Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir. Bu qanlı savaşda minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı şəhid olmuşdur.
Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.
Tariximizlə bağlı düzgün suallar məhz bu cür qoyulmalıdır! Səfəvi tarixi ilə bağlı təkcə elmi-publisistik müstəvidə fəaliyyətlə kifayətlənmək olmaz. İlk növbədə ədəbiyyat və incəsənət sahəsində Şah İsmayıl və Səfəvi mövzularına geniş işıqlandırılmasına nail olmalıyıq. Məgər Şeyx Səfidən tutmuş, üzü bəri dörd yüz illik Səfəvi tarixi bizə hekayələr, roman povestlər, pyeslər yazmaq, filmlər çəkmək üçün azmı faktlar göstərir? Məgər Şah İsmayıl Xətainin və ümumilikdə, Səfəvi dönəminin klassik poeziyası bizə azmı bədii təsir bağışlayır? Yaxud, Səfəvi minatürləri, xalçaları, xəttatlıq- nəqqaşlıq nümunələri bizim müasir rəssamlar, dizaynerlər üçün azmı estetik tapıntılar qoruyub saxlayır? Məgər Şah İsmayıl haqqında bu vaxta qədər yazılmış barmaqla sayılası əsərlər doğurdanmı onu bütün rakurslardan işıqlandırmağa kifayət edir? Zənnimcə bu obraza təkrar-təkrar, dəfələrlə müraciət edilməlidir. Əgər şair və yazıçılarımız, dramaturq və rejissorlarımız bu mövzunu müxtəlif müasir və maraqlı üslublarda, formalarda təkrar-təkrar işıqlandıra bilsələr, onda geniş xalq kütlələrinin, ələlxüsus gənclərin də Şah İsmayıl obrazına və Səfəvi mədəniyyətinə marağı və həvəsi artmış olar. Məgər Şah İsmayıl şəxsiyyətinin bizim üçün dəyəri, Birinci Pyotrun ruslar üçün, ya Napoleonun fransızlar üçün olan dəyərindən əskikdirmi? Niyə adıçəkilən dövlət xadimləri barəsində yüzlərlə, hətta minlərlə bədii əsər, incəsənət nümunəsi yaradılıb? Biz niyə geri qalmalıyıq? Yəni bizim tarix və mədəniyyətimiz bu qədər kasıbdır? Nə vaxtacan qələm sahiblərimiz «filankəs filankəsi belə ittiham etdi», «filankəs filankəsə belə cavab verdi», «filankəsin arvadı ona xəyanət elədi», «Filankəsin yatağından filankəs çıxdı» kimi «bomba yazı»lara enerji sərf edib, ziyalı mühitin şüurunu zəhərləyəcək? Niyə bizim yeniyetmələr qəhrəmanlığı «Spaydermen»lərdən, ağıllı olmağı «Meqamozq»lardan, vətən sevgisini «Vilyam Volos»lardan, poetik ruhu «Kələbək röyaları»ndan, cəngavərlik şərəfini «Ceday»lardan öyrənməlidi? Hələ Azərbaycan tarixinin başqa parlaq səhifələrini, tarixi şəxsiyyətlərini kənara qoyuram, əgər bircə Şah İsmayıl Xətai şəxsiyyətində bütün bu keyfiyyətlər birləşirsə, niyə onu lazımi səviyyədə təbliğ etməyək? Etməliyik. Və edəcəyik. Əgər iyirmi birinci əsrdə dünyanın, hər mənada böyük və bütöv xalqları sırasına çıxmaq istəyiriksə, geniş mənada, Səvəfi ağlı və Qızılbaş gücündən istifadə etməliyik… Zənnimcə, milli-ideoloji baza olaraq, bundan optimal variant görünmür. Müəllif: İlqar FƏHMİ
Yoxluğun əriyib gözümdən axdı, Ölümün öldürdü mən qara baxtı. Hönkürüb, hönkürüb bu gecə vaxtı Qəbrini bağrıma bükürəm, ana!
Donub ruhum, canım sal buza dönüb, Taleyim kor olub, ulduzum sönüb, Üstümə bir dünya ağrılar enib, Dağ kimi önündə çökürəm, ana!
Ağrınam, acınam, sızlar yaranam, Bağrımın başında bir damla qanam, Qıymazdın bu sayaq alışıb yanam, Bu məhşər odudu, çəkirəm, ana!
Tanrım bu dərd-qəmi ömrümə yazdı, Diriykən yanında qəbrimi qazdı, Bu ağrı, bu acı bəlkə də azdı, Qan-yaşdı gözümdən tökürəm, ana!
Ənvər gecə-gündüz qarğar fələyi, Dönməz bu ölümə şair ürəyi, Qəbrinin üstə ki, otu, çiçəyi, Vallah, göz yaşımla əkirəm, ana!
Gəlmişəm
Xocalı adlı balamı, Qana bələyib gəlmişəm. Uçurub könül qalamı, Canımı oda sərmişəm.
Göz yaşım daş üstə bitib, Şuşa boyda ömrüm itib. Yaram məni boyda ötüb, Dərdi gözümlə dərmişəm.
Yazım açmadı bir çiçək, Dərdim qanımda bitəcək. Ömrüm canımda itəcək, Yaram üstə söz sərmişəm.
O daş yollar məni yedi, Fələk səbr et, döz-döz dedi. Gördüm Vətən can üstədi, Bir də baxım göyərmişəm!
Ağlayır
Ötsün asta-ata segah, şikəstə, Od yağdı Vaqifin qəbrinin üstə, Dağıldı yurd-yuva, torpağım xəstə Qan sızır yaramdan gözüm ağlayır. Yas tutdu Natəvan, hönkürdü Bülbül, Olub Qaryağdının naləsi dil-dil, Yoxdur Qarabağım, fəryad et könül Sönüb od-ocağım, gözüm ağlayır!
Gəzdiyim oylaqlar geyindi qara, Çəkildim Şuşada gözümdən dara Vuruldu sinəmə əbədi yara, Bulaqlar üstündə izim ağlayır.
Ay Ənvər, fələyin min bir oynu var, Hanı gurşad səsli, qartallı dağlar, Elə bil yoxmuş o gözəl çağlar, Uçdu qəsri qallam, sözüm ağlayır!
Bilmirəm
Geyib ayağıma bu sərt yolları, Arzumun səddinə çata bilmirəm. Bu boyda dünyanın ağırlığını, Götürüb çiynimdən ata bilmirəm.
Öldü bu dünyanın gədası, şahı, Nəydi dəlilərin günahı, ahı?! Dünya inqə deyir, anası zahı, Ləlimi, gümüştək sata bilmirəm!
Bir ovuc torpaqda bir dünya dərd var, Canımın gözündə qan damar-damar. Fələk ömrümüzlə oynayır qumar, Başımı heç nəylə qata bilmirəm!
Zaman daşa basdı, qəddimi əydi, Taleyin yumruğu başıma dəydi. Neynim, aman Allah, axı, bu nəydi, Yaramın üstündə yata bilmirəm!
Ənvər, bu ağrıyla bağrın talandı Beləmi yazılıb, tanrımın andı? Canım çırtdaq-çırtdaq od tutub yandı, Qəvvasam, dərdimdə bata bilmirəm.
Sən olum
Göy qurşağı üzüyünün qaşıdır, Buz bulaqlar gözlərinin yaşıdır. Baxışın könlümün məhək daşıdı… Ərit məni gözlərinin odunda… … Ya ömrünü ömrüm ilə başa vur, Ya ömrümü tufana sal, daşa vur. Ya bahar ol, gül üstündə şeh olum, Ya könlünü sərinlədən meh olum. Ya günəş ol, zərrəciyin olum mən, Ya payız ol, yanağında solum mən. Ya səhər ol, qızıl nurtək çilənim, Ey qədrimi insan kimi bilənim! Ya nəğmə ol, qəlb oxşayan söz olum, Ya alov ol, qor altında köz olum. Ya zirvəm ol, duman olum, çən olum! Ya dünyam ol, mən sənləşim, sən olum!
Çəkinə-çəkinə
Bir az çəkinə-çəkinə Mən səni atdım Yoxluğun içinə. Daha dünənki Gün kimi yoxsan, Sabaha çatmaz əlin Əriyər gözündə Yoxluq heykəlin. Sındı qanadın, Gedişin getdi, Gülüşün itdi. Üç nöqtə qoyuram, Bu şeirim bitdi…
İtir
Ömrüm bu yollarda itir, Ağla məni gültək bitir, Öldür məni yerdən götür, Sıxma məni qanım çıxır.
Özüm özümdən düşmüşəm, Küləm közümdən düşmüşəm. Yaman gözümdən düşmüşəm, Budaqla yarpaq kimiyəm Bir ovuc torpaq kimiyəm.
Əlim çatmaz keçən günə, Ürəyimdən keçən günə, Dərd-qəmimi seçən günə, Allah, bu səs, bu ün mənəm, Dünənim yox, bu gün mənəm!
Üzüm-gözüm qırış-qırış, Tale deyir: et yır-yığış, Yaman soyuq gəlir bu qış, Qaraltma sən gəl qanımı, Özün oxu Quranımı!
Ölüm-olum arası az, Dünya gödək, qəbir dayaz. Ənvər şeiri dərdinlə yaz, Dünya sığmır dünyasına Dünya ağlar öz dünyasına.
Kimi
Bu dünyanın üzü qara Gecə üzündə xal kimi Ölüm-itim, hamısı var Bu həyat bir xəyal kimi.
Baş kəsilir, qan tökülür Gedirəm, dizim bükülür. Tanrının evi sökülür Keyləşmişəm bir lal kimi.
Kim köç edir, kim yurd seçir, Fələk enib kəfən biçir, İnsan ağlı qanın içir, Qalmışam bir sual kimi.
Ömrümə
Göz yaşımla bitən gülsən, Dil-dil olub ötən dilsən. Bəlkə bir bulud gölüsən Yağış kimi yağ ömrümə.
Səhər köçdü, axşam düşdü, Ayaq dünyadan sürüşdü. Fələklər baxdı, gülüşdü Mənim üzü ağ ömrümə. Dərk et, ömür əfsanədir, Gülləri seç, ara bir-bir. Dur get Quran xətm elətdir, Baxa-baxa sağ ömrümə.
Şəkərim var…
Şəkərim var, şəkərim, Şəkər mənim şakərim. Şəkər yeyir canımı, Çox qaraldır qanımı.
Həkimlərin hərəsi, Bir cür resept yazır. Bu reseptlər elə bil, Canıma qəbir qazır.
Onları qınamıram, Hər nə yeyirsən zəhər. Çoxu deyir ay şair, Çalış yaşa birtəhər.
Əlacım yeriməkdi, Canımı sürüməkdi. Həsrətəm ətə-yağa, Bala, südə-qaymağa.
İnsaf yoxdu həkimdə, Gerilik var çəkimdə… Tez-tez söyləyir mənə, Dostum, deyirəm sənə. Şirin şey qəti olmaz Pəhriz saxla sən bir az! Yeyəsən qara çörək, Əməl edəsən gərək Həkimin hər sözünə. Qəsd edirsən özünə… Böyrəklərin işləməz Gözlərin yaxşı görməz Papirosda çəkmə sən Araq, çaxır içmə sən.
Su iç gündə 3-4 litr, Şəkərini bir az itir. Dedim pəhriz saxla sən Az-az yeyə bilərsən Toyuq əti, dana əti Göy-göyərti Həftədə bir yumurta Ayrı yemək yemə, ta…
Gözün tikir gözümə, Mat-mat, baxır üzümə Yazım tez iynəyə keç, Təzə həyat tərzi seç Əlavə amaril at Çarəsiz deyil həyat…
Barışdı
Eh əcəlin gözü kordu, Kor gözüylə məni yordu. Hər bir kəsin sonu kordu, Yaram canıma darışdı.
