OĞLUMLA SÖHBƏT
-O səs nədi elə, Ana?
-Oğul balam, yağış yağır.
göydən yerə buludların
toxuduğu naxış yağır.
* * *
Bu yağışla nur çiləsin
taleyinə kaş ki, Tanrı!
Sən xoşbəxt ol, mən də olum,
ay ömrümün xoş nağılı!
* * *
-Bəs, o işıq nədi elə?
-O da aydı işıq saçır.
günəş batır, ayla ulduz
gecələrə qapı açır.
* * *
Qoy, o işıq amalına,
həyatına saçsın, balam!
Uzaq olsun hər an səndən.
şər, iftira, böhtan, yalan!
* * *
Bəs, o nəyin qoxusudu?
-Pəncərəndə açan güldü,
qoxusunu yayıb evə,
gül də, sənə baxıb güldü…
* * *
Daha bəsdi, yataq oğlum,
gül-çiçəkdən təmiz, balam!
Gəl, bağrıma basım səni,
doğma balam, əziz balam!
* * *
Niyyətlərim, arzularım
sənə doğru, sənə bağlı!
Bəlkə, sənə nağıl deyim,
ay ömrümün xoş nağılı?!
* * *
Biri vardı, biri yoxdu…
varım-yoxum sənə qurban!
Hansın deyim, Məlikməmməd,
Göyçək Fatma, yoxsa Cırtdan?
* * *
Yum gözünü, layla çalsın
anan sənə həzin-həzin!
Yaşayıram, üz-gözümə
toxunduqca, tər nəfəsin.
* * *
Misralarım avazımla
cingildəsin qulağında.
Gül də açdı, ay da doğdu,
yağış yağdı otağında…
* * *
Mahnı kimi, nağıl kimi
ömrün olsun, noğul balam!
Sən yat, çəkim mən keşiyin
oğul balam, oğul balam!
25.08.2010.
DUYĞUNUN GƏLİNCİYİ
Köhnə gəlincikləri
Duyğu yığdı yanına.
Əvvəlcə, əl gəzdirdi
Onların paltarına.
* * *
Yuyub, qurutdu sonra,
Düymələrini tikdi.
Ayaqqabısın silib
Üstünə boya çəkdi.
* * *
Saçlarını daradı,
Üz-gözünü bəzədi.
Sonra, kənardan baxıb
Dedi: -Sanki, təzədi!
18.06.2015.
ƏLİSANIN KİTABLARI
(Oğlumun “Kitab bayramına”)
Əlisa kitabları
Yığdı çantaya bir-bir.
Bir az keçdikdən sonra
Gördü ki, hay-küy gəlir.
* * *
Astaca qulağını
Dirədi çantasına.
Eşitdi hay- küy düşüb
Onların arasına.
* * *
Dilləndi Ana-dili:
-Mən Ananın dilliyəm,
Bal-şəkər, şirin-noğul.
Yazılıbdı sinəmə
Şeir, tapmaca, nağıl.
* * *
Ataların sözünü
Mən sizə yetirirəm.
İşim, sifət, feillə
Cümləni bitirirəm.
* * *
Dindi Texnologiya:
-Uşaqlar görcək məni
Açılır qaş-qabağı.
Qayçı, yapışqan ilə
Sevirlər oynamağı.
* * *
Rəngbərəng kağızları
Doğrayıb, kəsib, burur.
Plastilin xəmirdən
Hərə bir dünya qürur.
* * *
Dilləndi İnformatika:
-Kompyuter əsridi
Bizim indiki zaman.
Bunun üçün də məni
Uşaqlar sevir yaman!
* * *
Sistem, blok, monitor,
Qrafik, alqoritm.
Yeni dərs üsuluyla
Tutmuşam mən də ritm.
* * *
Dindi Həyat bilgisi:
-Mənim vərəqlərimdə
Bilirsiniz, nələr var?
Canlı, cansız təbiət,
Heyvanlar, bitkilər var.
* * *
Planet, yer kürəsi,
Dənizlər, okeanlar.
Yol qaydasın öyrənir,
Məni tam oxuyanlar.
* * *
Dilləndi bu an Şahmat:
-Uşaqların sevdiyi
Ən gözəl kitab-Şahmat.
Topla atəş açılır,
Şahə qalxır köhlən at!
* * *
Fillə, vəzir yanında,
Piyada öndə durur
Bu oyunun qalibi,
Şahı mat edən olur.
* * *
-Dindi İngilis dili:
Beynəlmiləl ad alıb,
Dünya belə danışır.
Bu dil ilə ölkələr
Tam qaynayıb, qarışır.
* * *
I am speak English,
Salam verin:- Hello! Hay!
Vell come, nise to meet you!
Sağ olun! Sii of! Good bay!
* * *
Təsviri incəsənət dilləndi öz yerindən:
-Uşaqlar qoymur məni,
Əllərindən heç yerə.
Quaş, pastel, boyayla
Rəngləyib silə-silə.
* * *
Gördükləri nə varsa,
Çəkirlər min həvəslə.
Yaman maraqlanırlar
Bu kitabla, bu dərslə.
* * *
Dilləndi Riyaziyyat:
-Elmlərin şahıyam,
Biliklərin açarı.
Uşaqlar yaman sevir,
Həndəsi fiqurları.
* * *
Vurma, çıxma, toplama
Həll edirlər maraqla.
Məntiq, misal, məsələ
Gəl, bir məni varaqla!
* * *
Dindi bu an musiqi:
-Çalğı alətlərini
Uşaqlara danışdım.
Azərbaycan himnini
Əzbərlətdim, soruşdum.
* * *
Gah notdan, gah ritmdən,
Gah muğamdan söz saldım.
Şirin nəğmələrimlə
Könüllərə iz saldım!
* * *
Dinləyib hamısını,
Əlisa gülümsündü.
Fikrə gedib bir qədər,
Sonra astaca dindi:
* * *
-Dalaşmayın kitablar,
Hamınızı sevirəm!
Anam söyləyib mənə,
Bunu çoxdan bilirəm.
* * *
Elm, savad kitaba
Yazılan sözdən keçir.
İşıqlı gələcəyə
Gedən yol sizdən keçir!
20.05.2015.
ANAM NAĞIL DANIŞIR
Biri vardı, biri yox…
nağılların sayı çox.
Atamın mərd elindən,
anamın bal dilindən
Dinləyib şirin-şirin.
çox sevmişəm hər birin.
* * *
Yatmağa gedən kimi,
hər axşam dönə-dönə,
Anam başımın üstə
nağıl danışır mənə.
* * *
Göyçək Fatmayla Cırtdan,
cəsur Ağ atlı oğlan,
Turp, Qoğal, Məlikməmməd,
Tıq-tıq xanım və Əhməd,
divlə, Qırmızıpapaq
gəlirlər bizə qonaq.
* * *
Dərə keçir, düz aşır,
yorulmadan danışır…
Nağıl sona yetişir,
göydən üç alma düşür.
Anam söyləyir mənə:
-Ay oğul, qurban sənə,
payını saxlayıram,
yat, dur sonra yeyərsən!
* * *
… Sabaha heç nə qalmır.
Almaların hamısın
anam yeyir, deyəsən?
16.06.2015.
TƏNBƏL RAFAEL
Yaman səliqəsizdi
Bizim Rafael yaman.
Otağı qarış-quruş
Olur baxsan, nə zaman.
* * *
Kitab divanın üstə,
Döşəmədə dəftəri.
Qələm, şəkil, saatlar…
Bərbad gündə rəfləri.
* * *
Dəsmalı yerdə gəzir,
Qırışdı paltarları.
Heç narahat etməyir
Onu, evin bu halı.
* * *
Elə ki, lazım olur
Ona otaqdan nəsə.
Axtarıb tapa bilmir,
Hamı yığılır səsə:
* * *
-Kömək eləyin tapım,
Dərsə yetişməyəcəm!
Söz verirəm, otağı
Gəlib təmizləyəcəm!
* * *
Elə ki, evə gəlir
Hər şey çıxır yadından
Tutacaq öz sözünü
Nə vaxt, bu tənbəl oğlan?!
22.06.2015.
Müəllif: Nuranə RAFAİLQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru