ÜLKƏR NİCATLI – MƏKTUB

ÜLKƏR NİCATLININ YAZILARI

BİR MİSRA DƏNİZ
Bir misra dənizdir mənim ürəyim,
Ömrüm bu dənizdə tənha bir qayıq.
Oxu ləpirləri sahil boyunca,
Bir mənəm,bir sənsən,bir də ayrılıq.
* * *
Bir misra dənizdir mənim ürəyim,
Suları isladıb alın yazımı.
Allah,yarıtmadı bu ümid məni,
İndi qoy ayrılıq çəksin nazımı.
* * *
Bir misra dənizdir mənim ürəyim,
Bəxtim,bu sahildə bir şəklini çək.
Qağayı səsinə səp öz səsini,
Bütün ayrılıqlar uçub gedəcək.
* * *
Bir misra dənizdir mənim ürəyim,
Allah,bu dənizdə xoşdur bogulmaq.
Ayrı bir ləzzətdir,ayrı bir daddır,
Hər gün ölüb getmək,hər gün doğulmaq.

MƏKTUB
Allah,sənə yazdığım bu məktubu,
Hansı mələk yolda salıb görəsən?
Özün söylə indi harda durum ki,
Bircə dəfə əhvalımı görəsən?
* * *
Üz gözündə son ümidin ahı var,
Yanağımda yarpaqlayan payızın.
Bir mələyin dodağından yıxılan,
O təbəssüm könlün açmaz bu qızın.
* * *
Bu unutqan adamların içində,
Mən ki,səni unutmadım,ilahi.
Bəxt yazdığın o dəftərin içindən,
İtkin düşüb mənim adım,ilahi.
* * *
Bəyaz-bəyaz varaqlarla bu axşam,
Qurban olum,yenə səndən danışdım.
Şair qəlbi ərköyündür,bilirsən
Bağışla ki,işlərinə qarışdım.

SEVDALI ÜRƏK
Ulduzlar sönən kimi,
Sözlər həmən sayrışır.
Arzudan,həm şeirdən,
Həm sevgidən danışır.
* * *
Çağırır,aparır yol,
Yarır zülmət gecəni.
Tənhalıq bürüyübdü,
O yaşayan küçəni.
* * *
Sanki tanış deyilik,
Dünən ayrılsaq da biz.
İlk görüşdə olan tək,
Titrəyir hey səsimiz.
* * *
Sozalıbdı həniri,
Sevirəm sözünün də.
Buz nəfəsli ayrılıq
Dayanıb söz önündə.
* * *
Qızıl günəş eşq ilə,
Yer üzünü öpən tək.
Bax beləcə öpüşür,
İki sevdalı ürək.

KƏLBƏCƏR
Yolları bürüyüb vüsal qoxusu,
Gəldim görüşünə,salam,Kəlbəcər.
Sinəmdə misralar coşub çağlayır,
Bəs niyə bu qədər lalam,Kəlbəcər?!
* * *
Ötən xatirələr necə də sərin,
Arzumu,şövqümü yollara sərin.
Zəfər ətirlidir gələn səhərin,
Bu payız yenilməz qalam,Kəlbəcər.
* * *
Dağlara baxıram alışır könül,
Torpaqla,ağacla danışır könül.
Neçə dərə keçib,dağ aşır könül,
Bulaqların şirin laylam,Kəlbəcər.
* * *
Əhsən, ər oğluna, ərən oğluna
Basdın qədəmini zəfər yoluna.
Bu payız qoy bir az girim qoluna,
Sirdaşım, qardaşım,balam,Kəlbəcər!

HƏR GECƏ
Sənsiz çətin ömrüm sevgi qoxuya,
Könlüm əsir düşüb bu lal qorxuya.
Həsrətin bir misra verib yuxuya,
Hər gecə gələrəm yuxularına.
* * *
Qurudub gözümün yağışlarını,
Ovudub alnımın qırışlarını.
Söküb ayrılığın naxışlarını,
Hər gecə gələrəm yuxularına.
* * *
Bir ovuc ümidi səpib ağrıma,
Könlümə deyrəm:-daha ağrıma.
Sənli arzuları basıb bağrıma,
Hər gecə gələrəm yuxularına.
* * *
Ovcunda saxlayıb göy ahlarımı,
Bir gün qurudacaq gün ahlarımı.
Yollara döşəyib günahlarımı,
Hər gecə gələrəm yuxularına.

GÜNAH NAĞILI
Gözlərinin gözlərimə yazdığı,
O məktubun gözlərindən gen düşək.
Duyğuların əlifbası gizlidir,
Gəl bu gizli əlifbada görüşək.
* * *
Al ovcuna əllərimi şeirtək,
Xatirələr heca-heca oxunsun.
Sevgi-sevgi çiçəkləyən dodaqlar,
Bir meh kimi yanağıma toxunsun.
* * *
Əl eyləyək ötüb gedən anlara,
Çıxarmasın bu sevgini yadından.
Bircə misra məktub yazaq Allaha,
Bu bir anlıq xoşbəxtliyin adından.
* * *
Günahına qurban olum ay Allah,
Bu günahım oğurlayıb ağılı.
Bələnibdir taleyimin ətrinə,
Sevgi dolu bu günahın nağılı.

Müəllif: Ülkər NİCATLI

ÜLKƏR NİCATLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir