LEYLA YAŞAR – ÖMRÜN BİTDİYİ GÜN

LEYLA YAŞARIN YAZILARI

ÖMRÜN BİTDİYİ GÜN
Kəndə çatmagına az qalmışdı. Hava get-gedə qaralırdı. Qüruba bələnən günəşin gözəlliyi bərq vururdu. Qamişlığın arasında rəngi dəyişib, lilə qarışmış, üfunət iyi verən, qurbağaların məskən saldığı balaca gölməçə günəşin son şüaları ilə sanki gözəlləşirdi..
Susuzluqdan çadar-çadar olmuş torpaq həsrətlə yağışın insafa gəlməyini gözləyirdi… torpaqdan gün ərzində günəşin istisinə bürünmüş bir qoxu qalxırdı…
Tənha çaqqalların səsi artmağa başlamışdı… Qaranlıq düşürdü…
Heydən düşmüş ayaqlarını sürüyə-sürüyə, son ümid damlasını özünə güc edən Qafur bir neçə saniyəlik dayanıb illərdi həsrət qaldıgı havanı ciyərlərinə çəkdi, sanki xəstəlikdən büzüşüb məhv olmaq üzrə olan ciyəri Vətənin havasıyla dolub sağaldı. Gözündə illərdi quruyub qalmış bir damcı yaş yanağını islatdı… Arzularını əlinə alıb birinci döngədən döndü… artıq qapılardan hürməkdən yorulan itlərin səsi gəlirdi. Evlərə baxdlqca xəyallara dalırdı… bu döngələrdə yaşıdlarıyla ayaqyalın, başıaçıq o qədər gəzib dolaşmışdı ki… Bax bu Məsmə xalanın təndirinin yeridi… hər təndirə çörək yapanda onlara balaca çubuqlara keçrilmiş xoş qoxulu çörək verərdi… indi yerində səliqəli, bəzəkli bir dükan var idi… Bir qədər getdikdən sonra qarşısına çıxan bulagı tanıdı. Burdan o qədər su daşımaqda kömək edərdiki hər kəsə… indi yerini Şəhid bulağı tuturdu… Ovucuna su alıb bir qurtum içdi, sanki bir qədər gümrahlaşdı. Addımlarını daha rahat atmaga başladı… ilk rastına çıxan qapının zəngini çaldı… Bu qapının kimin olduğunu xatırlamağa çalışdı… Hə xatırladı… Qulu dayıgilin qapısı idi. Qonaqlı-qaralı mehriban bir adam idi Qulu dayı… Yoldaşı Səmayə xala, uşaqları Səməd, Mehman, Səbinə qonşuların sevimlisi idilər… Xəyallar aləmindən cəftənin səsi ayırdı onu… Qapını hündür, sarışın bir adam açdı, gələnin kim oldugunu, kimi axtardıgını soruşdu… Diqqətlə baxanda Mehmanı tanıdı… Tanışlıq vermək istəmədi… Bir Allah qonağıyam dedi… Mehman ürkək baxışlarla onu süzüb Allahın qonağını qapıda saxlamazlar deyib, ehtiyatla onu içəri dəvət etdi… Həyətdə bir böyük tut ağacı vardı… Altında stol-stul … Samavar dəmdə… Həmən tut agacıydı… Altına salafan sərib, çırpıb doyunca yedikləri ag tut… Ağac qocalsa da məğrurluğun saxlamağa çalışmış, hələ də bar verməkdə davam etmişdi… Mehmanın səsi aləmi başlna götürmüşdü: “Ay uşaq görmürsünüz qonaq var?” Gəlin çaydan-çörəkdən verin… Uzaq yol gələnə oxşayır, üzündən yorğunluq yagır… Sonra üzünü Qafura tutub:- “Otur qardaş, niyə ayaqüstəsən? Bir az dincəl, özünə gəl… Ye. İç… De görək kimsən, nəçisən, hardan gəlirsən, hara gedirsən?” Bir azdan stolun üstünə düzülən nemətlər onu kövrəltdi… Durub Mehmanı doyunca qucaqlayıb aglamaq istədi… Özünü topalayıb udquna-udquna, qəhərinə sığınaraq ləzzətli samavar çayını içdi… Bir qismət olandan yeyib Mehmanın üzünə minnətdarlıq dolu baxışlarla baxdı.
– Ay qardaş mənə yaman tanış gəlirsən. Bayaqdan baxıram kiməsə oxşadıram səni, bizim kəndin adamına oxşayırsan… Qafur icazə istəyib bir siqaret yandırdı… Əlləri əsə-əsə, siqaretin tüstüsündə boğula-boğula fikrə getdi…
Evin tək oğlu, dörd bacının göz qarasıydı Qafur. Atası Mərdan kişi zəhmətkeş, kəndinin sayıb-seçilən agsaqqal kişilərindən biri, anası Firuzə ana evdar qadın idi. Kəndin içində tanınan ailələrindən biri olan bu ailə öz halal zəhmətilə dolanardı. Atası Mərdan kişi təhsilsiz olsa da uşaqlarının gələcəyini həmişə düşünür, əllərinin çörəyə çatması üçün bir peşə sahibi olsunlar istəyirdi. Orta məktəbdə oxuyanda daima dərslərinə nəzarət edər, maraqlanardı Mərdan kişi… Ən çox Qafurun təhsil almağını istəyirdi. Onun müəllim olmasının tərəfdarıydı. Ancaq həyat onlara başqa bir tale yazdı… Gün gəldi balaca dəcəl Qafur atasının istəyini reallaşdırdı. Ali məktəbə qəbul olundu. Atanın sevinci yerə göyə sıgmırdı. Balaca, kasıb daxmasının qapısını hər kəsə açdı. Saxladığı qoyunlardan kəsdirib qurban payladı. Zarafat deyil oğlu müəllim olub qayıdacaq, kənddə neçə neçə evlərə işiqlı gələcək bəxş edəcəkdi… Qafur danışdıqca boğulur, dayanır, gözünü yumub açıb yenidən davam edirdi. Ona çox ağır idi illər sonra bu günündə iz qoyan keçmişi xatlrlamaq… İstəsə də istəməsə də xatırlamalıydı… Bu onun həyat yolu, ömür hekayəsiydi.
Tələbəliyin dadını təzə çıxatmağa başlayırdı ki, atasından qəribə bir məktub aldı. Qafur, oğlum, durma gəl, qeyrətimiz əldən gedəcək. Məktubun məzmunu ona çox qəribə gəlmişdi. Ağlına min cür fikir gəlirdi. Görən bacılarından hansısa pis hərəkətmi edib? Ağlına sığışdlra bilmir, özünə yaxın qoymurdu bu cür fikirləri… Bəs əgər elədirsə ne edəcək, nə etməlidir deyə düşünürdü. Bir gecə ona bir ilə bərabər oldu… Səhər əl üzünü yuyub, heç nə yemədən vağzala gəldi. Rayona birinci çıxan maşınla kəndlərinə üz qoydu… Ağlında hər şeyi götür qoy- edirdi. Yanında oturan insanlar nədənsə çox, sakit, xısın-xısın danışırdılar. Bu daha da onun şübhələrin artırırdı. Kəndə çatmağını o qədər çox istəyiirdiki… Budur artıq kəndə çox az qalıb… Nəhayət ki… Qafur diqqətlə ona qulaq asan Mehmandan üzr istəyib bir siqaret yandırdı, siqaretin tüstüsünün kölgəsində yenidən danışmağa davam etdi… Qapıya çatıb qapını açan Qafur həyətdə ailə üzvlırini bir yerdə qəmgin, qorxa-qorxa oturduğunu gördü… Anası yüyürüb onu qucaqladı, ağladı, can bala nə yaxşıki gəlib çıxdın… Atası onu qucaqlayıb, mərd oğlum yaxşı ki, varsan, yaxşıki gəldin dedi, bacıları həmişəki kimi hamısı birdən onu qucaqladılar və hönkürdülər. Bacılarını özündən ehtiyatla aralayıb bir-bir başlarına sıgal çəkdi, alınlarından öpdü… Nə olub bir deyin görək, niyə yasa batmısınız? Ata-anası bu 3-4 gündə qocalmışdılar sanki, bacılarının rəng- rufu solmuşdu. Ürəyim partladı axı, biri mənə başa salacaq nə olduğunu? Atası: – Otur oglum, hərçənd ki, oturmağa vaxtımız da yoxdu. Bilirsənmi oğlum, səni bugün üçün böyütdük. Son bir həftədir ki, qonşuluğumuzda yaşayan ermənilər bizə qarşıdılar. Torpaqlarımızı əlimizdən alıb, özlərininki etmək istəyirlər. Bu gün bütün kənd ayaq üstədi. Qocalı-cavanlı mübarizə aparmalıyıq. Sənin də borcundu. Qafur dərindən nəfəs aldı. Sanki üstündən ağır bir yük götürüldü. Gələnə kimi nələr düşünməmişdi. Bütün yol boyu bacılarının hansınınsa onların başını aşağı etdiyini düşünür, min cür plan cızırdı. Xəyaldan onu qaça-qaça gələn qonşunun 5 yaşlı ,toppuş oğlu Vüsal ayırdı, Mərdan baba, Mərdan baba atam deyir ki, kənddən çıxmaq lazımdı. Mərdan kişinin qaşları çatıldı, Füruzə ananın gözləri doldu, qızlar sakit-sakit ağlamağa başladılar. Yaxşı ay oğul, atana denən gələcəm indi… Uşağı yola salandan sonra üzünü oğluna çevirib: “Get oğul Vətən sənə əmanət!” … Danşdıqca Qafuru öskürək tutur, gözləri dolub boşalırdı. Mehman durub onu qucaqlayıb hönkürtüylə ağlamağa başladı… Nə olduğunu anlamayan yaşıl gözlü qızcığaz onlara maddım- maddım baxırdı. Qızını görən Mehman onu evə göndərdi… Qafura təklif etdi ki, gəl bağı gəzək, başqa meyvələrdən dad, həm də özünə gəl. Ağırdı sənə danışmaq bilirəm, ancaq maraq məni boğur… Durub bağa keçdilər, Təzə-təzə qızarmağa başlayan gilasdan ağzına atan Qafur söhbətinə davam etdi…
Bilirsənmi qardaş həyat əslində çox qısadı. Biz nə qədər çalışsaq da istədiklərimizi əldə edə bilmirik..
