyən Qasım sanki havalanmışdı. Gülşən yalvarırdı.
– Zəhraya dəymə, onu vurma.
Qasım Zəhrsnı bir top kimi onun əlindən alıb kənara tulladı. Uşağının yanına yüyürən Gülşənin qarnına təpiklə vurub yerə yıxdı. Gülşən son gücünü topalayıb, sürünə – sürünə uşaga sarı getdi, onu qucaqladı.
Bu dəmdə Qasımın təpiyi uşaga dəydi. Uşaq Gülşənin əlindən həyətə düşdü. Gülşən dəli kimi hayqırdı. Gözü qanla örtülən Qasım onu da vurub eyvandan saldı.
Zəhra yerə düşən kimi mələyə çevrilmişdi. Gülşən Zəhradan sonra iki gün yaşamadı. Qızının ölümünü bilmədən bu dünyaya əlvida dedi.
Ruhi xəstəxanaya yatırılan Qasım nə etdiyini indi anlayırdı.
-O nə etmişdi?
-Ailə qatili idi.
-Onu yoldan kim çıxartdı?
-İçindəki şeytan?
-Yoxsa evdəki insan cildindəki şeytanlar?
Bu acı ilə yaşaya bilməzdi Qasım.
Fürsət tapan kimi damarlarını kəsib intihar etdi.
Söz – söhbətin, müdaxilənin məhv etdiyi bir ailə məhv olub getdi.
Ölüm yüklü sevgisini cəmi 3 il yaşada bildi bu bədbəxt cütlük…
Müəllif:Leyla YAŞAR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru