ZAUR USTAC – MÜQƏDDƏSLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. Bakı.

ATALAR
Atalar Yer üzündə Allahın kölgəsidir,
Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…

* * *
İstəyirəm gorəsən, mümkün deyil danışmaq,
Belə olur atanın ətəyindən yapışmaq…

* * *
Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq,
Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…
13.06.2021. Bakı.

İLQAR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

VƏTƏN DAŞI
“Yaşıl”ına yaşıl qatan,
Dizi yaşıl oğullar var!
“Göy”ün açıq olsun deyə,
Göydən buludu qovdular!
* * *
“Qırmızı”na qanın qatan,
Gözü yaşlı analar var!
Sən beləcə şax dur deyə,
Qəddini əydi atalar!
* * *
Haqqın yoxdur; nə solmağa,
Əyilməyə Vətən daşı!
Vətənimin sözüsən sən,
Yadelliyə Vətən daşı!
29.06.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.