Dərindən nəfəs alıb nar ağacına yaxınlaşdı… Nar ağacıyla bağlı xatirələri göz önündə canlandı… Məktəb vaxtı Qəmər adlı sinif yoldaşı vardı. Bir partada oturardılar. Çox mehriban qız idi. Gülərüz, şən , qayğıkeş qız idi. İllər onları bir-birinə daha da yaxınlaşdırırdı. Adına sevgi deməsələr də kənardan hər kəs bunun sevgi olduğunun fərqindəydi. Qafur ali məktəbə daxil olanda Qəmər də tibb texnikomuna qəbul olmuşdu. Şəhərdə Qafur gedib onu tapmış, əlaqələrini daha da möhkəmləndirmişdilər. Qısa müddət kənddən kənarda olsalar da Qafur onu hər şeydən hər kəsdən qoruyurdu. Dərslərində kömək etməklə yanaşı, bir yerli kimi, sinif yoldaşı kimi dayaq idi ona. Qəmər artıq dəyişmişdi, həmin məktəbli qızdan əsər əlamət yox idi, deyib-gülən qız getmiş yerinə ciddi bir qız gəlmişdi. Onlar kənddən çıxıb şəhərə gedəndə təpəliyə bir nar çubugu basdırmışdılar. Bu böyüyüb agac olub, bar gətirəcəksə bizim də tale yollarımız birləşəcək deyə söhbətləşmişdilər. Yanından qəfil uçan sərçənin pırıltısı onu diksindirdi… Gördü ki, Mehman yazıq-yazıq boynunu büküb onu gözləyir. Mehmana yazığı gəldi… Yaralarını yenidən qanatmağa başladı: – Atasının ermənilərlə bağlı sözünü eşidən Qafur həyət qapısından çölə çıxır. Küçədə bir neçə kişinin bir yerə toplaşaraq söhbətləşdiyini görür. Məmməd kişi vəziyyətin çox pis olduğunu, tezliklə buraları tərk etməyin vacibliyini deyir. Arvad-uşaqları Bakıdan kömək çağırıb çıxartmaq lazımdı kənddən. Özümüz də komissarlığa müraciət edib silah almalıyıq! Bu Vətən, bu torpaqlar bizim əzəli yurdumuzdu. Erməni dığasına el-obamızı niyə verməliyik biz? Qafur onlardan uzaqlaşıb yeyin addımlarla, demək olar ki, qaça-qaça komisarlığa gəldi. Burda da cavanlar qaynaşırdı. Gözlərdə düşmənə qarşı nifrət alov saçırdı. Hər kəs silahlanıb düşməni məhv etmək istəyirdi. Siyasi oyunların qurbanı olan hər iki tərəf illərin düşməninə çevrilirdi artıq. Qafur adını milli orduya yazdlrıb, evdəkilərlə vidalaşmaq üçün geri qayıtdı. Evdə hər kəs bikef, gözü nəmli idi. Bir azdan gələcək maşınla ana və bacıları kəndi tərk edəcəkdilər. İllərdi əziyyətlə tikdikləri ev, həyət-baca, ən əsası gözəl günlərinin xatirəsini bu həyətdəcə dəfn edəcəkdilər. Çox agır bir ayrılıq idi. Sonu bilinməyən ayrılıq. Gedib Bakıya çıxa biləcəklərmi? Amma nə olur, olsun artıq burda qalmaq təhlükəli idi. Hər an məhv ola bilərdilər. Ən azından risk etmək lazım idi… Bu vaxt Əli dayının səsi gəldi… Artıq vaxtdır getməliyik! Sağollaşın, Allaha sığınaraq gedə . Hər kəs ağlaşa- ağlaşa maşınlara mindi. Qonşularındakı qadın, uşaqların minməsinə kömək edən Qafur gözlərini silib, siz rahat olun bizlər varıq dedi… Maşın qapıdan çıxar-çıxmaz Qafur evlərinə doyunca baxıb, həyətlərini sonuncu dəfə gəzib həyət qapısını örtüb çıxdı. Atası küçədə kişilərlə söhbət edirdi . Atasıyla vidalaşıb birbaşa cəbhəyə yola düşən avtobusların yanına gəldi . O qədər özündə güc hiss edirdiki, qarşısına düşmən çıxsa parça-parça edərdi. Avtobusda onun kimi dəliqanlı cavanlar oturmuşdular. Hər birinin ürəyi Vətən eşqi ilə döyünürdü. Vətən sevdalıları döyüş haqqında planlar cızırdı…
Avtobusa oturub gözlərini yumdu. Gözlərinin önündə Qəmər canlandı, görən haradadı, kəndə qayıtmaz yəqin, onunla vidalaşmaga vaxtı olmamışdı. Olsun, sağ-salamat qayıdaramsa vəziyytin birdən-birə dəyişdiyini deyərəm. Yəqin ki, məni başa düşər…
Artıq döyüş bölgəsindəydilər. Bir tərəfdə silahların səsi, digər tərəfdə komandirlərin əmri, aləm dəymişdi bir birinə … Get-gedə vəziyyət çətinləşirdi… Yaralıların sayı artırdı. Ordudakı təcrübəsizlik, silah sursatın vaxtında gəlib çıxamaması qarşı tərəfin əvvəlcədən cızmış olduğu planı həyətə keçirtməyə şərait yaradlrdı. Artıq ordumuz itkilər verməyə başlamışdı… Qafurgilin komandası artıq meşəliyə doğru irəlləyirdi. Qabaqda sakitçilik idi… Hava artıq soyuyurdu… Gecəyə doğru getdikcə yorulur əldən düşürdülər. Komandir A.Vəliyev bir az dincəilin, yenidən davam edərik dedi. Oturan kimi hər biri mürgüləməyə başladı. Qafurun gözündən yuxu tökülsə də yata bilmirdi. Birdən uzaqda gözünə bir işıltı dəydi. Tez yoldaşlarını səslədi… Bütün komanda hazır vəziyyətə gəldi. Agacların arxasında gizləndilər… Gələn erməni əsgəri idi, kəşfiyyata göndərilmişdi….
Hər şey bir göz qırpımında baş verdi. Onlar mühasirədəydilər. Düşmən getdikcə yaxınlaşırdı. Murada dəyən güllə Qafuru diksindirdi. Murad qolları üstə canını tapşırdı. Onların sayı getdikcə azalırdı. Silah sursatları tükənmək üzrə idi. Birdən partlayış səsi gəldi. Yaxınlıqlarına düşən mərmi onları bir-birindən ayırdı.
Qafur gözlərini açanda artıq başqa “dünya”daydı. Gözlərini açıb ətrafa baxmaq istəyirdi ki, ayağını nəyləsə bərk sıxdılar. Qışqırmaq istədi, səsi çıxmadı. Danışılanların heç birini eşitmirdi, qulağı tutulmuş, səsi batmışdı… Gözləri toran görürdü … Yanında dörd saqqalı hərbi geyimdə adam vardı. Gözlərini yumub xatırlamağa çalışdı. Bura haradı, necə gəlib bura, bunlar kimdi? Yoxsa o əsir düşüb? Hər şey mərmi partlayandan sonra olub demək. Bəs yoldaşları haradadı? Suallar içində yuxuya getdi… Gözlərini açanda yarıqaranlıq bir yerdə gördü özünü. Diksinib qışqırmağa başladı..ş Öz səsinin əks sədası vahimələndirdi onu. Ətrafda heç kim yox idi. Qolları bağlı agzıüstə uzadılmışdı. İlk gözünə dəyən sarğıda olan ayagı oldu. Qorxa-qorxa ayaqlarına baxdı… Ayaqları, əlləri qan içindəydı, şükür etdi, əl qolu yedindəydi. Yanında kif basmış quru çörək, kirli paslı dəmir qabın dibində su vardı. Burda kimsə yoxdumu deyə qışqırmağa başladı. Ayağa qalxmağa çalışdı. Bir yandan dözülməz yaraları, bir yandan ağzıüstə olmağı onu incidirdi…
Birdən səs gəldi. Qapı bərk çırpıldı. Nə qışqırırsan, ay türk? Halın xoşuna gəlmir?- deyib şaqqanaq çəkdi. Bu sənin ən xoş günündü. Qafur çırpınmağa başladı. Kəndir əllərini kəssə də qurtulmaq, ayağa durub düşmənu öldürmək istədi… Amma çarəsizcə dayandı. Gözündə nifrət, əsəb adlı bir yaş quruyub qaldı. Aşot adlanan köpək onun saçından tutub başını qaldırdı, üzümə yaxşı bax ki, unutmayasan, ağıllı ol səsin gəlməsin, yoxsa sənlə ayrı cür davranaram! Zərblə Qafurun başını divara çırpıb zirzəmidən çıxdı… Qafur huşunu itirdi. Ayılanda isti qanın gözlərinə , agzına axdığını hiss etdi. Gözlərini yumdu və bir daha açılmamasını arzuladı. Artıq anlayırdı ki qabaqda onu acınacaqlı bir həyat gözləyir.
Zirzəminin qapısı bərk döyüldü. Diksinib gözlərini açdı. İki saqqallı erməni əsgəri al qanın içində olan bir cavan oğlanı sürüyüb içəri atdılar . “İkiniz baş-başa qalıb dərdləşin”, – deyib, bərkdən gülməyə başladılar. Hiss olunudu ki, oğlana işgəncə vermişdilər. Qapını çırpıb çıxdılar. Yenidən qapı açıldı. Hə yadınızdan çıxmasın arada yemək də yeyin… Yenidən gülüb çıxıb getdilər. Qafur sürünə-sürünə oğlana yaxınlaşdl. O özündə deyildi, sayıqlayırdı… Bir damcı su, bir damcı su deyib zarıyırdı . Qafur çarəsiz idi, əlləri bağlı heç cür kömək edə bilməməsi onun vicdanını sızladırdı… Oğlan birdən hüşunu itirdi. Qafur artıq qorxmağa başlamışdı. Bir gün burdan çıxacağına etdiyi ümidin son közərtisi sönmək üzrə idi… Onun burdan çıxmaq şansı yox idi. Düşüncələr içində yenidən hal onu apardı. Neçə günün ac susuzluğu onu heydən salmışdı… Bir az keçmışdi ki, yanında hənirti hiss etdi. Ani olaraq diksindi. Yaralı sürünə-sürünə ona daha da yaxınlaşdı. Başı ilə salam verdi, gülümsündü, ala gözlərindəki kədər birdən-birə gülüşün içində bir anlıq yox oldu. Gəl tanış olaq qardaş. Adım Valehdi, beş gündü ki, bunların əlindəyəm. Vermədikləri əzab qalmayıb. Bunlar nədən bizə bu qədər qəzəblidilər, nifrət doludular? Danışdıqca qaşları çatılır, yumruqları düyünlənirdi. Döyüşdə əsir düşdüyünü, yoldaşlarının ikisinin işgəncələrə dözməyərək öldüyünü, neçə gündü bədəninə tok verildiyini, soyuq suda saxlandığını, dəmir parçasıyla döyüldüyünü danışdıqca sanki hər şeyi yenidən yaşayırdı. Məqsəd başqa döyüş yoldaşlarının yerini öyrənmək imiş. Mən yerlərini demədikcə onlar hiddətlənir, daha da vəhşiləşidilər. Sonda böyükləri burda bir türk var zirzəmidə, aparın onun yanına atın, bir az qalsınlar ağıllansınlar, özləri hər şeyi danışacaqlar dedi. Bu gün istirahət etsinlər. Sabahdan siçovullar onların dilini açar.. .
Sənin adın nədir qardaş?
– Qafurdu…
– Gəl sənin əlini açım, qardaş… Dözümlü ol! Görək bizi nə gözləyir. Valeh çətinliklə də olsa onun əllərini açmağı bacardı. Qafur güclə toparlanıb divara söykənib oturdu… Əllərini kəsən kəndirin izlərinə baxdı. Aclıq hər ikisini get-gedə heydən salırdı. Kif basmış quru çörəyə baxıb udqundular. Əlac yox idi. Valeh əli əsə-əsə çörəyi yerdən götürüb gözünün üstünə qoydu, öpdü yarı böldü: – Al qardaş, ye özünə gəl… Qafur çörəyi alıb suya batırdı, agzına aparlb iştahla yeməyə başladı. Bir birlərinə baxdılar… İtə, pişiyə, toyuğa atdıqları çörək onlara o qədər doğma, ləzzətli gəldi ki… Hər ikisi ani olaraq gülümsündülər…
Bir anlıq xatirələr bulağından su içən Qafur başını qaldırıb yazıq-yazıq Mehmana baxdı. Mehman Qafurun gözlərindəki sönük işığa baxıb sanki diksindi… Qafuru çox yorduğunun sanki indi fərqinə vardı… Qafurun gözləri Mehmanda olsa da, ruhu sanki bədənində deyildi… O son günlərini yaşayırdı. Əsirlikdə yaşadlqlarını unutmağa çalışır, son günlərini rahat, ata yurdunda keçirmək istəyirdi…
Mehmanın səsi yenə həyəti başına götürmüşdü… Mal-qaranın örüşdən qayıdan vaxtı idi. Aləm dəymişdi bir-birinə. Mehmanın yoldaşı utana- utana onlara yaxınlaşdı. Mehmanı sakit səslə çagırıb, yavaşca nəsə deyib getdi. Qafurun fikri uzaqlarda olsa da, gözləri Mehmandaydı. Mehman üzr istəyib evə keçdi. Üstündən çox az zaman keçmışdi ki, qapı döyüldü. Qapını açmağa qaçan Emin bir az ciddi görkəm aldı. Gələn kəndin “uçaskovu”su Şirin idi. Adı kimi özü də şirindil adam idi. Uşaqla-uşaq, böyüklə-böyük idi. Eminə cibindən bərbəzəkli bir konfet uzatdı. Ye bala, de görək dədən haradadl? Emin konfeti soyub agzına qoydu, agzına sıgmayan konfetlə atasını çağırmaga başladı… Şirini gülmək tutdu. Eminin başını tumarlayıb həyətə girdi. Səs-küyə Mehman çıxdı. Şirinlə görüşüb, “otur bir çayımızı iç”, -deyə? təklif etdi. Şirin boyun qaçırdı. İşim çoxdu, ay Mehman, bir xəbər eşitmişəm dedim gəlim sənə deyim. Mehman maddım- maddım Şirinə baxırdı. Deyirlər Qəmər özün yandırıb, sonra da atıb çaya. Bu yazığın yaşadıqları nədi belə? Mehmanı dəhşət bürüdü. Nə vaxt olub bu hadisə? Necədi vəziyyəti? Niyə nəzarətsiz qoyublar onu? Yazıq qız. Qafurdan sonra bədbəxt oldu. Qafurun da öldü-qaldısı bilinmədi. İnsan neçə dəfə canına qəsd edər, özünə qıyar. Hər dəfə ölümdən dönür, yenə də Qafur deyib dağa-daşa ün salır. Şirin əyilərək Mehmanın qulağına nəsə dedi. Mehman bir müddət susdu. Sonra ola bilməz, nə danışırsan deyə güclə səsini çıxartdı. Qafurun kəsilmiş başını görən olub dedilər. Necə yanı Qəmərin yanından keçıb? İnanmaram. Elə söhbət də ondan gedir də, Qəmər onu tanıdığı üçün canına qıyıb. Deyib ki, mənə tərəf baxmadı. Üst-başı kirli idi, guya ki, kəndə tərəf gəlirmiş. Qıraqdan eşitdiklərinə səbrini basıb, sakitcə qulaq asan Qafur ürəyini tutub yerə yıxıldı….
Gözlərini açmağa çalışsa da bacarmadı. Gözlərini yumub, ovuclarını düyünlədi, qaşları çatıldı, yadına əsirlikdə Vazgenin qəhqəhəylə dediyi, heç vaxt unuda bilmədiyi cümlə düşdü: “Bilirsən ey türk, sənə verdiyimiz işgəncənin min qatını yaxınlarına verəcəyik.” O vaxt bir o qədər də anlamırdı. Zaman ötdükcə anladı hər şeyi. Əsirlikdə it damına baglanıb it kimi hürməyə məcbur edildiyi günlər, it yalından yemək yemək üçün başına dəfələrlə vurulan təpiklər, Dığaların qapılarında etdiyi nökərçiliklər… İşgəncə altında, təhqir edilərək, əzilərək yaşamışdı bu neçə illəri… yaşamaq demək olardısa bunun adına…
Bir dəfə onları məzarlığa aparmışdılar. Qəbrlərin baş daşlarını sındırıb, torpağı dəmirlə, taxtayla qəbirləri meyitləri çıxarırdılar. Neçə nəfərin ürəyi getmişdi. Ayıldıqdan sonra sayıqlayır, özlərinə gələ bilmirdilər. Qafur nə qədər unutmağa çalışsa da, heç nəyi unuda bilmirdi…
Gözlərini yavaş-yavaş aralamağa başladı… Gözünü mavi səmanın gözəlliyi qamaşdırdı. Günəş öz gözəlliyi ilə bərq vururdu. Quşların bir birinə qarışan səsi sanki bir ansambl yaratmışdı. Otların, ağacların üzərində şeh damcılarına düşən günəşin bənövşəyi şüası rəngarənglik yaradırdı.. Qafur başını arxaya çox çətinliklə döndərdi. Divarda saatın əqrəbi 6 nın üstündə dayanıb sanki ətrafa boylanlrdı. Qafur ayağa durmaq iatədi, nə qədər cəhd etsə də bacarmadı. Bu vaxt Mehmanın çöldən qırıq-qırıq gələn səsi qapının açar yerındən özünə yer tapıb ıçəri dolmağa başladı. Ay Vüsal qardaş, vallah dünəndən ayılmayıb çox narahatıq. Deyəsən telefonla danışırdı. Səs yavaş-yavaş kəsilməyə, uzaqlaşmağa başladı. Üstündən bir az keçmiş yavaşca qapı açıldı. Mehman yazıq yazıq, ayaqlarının ucunda onun çarpayısına yaxınlaşdı. Qafurun ayıldığını görüb, az qaldı çırtıq çallb oynaya. “Ay qardaş bizi yaman qorxutdun”, -deyib, sual yagışına tutdu onu. Qafurun çətinliklə cavab verdiyini görüb əl çəkmək məcburiyyətində qaldı. “Bizi yaman qorxutdun qardaş, gedim deyim çaydan çörəkdən düzəltsinlər”, – deyib, otağı tərk elədi. Xəyallarıyla baş-başa qalan Qafur əsirlikdən qaçdığı günü göz önünə gətirdi.
Qızıl payız yayı sanki zorla qovub özünə yer eləmişdi… Yayın cırhacırından sonra havanın sərin mehi, saralıb agacların altına tökülən sarı, sanki həyatından küsmüş yarpaqlar, aram-aram yorğuncasına yağan yağış, taleyini sanki tez tez xatırladlr, bu əzabdan qurtul deyirdi. Qafur döyülməkdən xəstə düşmüşdü, orqanları sıradan çıxmaq üzrə idi. Kəlfətinlə çəkilən saglam dişlərinin yerləri göyərmiş, çənəsi əyilmişd. Ayaq dırnaqları yerindən çıxardılmış, yerini qaysaq dolu qan tutmuşdu. Başında qalan çox az tük agarıb sanki yanmışdı, hər dəfə saçı alışqanla yandırıldıqca özünə ölüm arzulayan Qafur nədənsə ölə bilmirdi. Dəfələrlə intihara cəhd etsə də alınmırdı. Sanki hansısa qüvvə onu ölümün pəncəsindən alıb yaşamağa məcbur edirdi.
Və bir gün… Həmən gün idi ki, Qafur əsirlikdən qaça bilmişdi. Vazgen arvadıyla söhbət edirdi. Qulağı çaldı ki, Vazgen bazara meyvə aparacaq satmağa. Arvadıyla bərk mübahisələri düşmüşdü. Axşamdan içkili olan Vazgen ayaq üstə zorla dayanırdı. Arıq, burnu uzun arvadı ona yolda maşını idarə edə bilmyəcəyini, maşını aşıra biləcəyini qışqıra-qışqıra deyirdi. Vazgensə təbii ki, əksinə cavab verirdi. Qafur saniyələrin belə qızıl olduğunu başa düşür, hər dəqiqəni belə nəzarətindən buraxmırdı… Birdən qapı döyüldü. Vazgenin özündən yaşca çox kiçik olan arvadı qapıya getdl. Vazgensə, hələ də içki içməkdə davam edirdi. Birdən ayağa durub, səntirləyə-səntirləyə maşına yaxınlaşdı. Vazgenlə eyni maşına minmək ağılsızlıq idi. Nəinki sürücünün onun olması… Nədənsə maşına minən erməni dığası onu çagırmadı… Aha deyəsən günəş Qafurun üzünə doğurdu… Qafur xəlvətcə, sürünə-sürünə maşının arxasına yaxınlaşdı. Son qüvvəsini topalayıb baqajı açdl. Günlərdi heç nə yeməyən, qapıda dayanmadan işlədilən, zəncir vurulan, döyülən, gecələri ağrıdan ağı deyən Qafuru güclü, iradəli bir Qafur əvəz etmişdi…
Mehmanın gəlişi onu incidən, paramparça edən xatirələrdən bir qədər kənarlaşdırdı. Mehman əlində meyvə dolu vazla gəlmişdi… Ye, bir az özünə gəl. Sənə birdən birə nə oldu? Çox zəifsən. Vitamınlər yeyib düzəlməlisən. Sonra səni bir yaxşı həkimə göstərərik. Qafurun gözləri dolmuşdu. Mehman içindəki yanğının gözlərindəki əksini görməsin deyə üzünü bir neçə saniyəlik divara çevirdi. Mehmana baxıb gözündəki kədəri gizlətmək üçün gülümsündü. Bu Mehmanın gözündən qaçmadı. Ah çəkib otaqdan çıxdı. Çıxarkən, gətirdiklərimi mütləq ye, dedi. Qapı astaca örtüldü.
Qafur yenidən o günlərə döndü… Vazgen maşına minən kimi baqaja girib, nəfəsini içinə çəkib baqajı örtdü… Özünü idarə edə bilməyən birinin maşın idarə etməsi nə qədər qorxulu idisə, azadlığa qovuşmaq sevgisi ondan güclü idi. Sonu bilinməyən bir yolçuluğa çıxan Qafur nələr düşünmür, nə xəyallar qurmurdu… Gah evlərinə çatıb əzizlərini görmək, qovuşmaq hissi, gah da ki, istənilən vaxt ələ keçmək qorxusu… İkili hissi bir neçə saat yaşayan Qafur hərdən kələ kötür yollarda atlanıb düşən maşından az qalırdı ki, yerə düşsün. Özündə güc tapıb, Yaradana dua edib, kömək istəyib son ümid işıgını qəlbində yandırmışdı. Bu onun son ümid işığı idi. İstənilən vaxt sönə bilər, ya da ki daha da güclənib gələcəyə işıq verə bilərdi…
Ağır-agır nəfəs alan, təngnəfəslikdən əziyyət çəkən Qafur son gücünü topalayıb baqajın qapısını bir qədər araladı… Buralar yaman tanış gəlirdi ona… Aha deyəsən həyat üzünə gülürdü. Budur Qəmərlə görüşdüyü ilk balaca təpəcik. Gözlərinə sevgi işıgı gəldi. Ürəyi yerində atlanıb düşməyə başladı. Gözlərini bir anlıq yumdu… Qəmərin ilk utancaq baxışları gözünün önünə gəldi. Öz-özünə gülümsündü… Həyat eşqi daha da artmağa, onun ölmüş ruhunu oyatmağa başladı. Demək ki, Yaradan “öl” deməsə, ölmək olmurmuş. Uşaqlıgından Allaha bağlı olan Qafur əlini göyə qaldırıb şükür etdi .
Vazgen demək olar ki, maşını at kimi çapırdı. Qafur kənardan səs gəldiyini görüb baqajı bağladı. Çətinliklə nəfəs almağa başlasa da xilas olmaq duyğusu sanki ona nəfəs verir, qüvvətləndirirdi .
Səsin kəsildiyini görüb baqajı yavaş-yavaş yuxarı qaldırdıəş… Artıq vaxt idi… Burada düşmək lazım idi… Və Qafur son gücünü topalayıb yerə tullandı… Yıxılsa da, tez-tələsik ayağa qalxlb balaca, lakin Qafur üçün əzəmətli görsənən kolun arxasında gizləndi. Maşın gözdən itənədək arxasınca baxıb, gələcəyə gedən yollara boylandı.
Bir az keçməmiş Mehman otağa yenidən qayıtdı, qapını yavaşca aralaylb Qafurun solğun sifətinə baxıb yatıb yatmadığını aydınlaşdırmağa çalışdı. Qafur bir gözünü qıyıb işığa baxırdı. Sanki işıqdan güc alıb ayağa qalxmaq istəyirdi. Mehman bir neçə saniyə dayansa da, Qafurun ona reaksiya vermədiyini görüb qayıtmaq istədi. Birdən yadına nə düşdüsə ayağının birini ehmalca içəri qoyub sakit səslə Qafuru səslədi. Səsə başını çevirən Qafur zorla gülümsündü. Özünü necə hiss edirsən indi? Məlahət sənin üçün əriştə bişirir, sirkə sarımsaqla yeyib qalxarsan ayaga Allahın köməkliyi ilə…
Qafur minnətdarllq dolu baxışlarla onu süzdü… Mehman sakitcə otağı tərk etdi. Çöldən səsi gəlməyə başladı. Yeyəcək deyəsən, heç nə demədi, sən bişir, birtəhər yedizdirərik… Gərək yaxşı qidalana ki, ayağa qalxa bilə… Səs get-gedə zəifləməyə başladı…
Qafur əlini başının altına qoyub boynunu yavaş-yavaş ovxalamaq istədi. Əllərinin keyidiyini hiss etdi…
Təzə əsir düşən vaxtları idi… Başqa əsir yoldaşını öldürmək ona tapşırılmışdı… Qafurun qorxudan dizləri əsirdi. Ömrü boyu bir toyuq başı kəsməmişdi. İnsan başını necə kəsə bilərdi? Öz millətindən, qanından olan günahsız, imdad diləyən həmyaşıdının? Ona verilən baltanı yerə tullamış, qışqırıb ürəyi getmişdi. O vaxtdan da bu zəhirmar xəstəlik onu tapmışdı. Tez-tez ürəyi gedirdi… Üstünə soyuq su töküb onu dəfələrlə ayıldıb, baltanı əlinə vermişdilər. O yaraşıqlı, cavan oğlanın bərəlib, az qala yerindən qopub Qafurun ayağının altına düşüb, məni öldürmə deyəcək gözləri hələ də yadından çıxmırdı… Oğlanın qorxudan dili batmışdı. Hər dəfə əlinə balta verildikcə qarşısındakının ölüb dirildiyini görmək dəhşətli bir səhnə idi… Qafurun inadını gördükcə daha da hiddətlənir, oyun oynayırdılar sanki. Hər ikisinin çəkdiyi əzabdan ləzzət alır qəhqəhə çəkib gülürdülər. Qışın soyuğunda üstünə soyuq su tökülməkdən üşüyən Qafur birdən əsməyə başladı. Dişlərinin şaqqıltısı açıq aydın eşidilirdi… Bundan qəzəblənib, ara bu türkə deyəsən soyuq oldu, balta əlində yaxşı durmur, bunun əlin isitmək lazımdı deyən pəzəvəng o birinin üzünə baxıb siqaretdən saralmış dişlərini ağartmağa başladı… Peçın üstündən qaynar suyu götürüb Qafurun əllərinə tökdü. Qafur vay anam deyib yerə yıxılıb bagırmaga başladı. Yerdə əlllərini bir birinə sürtüb qovrulur, hıçqırıq dolu səslər çıxardırdı. Əllərinin dərisi yanmışdı. Neçə ay əlləri o vəziyyətdə yaşadı Qafur… Adına yaşamaq deyilərsə… O vaxtdan əllərini hiss etmirdi…
Maşından düşdüyü günə qayıtdı xəyalən… Kolun arxasında bir qədər dayanıb Vazgenin getdiyinə əmin oldu. Başını göyə qaldırıb Yaradana təşəkkür etdi, sonra əyilib torpaqdan öpdü… Artıq yola düzəlməliydi… Burada dayanmaq hər an təhlükə yarada bilərdi. Yolu əlinə alıb yaddaşını işə saldı… Öz kəndlərinə üz tutdu… Maraqlısı budur ki, neçə illər keçməsinə baxmayaraq, düşməndən alınıb abadlaşan kəndi Qafur gözüyumlu tanıdı. Vətənə, torpağa, el-obaya bağlılıq, yaxınlarını görmək həvəsi ona sanki yolun istiqamətini göstərirdi… Yolu irəllədikcə maraqla baxan Qafurun diqqətini kir-pasın içində, üst başı nimdaş, gözündə illərin kədəri yatan bir qadınla rastlaşdı. Qadın ondan gözünü qaçırıb qəm yükünə bürünüb tez uzaqlaşdı… Dünən anlamışdı ki, o Qəmər imiş … Onun al yanaqlı Qəməri… Talenin məngənəsində slxılıb məhv olmuş, illərlə onun yolunu gözləyən Qəmər… Qafurun gözündən axan yaş yanağını islatmağa başladı… Əslində Qəmərin fədakarlığına aglaylrdı. Bir Azərbaycan qadınının öz həyatını ,gəncliyini,gəlib gəlməyəcəyini bilmədiyi sevdiyinə verməsinə, onun yolunda dəfələrlə canına qəsd etməsinə ağlayırdı Qafur ..
Valideyinlərini də Qəmər kimi görəcəkdisə o zaman yaşaya biməyəcəyini anlayırdı. Amma hardan biləydi ki, onlar yola düşəndən təxminən bir saat sonra kənd mühasirəyə alınmış, atası qəhrəmancasına şəhid olmuşdu. Dayı, əmilərindən xəbər yox idi. Anası atasının, dayısının xəbərini eşıdib havalsmış, xəstəxanada keçinmişdi. Bir bacısı keçirdiyi sarsıntıdan ruhi xəstə olmuş, neçə illər ruhi dispanserdə yatmış, sonra canına qıymışdı, həyata qaytarmaq mümkün olmamışdı. Digər bacısı ailə qurmuş , övladı olmamışdı. Vərəmdən dünyasın dəyişmişdi. Evlərinin sonbeşik gülüysə, qatarın altında qalmışdı. Bir sözlə bir ailə məhv olmuşdu… Qafur bunları bilmir və bilməyəcəkdi də….
Get-gedə hava qaralırdı. Günəşin evə düşən son şüaları çəkilmək üzrə idi. Bayaq özündə bir az güc tapıb, durub oturaraq Məlahətin dadlı əriştəsindən bir boşqab doyunca yemişdi. Sanki yemək ona yeni nəfəs vermişdi. Durub yavaş-yavaş evin qapısına yaxınlaşdı. Qapını astaca açıb çölə çıxdı. Havanın xoş ətri burnuna doldu. Ağaclardan, otlardan gələn əvəzolunmaz ətir ruhuna hopdu… Artıq hər şey sona yaxınlaşırdı. Doğmalarını tapıb hallalaşmaq vaxtı idi. Nədənsə birdən yadına Valeh düşdü… Əsirlikdə işgəncələrə dözməyən Valehin son sözünü xatırladı. Biz buradan qayıtsaq da yaşaya bilməyəcəyik. Bizə verilən işgəncələr bizim bütün varlıgımızı məhv edib. Valehə deməyə heç bir cavab tapa bilməmişdi. Ovundurmağa söz yox idi. Özü hər şeyi yaxşı bilirdi. Bilirdi ki, bunların əlindən qaçmaq mümkünsüzdü. Amma yenə də ümid işığını son nəfəsi ilə yandırır, sönməyə qoymurdu. Bəlkələr yaşadırdı onu. Valeh gözəl, qəmli baxışlarını ona dikib durmuşdu… İlahi o baxışlarda nələr yatmırdı… Son ümid çırağı, nalə, fəryad, imdad, arzu, istək, yaşamaq eşqi, əzabdan qurtulmaq mücadiləsi… Çarəsizlik həyatda ən acı duyğudu. Qarşındakının imdad diləyən gözləri səni səndən alır, bir ömür boyu unuda bilmirsən gözlərdəki o mənanı… Sönük gözlərin içindəki, bəbəkdəki işartı həyatda qalmağın sonuncu damlası olur. Ha əlini üzatsan əlin çatmır, çata bilmir… Get-gedə o işartı azalır, uzaqlaşır, sönüklüyə qərq olub itib-batır… Və sən də acizcəsinə, boynubükük məhv olursan. Valehlə son görüşü belə olmuşdu… Heç unutmayacağı 5 dəqiqəlik ayrılıq ona əsrə bərabər olmuşdu…
Əsə-əsə həyətə düşdü. Birtəhər özünü topalayıb həyət qapısına doğru addımladı. İstədi qayıdıb Mehmandan halallıq alsın. Ancaq tez bu fikrindən vaz keçdi. Bildi ki Mehman onu getməyə qoymayacaq və o sonuncu şansını qaçırmış olacaq. Dünən qulağı çalmışdı ki, Qəmər kənd xəstəxanasındadı. Gedib ona baş çəkməli və vidalaşmalı idi. Həyət darvazasını örtüb küçəyə çıxdı. Hava qaralmağa dogru gedirdi. Təxmini xəstəxananın yerini bilirdi. Üz tutdu son nəfəs yerinə… Çətinliklə də olsa xəstəxananı tapdı. Gülərüz tibb bacından Qəməri xəbər aldı və palataya yaxınlaşdl. Ayaqlarını ürəyi idarə edirdi. Bu sənin son şansındı deyirdi. Qapını iki dəfə heysiz barmaqlarıyla döyüb, sakit, xəstə dilindən çıxan gəl sözündən sonra qapını açdı. Qəmər başı aşağı oturub özü-özünə mızıldanırdı. Mən onu gördüm , o bir gün gələcək, mənə niyə heç kim inanmaq istəmir, məni niyə dəli sanırlar axı? Bilirəm o gələcək..! Birdən başını yuxarı qaldırlb Qafuru gördü. Başını yenidən aşağı saldı. Bir neçə saniyəlik uzaqlara baxır kimi xəyala daldı. Sanki dəqiqlışdirmək istəyirdi. Gördüyünün yuxu, ya gerçək olduğunu… Birdən ayağa qalxıb qışqırmağa başladı… O qışqırmırdı, nalə çəkirdi… Səsi bütün kəndi götürmüşdü. Səsə gələnlər heç nə anlamır, maddım-maddım Qafura baxırdılar. Birdən ayağa qalxıb Qafurun üstünə yüyürən Qəmərdən hamı qorxdu. Elə bildilər ki, Qafura zədə yetirəcək… Əksinə baş verdi hər şey… Qafuru qucaqlayıb son nəfəsiylə Qafuru çox sevdiyini, onu gözləməyə həmişə hazır oldugunu qırıq-qırıq sözlərlə deməyə başladı. Mənim Qafurum, mən sənsiz heç kiməm! Yaxşı ki gəldin indi rahat ölə bilərəm. Qapının yanında Qafurun dalıyca dabanbasma gələn Mehman quruyub qalmışdı. Neçə gündü qonağının uşaqlıq dostu oldugunu biləmədiyi üçün özünü qınayırdı. Birdən Qəmərin nəfəsi kəsildi… Qafurun qollarında ruhsuz, cansız bir bədən uzanmışdı… Qafur üçün bu əsirlikdə yaşadıqlarından da dəhşətli idi… Ömrün bitdiyi gün…
Hər kəs yerindəcə donub qalmışdı… Qafur hər kəsə bir-bir baxıb sönük gözlərindəki son işartıyla hər kəslə vidalaşdı…
Və o gündən o kənddə bir xatirə bulağı tikildi . Qafur və Qəmərin əziz xatirəsinə tikilən bu bulaq həm də sevgi bulağı kimi tanındı…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir