“DƏRDİM, SEVİNCİM”
(Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…)
I
Olmasın, olmasın sənsiz bir günüm,
Ancaq qucağında uyuyaram mən.
Kimə yetə bilər harayım, ünüm
Əgər sən olmasan, ey ana Vətən.
Qdludur torpağın əzəldən, başdan
Dağlarda qarın da qığılcım çaxar.
Sənin ürəyini döyündürən qan
Mənim də qəlbimdən dolanıb axar.
Nahaqdan qəlbimə dəyən olanda,
Payız səması tək qəlbim dolanda,
Ummuşam gülndən, çiçəklərindən.
Fikirlər uçdumu uzağı çəkər,
Görüb dərdlərini sızlasam əgər
Demə uşaq kimi ağlar, kürəm mən.
II
Demə uşaq kimi ağlar, kürəm mən.
Sənin çəkdiklərin tarixdə azmı.
Sökülən, danılan, dağ çəkdirilən
Bir ana övladı de, ağlamazmı?
Çiçəklər içində çiçəyin incə,
Nəğmən nəgmələrə ilk cığır açdı.
Elə bir ocağa döndü ki, Gəncə
Bütöv yer üzünə nurunu saçdı.
Dildən dilə düşdü şöhrətin, adın
Çoxları üstünə oynatdı atın.
O gündən qaraya tutuldu günüm.
Eh, bir də həyatda deyilki yalan
Pis gözə bıçaqdır qiymətli olan
Eşit, Azərbaycan, başına dönüm.
III
Eşit, Azərbaycan, başına dönüm,
Çiçəklər oxşayar, tikanlar dalar.
Yadından çıxıbmı “Məvailər”im…
Qiymətli zər kimi oğurlandılar.
Vətən yanğısıdır, Vətən yanğısı,
Insan ürəyində dərdin dərini.
Bəlkə də dönəndə durna sırası
Oxuyur onların nəğmələrini.
Dəyişən dəyişib, qalanlar qalır,
Kimi üz çevirib astarın salır.
Tarixsə dəyişməz həməndir, həmən.
Pərvanə vurğundur yanarsa şamda,
Bəzən qovurlanıb, sızıldasam da
Sənin şöhrətinlə öyünürəm mən.
IV
Sənin şöhrətinlə öyünürəm mən
Dillərdə əzbərin birmi, ikimi.
Saysız övladın var dillərdə gəzən,
Həsən oğlu kimi, Nizami kimi
Çoxu çiçək olub öz çəmənində
Olana olan tək qiymət verən az.
Qarşımda eşmirəm ocağı mən də
Sənin çiçəyindən gülündən olmaz.
Düşüb şerləri hey dildən-dilə
Sənin Nizaminin hikməti ilə
Ilkin açmadımı dünyada bahar.
Azmı çürüyübdür qılınclar qında,
Ulu əsrlərin ulu yolunda
Qartal duruşun var, qartal adın var.
V
Qartal duruşun var, ulu adın var.
Cır meyvə gətirməz cır deyilsə tum.
Doğuldun, bələyin oldu dümağ qar
Qurdu beşiyini Turan xatunun.
Qəlbinin mayası od idi deyə
Oğlun da, qızın da pir bildi odu.
Sənin sevincinə, yaşına yiyə,
Ağsaqqal seçdilər Dədəm Qorqudu.
Başsız el-obadan əksilməz qada,
Ixtiyar sahibi şah olubsa da,
Sözü ötən olub ağsaqqalının.
Bir alaq kökündən göyərər mini
Necə ki, görmədin Aruz kimini,
Başından aşıbdır dövlətin, varın.
VI
Başından aşıbdır dövlətin, varın
Var-dövlət daş-qaşdır, qızıldır məgər?!
Şerin var bir bəndi fateh şahların
Bütöv sərvətinə, zərinə dəyər.
Çox düşüb kəsərdən baş kəsən yaraq,
Kəsərdən düşməyib sözün sətiri.
Haq sözü daş-qaşdan üstün tutaraq
Dahi olmadımı oğlun Xəqani.
Nə olsun çoxları özündən deyib,
Həmişə başını aşağı əyib
Meyvəli ağaclar, ay gözümə nur.
Keçib qanımıza qəlbindəki köz,
Nahaqdan üzünə haqq dediyin söz-
Dünyanın özünə çıraq olubdur.
VII
Dünyanın özünə çıraq olubdur.
Bir el yolunda da çıraq yandıran.
Dilindən köz alıb, dağından qürur
Yoluna nur oldu Xətai balan.
Çox tapdaq olmuşdun düşmənə, yada
Boynu bükülüydü açan gülün də.
Həsrəti qürbətdə zoğ atdısa da
Füzuli axır ki, ötdü dilində.
Doğma havasını çalmaq dəmində,
Ötə bilərsə də özgə simində….
Daha gözəl ötüb öz simi tarın.
Demə ki, dərd deyil, dərdsə də azdır.
Şerini özgənin dilində yazdı
Sinəndə göz açan söz sərrafların.
VIII
Sinəndə göz açan söz sərrafların
Vaxt olub çiçəkcə anılmayıblar.
Dilləri dillərdə ötüb onların,
Ancaq haqq yolunda yanılmayıblar.
Fəzlullah Nəimin iki bölünüb,
Dözmüsən dərdini sən uda-uda.
“Ənəlhəqq” söyləyib Allaha dönüb,
Nəsimi – dərisi soyulubsa da.
Tarix canı deyib hər soyan kəsə
Ancaq görmüşük ki, soyulan isə
Haqqın yollarına şəfəq, nur salıb.
Onunla fəxr edib öyündüm ki, mən-
Talanıb, soyulub, danılsan da sən,
Çoxunun gözləri əlində qalıb.
IX
Çoxunun gözləri əlində qalıb
Baxma ki, çoxları daş atıb sənə .
Nadir əsərlərin azmı talanıb,
Dönüb özgələrin qiymətlisinə.
Söz də tarix deyil hər yetən dana,
Qarğa verə bilməz bül-bül yerini.
Məgər çıxmadımı, de öz adına
Bodenşted Vazehin nəğmələrini?…
Qələm dediyini deyə bilməz ox,
Bu həyat yolundsa çox görünüb, çox,
Talayan alçalıb, soyan alçalıb.
Elə soyulmağın dərddimi təkcə,
Yox, sənə can atıb yetişmədikcə….
Çoxunu dərd alıb, fikir-qəm alıb.
X
Çoxunu dərd alıb, fikir-qəm alıb,
Sən çiçək açdıqca, gətirdikcə bar.
Bəzən də illərcə qonağın qalıb,
Sənə quyu qazan, tor quran da var.
Yolunda keçsək də, bir, canımızdan,
Uyduq neçəsinin əməllərinə.
Özümüz sıyrılıb öz qınımızdan,
Qırdıq özümüzü düşmən yerinə.
Qeyrət məqamında uduzmuşuq biz-
Elə ki, bilinib kəramətimiz,
Səni döndəriblər yola, səkiyə.
Sənin çörəyini yeyənlər ki, var,
Çox məqam gözləyib, çox göz qoyublar,
Qızıl qanını da sorsunlar deyə.
XI
Qızıl qanını da sorsunlar deyə
Sərhədlər keçiblər, dağlar aşıblar.
Zoru keçməyəndə keçib hiyləyə,
Söz verib, and içib “qardaşlaşıblar”.
Eləı ki hiylənin yırtılıb qını,
Əvvəl qeyrətini veriblər bada.
Dartıb bədənindən şah damarını,
əmzik tək əmiblər onu sonra da.
Xəncər qayıdarmı sipər yoxdusa ,
Övlad ürəyində təpər yoxdusa…..
Ay anam, nə xeyri deyilən sözün.
Mənim də öz gücüm çatır dilimə,
Ay Vətən, günahkar özünsən demə.
Bil, alnın açıqdır, bil, ağdır üzün.
XII
Bil, alnın açıqdır, bil, ağdır üzün.
Səndə sınmaz olan duruşa əhsən .
Ay elim, ay obam, fikir ver özün,
Bu dərdə sənsən ki, tab gətirmisən.
Bir de hansı qartal uça bilərdi
Bircə qandıyla zirvə tənində.
De, hansı torpaqda çiçək gülərdi
Sənin torpağın tək darda, çətində.
Paklıq ələnibdir səndəki oda,
Bir gözün həmişə ağlayıbsa da
Əsrlər içində gülüb bir gözün.
Baxıb keçmişinə balan kimi mən,
Üz tutub deyirəm, inan, ürəkdən
Bütövdür yerişin, bütövdür sözün.
XIII
Bütövdür yerişin, bütövdür sözün
Belə bir gedişi ariflər anlar.
Qaranlıq uçruma bürünsələr də,
Büdrəməz heç zaman bütöv olanlar.
Mən də bir övladam yuxusu sərsəm,
Taleh gəncliyimlə oynadı oyun.
Adına zərrəcə ləkə gətirsəm,
Qoy gəlsin burnumdan çörəyin, suyun.
Özümə qənimmiş mənim bu andım….
Ömür yollarında sərtlik qazandım….
Alnımı daşlara hey döyə-döyə.
Iki yad ocağa bölünməz bir ev,
Ay Vətən, qəlbimdə bütövsən, bütöv,
Qəlbini bölsə də Araz ikiyə.
XIV
Qəlbini bölsə də Araz ikiyə,
Nəğməni bir tonda çalan tarın var.
Üz tutub o taya “Şəhriyar” deyə
Səsinə səs verən Bəxtiyarın var.
Bir ağac kökündən söylə bir mənə
Iki özgə ağac çıxa bilərmi?!
Bir çay əsrlərlə biri-birinə
Söykənən dağları yıxa bilərmi?!
Açdım əllərimi qucam mən səni
Tikanlı məftillər qoymur birini,
Biri də halsızdır başına dönüm.
Təki hürsün itin, yansın çırağın,
Təki məndən olsun gələn sorağın,
Olmasın, olmasın sənsiz bir günüm.
XV
Olmasın, olmasın sənsiz bir günüm,
Demə uşaq kimi ağlar, kürəm mən.
Eşit, Azərbaycan, başına dönüm
Sənin şöhrətinlə öyünürəm mən
Qartal duruşun var, ulu adın var.
Başından aşıbdır dövlətin, varın
Dünyanın özünə çıraq olubdur.
Sinəndə göz açan söz sərrafların.
Çoxunun gözləri əlində qalıb
Çoxunu dərd alıb, fikir-qəm alıb
Qızıl qanını da sorsunlar deyə
Bil, alnın açıqdır, bil, ağdır üzün.
Bütövdür yerişin, bütövdür sözün
Qəlbini bölsə də Araz ikiyə…
Müəllif: İldırım ƏKBƏROĞLU
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru