Vaxtın çölündə qəza – Kənan Hacı

KƏNAN HACININ YAZILARI

Qapını açıb dəhlizə keçdi. Gözü divar saatına sataşdı. Bir anlıq fikirləşdi ki, görən, zaman dayanıb ya saat yorulub yatıb? Bu evdə vaxtın ayağından sanki daş asılmışdı; günlər ağır keçirdi. Qapıdan içəri keçən kimi sanki sükut tunelinə girirdi, tunel də uzandıqca uzanırdı. Bir Allah bəndəsi rəhmə gəlib qapının zəngini basmırdı. Qocadan savayı. Heç cür hekayəmizin qəhrəmanına çevrilə bilməyən bu qoca haqqında bir azdan danışacam. Azca səbrli olun.

Mobil telefonu da gün boyu bağlı olurdu. Telefon zəngləri nədənsə onu diksindirirdi, səbəbsiz yerə həyəcanlanırdı. Baş verməmiş və çox güman ki, heç vaxt baş verməyəcək şeylərə görə aramsız narahatlıq hissi keçirirdi. Onu qarabaqara izləyən təlaş hissi dincliyini əlindən almışdı.

Psixoloq yanına getdi, doktor onu diqqətlə dinlədikdən sonra belə dedi:

– Sizi özünüzdən başqa heç kəs xilas edə bilməz. Dərman yaza bilərəm, amma dərmanlar aldadıcıdır. Siz xəstə deyilsiniz, dostum. Dərmanı xəstəyə yazırlar. Sadəcə, beyninizdə bir az səliqə-sahman yaratmalısınız.

Bu sözlər ona qəribə göründü. Necə yəni beyində səliqə-sahman yaratmalısan?

– Doktor, bunu necə edə bilərəm? – deyə soruşdu.

Psixiatr gülümsədi:

– Çox sadə. Bütün pis düşüncələri beyninizdən silib atırsınız. Keçmiş haqda düşünməyi özünüzə qadağan edirsiniz. Nəfəs gimnastikası ilə mütləq məşğul olun, yəni nəfəs alıb-verməni tənzimləyin. Səhərlər qaçın, qida rejiminizi qaydasına salın, tez yatıb erkən oyanın. Zərrəli vərdişləri bir kənara qoymalısınız. Bu da sizə pulsuz müalicə.

Pəncərə qırağında dayanıb küçəni seyr edir. Təkəm-seyrək maşınlar gözə dəyir. Bulvar adda-budda dirəklərə asılmış fanarların işığında uzanıb gedir. Evdə tək olsa da darıxmır. Neçə vaxtdır qoca haqqında hekayə yazmaq istəyir, lakin heç cür fikirlərini bir yerə toplaya bilmir.

Çevrilib yatmış saata baxdı. Bu inamsızlıq əsrində yalnız vaxta inanmaq olardı. Vaxt insanı heç vaxt aldatmır. Bu evdə isə saat öz vəzifəsini unutmuşdu. O, özünü bu evdə zamanın soyuducusunda hiss edirdi. Donmuş vaxt onu da həyatdan geri qoymuşdu. Lakin vaxt onun sinəsində, ürəyinin döyüntülərində əks-səda verirdi.

Qoca görünmürdü. Həmişə bu vaxtlar nərdtaxta qoltuğunda qapının zəngini oyadırdı. Onun gəlişilə sükut pərən-pərən düşürdü. Ev yiyəsi siqaret çəkməsə də qocanın külqabısı həmişə masanın üstündə olurdu. Ağlına gəlməzdi ki, qocadan hekayə yazmaq bu qədər çətin olacaq.

Qoca da qəribə tip idi. Hərdən oyunun qızğın vaxtında zərləri ovcunda oynada-oynada gözlərini qıyıb sağa-sola boylanaraq pıçıltıyla anlaşılmaz sözlər deyirdi. Sanki kənardan kiminsə onun dediklərini eşidəcəyindən ehtiyat edirdi.

– Sən heç quyruqlu ulduz görmüsən?

Bu hardan çıxdı? Ev yiyəsi duruxdu.

– Yoox, nədi ki?

– Onu görmək adama ancaq bir dəfə nəsib olur. Xoşbəxtlik də quyruqlu ulduz kimidir, insanın həyatında ancaq bir dəfə gözə görünür.

Qocanın atdığı zər şeş-qoşa düşdü.

– Bəxtin gətirdi, qonşu, – ev yiyəsi əlini oyundan üzdü.

Qoca dünyada bütün işlərini görüb qurtarmış adam kimi dərindən köks ötürdü və kürəyini stula söykədi. Ev yiyəsi fikirləşdi ki, görəsən, qoca özü quyruqlu ulduzu görüb? Qonşusu onun sualını gözlərindən oxudu.

– Həri, görmüşəm. Onda mənim beş-altı yaşım olardı. Bacım evə qaçıb anamı çağırdı ki, ay mama, tez gəl, göydə quyruqlu ulduz gördüm. Anam da, mən də tələsik dama dırmaşdıq. Göyün üzündə əcaib bir ulduz parlayırdı. Onda mən ulduzun nə olduğunu bilmirdim. Anam heyrətlə göyə baxıb dedi:

– Bir gör necə quyruğu var? Oğlum, sən də onu görürsən?

– Hə, görürəm, – dedim.

Quyruqlu ulduzu görənlər çox yaşayır, deyirlər. Amma nolsun, çox yaşamaq da bir şey deyil e. Budey, bu da mənim axırım.

Qoca dişsiz ağzını marçıldadıb doluxsundu. Gözlərində sanki quyruqlu ulduz parlayıb tez də söndü.

Qocanı yola salandan sonra pəncərədən çölə, yağan qara baxmaq həvəsi də canından çəkildi. Hekayəni hardan, necə başlamağı bilmirdi, bu da onun rahatlığını əlindən alırdı. Yazmaq – özünü depressiyadan bu yolla çıxarmağa çalışırdı. Tərslikdən, qoca hekayəyə yaxın düşmürdü.

Yerinə uzandı, yuxusu ərşə çəkilmişdi. Maşın təkərlərinin tükürpədici xırçıltısına və küt tappıltı səsinə yerindən dik atıldı. Küçədə kimisə maşın vurmuşdu. Həmişə yağış, qar yağanda bu küçədə maşın qəzası baş verirdi. Yəqin yenə kimlərsə bədbəxt oldu.

Bayaqdan kimsəsiz görünən küçədə qəfil hardansa peyda olan adamlar qarışqa kimi qaynaşırdı. Ona elə gəldi ki, yerdə uzanan bədənsiz kölgədir. Yuxarıdan bu qaraltı qətiyyən adama oxşamırdı. Gözlərini yumub dodaqaltı mızıldandı:

– Yazıq…

Qar dənəcikləri “kölgə”nin üstünə düşürdü. Çevrilib masanın üstünə qoyduğu ağ vərəqləri xışmaladı, cırıb tikə-tikə etdi. Kağız qırıntıları ağ göyərçin təki göydən yerə enirdi. Fənərlərin işığında bir dəstə qara qarğa yerə yapışmış “kölgə”nin başı üstündə fır-fır fırlanırdı. Gecənin heç bir rəngə bənzəməyən boyası bütün cizgiləri örtməyə çalışırdı. “Kölgə” hələ də yerində bozara-bozara qalmışdı.

Gözü yenə saata sataşdı. Saat işləyirdi. Mat-məəttəl qaldı.

Qapının zəngi özünü yeyib-tökürdü. Özünü dəhlizə atdı. Mühafizəçi oğlan rəngi ağarmış halda dilləndi:

– Əmi, qocanı maşın vurdu. Siqaret almağa çıxıbmış. Yolu keçəndə…

Heç bilmədi ki, ağzından bu sözlər nə vaxt çıxdı:

– Sən heç ömründə quyruqlu ulduz görmüsən?..

15 fevral, 2022-ci il.

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir