LEYLA YAŞAR – “DAŞ ADAM”

LEYLA YAŞARIN YAZILARI

“DAŞ ADAM”
Nəfəsini bir az dərib, yoluna yenidən davam etdi. Deyilən yerə az qalmışdı. Hava qaralmağa doğru getsə də, batmaq istəməyən günəş, üz – gözünü “turşudub” dayanmışdı.
Küçədəki səssizlik, onun ayaqqabılarının taqqıltısını yad qonaq kimi qəbul edirdi.
Xəzəllər ayağının altında xışıldadıqca ona ləzzət edir, addımlarını yeyinlədirdi.
O bu gün o müqəddəs yeri gedib görməliydi. Dildən dilə dolaşan “daş adam” əfsanəsinin haradan qaynaqlandığını heç kim bilmirdi.
Soraqlaşıb öyrənmişdi. Həqiqətən də belə bir yer vardı.
– Həqiqətənmi adam daşdan imiş? – deyə özünə sual verdi.
Bu yaxınlarda onlara uzaq rayondan qonaq gələn əsgər yoldaşı Mətləb, onun hərdən cızma – qara etdiyini bilirdi.
“Daş adam” dan söhbət düşəndə, bu haqda onların kəndində çox məlumatlı olduqlarını deyib, özünün gəlib öyrənməsini tövsİyə etmişdi.
Avtobusdan Mətləbgilin kəndinin girəcəyində düşüb, Mətləbin dediyi istiqamətə gedirdi.
Mətləbə zəng vurmaq üçün dayandı. Bir az nəfəsini dərdi.
– Yaxınlıqda su olsa idi, əl – üzümü yuyardım – deyib özü-özünə pıçıldadı.
Mətləbə zəng vurub evin yerini soruşdu. Sən demə qonaq çağrıldığı evin yaxınlığında imiş.
Mətləb ona gələrkən rastına çıxan bulaqda əl – üzünü yumağı məsləhət gördü.
Aha, budur, uzaqdan qaraltı görünür. Bir az da getsə bulağa çatacaq, ordan Mətləbə yenidən zəng vuracaqdı.
Bulağa çatıb, çantasını yerə qoydu. Dördgözlə bulağa tamaşa etməyə başladı.
Divara yan – yana bir – birindən yaraşıqlı dörd cəngavərin şəkili vurulmuşdu. Bir – birinə bənzəyən igidlərin rəsmləri sanki canlı idi. Heyrət dolu baxışlarla oğlanlara baxan Rəşadın gözü onlarla üzbəüzdə dizləri üstündə, əlləri göyə dogru uzanmış, dağınıq saçlı qadın heykəlinə sataşdı.
Rəşad burda çox dayana bilmədi. Əl – üzünə su vurmağı da unutdu. Dostuna zəng vurub, onu qarşılamağı xahiş etdi.
Artıq dostugildəydi.
Gəlişinin şərəfinə qoyun kəsmişdilər. Burdan ora stol açıb, üstünü naz- nemətlə doldurmuşdular. Mətləbin sevincinin həddi – hüdudu yox idi. Əsgər yoldaşının gəlişinə həm sevinir, həm də fərəhlənirdi.
Onun gəlişini eşidib, görməyə gələnlərin sayı getdikcə artırdı. Rəşad insanların səmimiliyinə, mehribançılığına heyran qalmaya bilmirdi.
Kəndin ağsaqqallarından olan Fateh kişi onu bağrına basıb, alnından öpdü.
– Oğlum, biz sizlərlə fəxr edirik.
Mətləb ona göz vurdu:
– Babayla mehriban ol, bəlkə “daş adam” haqqında bir məlumat ala bildin.
“Daş adam” haqqında əsər yazmaq niyyətində idi.
Bu cavan oğlan yaradıcılığa yeni – yeni addımlarını qoyurdu.
Ona görə çalışırdı ki, öz dəsti – xətti ilə digərlərindən seçilsin.
Qonaqlıq gecə yarısına kimi davam etdi. Çöldəki havanın sızaqlığını, evdə gurhagurla yanan odun peçi sındırmağa çalışırdı. Hamı peçin qırağında dövrə vurub, maraq dolu baxışlarla Fateh babaya baxırdılar.
Fateh kişi yastığa dirsəklənib, dərindən bir ah çəkib danışmağa başladı.
– Oglum, yenə də xoş gəlmisən. Mətləb mənə danışıb,sənin istedadın barədə. Çalışacağam sənə kömək edim.
Dərindən nəfəs alıb, gözlərini uzaqlara dikən Fateh babanın,
bu haqda danışmaqda çətinlik çəkdiyi açıq – aydın hiss olunurdu.
– Bizim kəndin çox sakit, səmimi, mehriban insanları var. Hər kəs bir-birinə əl tutar, həm yaxşı, həm dar günündə yanında olarlar.
1992- ci il idi. Bildiyin kimi dədə – baba torpaqlarımıza göz dikən mənfur qonşularımız, müharibəyə başlamışdı.
Vətənimizin hər yerindən olduğu kimi bizim kənddən də cavanların çoxu könüllü orduya yazılıb, Vətəni qorumaga getmişdilər.
Bir ailə vardı qonşuluqda.
Çox sakit, mədəni ailə idi. Öz halal zəhmətləri ilə uşaqlarını böyüdürdülər. Ailənin 4 oğlu vardı. Allah onları 10 il sonra vermişdi. Möcüzə idi. Bir – birindən yaraşıqlı bu igidlər, müharibə başlayar-başlamaz könüllü cəbhəyə yollandılar.
Ata uşaqlar gedən günü ürək tutmasından keçindi. Yazıq ana nələr çəkdi, bir Allah bilir.
Günlərlə övladlarından xəbər tuta bilməyən ana, təklikdə darıxıb xısın – xısın ağlasa da, insanlar arasında özünü tox tutur, ümüdlə uşaqların qayıdacağı günü gözləyirdi .
Fateh kişi bir az ara verib, bir qurtum isti çaydan agzına alıb, armudu stəkanı nəlbəkisinə qoydu.
– Bizim samovar çayının dadı – tamı bir başqadı, əsas da, içində limon, yanında qənd olanda-deyib gözünü yenə uzaqlara dikdi. Sanki nəyisə xatırlamağa qorxur, danışmağa çəkinirdi.
-Hə, beləcə günlər keçib gedirdi. Cəbhədən ağır xəbərlər gəlirdi. Fatma arvad hər gün qapının ağzına çıxıb, əli qoynunda övladlarını gözləyirdi.
– Bir gün kəndə xəbər yayıldı. Elsəvər şəhid olmuşdu. Nəşini gətirəcəkdilər.
– Həmin gün Fatma arvadı bir görsəydiniz. O acını yaşayan bilər. Allah düşmənimə də övlad acısı göstərməsin.
Fatma arvad qol götürüb oynadı. Hamı dəli oldugunu düşündü . Yox, yox, dəli olmamışdı.
– Bəs niyə?
– Deyəcəm.
Elsəvərin 7- si çıxmamış Ehtiramın şəhid olma xəbəri gəldi. Onu da gətirəndə Fatma arvad qol götürüb oynadı.
Çox ağır mənzərə idi.
İki oğlunun cənazəsinə girən qəhrəman ana, onları yoldaşının yanında dəfn etdirdi.
Oğlanların 4-ünün də cəbhədə düşmənə qarşı qəhrəmanlıqla döyüşdüyünü, neçə – neçə iti gəbərtdiyini bütün el-oba bilirdi. Fəxr ediləsi oğullar idi.
Qalan iki oglundan; Etibar və Ehtimaddan xəbər yox idi.
Günlər keçdikcə Fatma arvadın beli bükülür, saçları agarırdı.
Artıq atəşkəs elan olunmuşdu. Uşaqlardan heç bir xəbər ala bilməyən ana, bir gün onları yuxuda gördüyünü bütün qohum – qonşuya sevinə – sevinə danışdı.
Yuxusunda oğlanlarının sağ olduğunu, əsirlikdə olduqlarını görmüşdü.
Həqiqətən də uşaqlar əsir düşüblərmiş.
Ana çox qürurlu, mətin qadın idi.
Bir dəfə ona niyə oğlanlarını gətirəndə oynadın, deyə sual verdilər.
Cavabı bilirsiniz nə oldu?
– Nə? – hər tərəfdən səs qalxdı.
– Şəhid anası olduğum üçün oynadım .
Sonralar Etibarın əsirlikdən ölüm xəbəri gəldi.
Ehtimaddan heç bir xəbər olmadı.
Ana yenə də səbrlə, inamla həyata davam edir, sonbeşik oğlunun qayıdacağı günü gözləyirdi.
Bir gün ananın oğlanlarının adına bulaq tikiləsi oldu.
Ana 4 oglunun şəklini də orda görmək istədiyini dedi.
Bir oglunun sağ oldugunu bilə – bilə onu şəhid sayan ananın xətrinə heç kim dəymədi.
– Gələndə gördüyün bulaq həmən bulaqdı, bala.
Hər gün bulağın yanına gedən ana, orda əllərini göyə açıb, öz -özünə nəsə danışırmış.
Əlləri göydə, dizləri yerdə elə ordaca gözlərini bu dünyaya əbədi yummuşdu. Orda gördüyün həmən qadın heykəli həmən ananın şərəfinə ucaldılıb.
İllər keçdi Ehtimad əsirlikdən qaça bildi.
Hamı təəccüblə Fateh kişiyə baxdı:
– Nəəəə?
-Hə, demişdim sizə xoş xəbərim var.
Əsirlikdən qaçan Ehtimad kəndə qayıtmağa utanıb Rusiyaya üz tutur, orda ailə qurur.
Hal-hazırda bir oğlu var.
Adı Elsevərdi.
– Ay Fateh baba, bizə bu haqda niyə deməmisən?
Mətləb incik halda ağzını büzdü.
– Oglum, dedim dostuna danışım, əsərinə yazsın.
– Hələ bu harasıdı, Elsevər bu gün sizlərin arasındadı.
– Harada, harada?
– Oglum, bura gəl.
Hündür gülərüz oğlan otağa gəldi. Hamı heyranlıqla, həm də təəccüblə gah cavan oğlana, gah da Fateh babaya baxırdı.
– Ehtimad mənim oğlumla eyni şəhərdə yaşayır.
Ehtimad orda vətənpərvər bir insan kimi tanınır. Əsirlikdə çox əziyyətlər çəkib .
Oğlumla təsadüfən görüşüblər. Bir azərbaycanlı ailəni yanğından xilas edibmiş.
Oğlum da bu qəhrəmanlığı Ehtimadın etdiyini öyrənib, tapıb onunla görüşüb. Sonra da bunları mənə danışdı. Mən də Ehtimadı kəndə dəvət etdim. Sağ olsun, Elsevəri göndərib .
Bir – bir hamıyla görüşən Elsevər, Fateh babanın yanında oturdu .
Fateh baba üzünü Rəşada tutub:
– Oglum bax, mükəmməl bir əsər yaz.
– Hə, yadımdan çıxmışdı, “daş adam” bilirsən kimdi?
– Kim?
– Həmin o ana. 4 oğlunu Vətənə qurban edən ana .
Allahın verdiyi o boyda dərdə mərdliklə dözən, oğlanlarının şəkli önündə daşa dönən ana. O gündən o bulağın adı “Daş adam” olaraq qalıb.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir