Həyatın iki üzü – Damət SALMANOĞLUNUN hekayəsi

DAMƏT SALMANOĞLU

Gözəl yay gecəsi idi. Sərin meh əsdikcə həyətdəki qovaq ağaclarının yarpaqları bir-birinə toxunub sanki gecəyə layla çalırdı.
Fəridə eyvanda əyləşib bu həzin səsin sehrinə düşüb, xəyallar qatarında yol gedirdi. Sərnişini olduğu bu qatar onu dörd il öncəki həyatına qonaq aparırdı.

Uzaq qohumları olan Nəsibə Fəridənin anası ilə şirin söhbət edirdi.
– Ay Nazilə bacı, nə əcəb bu qızları saxlayıbsan vermirsən getsinlər birinə.
Bir az yüngələşərdiniz, bir otaqda dörd nəfər yaşayırsınız.
– Nəsibə bacı, bəyəm kimsə gəlib istədi ki, qızları, bizdə vermədik?
– Bizim qonşuda bir oğlan var. Özlərinin dükanları var. İmkanları da yaxşıdı. Oğlan subaydır. Ona, halal süd əmmiş qız axtarırlar.
O gün bacısıyla yolda rastlaşdım. Deyir, ay Nəsibə, soraqlaş, bəlkə, sizin qohum- əqrabada subay qız olar.
Qardaşım Rafiqi evləndirmək istəyirik. Özün görürsən də, dükanları var, qazancı yaxşıdır, kimnən evlənsə yağ-bal içində üzəcək.
Nə olsun bir az yaşı çoxdu. Belə baxanda otuz altı yaş nədir ki? Əsil evlənəsi vaxtıdır əslində. Mən də söz verdim ki, qız taparam. Nə yalan deyim, sənin qızlarını düşündüm o dəqiqə.
Nazilə həyat yoldaşı və iki qızı ilə birlikdə bir otaqlı şəraitsiz evdə yaşayırdı. Həyat yoldaşı tikintidə usta işləsə də qazandığı pul ancaq gündəlik tələbatlarına yetir, qənaət edib ailəsi üçün şərait yarada bilmirdi. İki qızı təkadamlıq çarpayıda yatır, həmişə də sabah oyananda narahatlıqdan şikayətlənərdilər. İndi Nəsibənin bu təklifini eşidəndə çox sevmişdi. Ən azından qızlarından biri bu özü çəkdiyi əziyyəti çəkməyəcək, yaxşı şəraitdə yaşayacaq. Ancaq hardan biləydi ki, düşündükləri xəyala dönüb qalacaq.
Fəridə uşaqlıqdan çox şən qız idi. Rəfiqələri onun sadə geyiminə rəğmən səliqəlilyinə, gözəlliyinə, üzügülərliyinə həmişə həsəd aparırdı. Oxuduğu texnikomda hər kəs onu “mehriban, gülər qız” deyə çağırırdılar. Hamı ilə gülüb-danışar, mehriban və qayğıkeşliyi ilə seçilərdi. Qrup yoldaşlarının bahalı geyimlərini görüb heç vaxt həsəd aparmaz, kimsəyə qarşı ürəyində kin bəsləməzdi.
Nazilə Fəridəyə evlilik məsələsini deyəndə razılaşdı və dedi:
– Bir şərtlə, ana. İcazə ver özüm söhbət edim oğlanla və öz şərtlərimi söyləyim. Əgər razılaşsa mənim şərtlərimlə hə deyərəm.
Günortaya az qalmış Fəridə telefonuna zəng gəldiyini görüb əlinə aldı. Zəng edən Rafiqin bacısı idi.
– Alo, Fəridə salam, biz qonşu küçədədə səni gözləyirik. Əynini geyin gəl, səni qardaşımla tanış edəcəm. Bir kafedə əyləşib söhbətləşək.
– Salam, gözləyin hazırlaşım 15 dəqiqəyə gələrəm təxminən.
– Oldu, gözləyirik.
Fəridə maşına yaxınlaşanda Rafiqin bacısı maşından düşüb onu qarşıladı .Fəridə istər-istəməz maşının salonuna nəzər saldı. Sürücünün yanında əyləşən Rafiqi görüb düşündü ki, bacısının yoldaşıdır. Çünki Fəridənin gözlədiyindən daha yaşlı görünürdü. Maşına əyləşəndə isə bacısının, “hə, Fəridə, tanış ol, qardaşım Rafiqdir”,- deməsi Fəridənin bütün xəyal budaqlarının qırılıb düşdüyü an oldu. Ancaq yaşadıqları şəraiti düşünüb özünə təsəlli verdi. “Yaşlı olması önəmli deyil, ailəsinə bağlı olsun yetər ki”
Şəhərdə kafelərin birində əyləşib çay içə-içə söhbət eləməyə başladılar.
-Eşitdim ailə qurmaq üçün bir neçə şərtləriniz var. Buyurun, dinləyirəm şərlərinizi.
-Bildiyiniz kimi mən texnikom bitirmişəm, yəni öz sənətim üzrə işləmək istəyirəm. İstəmirəm gələcəkdə həyat yoldaşım mənə qadağalar qoysun.
Beləliklə bütün şərtlərini söylədi. Rafiq Fəridənin bütün şərtləri ilə razılaşdığını bildirdi.
Vağzalı sədası gələndə Fəridə sevinirdi. Çünki uşaqlıqdan çəkdiyi əziyyətlərdən, kasıblıqdan, atasının deyingənliklərindən ayıran, yeni bir həyata aparan qatarın vağzalı idi bu vağzalı sədası. O an, o qatarın birtərəfli olduğunu düşünürdü. Düşünürdü ki, bu vağzaldan yola düşüb onu fərqli bir dünyaya aparan qatar bir daha geri dönməyəcək. Fəridə o gün hardan biləydi ki, bu vağzaldan ayrılan qatar çox keçmədən yenidən bu vağzala dönəcək…
Bakı kəndlərinin birinə gəlin köçən Fəridə sanki əzablarını da cehizlik kimi özü ilə birlikdə gətirdi. İlk günlərdən soyuqluğu hiss etdi. Axı Fəridə bilmirdi ki, Rafiqin illərdi birlikdə olduğu qadın var. Fəridə ilə sırf bacısının “Rafiq, yaş ötür, ailə qur, övladların olsun. Sənə demirəm o qadından ayrıl. Çünki bilirəm desəm də sözümü yerə salacaqsan. Amma o qadın, sənin ailən deyil, öz ailən olmalıdır. Sənə ailə qurmağa qız tapmışam mən. Gedək qızı gör, bəyənməsən evlənmə, məcbur deyil” deməsi ilə ailə qurub. O gün ilk dəfə Fəridəni görəndə gözəlliyi onunla ailə qurmasına və şərtlərini qəbul etməsinə səbəb olur. Ancaq ailə məhz gözəlliyin və ehtirasın üzərində qurulmur. Əgər ailədə qarşılıqlı sevgi olmursa onun təməli çox zəif olur. Elə Fəridənin ailə təməli də cəmi bir həftəyə titrəməyə başladı. Cəmi bir həftə ərzində Rafiq yad adam kimi davranır, Fəridə ilə soyuq münasibət bəsləyirdi. Fəridə fikirləşirdi ki, ola bilsin nəsə maadi sıxıntısı var, o səbəbdən soyuqluq göstərir. Buna rəğmən Fəridə onu isti qarşılayır, işdən gələndə gülümsəyir, danışır, halın soruşur, işləri ilə maraqlanırdı. Ancaq Rafiq əksinə hər gün bir az daha soyuqlaşır, qaşqabağını tökür, Fəridə ilə demək olar ki, kəlmə kəsməyə tənbəllik edirdi. Bütün bunların başında isə Fəridədən öncə həyatında olan qadın dururdu. Hər gün Rafiqi tənbeh edir, Fəridədən ayrılmağı tələb edirdi. Hətta vəziyyət o yerə çatdı ki, toydan 1 ay ötməmiş Rafiq ilə Fəridə başqa-başqa otaqlarda yatır, bununla da aralarında olan ailə bağını tamamilə üzüləcək vəziyyətə gətirmişdilər. Rafiqin hərəkətlərindən şübhələnən Fəridə çox keçmədi şübhələrinin əbəs olmadığını gördü. Rafiq açıq-aşkar həyatında olan qadınla telefonla danışır, pıçıltıya belə gərək görmürdü.
-Narahat olma, canım, çox çəkməz bezər. Bir-iki aya qaçıb gedər evlərinə.
Bu sözləri Fəridə eşidəndə elə bil başına qaynar suyu tökdülər, dünya gözlərində qaraldı. İlahi, mən necə dönəcəm evə, onsuz da atam əzazil adamdı, mənə gün verib işıq vermirdi.
Deyəcək görürsən bütün günahlar səndədir.
Ər evində də özünü apara bilmədin geri göndərdilər.
Məcbur bu əzaba tab gətirib dözməliyəm. Ancaq zaman keçdikcə Rafiq daha da laqeydləşir, Fəridəyə qarşı ən ağır şəraiti yaradırdı. Evə bazarlıq eləmir, ac-yalavac saxlayır, nə yolla olursa-olsun bezdirir ki, çıxıb getsin öz xoşuyla. Kim soruşsa da niyə getdi gəlin, cavab versin ki, şəhərdə böyümüş qızdır, alışa bilmədi kənd həyatına. Amma Fəridə bütün bunlara rəğmən dözürdü bütün çətinliklərə. Həyətlərində əkdiyi tərəvəzlərdən, istifadə edərək gündəlik yemək təlabatını qismən də olsa ödəyirdi. Yanaqları payız çiçəyi kimi solmuş, əvvəlki təbəssümün izi-tozu qalmamışdı. Rafiq ata anasının onlara gəlməsinə qadağa qoymuşdu. Hətta bir dəfə Fəridə buna qarşı gələndə cavabında “gəlməsinlər, lazım olar sən gedərsən birdəfəlik”,-demişdi.
Əzab-əziyyətlə dolu bir il keçdi. Zaman ötdükcə Fəridənin taqəti də tükənir, hər gün bir az həyatından küsürdü. Nəhayət çox götür-qoy etdikdən sonra ata evinə geri dönməyi qərarlaşdırdı. Ancaq getməmişdən bu ağrı-acılı bir ilin ürəyində yaratdığı vulkanı Rafiqin üzünə püskürtməyi yəqinləşdirdi.
Sabah təzə açılmışdı. Rafiq yerində bir az o yan, bu yana döndükdən sonra ayağa qalxıb hamam otağına keçmək istəyirdi ki, qapını açanda Fəridə ilə üz-üzə gəldi. Fəridə paltarını geyinib hazır vəziyyətə Rafiqi gözləyirdi.
– Sabah-sabah hara belə?
Fəridə sakit-sakit dedi:
– Artıq arzunuza çatdınız hər ikiniz. Sən də, sənin fahişən də. Mən atamın evinə gedirəm. Ancaq getməmişdən əvvəl sənə bir iki kəlmə sözüm var. Əgər sən mənimlə ailə kimi yaşamayacadınsa niyə mənim həyatımı məjv elədin? Niyə mənim arzularımı yarıda qoydun?
Elə bilirsən ki, mənə çəkdirdiklərini Allah götürəcək? Yox, O, hökmən sənin cəzanı verəcək.
Ay bədbəxt, sən heç düşünmədin o fahişə bu gün sənin ailəni dağıdırsa sabah da başqasının ailəsini dağıdacaq, onun fahişəsi olacaq. Sən düşünmədin ki, o qadın səndən bir neçə yaş böyükdür, onun öz uşaqları var yaşlanannan sonra çəkiləcək nəvələrinin yanına başını qatacaq. Amma sənin həyatda heç nəyin olmayacaq, nə bir övladın, nə bir nəvən. Sənin kimi insanlar insanlıq adına qara ləkədir,- deyib qapıdan çıxaraq həyatın bir çətin üzündən digər çətin üzünə tərəf yol aldı. Bir il öncə vağzalı havası sədaları altında çıxdığı vağzala bu gün geri dönürdü. Yenə atasının dedi-qodusu, yenə təkadamlıq çarpayıda bacısı ilə gecəni sabahlamaq.
Bacısının səsinə xəyallardan ayrıldı,
– Fəridə, ay qız eşitmirsən? Atam deyir eyvanın işığını söndürüb yatsın, gecə keçir. Boşuna işıq yazır, onun pulunu ödəmək də var…

Müəllif: Damət SALMANOĞLU

DAMƏT SALMANOĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.