RÖVŞƏN HÜSEYNOV – 55

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun doğum günüdür. Yaşasaydı 55 yaşı olacaqdı. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Yubiley yaşın mübarək olsun, Şəhidim!!!

QISA ARAYIŞ:

Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.

Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə  “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqamətində hücuma keçmişdi. Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır. Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı. Onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir. Burada tələbələrdən ikisi həlak olur, digərləri isə mühasirədən çıxa bildilər. Pulemyotu ilə erməni faşistlərinin xeyli hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.

YAZARLAR olaraq, Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə artıq bir neçə ildir ki, “25 YARPAQ” layihəsinin icrası uğurla davam edir. Bu il də bu layihə çərçivəsində gənc yazar Leyla Yaşarın “Daş adam” adlı ilk kitabı işıq üzü görüb.

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adı:

“25 YARPAQ”

 Layihənin məqsədi:

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.

Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimizi (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasının girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir…. #25yarpaq haştağından istifadə olunur.

Layihənin müddəti:

01.09.2019- cu ildən – MÜDDƏTSİZ.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR TƏLTİF OLUNUB

22.02.2022 – Cİ İL TARİXİNDƏ YAZARLAR TƏLTİF OLUNUB

LAUREATLAR :

Tuncay Şəhrili “21-XXI əsrin 21 aydını” adlı yeni kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb.

DİPLOMU DOĞRULAMA LİNGİ >>>> LAUREATLAR

Leyla Yaşar “Daş adam” adlı İlk kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. 

DİPLOMU DOĞRULAMA LİNGİ >>>> LAUREATLAR

Fevralın 22 də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə filologiya üzrə fəlsəfə doktoru, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Cəfərova Jalənin “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib. “Yazarlar” jurnalının İƏ üzrə meneceri, AJB üzvü Nəzakət Kərimova-Əhmədova müəllifə “Ziyadar” Mükafatını təqdim edib.

DİPLOMU DOĞRULAMA LİNGİ >>>> LAUREATLAR

Laureatları təbrik edir yeni-yeni nailiyyətlər arzulayırıq!


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“SEVGİLİM, YUXUNU DƏNİZƏ DANIŞ” ADLI YENİ POEZİYA ANTOLOGİYASI İŞIQ ÜZÜ GÖRÜB – TƏBRİKLƏR

“SEVGİLİM, YUXUNU DƏNİZƏ DANIŞ”

Yeni poeziya antologiyası şair Vidadi Turan Ağdamlının əməyinin bəhrəsəidir. Vidadi Turan Ağdamlı ideya müəllifi olduğu bu layihəyə artıq uzun illərdir ki, uğurla rəhbərlik edir. “Maarif” nəşriyyatında işıq üzü görmüş antologiyada Dəmir Gədəbəyli, Zaur Ustac, Eyvaz Məmmədoğlu, Ədalət Əroğlu, Əsgər Ordubadlı, Nuranə Rafailqızı, Sona Amal, Təranə Tunar, Ülkər Dərya, Vaqif Coşkun kimi tanınmış qələm adamları ilə yanaşı əsasən bölgələrdən olan bir sıra yeni imzalar da yer almışdır. Antologiyada yer alan bütün müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSGƏR ORDUBADLININ ŞEİRLƏRİ

Əsgər ORDUBADLI – şair, yazar.

KEÇDİ ÖMRÜN İLLƏRİ
Keçdi ömrün illəri
Ən xoş bir xatirətək.
Xatirəyə aldanıb
Ömrü verməzdik gərək.
* * *
Yel qanadlı illəri
Buraxmazdıq boş keçə.
Dünyamı seyrələcək
İnsanlar köçə-köçə?
* * *
Yox onların yerinə
Yeni nəsil gələcək.
Qış gedəndə nə olar
Başqa fəsil gələcək.
* * *
… Mən bir bahar fəsliyəm
Doğulmuşam baharda
Baharda çiçək açıb
Boğulmuşam baharda.
* * *
Əsgər çəkmə bu qəmi
Vaxtsız gələn dərd keçər.
baxma mənə ey gözəl
yoxsa ala gözlərdən
Mənə məhəbbət keçər.
* * *
Bu ən ağır xəstəlik.
Dərmanı yox üstəlik.
Dərmansız dərd mən bilən
Tez keçsə də sərt keçər…

ÜRƏYİMİN LÖVHƏSİNDƏ
Ürəyimin lövhəsində
Adın böyük hərflərlə.
Yazılmışdır sənə sevgim
Formullarla təriflərlə.
Mən təbiət şairiyəm
Nə işim var zəriflərlə?
İstəmirəm mələk, pəri.
Yox o gözlərin bənzəri…
* * *
Sən gözəlsən, dəyərlisən
Mənə ən xoş xatirətək.
Yaşadığım xatirələr
Eşqin ilə olub gerçək.
* * *
De sevgilər ilahəsi
Afroditin qızı sənsən?
Yaradanın taleyimə
bəxş etdiyi yazı sənsən?
* * *
Sən idinmi illər boyu
xəyalımda gəzən qadın?
Neçə zərif ürəkləri
tapdalayıb, əzən qadın?
Görüşünə gələmmədim
bəlkə məni yollar yorub.
Xəyalına gələcəyəm bir gün durub….

GEDİR
Yox, mən bu dünyaya bel bağlamaram.
Görürsən həyası, arı da gedir.
Payızın yağışı əbədi deyil
Yaz gəlir dağların qarı da gedir.
* * *
Zərrəcə qalmayıb düzlük, etibar.
Bəzən sənin olmur səni sevən yar.
Bu gün əllərindən bərk-bərk tutanlar
Sabah səni qoyur yarıda gedir.
* * *
Əsgər var – dövlətə aldanma, qəti.
Gördüm sahibi yox neçə şirkəti.
Sonunda ağ kəfən olur qisməti
Dövləti də gedir, varı da gedir.

MƏNİM BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ
Əzab imiş bu həyatın hər yanı.
Məcnun olub hey axtardım Leylanı.
Min yol oldum o gözlərin qurbanı
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Sevgi verdim, əvəzində nə gördüm?
Öz dərdimi misralara keçirdim.
Şeir oldu, vərəqlərə köçürdüm
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Hey əl açdım əllərinə çatmadı.
Əl açdığım əllərimdən tutmadı.
Sevən könlüm xoşbəxtliyi dadmadı
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Doğma idi, özgələşdi yad oldu.
Yad ürəkdən ona sevgi doğuldu.
Arzularım gözlərimdə boğuldu.
Mənim bəxtim gətirmədi sevgidə.
* * *
Əsgər bəlkə sevdi deyə suç etdi.
“Ömrüm” deyən həyatımı puç etdi.
Özgəsinin əlin tutdu, quc etdi.
Mənim bəxtim gətirmədi sevgidə.

AYDAN DƏRS OXUYUR
Aydan qayıdıb evə
Dərslərin sevə-sevə
Açıb kitab-dəftəri
Hazırlayır dərsləri.
Mətni oxuyub bir-bir
Çalışmanı həll edir.
* * *
Şeirə var həvəsi
Gör nə gözəldir səsi.
Bilir bir xeyli şeir
Necə həvəslə deyir.
* * *
Gah oxuyur, gah yazır
Dərsinə olsun hazır.
* * *
Bəzən də rəsm çəkir,
Ağacları, daşları.
Ona kömək eləyir
Rəngli karandaşları.
* * *
Bax çəkdiyi şəkilə
Gör nə qədər rəng qatıb.
Sanki rəssam əliylə
Bir təbiət yaradıb.
* * *
Səhər durub yuxudan
Dərsi yadına salır.
Odur ki dərslərindən
Əla qiymətlər alır.

Müəllif:Əsgər ORDUBADLI

ƏSGƏR ORDUBADLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BDU-nun filologiya fakültəsinin məzunları – Yeganə QURBANOVA-XANLAROVA

YEGANƏ QURBANOVA-XANLAROVA

BDU-nun filologiya fakültəsinin məzunları

13 fevral, məzun olduqdan 13 il sonrakı görüş, bütün qrup əhlindən 13 nəfərin iştirak edə bilməsi…

Rəqəmlərin təsadüfliyi maraqlı və qəribədir, deyilmi?!

13 fevral 2022-ci il tarixində tələbə yoldaşlarımızla görüş keçirmək, uzun ayrılıqdan sonra, nəhayət ki, nəsibimiz oldu.

BDU-nun filologiya fakültəsinin məzunu olduğumuz vaxtdan xeyli ötmüşdü.
Bu görüşü bizim qrupun tarixinə qırmızı hərflərlə yazmaq doğru olar. Çünki dəfələrlə bir araya gəlmək üçün can atsaq da, görüş alınmırdı. İşlədikləri üçün, həmçinin ailə-məişət məsələləri qrupumuzun xanımlarına ortaq uyğun vaxt seçməkdə çətinlik törədirdi. Bu da başadüşüləndir.

Texnologiyanın inkişaf etdiyi bu dövrdə sözsüz ki, qrup yoldaşlarımızdan ibarət votsap (WhatsApp) qrupumuz var. Hər xırda sevincimiz zamanı votsap qrupumuzda nə qədər böyük canlanma olduğunu təsəvvürə gətirmək, hətta bəzən qrupa bir saatın ərzində toplanan mesajların 300-500-ə çatması, qrup üzvləri arasında istənilən mövzunun çox qızğın müzakirə olunması yoldaşlar arasında isti münasibətdən xəbər verir, qrupumuzun mehriban olduğunu, bir-birimizə hörmətlə davranmağımızı şərhsiz izah edir.

Bizim votsap qrupunda elmi polemikadan tutmuş, qrup üzvlərinin sevincli, uğurlu hər bir nəticəsinə qədər mədəni-ziyalı ortamda müzakirələr, təbriklər, şadyanalıq olur. Bu dəfəki mesajların çoxluğu yenə qrupda yeni bir hadisədən işarə verirdi: görüş vaxtı və məkan barədə qrup yoldaşlarımız müzakirələr edirlər. 13 ildən sonra tələbə yoldaşlarımızla canlı görüşmək barədə ortaya atılan müzakirə də başqa bir sevincdir. Elə buna görədir ki, araya fasilə salmış COVİD-19 pandemiyasının yaratdığı çətin vaxtlardan sonra fevral ayının soyuq havasının fərqinə varmadan çox böyük həvəs və həyəcanla görüşməyi qətiləşdirdik.

Filoloqların təxəyyülü…

Müşahidələrə əsasən qeyd etmək yerinə düşər ki, filologiya fakültəsinin tələbələrinin kitabxana günündə hədsiz növbə sıxlığı olur. Bu da filoloqların mütaliə etmək həvəsindən, kitablara böyük marağından irəli gəlir. Biz filoloqlar şifahi nitqdə cümlələri poetik fiqurlardan istifadəylə danışmağa, nitqimizi mükəmməl qurmağa, həmçinin bir sözdən ilhamlanıb onu bədiiliyə tərəf aparmağa, yadımıza hansısa əsəri salmağa alışmışıq. Elə buna əsasən də, qrupumuzun görüş sevincinə dair yazdığım cümlədəki “sevinc” sözü qrup yoldaşım Zaqayeva Sevinci yadıma saldı. Sevincin yaşayış yeri Zaqatala şəhəridir və orada müəllim işləyir. Müvəqqəti Bakıda olduğu müddətdə qrupla görüşməyi təklif etdi. Bu görüşün təşəbbüskarı bu dəfə odur. Bir neçə gün əvvəl vaxt dəqiqləşəndə Sevinc görüşü səbirsizliklə gözlədiyini, həyəcanlı olduğunu yazdı. Düzü, həmin həyəcan daha sonra mənə siraət etdi… Gözümü saatdan ayıra bilmir, vaxtın çatmasını səbirsizliklə gözləyirdim…

Budur, artıq vədə yetişib və iki-iki, üç-üç qrup yoldaşlarımız təyin olunan məkana gəlməkdədirlər. Yeni gələn hər bir qrup yoldaşımı görmək yaddaşımı təzələyir, beynimdə xatirələr oyanır, şirin tələbəlik illərim yada düşür. Hamımız xoşbəxt idik. Bir-birimizlə hal-əhval tutur, deyib-gülür, ağızdolusu xeyli söhbət edirdik.

Fakültənin dəyərli, böyük alimlərindən dərs almaq şansı…

Akademik Tofiq Hacıyev, professor Təhsin Mütəllimov, professor Tofiq Hüseynoğlu, professor Qara Namazov, professor İfrat Əliyeva, professor Məmmədəli Qıpçaq, professor Cəlil Nağıyev, professor Əbülfəz Rəcəbli, professor Elbrus Əzizov, professor Vaqif Sultanlı, professor Almaz Əliqızı-Məmmədova, professor Sənan İbrahimov, dosent Arif Məmmədov, dosent Bəxtiyar Məmmədzadə və b. Respublikanın ən tanınmış filoloq alimləri bizlərə dərin bilik aşılamaqla bərabər, həm də dünyagörüş, həyat dərsi öyrətdilər.  Biz bu görüşdə bizə bilik, savad öyrədən, geniş erudisiyalı əziz müəllimlərimizi, onlarla bağlı şirin xatirələri yada saldıq, onların üzərimizdəki zəhmətlərinin əvəzedilməzliyindən danışdıq, dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət dilədik.

Qrupumuzun gənc alimləriylə fəxr edirik…

Bizim qrupumuzdan hazırda müxtəlif universitet və məktəblərdə çalışan çox savadlı müəllimlər var. Qrupumuzdan filologiya üzrə fəlsəfə doktoru adını qazanan iki nəfər: BDU-nun əməkdaşı Yeganə Qurbanova-Xanlarova və ADU-nun müəllimi Mehriban Mövlamova. Hər ikimiz də magistratura və doktorantura təhsili keçmişik, gənc yaşımızda hər ikimizin monoqrafiya, dərslik, onlarla məqalə müəllifi, onlarla konfrans iştirakçısı olmağımız tələbəlik illərinin möhkəm elmi bünövrəsindən qaynaqlanır.

Bu uğurlu jest davam etməkdədir. Qrup yoldaşlarımızdan Şəhrizad Nuhova (Bakı Slavyan Universiteti), Buta Bağırova (Türkiyə Respublikası Hacettepe Universiteti), Təhsil işçisi, ibtidai siniflərin Azərbaycan dili dərsliklərinin həmmüəlliflərindən Aysel Xanalıyeva, Vüsalə Şəfiyeva (müəllim), Zəminə Orucova (müəllim), Sərinə Məhərrəmova (Azərbaycan Dillər Universiteti) bu elmi adı almaq üçün doktorantura təhsili keçib, müxtəlif mərhələlərdə fəaliyyətlərini davam etdirirlər. Görüş vaxtı onların hər birinə müvəffəqiyyətlər arzuladıq və tezliklə qrupumuzda fəlsəfə doktorlarının sayının artacağına inandıq.

Müəllimlik ən şərəfli peşədir. Bu adın, bu peşənin müqəddəsliyi barədə çox danışmaq, çox ibarəli ifadələr işlətmək olar. Ən yaxşısı, elə bu peşədə çalışmaqla məsuliyyətin nə dərəcədə olduğunu dərk etmək mümkündür. Bu gün bizim qrup xanımlarının yuxarıda qeyd etdiyim kimi, bir qismi universitetlərdə müəllim kimi fəaliyyət göstərib bu mötəbər ada sahiblənib, həmçinin elmi tədqiqat istiqamətində uğurlu nəticələr əldə edirlərsə, qrupumuzun digər qisim xanımları orta məktəblərdə müəllim kimi fəaliyyət göstərir, şagirdlərə bilik, savad verir, həmçinin onları universitetlərə qəbul olmağa düzgün istiqamətləndirib dəstək olurlar. Zəminə Orucova, Billurə Əliyeva, Aysel Məmmədova, Fəridə Məmmədova, Nərgiz Zeynalova, Afaq Quliyeva, Samirə Bağırova, Vüsalə Abbasova, Nigar Mirzəyeva , Gülnamə Nurməmmədova, Şəfa Qürbətova və b. savadından pay alan hər bir şagirdin şanslı olduğunu demək yerinə düşər.

Tələbəlik bitər, xatirələr bitməz…

Tələbəlik illərinin ən yaddaqalan hadisələrindən biri də sözləşib dərsdən qaçmaq idi. Və sözsüz ki, bizim qrup da bu cür şıltaqlığı etmədən məzun olub desəm, doğru sayılmaz. Görüş zamanı yada düşən hər yeni xatirə məclisi yenidən canlandırır, ovqatımıza xüsusi rəng qatırdı.

Bizim qrup, demək olar ki, əsas etibarilə, xanımlardan ibarət olub. Qrupumuzda Şəhrizad, Gülnamə, Buta, Sərinə və s. nadir və xoşagəlim şəxs adları bizə dərs deyən çox hörmətli filoloq müəllimlərin, böyük alimlərin diqqətini çəkər, təbəssümlə deyərdilər: “Siz əsl filoloq qrupusunuz. Müxtəlif əsərlərdəki obraz adlarının çoxu sizin qrupda cəm olub”.

Biz bu görüşdə tələbəlik illərindən ən şirin xatirələri yada salmaqla o illərə qayıtdıq. Həmin gün başa düşdüm ki, tələbə yoldaşlarımla görüşdüyüm bir neçə saatlıq vaxt hamımız üçün 17-21 yaş aralığında təhsil aldığımız universitet illərinə geri dönüş deməkdir. Onlarla söhbət etdiyimiz, şən-şaqraq deyib-güldüyümüz anlar şüurumuzu aldadaraq bizlərə tələbəlik yaşımızda olduğumuzu hiss etdirməyə inandırdı.

Tələbə yoldaşlarımızda dəyişən geyim tərzi idi, mehribanlıq, səmimiyyət, qayğıkeşlik olduğu kimiydi.

Lakin bu görüşdə iştirak edə bilməyən tələbə yoldaşlarımız – Sahilə, İradə, Şəbnəm, Sevda, A.Sevinc, İ.Vüsalə, Ə.Günay, Z.Günay, Merve, Nərmin və b. da görmək hamımızın könlündən keçirdi.

Məzunlar bu görüşdən çox məmnun halda razılıq edib ayrıldılar. Bu cür görüşlərin davamlı olmasını arzuladılar. Allah qismət etsin, Amin!

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ƏLİ – AZMAN AZƏRBAYCANLI

AKİF ƏLİ Azərbaycan yazıçısı, filoloq alim.

AKİF ƏLİ HAQQINDA

Akif Əli Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.

HƏYATI
Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).

YARADICILIĞI
Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.

SİYASİ FƏALİYYƏTİ
1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).

1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.

ƏSƏRLƏRİ
“Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).

VƏZİFƏLƏRİ
1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.

1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.

Ailəlidir, iki övladı var.

FİLMOQRAFİYA
Uzun müharibədə qısa görüşlər (1974-75)
Tütək səsi (film, 1975)
Əgər bir yerdəyiksə (film, 1975)
Arxadan vurulan zərbə (film, 1977)

Bu gün Akif Əlinin 70 yaşı tamam olur. YAZARLAR cameəsi adından doğum günü, yubileyi münasibəti ilə Akif müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Akif müəllim!!! Doğum gününüz mübarək olsun!!!

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru