MÖVLUD AĞAMMƏD ŞEİRLƏR

 Mövlud AĞAMMƏD – şair, pedaqoq.

YANASAN
Həsrət odur illər ilə yaşana,
Qəm axıdır gözlərimdən yaş, ana..
Əcəl gələr, ömür bitər, yaşa nə?
Bilmirsən ki, üzü hansı yanasan…
* * *
Bunu yazan yazıb, silməz o daha,
Alışasan, odlanasan oda ha;
Neyləyəcək yanmaq ilə od aha,
Söndürələr, söndürdükcə yanasan…
* * *
Dərd içimdən dərd götürə, azalım,
Yarı bölüm, ya özümə az alım;
Mövlud sənin qurbanındı, a zalım,
Qurban olan cana barı yan a san…

SORAĞINDA
Yenə dərdlərimin telləri dindi,
Köklənib bəm üstə, zil sorağında…
Səhralar gül-çiçək bitirir indi,
Bağçalar saralıb gül sorağında.
* * *
Gözlərdə bir yığın cavabsız sual,
Üzlərdə intizar, ürəkdə məlal…
İnsanlar ümidsiz, sanki bir xəyal,
Nigaran baxışlar el sorağında.
* * *
Bir aşiq istərəm möhnət görməyə,
Bu qəmə, qüssəyə sinə gərməyə…
Gözəllər zülfünə sığal verməyə
Şanələr zərəfşan tel sorağında.
* * *
Kimsə yox külbeyi-ehzanələrdə,
Saqi, mey dolanmır meyxanələrdə…
Yolunu gözləyir, qəmxanələr də,
Məcnuntək yaralı dil sorağında.
* * *
Qəlbimdə ayrılıq, hicran qorxusu,
Mənə tənə edir, vallah, çoxusu…
Çəkilib Mövludun ərşə yuxusu
Yanaqlar susayıb sel sorağında.

SƏFƏRİMDİ
Hər gülə gül deyib baxmadım əsla,
Öz gülüm bəsimdi, tazə-tərimdi.
Ağaran saçlarım günahım deyil,
Ömrümə yağan qar bar-bəhərimdi…
* * *
Baxıb qürrələnmə, ömür daldadır,
Həyat vəfasızdır, alır-aldadır.
Çəkdiyim acılar şirin, bal dadır,
Dünyanın şərbəti tünd zəhərimdi…
* * *
Taleyim, qismətim üzümə güldü,
Öz sevinc payını mənimlə böldü.
Mövluda deməyin, bəs niyə öldü,
Könül dünyasına son səfərimdi…

OLMUR
Dedim, bir daş altda, bir daş da üstdə,
Dərddi də, sinədə saxlamaq olmur –
Bu daşın altını üstünə çevir,
Dərd sinə göynədir, ağlamaq olmur…
* * *
Dərdim daşdan çıxır, dərd ələ gəlmir,
Dərd ilə yoğrulub daş dilə gəlmir –
Daşın daş dərdi var, dərd dələ bilmir,
Sinəm daşa dönüb, dağlamaq olmur…
* * *
Dərd ilə yüklənib ruhum, ah, çəkir,
Bilmirəm eyləyib nə günah, çəkir –
Daş dərdə dözəmmir, hər gün ah çəkir,
Demə, dərdi daşla bağlamaq olmur…

YUXU
Sanki olmamısan mənim üçün sən,
Səni sevməyim də əfsanə imiş…
Sevgi yollarında bir-birimizdən
Bəs bizi ayıran söylə, nə imiş?
* * *
Nakam eşqimizdən doya bilmədik,
Aldı əlimizdən amansız fələk…
Üzü baharadır, yaya, bilmədik,
Günahdır qışa da vəfasız demək…
* * *
Əsdi qara yellər sevgi bağına,
Məhəbbət yolunu kəsdi qar, boran…
Vəfalı olsaydın əhdi-peymana,
Səni itirməzdim heç vaxt, heç zaman..
* * *
Sanki gəlməmisən bu dünyaya sən,
Səni sevməyim də bir yuxu imiş…
Bizi ayıran da bir-birimizdən
Sevgi hislərinin yoxluğu imiş…

GÖYNƏR
Dərd sinəmin göynərtisi,
Göynər, zülm-zülm göynər –
Yaxınlaşır hənirtisi,
Göynər, ölüm, ölüm göynər.
* * *
Dərd danışır, sinəm laldı,
Göynər dilim, dilim göynər –
Bahar ömrün xəzan aldı,
Göynər gülüm, gülüm göynər…
* * *
Dərd alışır, sinəm sönür,
Göynər külüm, külüm göynər –
Dərd sinəmdə dilimlənir,
Göynər, dilim-dilim göynər…

ZÜLM
Vaxt daralır, vaxtdan gedir,
Gəlmişəm ki, vaxtı bölüm.
Gözlərimdən yuxu yağır,
Yetişir bu vaxtı ölüm…
* * *
Nə dincini alır ruhum,
Nə çəkilir ərşə yuxum.
Tək özüməm – varım-yoxum,
Taleyimin taxtı, gülüm…
* * *
Kilidlənir yarıyacan,
Yarı bu gün, yarı haçan?
Baxışlarım qapıyacan,
Yaşamaq da, vallah, zülm…

EYLƏR
Dedim, ey gül, nədir halın?!
Gözün yaşın rəvan eylər.
Düşən gündən bu sevdaya,
Xəyal eylər, güman eylər.
* * *
Siyah zülfün zərəfşandır,
Üzün gülşən, gülüstandır.
Nədən ömrün zimistandır?!
Məlal eylər, xəzan eylər.
* * *
Ürək dözməz fəraq olsun,
Könül, səndən iraq olsun.
Yanar canım çıraq olsun,
Sitəm eylər, divan eylər.
* * *
Əlac etsən, qübar etməz,
Sevən aşiq fərar etməz.
Neçin səbri-qərar etməz?!
Yıxar könlüm, viran eylər.
* * *
Olan olmuş, keçən keçmiş,
Dolub badəm, içən içmiş.
Ömür, Mövlud deyər heçmiş,
Qılar ah-zar, fəğan eylər…

MƏN
İlmələrim naxış-naxış,
Xana olub dərd çözürəm…
Tellərindən ayrı düşən
Şana olub dərd gəzirəm…
* * *
Sızıldayır qəm şikəstəm,
Küsüb məndən boyu bəstəm…
Naləsi bəm həvəngdəstəm,
Həna olub dərd, əzirəm…
* * *
İllər yaman gec ötüşüb,
Həsrət çəkib, sayru düşüb…
Qatarından ayrı düşüb,
Yana olub dərd, düzürəm…
* * *
Mövlud kimi ad almışam.
Bilməm, niyə yad olmuşam…
Pərvanədən od almışam,
Ona olub dərd, dözürəm…

GƏLMƏDİ
Dedim yara namə yazım,
Əlim gəlmədi, gəlmədi.
Dərd üstünə dərd istədim,
Zülm gəlmədi, gəlmədi.
* * *
İllər ilə həsrət çəkdim,
Yenə onsuz, yenə təkdim.
Dərdi yarı böləcəkdim,
Gülüm gəlmədi, gəlmədi.
* * *
Dərd əlindən gəldim dada,
Hey düşdükcə dərdim yada.
Dedim, bəlkə, yetər dada,
Ölüm gəlmədi, gəlmədi.
* * *
Dərd məskənim dərd dağıdır,
Dərd ələyir, dərd dağıdır.
Necə deyim, dərd yağıdır,
Dilim gəlmədi, gəlmədi.
* * *
Mövlud dərdinə ağlayır,
Dərd kitabın varağlayır.
Dərdim sinəmdə çağlayır,
Selim gəlmədi, gəlmədi…

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir