Xocalısız 30 il – Rəfail Tağızadə

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Xocalısız 30 il
44 günlük müharibədə işğal olunmuş ərazilərimizin əksər hissəsi Ordumuz – qəhrəman döyüşçülərimiz tərəfindən azad olundu. 28-30 il həsrətində olduğumuz torpaqlara, yurd yerlərimizə qovuşduq. Bu Qələbə torpaqlarımızla birlikdə qürurumuzu, şərəfimizi özümüzə qaytardı.
Qarabağın çox yerləri işğaldan azad olundu. Bu illər ərzində xəyalı ilə yaşadığımız Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xocavəndin bir hissəsi (Hadrut), Şuşa, Ağdam, Laçın, Kəlbəcər də…
Bu sevinc ağrılarımızın böyük bir hissəsini unutdurdu. Lakin Xocalı ağrısı, Xocalı müsibəti hələ də içimizdə ağır yara kimi qaldı.
İşğalda qalan, millətin, xalqın, vətəndaşın, dövlətin üstündəki qara ləkə, ən böyük faciəmiz olan Xocalı.
Xocalı faciəsində 613 nəfər həlak oldu (bunlardan 63 uşaq, 70 qoca, 106 nəfər qadın idi), 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyindən xəbər olmadı, 487 nəfər yaralandı, 3 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideyndən məhrum olundu, 130 nəfər valideynlərindən birini itirdi.*
Qarlı-şaxtalı fevral günündə yaralıları, şəhidləri, don vurmuş xocalıları meşədən, dağdan gətirənlər və o günlərin şahidləri olan başqa ağdamlılarla bərabər şəhidlərin yuyulub dəfnə hazırlandığı Ağdam məscidinin divarları da o ah-nalələri unutmayacaq.
Bizə o ağrıları unutduracaq, təsəlli verəcək hadisə Xocalının düşmən işğalından azad olunması ilə olacaq. Torpağın üzündən qan ləkə, yad iz, muradlıq, çirkab təmizlənəcək. Ruhumuz kimi.
Ermənilər tərəfindən darmadağın edilən, yerində indi ermənilər üşün hündür mərtəbəli binalar tikilən, İvanyan məntəqəsi adlandırılan Xocalı, bizim üçün təkcə vətən torpağı deyil, həm də qədim tarixi olan yaşayış məskənidir.
Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. “Xocalı qəbiristanlığı”nda aşkar edilmiş miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən tikilmiş Əsgəran qalasını və onlarca başqa tarixi abidələri ilə…
1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Əsgəran sözünün mənası “Qədim Aran” deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı ərazisi Azərbaycanın ən qədim diyarlarından biridir. Aparılan araşdırmalar göstərmişdir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır.
Ermənilər uşaqların, qocaların, qadınların başına dünyada görünməmiş vəhşiliklər gətirməklə bərabər tariximizi də yer üzündən sildilər. Müqəddəs məkanı nurdarladılar, erməniləşdirdilər.
Bu tariximizin ən qara səhifələrindən biridir.
İndi səni başqaları təmizləyir, Xocalı. Ermənilərə ev tikmək üçün. Məhz sən də…
Sənsizlikdən 30 il keçdi. Hələ də sənə kənardan baxırıq. Ürəyimizin gözləriylə. Sənə getmək mənə, bizə qadağandı. Sənə qovuşmaq yasaq.
Ağdamdan Şuşaya gedəndə xocalıları da özümüzlə götürməyi düşünürdük. İndi o yolla nə özümüz gedə bilirik, nə də sizi götürə bilirik. Arzularımız yarımçıq qaldı. … Xosalısız qaldıq.
Bu gün də sənin işğal, faciə gününü qeyd edirik.
Tariximizin çox qara günləri qızardı. Qızarmayan tarixlər içində 26 fevral günü də qaldı. Azərbaycanın müsübət günü – Xocalının işğalı. Ömrümüzün, həyatımızın, xalqımızın qara günü:
26 fevral 1992-ci il.
Sinədə, аlındа gəzir Хоcаlı,
Hər kəsin cаnındа gəzir Хоcаlı,
Yаrаlı Хоcаlı, əsir Хоcаlı.
… Dоn vurmuş körpənin qаrlı izini
Yаyın istisi də əridə bilmir.
Хоcаlı hаrаyın, Хоcаlı səsin,
Dünyаnın sükutu kiridə bilmir…


* Bu qəbildən olan siyahıların dəqiqləşdirilməsi bütün itkinlərimiz haqqında tam dəqiq məlumat əldə etdikdən sonra başa çatacaq.


Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.