YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.
HERMAFRODİT
Məchulsa, cinsi bir kəsin,
Bəlkə, hermafroditdi…
Adı yoxsa, bir nakəsin,
Bəlkə, hermafroditdi…
* * *
Qışdı ya payız bilinmir,
Qovun ya qarpız bilinmir,
Oğlandı ya qız bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Adamdı, oyux bilinmir,
Bordaxdı, burux bilinmir,
Atdı ya ulax bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Şalğamdı, pazı bilinmir,
Çoxu çox, azı bilinmir,
Ördəyi, qazı bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Nə sudadı, nə quruda,
Nə lildədi, nə duruda,
Çatmayıb, qalıb boruda,
Bəlkə, hermafroditdi…
* * *
Bilinmir hara malıdı,
Ayağında at nalıdı,
Qabağında it yalıdı,
Bəlkə, hermafroditdi…
* * *
Halından halıdı Ustac;
Dərdi böyük, dərdə möhtac,
Nişanı var, ləçəkli tac,
Bəlkə, hermafroditdi…
14.09.2020. Bakı.
MƏŞƏQQƏT
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt qonşunun ah-vayı,
Üstdəkinin cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *
Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.
MƏNBƏ: ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru