
Vətən çağırırsa
Vətən çağırırsa, qalx əsgər kimi,
Geciksən torpağın talana bilər.
Sönər qızındığın isti ocağın,
Axar çeşmələrin bulana bilər.
* * *
Birlikdir gücü də bahar selinin,
Ürək təpərindir sözü dilinin.
Dönməsən paşına pir tək elinin.
Bu dünya başına dolana bilər.
* * *
Qeyrət tək baxılıb dağ çiçəyinə
Kişi papağına, qız ləçəyinə .
İgidlər durmasa çiyin-çiyinə
Əsgəran, çənlibel alına bilər.
* * *
Vətəni böldürər bölünən ordu,
Vətinin qarı da sönməyən qordu.
Təpərsiz övladın boş qalar yurdu,
Külü kül üstünə qalana bilər.
* * *
Ay vətən, sinəmdə vuran ürəksə,
Qoymaram üstünə bircə quş səksə.
“Vağzalı” çalınan tarda, gərəksə,
Bir zaman “Cəngi” də çalına bilər.
<<<< İLDIRIM ƏKBƏROĞLU >>>>
Geriyə baxma
Qəm, kədər içində gün keçdi hədər,
Tay dönməz o günlər, geriyə baxma.
Səni yıxa bilər bir qəza-qədər
Zirvə ucalıqdan dərəyə baxma .
* * *
Dəryay baş vurma, bil heydən salar,
Özündən küs, inci batırsa sular.
Səni qurtarmağa yetməz arzular,
İmdada yetişən bəzəyə baxma.
* * *
Düşərsən irəli, yolun kəsməsə
Bir nadan tor qurub yolu kəsməsə.
Qollar güclü olub, qılınc kəsməsə
Hədərdir, çəkilən nərəyə baxma.
* * *
Özünü itirən yolu itirər,
Bu torpaq tikan da, gül də bitirər.
Acından ölməzsən, Tanrı yetirər
Nadan Əllərində çörəyə baxma .
* * *
İldırım, çox demə kimsə qoymadı
Bu gözəl dünyadan heçkəs doymadı
Hər dərdə kədərə yandın, qıymadı
Halına sızlayan ürəyə baxma.
<<<< İLDIRIM ƏKBƏROĞLU >>>>
Sən məndən, mən isə səndən ötəri
(<<<<40-cı şeir>>>>)
Bir dəfə nə sizə nə bizə gəldik
Birgə dolanmadıq, üz-üzə gəldik
Demə bu dünyaya, bu ərzə gəldik
Sən məndən, mən isə səndən ötəri
* * *
Ay doğar, gün doğar ümid yerinə
Kökü eşqimizin gedər dərinə
Dönərik nəğmənin cüt sətirinə
Sən məndən, mən isə səndən ötəri
* * *
Qismət də talehin, bəxtin naxışı
Gül açar gözlərin sevin yağışı
Yararıq dağları, çaparıq daşı
Sən məndən, mən isə səndən ötəri
* * *
Dərd keçsin ayağa, səadət başa
Ömrümün baharı düşməsin qışa.
Qoşa göyərçin tək uçarıq qoşa
Sən məndən, mən isə səndən ötəri
* * *
Kimsə çox görməsin bülbülü gülə
Gətirsin hər kəsi kaş, vüsal dilə
İnan özümüzü atarıq selə
Sən məndən, mən isə səndən ötəri.
* * *
Səadət pöhrədir, kökü vüsalda
Qar donar günəşsiz yamacda, yolda
Bircə qalmayaydıq gözləri yolda
Sən məndən, mən isə səndən ötəri
Müəllif: İldırım ƏKBƏROĞLU
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru