YENGİCƏLİ VÜQAR – NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA YAZIR

Səmədli  Vüqar  Vaqif oğlu

Yengicəli Vüqar

Qəbələnin bu kəndində 1992-ci ilin fevral ayının 20-sində anadan olmuş Vüqar da adicə kənd uşaqlarından  biriydi. Lakin, 44 günlük müharibə onu minlərlə, milyonlarla insanlara  şücayətinə, igidliyinə, qəhrəmanlığına görə tanıdı və  hamının qəlbində, dilində  fəxrlə, hörmətlə əbədi qaldı.

Səmədli  Vüqar  Vaqif oğlu 1998-ci ildə Qəbələnin Yengicə kənd məktəbinin  1-ci sinifinə  qəbul olunmuş, 2007-ci ildə həmin məktəbdə təhsil alıb.

2010-cu ilin aprelində həqiqi hərbi xidmətə gedib. Xidmətini  Bakı şəhərində “N” saylı hərbi hissədə  Sülhməramlı qüvvələrdə edib. 2011-ci ildə oktyabr ayında hərbi xidmətini başa vuran Vüqar  ailələrindəki  maddi çətinliyə görə Çeçenistanda tikintidə  işləməyə  getmişdi.

Tovuz döyüşlərində general  Polad Həşimovun şəhid  olduğunu eşidib, işini  ataraq Vətənə qayıtmağı qərara alıb. Bir müddət  karantində qalır, Vətənə gələndə artıq  Vətən  Müharibəsi  başlanmışdı. O,  oktyabrın birində  evə gəlmədən hərbi komissarlığa gedir, könüllü yazılır.

Dörd gündən sonra, yəni oktyabrın  5-ində könüllü olaraq  müharibəyə gedir. Bir neçə gün Ağcabədidə “N” saylı hərbi hissədə qalır və daha sonra  mən   buraya yatmağa yox, döyüşməyə gəlmişəm,- deyərək komandanlığa  müraciət edir.

Kəşfiyyatçı kimi bu sıralara qatılır  və  Zəngilan, Qubadlı, Füzuli, Cəbrayılın  düşmənlərdən  azad olunmasında  fəal iştirak edir. Daha sonra  Şuşa uğrunda döyüşlərə  qatılır.  

2020-ci il noyabr ayının 2-sində Şuşanın  Daşaltı  kəndi uğrunda gedən ağır  döyüşlərdə  Şəhid olur. Noyabrın  3-ü,  ertəsi  gün onu doğulduğu Yengicə  kəndində dəfn edirlər.

Şəhid Səmədli Vüqar Vaqif oğlu ölümündən sonra cənab Ali Baş Komandanın sərəncamı ilə  “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Cənnətdəki mövludun mübarək, Şəhidim!

Bakı şəhəri-2022.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVMƏK İSTƏYİRƏM… – VAQİF VÜQAR

VAQİF VÜQARIN YAZILARI

SEVMƏK İSTƏYİRƏM…
Gecikən baharın yoluna çıxdım,
Dəlisov fikirlər gəldi ağlıma.
Yenə salam verib qürurla baxdım,
Ruhumun qaynayan cavanlığına.
* * *
Sevmək istəyirəm təzədən Allah,
Könlümdə baharın suları axdı.
Sevmək istəyirəm təzədən Allah,
Bir ay işığının mürgülü vaxtı.
* * *
Qartal xəyallarım göylərdən enməz,
Sevdasız duyğular mələr bir quzu.
Dalğalar kimidir bitib, tükənməz
Dilimdə məhəbbət, gözümdə arzu…
* * *
Sevmək istəyirəm özümü danıb,
Sözümüz köhnədir, eşqimiz yeni.
Bir qız baxışının odunda yanıb,
Təzədən öyrənim sevgi dərsini.
* * *
Günlər ötüşdükcə yaşa doluram,
Şairim,güləndə bir az da ağla.
Demə sevə-sevə xoşbəxt oluram,
Ölümsüz sevgini yaşamagımla…

NƏĞMƏ DƏ DUADIR…
İstədim sevgiyə bir şeir yazam,
Saxlayıb zamanı,
sevib bir anı.
Sərsəri xəyalın göyündə azam,
İçib qətrə-qətrə buludlarını…
* * *
Duyuram səsini bir həzin, titrək
Üzü çopur-çopur bir qoca çinar.
Həyatla, ölümün arasında tək
Məni də saxlayıb suala tutar.
* * *
Qələmin göz yaşı varağın üstə,
Külək də dəyişir görüş yerini.
Qarğalar dənlədi torpağın üstə,
Bir zaman səpdiyim gülüşlərimi.
* * *
Söykənib, sığınıb sözlər üşüyür,
Uzanan yolların daş hasarına.
Balaca evimiz yadıma düşür,
Hörümçək tor qurub divarlarına…
* * *
Odsuz, alovsuzdu şair tərəfi,
Hanı qanadları Tanrım bu eşqin.
Tilsimli qaladır o bir tərəfi,
Görünməz üzüdür Aysberqin…
* * *
Ömür verilibsə mənə bu sayaq,
İstədim Vətənə bir şeir yazam.
Kinli baxışların gözündən uzaq,
Yatanda başımın üstündən asam.
* * *
Dolaşır başımda bir səssiz fikir,
Ruhumu, sözümü çəkib tarıma.
Nəğmə də duadır, bükəm arabir,
Anamın nəmlənmis dualarına…

ROBOT ADAMLAR…
Çiçək də ağlayır batıbsa şehə,
Ömür uzaqlarda itən qaraltı.
Bir acı göz yaşı, dəli qəh-qəhə
Müəmma, məzəmmət hər sətiraltı…
* * *
Uzanan zəminin sünbülü dənsiz,
Əliboş, cibiboş adamlar kimi.
Harda gecələyir durna vətənsiz,
Qaralır fikirlər axşamlar kimi.
* * *
Qaydadır dünyada doğulan, ölür
Sözlərim bir əsim kîləyə bənzər.
Sadəlövh bahara yazığım gəlir,
Dərilib, atılmış çiçəyə bənzər.
* * *
Yaradanı bilir onun dilini,
Qısa heykəl yonum bir dağ başında.
Uzatsın Tanrıya qoy əllərini,
Qoca görkəmində, ağ libasında.
* * *
Dünən ki, fikirlər yox olub,itir
Yenə sətiraltı, ey söz, ey qələm.
Qapında, bacanda kölgəmi bitir,
Yenə də səninlə görüsməliyəm.
* * *
Ürəkdə nə sevgi, nə də duyğu var,
Robot doğulmağın mənası bumu.
Qoy məni dananlar, unutmasınlar
Əbədi bir şair doğulduğumu…

RAHATLIĞIM, AZADLIĞIM…
O dağlara tələsirəm şeir yazıb kövrələndə,
Bir quş olub zirvələrə xəyallarım qanad çalsın.
Bir xəbərsiz qonaq kimi evimizə ay gələndə,
İstəyirəm qartal məni göy üzünə haraylasın.
* * *
Uşaqlığım keçən yerlər, daşlı yollar eniş,yoxuş
Qoy dayanım hüzurunda əldə qələm, ağ varağım.
Dünyasına çəkilərək kövrək-kövrək oxusun quş,
Qoy bürünüm dumanına, bulud olsun çalpapağım.
* * *
Ağ göyərçin uçur göyə, boyum çatmır dağlar uca,
Xəyalımdan kölgə düşür baş çəkdiyim oylağına.
Üzü tutqun axşamlardan tez küsürəm yaş artdıqca,
Tələsirəm uşaq kimi səhərlərin qucağına.
* * *
Rahatlığım, azadlığım dağlar kimi müqəddəsdir,
Qış gedəcək, yaz doğacaq çiçək belə, çəmən belə.
Gözəlliyi seyr eləyib,söz qosmaq da bir həvəsdir,
Həsrətimi sellər yuyub,sel aparsın innən belə…

ÖZÜMLƏ TƏK OYNAYIRAM…
İtirdiyim sevinc,
gətirdiyim qəm
Həyatı özümlə tək oynayıram.
Uduzan da mənəm, udan da mənəm,
Şahmatı özümlə tək oynayıram.
* * *
Başım ucaldıqca, göylərə dəyib,
Təbin qılığında sözə baş əyib.
Bu da bir savaşdir, qalxan eyləyib
İnadı özümlə tək oynayıram.
* * *
Bir yarpaq kimidir bitən təsəlli,
Təkcə öz səsimdir özümə bəlli.
Hələ tapılmayıb düňyanın həlli,
İsbatı özümlə tək oynayıram.
* * *
Bir quşa bənzəyir eşqim qanadlı,
Ömür yaşamışam alovlu, odlu.
Verdiyinə şükür ey Tanrı adlı
Ustadım, özümlə tək oynayıram.

YOLÇU GÖRDÜM…
Yenə bu dünyayla durum üzbəüz,
Bir taxta qılıncın qəhrəmanıyam.
Sünbülü göyərməz,fələyin dənsiz
Yel döyən bir köhnə dəyirmanıyam.
* * *
Alıb gəncliyimi qollarım üstə,
Dərədən,təpədən keçib gəlirəm.
Kölgələr dolaşır yollarım üstə,
Salam verə-verə köçüb gəlirəm.
* * *
Yeri tanıyıram göylərə baş çək,
Fikirdə gizlənib,fikir adamı.
Həyatın verdiyi bir ehtiyac tək,
Hər gün ayağına çəkir adamı.
* * *
Boz tüstünün boz üzüdür boz duman,
Bir buludsuz göy darıxır,yel əsir.
Yolçu gördüm,o zavallı,pərişan,
Mənim kimi daş olmağa tələsir.

RƏNGLƏR HAQQINDA DÜŞÜŇCƏLƏR…
Göylə, yerin səsi, ritmi notlar üstə bir ahəngdir,
Düşünürəm rənglər nədir qara, yaşıl, mavi, sarı.
Bir həyatın doğuluşu gördüyümüz yaşıl rəngdir,
Qara rəngə toxunmuşdur bu dünyanın ağrıları.
* * *
Rəssam kimi sarı rəngi payız çəkir tablosuna,
Mavi dəniz, mavi göylər bir-birinin bənzəridir.
O möhtəşəm sapsarı ay bizi salır ovsununa,
Göy qələmin mürəkkəbi,
yer günəşin dəftəridir.
* * *
Səssiz duyğu bir quzudur damla-damla işıq içən,
Hər varlığın öz rəngi var, ahəngi var duya bilsən.
Zaman içrə ruzigardır at belində yollar keçən,
Çiçək açır, çiçək solur rənglər doğan bir fəsildən.
* * *
Rənglər canlı, rənglər qaynar məna tapır arzularda,
Şəkil çəkir həyat yeni,
ömür yeni, səhər yeni…
Ağaclarda, qayalarda, dənizlərdə, göy sularda,
Buludlarda görürəm mən ruhumuzun şəkilini…


Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elin fəxri Elcana – Nəzakət Kərimova-Əhmədova yazır

Məmmədov Elcan Zöhrab  oğlu

Elin fəxri Elcana

Bildiyimiz kimi Məmmədov Elcan Zöhrab  oğlu 1989-cu Tərtərdə anadan olub. 1996-cı ildə ailəsinin Bakıya köçməsilə əlaqədar Bakıxanov qəsəbəsindəki 96 nömrəli  tam orta məktəbin I sinifinə getmiş, 2007-ci  ildə  orta məktəbi bitirərək, həmin  ildə  də Texniki  Universitetiə qəbul olunmuşdu.

2010-cu ildə ailə  qurmuş, 2011-ci ildə universiteti bitirib, hərbi xidmətə  yola düşüb. Xidmətini Cəlilabad rayonunun Göytəpə qəsəbəsində  “N” saylı hərbi hissədə başa vurub və Bakıya ailəsinin  və valideynlərinin  yanına qayıtmışdır.

 2013-cü il  2 apreldə qızı Ayan dünyaya gəlib. Ata kimi çox sevinib. Belə ki,  2015-ci ilin  5 iyulunda isə   ikinci körpəsi-Ramal dünyaya  göz açıb. 2018-ci ildə öz istəyi ilə xüsusi  kurs keçərək leytenant rütbəsini alıb, Daşkəsən “N” saylı hərbi hissəsində işə başlayıb.  İşlədiyi müddətdə əsgərlərin dərin rəğbətini qazanmışdı. Əsgərləri onun haqqında:-leytenant Məmmədov bizim komandir yox, böyük qardaşımız olub. Gözəl insan idi. Cibindəki son qəpiyini də bizim üçün, ehtiyaclarımızı  ödəmək  üçün xərcləyərdi.

 Hər zaman xatırladırdı ki, nəyə  ehtiyacınız olsa, çəkinmədən mənə deyin.  Əvəzolunmaz  komandir idi.  Gülərüz, ürəyi təmiz, çox mehriban, hamının qeydinə qalan bir insan idi.

Paxıllıq nədi bilməzdi. O, həm də gözəl övlad, mehriban ailə başçısı, qayğıkeş ata, sevimli qardaş idi. 2020-ci ilin 8-i apreldə Goranboyun Tapqaraqoyunlu kəndinə  təyinatı verildi. General Polad Həşimovun şəhid olduğu  ay  Elcan həmin döyüşlərdə iştirak etmiş, 2020-ci il  27  sentyabrında  44 günlük   Vətən müharibəsi  döyüşlərində Talış yüksəkliyi istiqamətində komandiri olduğu taborla  bu istiqamətdə hücuma keçdi…

Maxenin dediklərindən:

-Bizdə  ruh  yüksəkliyi olsun  deyə komandir həmişə çox öndə gedirdi, ardımca gəlin:-deyərdi. Döyüş zamanı ayağından  yaralandı.

Maxe ona:-yoldaş komandir, Siz yaralısınız, qayıdın.

-Boş şeydir, mən  yaralanıb qayıdım,  sən yaralıb qayıt, bəs irəli kim getsin?

-Ardımca!-irəli işarəsini verdi. Ön cəbhəni  yarıb keçdilər. İkinci  cəbhəyə  yaxınlaşarkən snayperlə başından vuruldu, şəhadətə qovuşdu.

Döyüş dostları:-Elcan çox gözəl  igid idi, kaşkə sağ olaydı. Şəhidliyə ucaldı  qəhrəmancasına.

Elcan deyirdi:-Uşaqlar  bizimki  buracandır, öldü  var,  döndü yoxdur!  O, çox gözəl insan idi.  Nə olur olsun, Vətənimiz  sağ olsun!

Qəhrəmancasına döyüşdü və tabeçiliyində  olanlara  örnək oldu! Əsil qəhrəman  nümunəsi kimi  fəxr edin. Hücuma  keçməzdən  əvvəl  həyat  yoldaşına: -Ömrüm, oğlumla qızıma  deyərsən ki, artıq ataları ilə fəxr edə bilərlər!..

         Atası Zöhrab Məmmədov 1992-ci ildə I Vətən Müharibəsinin  iştirakçısı olub.  Elcan həmişə atasına deyərdi:-Sən ala  bilməyən torpaqları  Allah qoysa  mən-oğlun alacağam!!!

Anası Sahilə xanımın  dedikləri;

-Mənə deyirdi ki, ana  vaxt gələcək səni barmaqla göstərib deyəcəklər…Mayor Elcan Məmmədovun anasıdı!  Mənimlə fəxr edəcəksən!

Anası Sahilə xanımın:

-Mən onsuzda da balamla fəxr edirdim:-Həm bir övlad kimi, həm  də  gözəl  bir vətənpərvər  insan kimi.

Həyat yoldaşı:-Elcan həmişə mənə deyərdi:-Gülüm,

Gülüm, mən sənin qəhrəmanınam. Mənimlə həmişə fəxr edəcəksən.

Mənim adım gələndə hamı ayağa qalxıb sənə yol verəcək…

Mən yoldaşımla həmişə fəxr edirdim, qürur duyuram-bir insan kimi, bir yoldaş kimi!

Ailəmizdə həmişə söz düşəndə deyirdik: -Elcan tək bizdən yox, neçə illər sonra  köməyə  ehtiyacı  olan  əsgərlərdən, insanlardan-evdən yox,  eldən getdi.

Elxan ağıllı övlad, qayğıkeş ata idi. Bütün arzularını, xəyallarını Vətənə qurban verdi.

Ölümündən sonra  “Vətən uğrunda”,  “Suqovuşanın azad olunması uğrunda”, “Laçının azad olunması uğrunda” medalları ilə təltif olunmuşdu.

Bəli, şəhidlərimiz  uzun illər həsrətində olduğumuz  torpaqlarımızı  azad edərək özlərinin yüksək arzularına  çataraq  Şəhid oldular.

Şəhidlər ölməz, Vətən bölünməz!

Elimizin minlərlə Şəhidindən biri olan Elcanımız  barədə qısa da olsa, məlumatları oxucularıma çatdırmağı özümə  mənəvi borc  bildim.

Bakı şəhəri-2022.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qürubla doğan günəş – Pərviz Yəhyalı

PƏRVİZ YƏHYALI – YAZAR

Qürubla doğan günəş
(hekayə)
Elə bilirdi gözlərini bircə anlıq çəksə bu gözəlliyi bir də görməyəcək. Məftunluqla baxır, heyranlıqla zövq alırdı. Uşaq heyrəti vardı baxışlarında, indicə itib qurtaracaq təlaşı səksəkədə indi içində. Allah bilir ömrü boyu neçənci qürub idi beləcə yola salırdı. Amma ilk dəfə görürmüş kimi çox, lap çox duyğulanırdı. Günəş dandan qürubunacan gəldiyi yolda şəfəqlərinin hamısını salıb itirmişdi. Soyunub od rəngli libasını çılpaqca qalmışdı. Utanır yəqin keçdi fikirindən. Elə utancaqlığından idi ki, yupyumuru yanağı qan rənginə boyanmışdı. Hələ bir yol kənarındakı qamışların, ağacların arxasında gizlənmək də istəyirdi. Qırmızı köz kimi qızaran şəfəqləri seyirçisinə işıqforun dur işarəsini verib, gizlənmək istədiyi ağacların arxasında nazik tülü xatırladan zərif ox işarəsi ilə əks tərəfi göstərirdi. Döngəli, əks tərəfə aparan yola ötürmək istəyirdi seyirçısini. Bəlkə istəmirdi lap azacıq sonra qara ala-torana təslim olacağını görsünlər.
Cibindən telefonunu çıxarıb gördüyü mənzərənin şəkilini çəkdi. Qaranlıq çökdükcə, qətlə yetirib batırdığı qurbanından qısas alırmış kimi acıqca öz zülmət pərdələrindən qat-qat səmaya örtük çəkirdi. Adda-budda sayrışan ulduzlardan yerə işıq az düşsün deyə bacardıqca öz siyah yorğanını göy qübbəsinin üstünə yaxşı-yaxşı örtürdü. Ulduzlar da bu qara üzlü yorğanın bərq vuran naxışlı gülü olmaqdan o tərəfə keçə bilmirdi.
Tanışlıqlarının ilk günündən sevgi qığılcımı qəlbində elə ocaq çatmışdı ki, illərlə yağan tut ucundan göyə çıx leysanlar belə söndürə bilməzdi bu alovu. Əvvəl kiçicik şam şöləsini xatırladan alov dilimləri indi atəşi üz-göz yandıran sönməsi mümkünsüz gur tonqal idi. Uçuna-uçuna, əsim-əsim gedən dilindən titrək etrafları soyuq qarşılandıqca qəlbinin atəşi özünü yandıra-yandıra vicudunu buz bağladırdı. İlahi, görən bu qədərmi ziddəyyət olar? Yana-yana buz bağlayasan. Axı bütün duyğuları ilə gözlərinin dərinliyində hiss etdiyi ümid işığını görmüşdü. Onu özündən alan ünvansa “yanlış anlamışsan hocam” deyib, yanıb dağ olan sinəsinə dağ çəkmişdi.
Səhər açılmamış səhəri olurdu, axşam düşməmiş axşamı, gecələri sim-sim, pərdə-pərdə mizrab vururdu uyğularının nəğməsinə. Görüşdükləri saatlarda gündüzün günorta çağı ay da gəlib dururdu şahid kimi başlarının üstə. Guya mələklərin kəsəcəyi kəbinlərinə şahidliyi edəcək kimi. Hər görüşün kosmik sürətlə uçub gedən saatları anlardanca qısa olardı. Sonra… sonra yenə vaxtı vədəsi bilinməyən növbəti görüşə qədər nəhayətsiz iztirablar hakimi-mütləq olardı qəlbinə. Hər yerdə onu görərdi. Dənizin dalğasında, küləklərin səsində, nərgizlərin ətrində ancaq onu duyardı. Hətta hər gün iş yolunun üstəki baytarlıq aptekinin vitrininə çəkilmiş körpəcə çüyür balasının şəklində də onu görürdü.
Hərdən çəkilib içinə küsürdü dünyadan. Özündən zəhləsi gedirdi. Onun üçün nəfəs qədər yaxın, dünyasının ən əzizi olan niyə bu qədər inamsızdı. Acıqca etraf edirdi inamsızlığını. Qorxuram deyirdi böyük sevgidən. Alışdırıb özünə gedərsən üz çevrib bir gün. Bax onda saf duyğularımdan qurduğum xanədan tarmar olar.Yerlə yeksan olmuş könül mülküm dözməz bu sitəmə. Qırıq-qırıq olmuş, sınıb paralanmış qəlbimlə tək buraxarsan məni.
Salam.Bir az əvvəl çəkmişəm, fikirləşdim xoşun gələr. Qürub seyri insanı özündən alır bəzən.
Səhər yuxudan qalxanda adəti üzrə ilk işi e-mailini yoxlamaq olur. Bu dəfə ilk olaraq gələnlər, yox göndərilənlər qutusuna baxdı. Qürubun şəkilə köçmüş əsrarəngizliyinə bir də məftunluqla tamaşa etdi.
Sonra…. Sonra monitordan şimşək çaxdı sanki.
Bayıldım göndərdiyin qürubdan. Bilirsən, sən mənim xəyallarımın adamısan… səni çox istəyirəm!
Həyatının ən gözəl sabahının içində olduğunu, ya yuxu gördüyünü anlamaqda çətinlik çəkdi.
Oxuduğu etraf yaranışın, bütün zamanların zehniyyatının ən möhtəşəm cümləsi olduğunun gerçəkliyinə, yuxu olmadığına əmin oldu. Bu sabah onun həyatına onsuz da çoxdan doğmuş günəşinin tərəddüd niqabını öz sübh şəfəqlərində əritdiyi sabah idi.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR TƏLTİF OLUNDU

Bu gün yazarlar Eyvaz Məmmədoğlu və İbrahim Novruz uzun müddət ədəbiyyat sahəsində səmərəli fəaliyyətinə görə təltif olunublar. Yazarlarımızı bu münasibətlə təbrik edir yeni-yeni nailiyyətləır arzulayırıq. Uğurlarınız bol olsun, çox dəyərli qələmdaşlar!

DOĞRULAMA LİNGİ: >>>LAUREATLAR


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru