شوکرانلیق سلام اولسون سه نه ای گؤزه ل اینسان؛ مین شوکور حاققاکی؛حاققا چاتمیسان. حه له گؤرونمه ییب؛اولسون بئله حال؛ بیر کیتاب اوخویان گؤره قئیل وقال. بوتون عورفان اهلی بو رای ده یئک دیل؛ کیتاب سایه سینده؛زه ن گین له شیر دیل. شوکور یارالدانا قیلیبدیر ایمکان؛ بئله بیر گؤروشو ائدیپ آرماغان. هر یئنی فورصه تی مه نه وئره ن ده؛ ایلکین شوکرو ثنابیتیر دیلیمده. لینده ن توتدوغون بیر ییغین کاغیذ؛ کیتاب اولاجاقدیر دیندیکجه آغیز. قوتلو یارانیشین اشرفی اینسان؛ عالی اولدوغونو خاطیرلا هر آن. آند گه ل دی قه له مه؛قه له م توتانا؛ قه فیل له ر اویانا بلکه اوتانا. وخوماق اؤیره تدی ؛یازماق اؤیره تدی؛ قوروجا تاختادان بیر دیل اوره تدی. کاغیذی موقه دده س بیلمیشیک هر واخت. اوستونده جانلی سؤزیاشاییر حیات. شوکور بو نعمه ته شوکورقیسمه ته. ایسده ره م بوپایدان هامییا یئته. شوکوریارالدانا نئچه کی ساغام؛ اونون ساراییندا سیزه قوناغام. مه ن یازیم بولاقلارسوزولسون گؤله؛ میرواری کلمه له ر دوزولسون دیله. مین شوکورحاققا کی دیل وئریب بیزه؛ سیزین له گؤروشه یول وئریب بیزه…
MƏŞƏQQƏT Yenə çalardan qabaq Açıram gözlərimi… Aman Allah, hardayam? – Qucuram dizlərimi… * * * Elə həmən yerdəyəm; – “Göyün yeddi qatı”dı, Hələlik “Koroğlu”yam, Atım, onun atıdı… * * * Özüm də “Çənlibel”də Duman, çənə düşmüşəm, Səhərədək yuxuda Bişirmişəm, bişmişəm… * * * Elə həmən qatdayam; Öz evim, öz otağım, Simurq kimi dözümlü, Qu qanadlı yatağım… * * * Alt qonşunun ah-vayı, Üstdəkinin cır-cırı… Sərçələrin cik-ciki, Xoruzların dır-dırı… * * * Bir yandan qaratoyuq, Bir yandan da pişiklər… Oxur sevgi nəğməsi, – Utanmazlar, düşüklər… * * * “Əldəndışqarı” sözü Nəsə düşür yadıma… Sonra nöqsanlarımı Yükləyirəm adıma. * * *
Təxəllüsə sığınıb, Birtəhər oyanıram… Hələ alaqaranlıq, – Bir xeyli dayanıram… * * * Qəfil saat zəng çalır, Sonra oxunur azan… Həyətdə süd satanlar Dınqıldadırlar qazan… * * * Qopur dizimin bağı; – Xəyalda iydə qoxur… Hamı əvvəlki kimi, Sevgi nəğməsin oxur… * * * Ah-vay, cır-cır dayanır, Susur qaratoyuqlar… Xoruzun dır-dırına Cavab vermir toyuqlar… * * * Kəsilir bütün səslər, Xəyalda iydə qoxur… Pişiklərsə, aramsız, Sevgi nəğməsin oxur… 22.09.2020. Bakı.
POETİK GECƏLƏRİN İŞIĞI Gecə. İnsan. Və Ay. İnsan tənhalığı, özünə hesabatı, sabahın xəyallar məkanı. Gecələr. Sən və səni tək buraxmayan, həmdəm Ay. Gecələr… Belə gözəllik qarşısında ancaq onu duyanlar dayana bilər. Qazi – şair Rəfail Tağızadə özü də, sözü də ülvi duyğularla dolu işıq selində çimir gecələr – dənizdə Ay çimən kimi. Şair gecələr işıqlı hiss və həyəcanını həzin və kövrək misralara çevirib sözsevərləri aydınlıqlara səsləyir. O, sözlə müalicə edən loğmandı, hətta göylərin dərdini də bilir: “şimşək göy üzünün kardioqramını çıxarır” qaranlığın qucağında: Göy üzü infarkt keçirib bu gecə, ağrıya-ağrıya pəncərəmi yuyur göz yaşlarıyla. Dünya laqeydlik buzunda üşüyürsə, bir şəfqətli nəfəsə möhtacdır. Gəl, yaxın dur, isidəcək, gecəni nəfəsimiz… Ay gecələr sevənlərin əhd-peymanının şahididir, saxta sevgiləri görəndə buludlardan üzünə rübənd çəkir, bəşəri zülmətə qərq edir, saf sevgilərin yolunu işıqlandırır. Günəşin kiçik bacısıdı Ay, gecənin – sevgilisi. Rəfail müəllimin Ayı şairanədi: Gecənin qaranlığı kölgən kimi sərinlik səpmək istədi od tutan bədənimə. Gecədə Ay da yox, baxıb oxşadım sənə… …Bu gecə qonaq Ay yox mənimlə söhbətləşə, bu lal-dinməz gecədə dərdlərimiz dərdləşə. Rəfail Tağızadənin payız ovqatı təbiətin özü kimi səmimidir, payızla gecələrin ülfətinin lirik tərənnümü bütün yaradıcılığının leytmotividir. Onun şeirlərindəki payız və gecə bir-birinə çox oxşayan iki kövrək sevgilidi, – hər ikisi duyğuludu, səxavətlidi, həsrətə, nisgilə bələnən körpə kimi kövrəkdi, hətta məğrur Qız qalası da: Bu payız gecəsində ağaclar sərxoş… …Dəniz şampan köpüklü, dalğalar vals gedir, gəmilər ləngər vurur. Bakının əlində gecəyə növbə çəkən Qız qalası dolu badə. Şairin bütün şeirlərində, poemalarında, publisistik yazılarında lirik ovqat dominantlıq edir, istər saf sevgini, istər Vətən, torpaq həsrətini, istərsə də onun söz kəhkəşanının əbədi və ədəbi “qəhrəman”ı qara zülflü, qara gözlü gecələri tərənnüm etsin. Bəsirət gözü həmişə açıq insan üçün işığın, yaxud qaranlığın fərqi yox, onlar həmişə görürlər. Rəfail müəllim, qaranlıqda işıq axtarır, tapır, onu poeziyaya çevirib bizə göndərir. O, həm də qazi – Vətən, torpaq, haqq-ədalət uğrunda döyüşən zabitdi (“qılıncla qələmi əldə tutmaq hər kəsə qismət olmur” – dünya şöhrətli professor Rafiq Əliyev), işıqla zülmətin əbədi savaşında işığın tərəfindədi: Eyvana çıxarsan tələm-tələsik: budur həmin səma, həmin göy üzü. Səni ulduz görər, Ay salamlayar bir ayrı baxışda, bir ayrı gözdə. Pəncərə önündən bir cüt göz baxar, o qəmli gözlərdən bir cüt yaş axar, evlərə bir həsrət daşıyar gecə, yenə öz ömrünü yaşayar gecə… Şairin həsrətində də, qəmli gözlərində də işıq gördüm. Belə olmasaydı gecə öz ömrünü yaşamazdı… Axı “şeir şairin daxili monoloqudur, yəni iç səsidir” (Adil Mirseyid). Şairin iç səslərindəki dörd mövzu bütün yaradıcılığı boyu daha prioritet, daha bəşəridi – Qarabağ, payız, gecə və dəniz. “Qərib şəhərdəki gecə” daha çox həsrətlidi, nisgillidi, “yad otaqlar, boz divarlar, günün boşluğunu çıxarır üzə”, doğma gecələrin nisgili isə doğmadı, işıqlıdı, sevgiylə, lirik pıçıltılarlarla ləbələb doludu, Vətən, yurd yerlərinin həsrətindəki ümid, inam şirindi. Qərib gecələrdə Gecədə darıxan bir qərib kimi qaçmaq istəyirsən özün-özündən, bir özgə otaqdan, özgə gecədən… “Gecələrin müqəddəs günahı”nı özü çəkən Rəfail müəllim “gecənin sevgi nəğməsini qızaran şəfəq dilində” zümzümə edir, qəlbləri coşduran ecazkar nəğmənin notlarını yerə göz qırpan ulduzlar, sinəsi dağlı Sarı Aydan süzülüb gələn işıq zolaqları ilə bizə göndərir – “gecənin yuxusunu qaçıran yağışın həzin-həzin, yumşaq dənələriylə”, şimşəyin işıq diliylə, ildırım hayqırtısıyla. Şair bir yağış tablosu yaradır sözlərin rəngiylə: Bu gecə qəriblərin yığıldığı otelin ən qəribiyəm… … səsini içinə almış otaqda çırpınır ürək, darıxan qapımı döyür musiqili külək, ovqatım dəyişir könlümün səsində, Şopenin həzin musiqisində. Çevirib üzünü, çevirib göyə ağacın torpaqdan küsən vaxtıdı, uzun gecələrdə tutub əl-ələ ulduzların yallı gedən vaxtıdı. Şimşək qapımı döyür sən gizlən içərimdə, içimə bir işıq sal, nur saçsın içərim də. Hər misra, hər bənd rəssamlara ideya, mövzu verəcək qədər mükəmməl söz etüdüdü, insanın içini və çölünü qaranlıqda da nura bələyir. Sözü ağırsanballı professor Cahangir Məmmədli Rəfail Tağızadə poeziyasını ustad meyarı ilə dəyərləndirir: “təbiət atributları – gecə də, gündüz də, ağaclar da, qar, yağış, tutqun hava – bunların hamısı şairin baxış bucağında, yaşadığımız dərdlərin ifadəsində bədii detallara çevrilir”. Gecənin ilıq nəfəsində, “ağaclar, binalar mürgüləyəndə, yollar, pilləkənlər növbətçi fanar işığında dincələndə” dəniz şirin yuxu görmüş körpə kimi dodaqaltı qımışanda: Tək bizim pəncərə evlərə növbə çəkir. Necə gözəl mənzərə: tək otağın işığı, qaranlıq sakit gecə… Saatsa öz öz işində… Əsrarəngiz və duyğulu gecə mənzərəsi. Həm də gecə serenadası… İnanmıram ki, Rəfail müəllim gecələr tənhadı. Ulduzlar, Ay, ilham pərisi, siyah hörüklü gecələri nurlandıran xəyallar onu heç vaxt tənha qoymaz. Ancaq nə səbəbdənsə bir ilahi gecədə şair tənha qalıb. Təkliyə dözməyib “sonuncu qatara pənah gətirir”. Uman yerdən küsərlər, tez gecə həmdəmlərini – ulduzları, Ayı, ilham pərisini, romantik xəyallarını haraylyır ki, tez gəlin, “məni öz qoynuna alıb itirir, bitirir bu gecə, məni bitirir, tənhalıq içində, təklik içində, vaqonla dolu adam içində darıxan” şair “uzun, incə bir yol” gedir, Aşıq Veysəl kimi: Ayı mürgüləyən, qaranlıq bitməyən bu zülmət gecədə, dəmir qollar arasında yırğalanıb gedirəm. Qatar onu “gecə xəyalları”nın qanadında uzaqlara aparır – poetik düşüncələr sehrinə. Sözdən lirik və poetik lövhələr yaratmağı ona heç vaxt xəyanət etməyəcək ürəyinə, təxəyyülünə, qələminə güvənənlər bacarar, həmin lövhənin işığı xəyalları, sözü ilə zülməti dəlib keçənləri tənhalıqdan qurtarar. Baxın, üç bənddə neçə gecə etüdü var? Göy üzü aram-aram ulduzları qoparır. Qolun boynuna salıb bulud Ayı aparır. Yenə dartaraq qaşını, əyib buludlu başını, tökür gözünün yaşını, bu gecə yaman ağlayır. Ay da yox, kiridə onu, dar olur sükutun donu. Göz yaşının yoxmu sonu? Bu gecə yaman ağlayır. Lirik gözəllik. Bu gecənin göz yaşları bulaq suyu kimi dupdurudur, qaranlıqlara meydan oxuya-oxuya bəyaz işıq gətirir – “Ağ yol” göstərir sevənlərə. Rəfail müəllim, doğrudan da “ömür səhnə deyil, gecə də pərdə”. Ancaq bu tamaşaya baxmamaq da olmur. Pərdəarxası oyunlar nədənsə bizi özünə çəkir həmişə. Örtülü pərdələr arxasında bəşər övladlarının işləkləri deyəsən, hələ çox davam edəcək, kədərimizi sevincimizlə, yalanı doğruyla, şübhəni inamla sevgili edəcək. Zaman çox qəddar rejissormuş, biz də bizə verilən mizanları məzlumcasına oynamağa məcbur edilən aktyorlarıq. “Gecənin sükutu”nu sözlə pozmağı bacarsaq da, “işıqları sönməyən o tənha evin pəncərəsini döyən bir göyərçini” içəri çağırmağa cürətimiz çatmır. Nə olsun ki, o göyərçinin “dimdiyində gətirdiyi məktubun hər sözündən” sevgi ətri gələcək. Bizim Vətənə, torpağa, yurda, doğmalara sevgimiz, düşmənə nifrətimiz də qıtlaşıb. Göyərçinlə görüşdən bizə ancaq gözlərimizin öpüşünün duzlu-məzəli tamı qalacaq. Pəncərələrin işıq buraxmamağından, gözümüzün işığa allergiyasından qorusun Tanrı bizi. Lal divarlar yaddaşına köçürər, pərdələrin izlədiyi görüşü. …Qoşa qol arasından ötür ömür qatarı… Biz də bu qatarın sərnişinləriyik. Bizə qalan əməllərimizlə işıqlandıracağımız gecələrdi, Günəşli gündüzlərdi, mərhəmətimizdi, sevgimizdi, bəşəriliyimizdi, mənəvi dəyərlərdi, bunlar zülmətin bağrını yarmağa bəs edər, əgər içimizdə varsa. Bir də yollar. Həsrətinə 30 il dözdüyümüz yerlərə bizi aparacaq yollar. Bəs o yerlərin gecələri, Ayı, ulduzları bizi doğması kimi qaşılayacaqmı, əzizi biləcəkmi? O həzin gecənin, 30 ilə yaxındı qızılgülləri açmayan həyətin, düşmən dadmasın deyə bar verməyən “9 qoz ağacı”nın, bizim gəlişimizdən heyrətlənib dikələrək baxan uçuq evin daşlarının sevincini görəcəyi günü Rəfail müəllim səbirsizliklə gözləyir. Mən də. Bu duyğuların, nisgillə vüsalın dadı bambaşqa olacaq. O “gecənin sükutu”nda qazi şairin fərəhinə, sevincinə şahid və şərik olmağı bilirsiniz necə gözləyirəm? Axı mən də orada olacağam… Biz sirli-sehirli, həsrətli, vüsallı gecələrə vurğunuq, zülmətə yox. “Gündüz görmədiklərimizi görmək üçün”… “Yoxluqda varlıq”, qaranlıqda işıq axtaranlar Tanrının ovqatının xoş çağında doğulanlardı… “Tənha gecə dərd əlindən qaralır”. Ömrün bir anını da tənha qalmayaq, ömrün bir anı tənha qalmasın… Gecənin pənahı işıqdı, bir də kövrək xatirələr. Xatirələrimizin işığı yanar olsun… “Gecələri sübhə daşıyaq”. İşıqlı əməllərimizlə doludursa, daşıyacağıq… Yanvar 2022.