Ha qaçdım mən ora-bura, Dözdüm bu sərt vurhavura, Loğmanım yox, ruhum yara, Ömrüm əzabla barışdı.
Dərd-qəmimə bata-bata, Sarındım ilan həyata, Vaxt çürütdüm yata-yata. Qanım dərdimə qarışdı.
Kim yoğurdu, kimsə yaptı, Kimi yağlı kökə tapdı, Həyat yolu çapa-çapdı, Ram ol, könül bu yarışdı.
Qarşında dağ görünür, Zirvəsi çox ucadır? Bəlkə sənin ömrün O dağlardan qocadır?!
Yoluna ilan çıxar, Yolunda qurd ulayar. Yolunda mənfur həyat, İttək quyruq bulayar.
Fikir vermə, yeri, get, Yolunda daşa dönən Hər kəsə sən nifrət et O sərt ölüm yoludur,
Sınmır, fələk qoludur O yolun sön nöqtəsin Ayağın tapa bilməz. Get, get yolçu yolunla, Ölümsüz bir dünya gəz.
Dedilər ölübdür, üçüdür bu gün
Zəng etdim… halını soruşmaq üçün, Dedilər ölübdür, üçüdür bu gün… Söz də dəli olar belə xəbərdən Yığıb bəbəyinə tozlu yollan Köz də dəli olar belə xəbərdən. Dünən var, bu gün yox olursa insan Bir zərif yarpaqtək solursa insan. Doğulmaq bir azca ar gəlir düzü Doğulub, yaşayır, ölübdür sözü. Dəhşətlə səslənir ölüm, qan, qada Üç gündür o yoxdur, yoxdur dünyada… … Dərd sənin köksünü eşəsi olsa. Dərd sənin köksünü deşəsi olsa Bir azca ağlamaq xoş olar vallah, Bir azca hönkürmək gərəkdir, Allah! Dərd duman deyildir külək dağıda Kədərin dağı da, qəmin dağı da Birdən çəkiləndə sinənin üstə Yığılıb diz üstə düşürük xəstə… Ölübdür sözünün acı zəhəri, Üçüdür sözünü ahı, qəhəri, İşləyir iliyə, damara, qana. Ağır yuxu kimi gəlir insana İnsanın yoxluğu, əbədi gediş Amansız bu ağı, dözülməz bir iş, Varlığın yoxluğu, sənsiz bir həyat Boğur insanlığı, baxırıq mat-mat … Zəng etdim… ölü bir ağrı dinlədim. Ağrıya qoşulub dərdtək inlədim! Zəng etdim halını soruşmaq üçün Dedilər ölübdür, üçüdür bu gün!…
Bu gecə
Bu gecə nə gözəl gecədir, könül, Bu gecə ay necə bədirlənibdir. Dünya süd gölündə çimir elə bil, Elə bil üfüqlər yerə enibdir.
Gecə ağ duvaqlı nazlı gəlintək, Açıb saçlarını yuyur sularda. Yaylıqtək asılıb ağacdan külək, Dünya nə gözəlmiş bu ilk baharda…
Bəlkə ikimizik dünyada oyaq, Bəlkə bu gecənin gəlişi haqdır. Sən mənə səhərin gözləriylə bax, Bəxtim günəş kimi doğulacaqdır.
Ulduzlar torpağa tökülür dən-dən, Çiçək yağışında yuyulur gecə. Torpağın əliylə yazıla bilən Gözəl şeir kimi duyulur gecə.
Uzansın bu gecə… Sökülməsin dan, Bu gecə huşumu başımdan almış, Utansın bu gecə yanaqlarından, Bu gecə üzündə bir qara xalmış…
Sən ölsən, gözlərində…
Gözlərin tabutumdur, Göz yaşında yu məni Bəlkə nə vaxtsa doğub, Gözündəki su məni.
Bir damla göz yaşına, Qərq eləmə özünü. Ağlama, buludların, Ahı tutar gözünü!
Sənin günəş üzündə, Zülmət buzum əriyər. Mənim kür, çılğın könlüm, Gözlərində kiriyər!
Sən ölsən, gözlərində Şair qəbri qazılmaz. Sənin cəllad gözünə, Bir də şeir yazılmaz.
Üşüyür
Bu bir tanrı qarğışıdı, Dərdim canımın yaşıdı, Dondum, ömrümün qışıdı Əzabım, cəbrim üşüyür.
Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir. Bu qanlı savaşda minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı şəhid olmuşdur.
Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.
AKİF ABBASOV
MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ
(“Samsundan başlanan yol” romanından)
Mustafa Kamal vaxt itirmədən Gelibolu yarmadasına yola düşdü. 1915-ci ilin yanvar ayının ortaları idi. O, yarımadada yerləşən Tekirdağ şəhərinə gəlib on doqquzuncu diviziyanı təşkil etməyə başladı.
Fevral ayının 25-də bu diviziya yerini dəyişib Maydosa (Ejeabada) köçdü. Bu şəhərlər yarımadada Dardanel (Ağ dəniz) boğazı hövzəsində yerləşirdi. Burada Mustafa Kamal sərəncamında olan diviziyadan başqa həm də ikinci piyada alayını və bir sıra topçu birləşmələrini də tabeçiliyinə aldı. Beləliklə, o, Maydos hərbi dairəsinin komandanı oldu.
Yarımada narahat günlərini yaşayırdı. Martın 18-də ingilis donanması Çanaqqala boğazını keçməyə cəhd etdi. Bunu görən sahil topçuları onları şiddətli atəşə tutdular. Düşmən ağır itki verdi, lakin öz niyyətindən əl çəkmədi. İngilislər yarımadaya desant çıxarmaq fikrində idilər. Türk ordusu bundan vaxtında xəbər tutdu.
Geliboluda beşinci ordu yaradılmış və alman generalı Liman fon Sanders ordu komandanı təyin olunmuşdu. O, ingilis həmlələrinin qarşısını almaq üçün ordu qüvvələrini üç qrupa bölmüş və onları təlimatlandırmışdı.
Mustafa Kamalın komandanlığı altında olan birləşmələr ehtiyat qüvvə kimi dayanıb dururdu. Baş plana əsasən, Mustafa Kamalın diviziyası aprelin 18-də Tümeni və Bıqalı şəhərlərinə doğru hərəkət etdi.
İngilislər axır ki, öz planlarını həyata keçirdilər və aprelin 25-də Çanaqqalada Səddülbahir və Arıburnu bölgəsində desant çıxardılar. İlk desant dəstələri Mustafa Kamalın ordusu yerləşən ərazidə gözə dəydi. Bunu görən Mustafa Kamal tez qoşunları Bıqalıdan Conkbayıra köçürdü. İngilis ordusu Arıburndan Conkbayıra doğru irəliləyirdi. Lakin elə həmin gün bu qüvvələr on doqquzuncu diviziyanın həmləsinə tuş gəlib geri oturduldu. Ordu komandanı general Liman fon Sanders əməliyyatı müvəffəqiyyətlə həyata keçirdiyi üçün Mustafa Kamala öz təşəkkürünü bildirdi. İyun ayında Mustafa Kamala albaylıq rütbəsi verildi.
Atatürk Çanaqqala döyüşlərinin qəhrəmanı Koca Seyidi yadına saldı. Koca Seyid evli idi, bir qızı da doğulmuşdu. Qayğıya ehtiyacı olan qoca ata-anası vardı. Bir sözlə, evdə-eşikdə lazım idi, öz ailəsinin, arvadının, körpə qızının yanında olmaq, valideynlərinə həyan durmaq üçün. Fəqət Osmanlı Türkiyəsi ağır gündə idi. Belə bir zamanda evdə, isti ocağın qırağında oturub qızınmaq kişilikdən deyildi. Odur ki Koca Seyid könüllü orduya yazılıb, cəbhəyə yollandı. Bu, 1909-ju ilə təsadüf edirdi. Üst-üstə doqquz il orduda xidmət etdi. Düz doqquz il evindən-eşiyindən ayrı düşdü, ailəsində baş verənlərin birindən xəbər tutdusa, digərindən xəbər tuta bilmədi, başqa bir xəbəri də ondan gizlətdilər.
Bu doqquz ilin içində neçə dəfə yır-yığış elədi ki, tərxis olunub evə qayıdır, hər dəfə bir iş çıxdı və o, əsgəri xidmətini başa vura bilmədi. Gah Balkan müharibəsi, gah Ədirnə fəthi oldu. Nəhayət, gəlib min doqquz yüz on dördüncü il yetişdi. Birinci dünya müharibəsi başlandı. Belə məqamda ordudan tərxis oluna bilərdi?! Çanaqqala qan ağlayırdı. Koca Seyidi Çanaqqalaya göndərdilər: “Orada sənin kimi igidlərə ehtiyac var. Get, düşmənin anasını ağlat!” – dedilər.
Çanaqqala cəhənnəmi xatırladırdı. Fransız qoşunları, ardınca da ingilis ordusu boğaza girmişdi. Ətrafa od saçırdılar. Bu dövlətlərin nə qədər desən silahı, topu-tüfəngi, canlı qüvvəsi vardı. Saya-hesaba gəlməzdi. “Kraliça Yelizaveta” və “Okean” hərb gəmiləri atəşə ara vermirdi. Türk əsgərləri və zabitləri düşmən donanması ilə qeyri-bərabər döyüşdə müqavimət göstərməkdə idilər, geri çəkilmək barədə fikirləşməyi belə özlərinə ar bilirdilər. Bu zaman bir top mərmisi döyüşçülərin lap yaxınlığında partladı. Havaya sovura bildiyini havaya sovurdu, sovura bilmədiyini yerə çırpdı. Yerin altı üstünə çevrilmişdi. Türk topları və əsgərlər torpağın altında qalmışdılar.
Onbaşı Koca Seyid özünə gələndə gördü ki, onu yarıyadək batdığı torpaqdan dartıb çıxarmaq istəyirlər. Özü də hərəkətə gəldi və birtəhər qurtuldu. Koca Seyid nə hadisə baş verdiyini anlamaq iqtidarında deyildi. Ətrafa baxdı. Nə əsgərlər, nə də zabitlər gözə dəyirdilər. Gözlərini dolandırıb yerdə uzananlara və şiddətli ağrıdan qıvrılanlara nəzər saldı. Saymağa başladı. Artıq döyüş yoldaşlarından on dördü həlak olmuşdu. İyirmi dörd yaralı vardı. Toplar torpağın altında qalmışdı. Bu cəhənnəmin içərisində fransız və ingilis donanması ilə üzbəüz vur-tut üç nəfər döyüş qabiliyyətli adam qalmışdı: biri batareya komandiri yüzbaşı Hilmi bəy, biri Niğdeli Əli, biri də Koca Seyid.
Fransızların “Okean” hərbi gəmisi atəş açmaqda davam edirdi. Türklərin topları sıradan çıxmışdı. Onbaşı Koca Seyid gedib birər-birər yoxladı. Yalnız bir top salamat qalmışdı, fəqət onun da vinci qırıq idi. Koca Seyid dilxor oldu, lakin inamını itirmədi, Allahdan imdad dilədi.
Bir qədər aralıda top mərmiləri vardı. Amma onun hər hansı birini qaldırmaq tək adamın işi deyildi. Yoldaşlarında da hey qalmamışdı ki, mərmiyə yaxın düşə bilsinlər. Gözlərinin qarşısında neçə-neçə say-seçmə igid, cavan əsgər yoldaşının öz canını tapşırması, o birilərinin isə yarımcan uzanıb yerdə qalması, Vətəninə olan sonsuz sevgisi, düşmənə nifrəti Koca Seyidin damarlarında axan qanı coşdurdu, ona sanki əlavə can, güc və qüvvət verdi. Ata-anasını, balaca qızını, arvadını gözləri önünə gətirdi: “Bu ingilislər, bu fransızlar basa-basa o uzaqlıqda yolu ona görə gəliblər ki, torpaqlarımızı tutub, bizi özlərinə kölə etsinlər? Ay siz öləsiniz!”
Onbaşı Koca Seyid irəli yeridi. Yüzbaşı Hilmi bəy onun niyyətini başa düşüb:
– Seyid, tək nəfərin işi deyil, – dedi. – Özünü gücə salarsan, belin sərpər, ömrün boyu sürünə-sürünə qalarsan. Çəkil, onsuz da qaldıra bilməyəcəksən. Əli ilə mən də yaralı, əlimizdən bir iş gəlmir.
Koca Seyid özünə inamlı:
– Siz narahat olmayın. Hər halda cəhd eləyim, bəlkə alındı. Həm də gözümüz baxa-baxa necə yol verə bilərik ki, düşmən torpaqlarımıza soxulsun, arvad-uşağımıza əl atsın, babalarımızın gorunu söysün. Allah mənə o günü göstərməsin. Düşmən yalnız mənim meyitimin üstündən keçib Vətən torpağına ayaq basa bilər.
Top mərmilərinin hər birinin ağırlığı 275 kiloqram olardı. Koca Seyid bir anlığa yerində dondu. Anasından öyrəndiyi duaları oxudu, Allahını səslədi, ona güc-qüvvət verməyi xahiş etdi. Sonra yerə əyilib top mərmisini qaldırdı. Hiss etdi ki, sümükləri şaqqıldayır. Fikirləşdi ki, indi sümükləri bir-bir qırılacaq. Fəqət onların heç biri sınmadı. Koca Seyid gözlərini qaldırıb Vətənin göylərinə, gözlərini endirib Vətənin torpağına baxdı. Necə də böyük, qüdrətli, gözəl, füsunkar, doğma idi Vətən! Koja Seyid güc aldı, qüvvə topladı: “Ya Allah!” – deyib mərmini qaldırdı. Topa sarı gedib yerində oturtdu. Atəş açdı.
Fransız gəmisi qəh-qəhə çəkir, onun acizliyinə gülürdü. Koca Seyid ikinci mərmiyə güc elədi. Zor-bəla ilə, ayaqları bir-birinə dolaşa-dolaşa topa sarı apardı… Atəş açdı. Bu səfər ingilis gəmisi şaqqanaq çəkirdi.
Yüzbaşı Helmi:
– Seyid, özünü həlak edəcəksən!
Niğdeli Əli də öz növbəsində:
– İndi buraya bir mərmi atarlar, bizi də göyə sovurar, – dedi.
Koca Seyid hirsindən qaraldı:
– Deyirsən can bəsləyək?
O, israrlı idi. Top üçüncü mərmini də ağuşuna aldı. Yüzbaşı Helmi ilə Niğdeli Əli təəcüb qalmışdılar. Koca Seyiddə bu qədər güc haradan idi?
Onbaşı Koca Seyidin artıq nə qollarında, nə ayaqlarında, nə də dizlərində taqət qalmışdı. Bir anlığa dincini aldı, əlinin ardı ilə tərini silib, yenə böyük yaradanı köməyə çağırdı: “Ya Allah!!!”
Atəş açdı.
Fransızların nəhəng gəmisi dənizdə ləngər vururdu. Onu alov bürümüşdü, göyərtədə bir çaxnaşma düşmüşdü ki, gəl görəsən. Gəmi yerində fırlanır və ətrafa atəş yağdırırdı. Atəş açdınca ətrafdakı fransız gəmilərinə itkilər verirdi. Bir müddət sonra yavaş-yavaş batmağa başladı.
Təhlükə sovuşdu. Cəbhədə dönüş oldu. Koca Seyidin qəhrəmanlığı dillərə düşdü. Dəniz donanması komandanı Cavad paşa düşmənə sarsıdıcı zərbələr vuran Məcidiyə batareyası döyüşçülərinə baş çəkməyə gəldi. Onlar bir neçə nəfər idi. Özləri ilə fotoqraf gətirmişdilər. Şəhidlərin dəfni ilə bağlı göstəriş verildi. Yaralılar dərhal hərbi xəstəxanaya yola salındılar. Cavad paşa yüzbaşı Hilmi bəy Əli və Koca Seyidlə görüşdü. Üzünü Koca Seyidə tutaraq:
– Seyid əfəndi, indi anlat o ağırlığında top mərmilərini necə qaldırıb atəş nöqtəsinə gətirə bildin?
Koca Seyid çiyinlərini çəkdi:
– Bilmirəm, paşam, vallah bilmirəm.
Cavad paşa fotoqrafa işarə etdi ki, yaxın gəlsin:
– Seyid əfəndi, indi o mərmilərdən birini qaldır, sənin şəklini yapsın. Xalqımız da, düşmənlər də görsün ki, bizdə necə igid oğullar var.
Koca Seyid nə qədər əlləşdisə, mərmini yerindən tərpədə bilmədi. Pərt oldu, tər onu basdı. Belini dikəltdi. Əllərini yanlara açdı, yəni bacarmadım.
Cavad paşa:
– Bir daha, yenə cəhd et, – deyə dilləndi.
Fəqət yenə alınmadı.
Cavad paşa təəccüb içərisində soruşdu:
– Bu nədən olur, Koca Seyid? Mərmini qaldırırdın, indi isə qaldıra bilmirsən. Bunu necə başa düşək? Bəs sənin şəklini necə yapaq? Əcəb işdir…
Koca Seyid yadına salmağa çalışaraq:
– Paşam, həmin hissləri yenidən yaşasaydım, mərmini bir daha qaldıra bilərdim. Sirr bunda imiş…
Həmin gün Koca Seyid mərmini yenidən qaldırıb əllərində tutdu. Onun şəklini çəkdilər. Fəqət mərminin içərisi boşaldılmışdı ki, onu qaldırmağa Koca Seyidin gücü çatsın…
Mustafa Kamal xəyaldan ayrıldı. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı dizinin üstündə idi. Vərəqləyib 23-cü səhifəni açdı və oxumağa davam etdi. O, Çanaqqala döyüşlərindən əvvəl “Çalıquşu” romanını mütaliə edərdi.
Vaxt gələcəkdi alman ordusunun şanlı-şöhrətli generalı Liman fon Sanders öz ixtiyarında olan bütün hərbi qüvvələrin komandanlığını Mustafa Kamal paşaya təslim edəcəkdi. İndi isə hələlik Otto Liman fon Sanders buralarda at oynadırdı.
Müəllif: Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” şeirlər kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin xətti ilə çap olunub.
Şeirlər toplusunun redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Ədəbiyyat İnstitutunun əməkdaşı İbrahim Yusifoğlu, “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.
Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı…” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılıb.
Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir.
“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”, “Qələbə ətirli Qarabağdayam”, “Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Torpağımız alınandan”, “Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, “Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.
Ulduzların “işığında”. Qəfil başını qaldırıb, ayın nura boyadığı səmaya baxdı. Göy üzünün gözəlliyi göz qamaşdırırdı. Ağappaq pambıq kimi buludların arasında gizlənən ulduzlar, cənnət mələkləri kimi hər tərəfə səpələnmişdilər. Xatirələr “qonağı” idi yenə. Mart yenicə girmişdi. Yazın bihuşedici ətri hiss olunmaqda idi. Qaranquşlar gözə dəyməyə başlamışdı. Qışdan ayrılığa tələsən ağaclar öz cücərtilərini göstərirdilər. Nərgiz gülünün xoş ətri həyəti bürümüşdü. Yazın gəlişinin müjdəçisi təbiət,həmişəki kimi insanları özünə cəlb etməyi bacarmışdı. – Mətləb? Səsə diksindi. Arxaya çevrilib Nicatı gördü: – Gəl, Nicat, xoş gəldin. -Hamı yatıb, mənim yuxum gəlmədi. Dedim bir az hava alım. Sən nə yaxşı yatmamısan? – Mənim də yuxum gəlmək istəmədi.- deyib Mətləb gülümsündü. Nicatla əmioglu idilər. 2-3 gün olardı ailəsi ilə qonaq gəlmişdi. Şəhərdən kəndə gəlib istirahət etməyin ləzzəti bir ayrıdı axı. Nicat onun yanında oturdu. Bir müddət sakit dayandılar. Sükutu Nicat pozdu: – Görürsənmi, göy üzü nə gözəldi? – Hə, Nicat. – Şəhərdə ulduzlar bu qədər görsənmir. – Onlar bizim ulduzlardı. Şəhərdə niyə görsənsinlərki?.- deyə Mətləb zarafat etdi. – Nicat? – Bəli, Mətləb. – Bayaqdan xatirələrə dalmışam. İstəyirəm keçmişə qayıdam. Nicat anladı ki, Mətləbin yaraları təzələnib. İstədi məsələdən uzaqlaşa, maraq həmişəki kimi “qələbə” çaldı. -Ehh. -Ahın dağlara, qardaş. Mətləb gözünü göy üzünə dikib xəyallara daldı. Bir müddət keçdikdən sonra danışmağa başladı. – Məktəb illərim yadıma düşüb, ay Nicat. Bilirsən də oxumağa marağım nə qədər böyük idi. Atam mənim həyatımı məhv etdi. Qoymadı sevdiyim sahənin dalıyca gedəm. Arzumu bilən kimi: – Bircə artistim çatmır. Özünə iş tap deyib məni həvəsdən saldı. – Bilirsən, Nicat o qədər çox həvəsli idim ki… O vaxt kəndə teatr gələrdi. Bizdə sevinə- sevinə gedib baxardıq. Artistlər rolları o qədər təbii oynayırdılar ki, adam tamaşanın bitməsini istəmirdi. Mən də onlara baxıb həvəslənirdim. Məktəbdə qısa səhnəciklər göstərərdik. Baş rolları mənə tapşırardılar. Özümü lap kino artisti kimi hiss edirdim. Hələ də müəllimlərim məni görəndə istedadımı itib- batdırdığıma görə heyfislənirlər. – Nə deyək, qanadı qırılmış taleyə? Nicatın siqaretinin tüstüsünə uzun-uzadı baxan Mətləb gözündən qeyri-adi axan yaşı sildi. -Mətləb, bir sual verim incimə. – Buyur, qardaş. – Əmimi müalicə etdirə bilmərik? Mətləb başını buladı. – İndən belə onun müalicəsi nəyi dəyişəcək? Bizim hamımıza müalicə lazımdı. Hamımızın həyatını məhv etdi. -Bilirəm, Mətləb, bilirəm. -Onu bu vəziyyətə gətirənə nə deyim? – heç nə qardaş, deyiləsi nə varki? -Nicat, vallah mən onu qınamıram. O zəhirmara qalmış içki onun həyatını, daha doğrusu bizim həyatımızı qaraltdı. -Yadımdadı, uşaq idik. Heç vaxt yadımdan çıxmaz. Həyətdə uşaqlarla oyun oynayırdıq. Birdən bizim evdən səs gəldi. -Mətləb, bəlkə danışmayasan. Narahat olursan. Onsuzda hamı bilirki, o dəhşətli acını uşaq vaxtı yaşamısan. Bir qədər susan Mətləb: -Danışacam. İllərdi ürəyimi “deşən” sirri danışacam. Səsi titrəyən Mətləb Nicatdan bir siqaret istədi. Başını göyə qaldırıb ulduzları saydı. – 1,2,3,4… 10.. Həmən gündə belə idi . Ulduzlar barmaqla sayıla biləcək qədərdi. – Hə, onu deyirdim axı, səs küyə evə qaçdım. Onsuzda evimizdə xoş gün yox idi. Ürəyimiz səksəkədə idi. Atam o zəhirmarı içən kimi şirə dönüb hücum edirdi bizə, əsas da mamama. Anam qabarlı, zəhmətkeş əllərini qabağa verib bizi qorumağa çalışırdı. Amma nə fayda? Yumruqla anamı vurduqca, yerə yıxılır, yenidən qalxıb bizi qucaqlayırdı. Demək olarki, mən anamın üz- gözünü heç vaxt qaraltısız görməmişdim. -Mətləb, bəs niyə anan atandan ayrılmırdı? – Elə bilirsən, asan idi? Ayrılacam deyən kimi atam balta gətirib qoyurdu stolun üstünə. Deyirdi həmən günü bax bununla heç kimə lazım olmayan başını kəsəcəm. O da yazıq susub dururdu. Sonralar nənəmdən eşitdim ki, anam biz yetim qalmayaq deyə ayrılmırmış. -Anam çox əziyyət çəkdi, Nicat. -Mətləb, bilirəm sənin üçün də çətindi. Lamiyə əmidostumun birdən- birə yoxa çıxması illərdi ürəyimizdə bir yaradı. Mətləb başını aşağı saldı. Nicata sezdirmədən gözlərindən axan yaşı sildi. -Günahkar mənəm, Nicat. -Mətləb, elə demə. – Nicat, əslində hər şey bildiyin kimi deyil. Söz ver, bu sirri heç kimə açmayacaqsan. – Mətləb, yat dincəl, çox gərginsən. – Yox, illərdi ürəyimi deşib, çölə çəxmaq istəyən “ dərdi” azadlığa buraxmalıyam. Bu gecə ulduzlar buludların arxasından boylanıb, danış deyə mənə dəstək olurlar. Mənim şahidimdi o ulduzlar. Həmən gecədən 12 il keçir. Atam yenə də içkili gəlmişdi evə. Əslində içkinin ona bu qədər güc verdiyinə hələ də inana bilmirəm. Həyətə girən kimi səs-küy qalxdı: – Çölə çıx, bu gecə sənin son gecəndi. Sözləri başa düşmək çətin olsa da, hədə dolu olduğu açıq- aydın görsənirdi. Anam yazıq, büzüşüb yumağa dönmüşdü. Divara qısılıb əlləri ilə üzünü qapamışdı. Atamda ona qarşı bu qədər kin nifrəti yaradan səbəbin nə olduğunu bilmirdim. Atamın səs küyü yavaş- yavaş azalmağa başladı. Çox sevindik. Bir az keçmədi evin qapısı səssizcə açıldı. Atam başını içəri salıb, bizə nəzər yetirdi. Anamı səslədi: -Lamiyə, uşaqları yatır gəl, səninlə işim var. Anam robort kimi ayağa qalxıb, yerlərimizi açmaq üçün yataq otağına keçdi. Atamın birdən- birə dəyişməsinin səbəbini anlaya bilmədim. Amma nə gizlədim, çox sevindim. O gecə qəribə bir yuxu gördüm. Yuxunun təsirindən hələ də çıxa bilmirəm. – Anam məni köməyə çağırırdı. Böyük bir gölə düşmüdü. Boğulmaq üzrə idi. Məni nə qədər haraylasa da, ona cavab verə bilmirdim. Səsim batmışdı. Qorxudan tir- tir əsirdim. Gölün yanında durub, gözləri bərəlmiş halda ona baxırdım. O isə çabalaya-çabalaya nəsə deyirdi. Birdən var gücü iıə qışqırdı: -Mətləb, məni xilas et. Mən gölün lap yaxınlığına gəldim. Əlimi uzatmaq istəyəndə kimsə əlimdən tutub məni geri çəkdi. Atam idi. Yuxudan dəli kimi ayıldım. Suyun içində idim. Ətrafa baxdım. Sakitçilik idi. Ayağa qalxıb aynabəndə keçdim. Keçməz olaydım. -Mətləb, sakitləş. -Yox, qardaş, necə sakitləşə bilərəm? İllərdi bu acını təkbaşına yaşayıram. Aynəbənddən mətbəxə keçib su içmək istəyirdim. Qaranlıqda gözüm ayağımın altını görmürdü. Hamı yatdığı üçün işığı yandırmaq istəmədim. Elə bu anda xırıltı eşitdim.Fikir vermədim. Yəqin atamdı deyib keçib getmək istədim. Bir tərəfdən yuxunun təsiri, bir tərəfdən evdəki vəziyyət məni keyləşdirmişdi. Birdən ayağım nəyəsə ilişdi. Şappıltı ilə üzüstə yerə yıxıldım. Xırıltı get- gedə azalırdı. Birtəhər ayağa qalxıb işığı yandırdım. Gözlərim kəlləmə çıxdı. -Nicat, bilsən nə gördüm? Görməz olaydım. -Nə, Mətləb? Mətləb qışqıraraq ağlamağa başladı: -Mənəm günahkar, mənəm! – Özünə gəl, Mətləb. Sən nə edə bilərsənki? – Soruşmadın axı nə gördüm? – Toparlan, danışarsan. Mətləb siqarət yandırıb, tüstüsünə ” büründü”. Yenidən ulduzlara baxıb köks ötürdü. -Hə, Nicat, bəzi şeylər varki sən nə qədər çabalasan da vicdan əzabında ” boğularsan”. İşığı yandırandan sonra arxaya çevrildim. Gördüklərim məni yerimdəcə dondurdu. -Anam yuxarıdan asılı vəziyyətdə sallanırdı. Ayağının altındakı stol qıraqda idi. Ən çox sevdiyi, anasından qalan kəlağayısı ilə özünü asmışdı. Nicat gözlərini bərəldib Mətləbə baxırdı. -Mətləb, sən nə danışdığının fərqindəsən? Yuxu görmüsən deyəsən? Lamiyə əmidostu itgin düşüb, özündə bilirsən, bəlkə bir xəbər çıxacaq? – Nicat, mən nə danışdığımı yaxşı bilirəm. Anam həmən gecə həyatın boyunduruğunu boynuna dolamışdı. Onun bu qədər aciz olduğunu ağlımın ucundan belə keçirtməzdim. Bizi tərk edib necə gedə bilərdi axı? Nicat qorxmağa başlamışdı. Mətləbin danışdıqları dəhşət saçırdı. Əgər doğurdanda Lamiyə əmdostu ölübsə, nədən illərdi onun itgin düşdüyü deyilir? Atasının son zamanlar dediyi sözü xatırladı; – Bala, mənim bu Nəsibdən gözüm su içmir. Lamiyənin heç adını çəkmir. Hamı bir ağızdan: – Onun içkidən başı açılır ki, kimsə yadına düşə? – dedi. Atası başını buladı. – Deməkki işin içində iş varmış. Fikirli- fikirli Mətləbə baxdı. Mətləbin rəngi “ qaçmış” dı sanki. Ağır- ağır nəfəs alırdı. – Ay Mətləb, sənə noldu? – Heç ay Nicat. Bilirsən, mən niyə artist olmaq arzusundaydım? – Niyə? – Bədbəxtlik saçan həyatımı “xoşbəxtlik” adlı adada “ yaşadardım”. -Mətləb, danışdıqların doğrudu? – Qulaq as, nələr olduğunu bilsən mənə nifrət edərsən. Kaş o gün mən öləydim. – Elə demə, Mətləb. – Hə, anamın intiharı məni dəliyə çevirmişdi. Nə edəcəyimi bilmirdim. Qaçıb atamı çağırmalı idim. Əsərin qəhrəmanı heç nə olmamış kimi yerində yatmışdı. Nədənsə mənə elə gəldi ki, o oyaqdı. – Otağa daxil olub qışqırmağa başladım. -Aaaanam özüüünü aaasıb. Kəkələyə-kəkələyə dediyim sözlərə atam biganə şəkildə reksiya verdi. Otağa keçib anamı qucağına götürüb deyinə- deyinə yerə qoydu. -Lamiyə, bu nə işdi başımıza açdın? Ölüm çıxış yolu deyildi axı. Atam heç kimi çağırmağa qoymadı. Bacım yatmışdı. Həyətə düşüb, dalınca getmək əmri verdi. Ona görə əmr verdi deyirəm ki, o heç vaxf bizə xoş söz deməzdi. Ya söyər, ya da əmr edərdi. Atamın dalıyca düşüb nələr baş verəcəyini bilmək üçün gedirdim. Atam beli özülə götürmüşdü. Həyətin girəcəyində mal tövləmiz vardı ha, yadındadı, bax burda. Onun yanına çatıb, beli yerə qoydu. Nə etmək istədiyini bilmirdim. Anamın cansız bədənində bərələn gözləri, çölə çıxıb salanan dili gözümün önündən getmirdi. Bir tərəfdən də ata “qorxusu” məni məhv etmişdi. – Oğlum, ( ilk dəfə idi belə müraciət eşidirdim), gəl səninlə bir oyun oynayaq. Dilim əsə-əsə: – Nə oyun?.-dedim. – Sirr saxlama. Sən bu haqda kiməsə nəsə desən mən səni öldürəcəm, yaxud əksinə. – Eşitdin? Qorxa- qorxa hə dedim. Beli götürüb dərin bir quyu qazdı. Qaranlıqda sakitçiliyin vahiməsi basmışdı məni. Düşünə bilmirdim. Səsə diksindim. – Gedək, gətirək. Elə bil məni ildırım vurdu. Dodağımın altında: – Nəyi.-dedim. -Səninlə oyun oynayırıq dedim axı. Cavab vermədim. Evə gedən yol mənə ilə bərabər oldu. Yolboyu o qədər arzu etdim ki, keşkə qayıdıb anamı sağ görəm. Evə necə çatdığımı hiss etmədim. Anamın üzünə baxa bilmirdim. Onun öldüyünə inana bilmirdim. Başının üstündə oturub əlimi üzünə vurdum. Buz kimi soyuq idi. Atam gəlib gözlərini bağladı. Məni uzaqlaşdırıb üstünə ağ parça saldı. Bir müddət mənə, sonra anama baxıb; -Axır ki, ağıllandın dedi. Sözün kimə aid olduğunu anlaya bilmədim. Sonra mənə fənəri yandırıb evdən çıxmağı tapşırdı. Fənərin işığında mən qabaqda, o da arxada getməli olduq. Atam anamı arabaya qoymuşdu. Hərdən yorulub dayanır, anamı söyürdü. Güc bəla ilə həmən yerə çatdıq. Atam anamı bir lazımsız əşya kimi quyuya tulladı. O vaxtı ürəyimin içindən bir bağırtı qopdu. Özümü quyuya tullayıb, anamın üstünə yıxıldım. Ayılanda özümü tozun- torpağın içində quyunun kənarında gördüm. Atam əlindəki bellə quyuya torpaq atır, həm anamı, həm də məni söyürdü. Sonra məni yerdən qaldırıb üst- başımı təmuzləyib, sirr oyunu davam edir.- dedi. Heç nə eşidəcək halda deyildim. Bütün bədənim tir- tir əsirdi. Əlimdən tutub evə gətirdi. Qorxudan evə girmək istəmirdim. Çöldə də qala bilməzdim. Hava çox soyuq idi. Birtəhər yataq otağımıza keçib yerimə uzandım. Sonralar eşitdim ki 3 gün yuxudan ayılmamışam. Nicat ona səbrlə qulaq asıb: -Bəs indiyə kimi niyə kimsəyə heç nə demədin? Sirr oyununun cəzası baltayla ölüm idi. Qorxurdum. Atam hamıya: – Lamiyə evdən qaçıb dedi. Hər kəs də inandı. Çünki atamın işgəncələri dözülməz idi. Anamın bədənində söndürülmüş siqarətin, basılan şişin izləri bir nişanə idi. – Nədən əmim bu qədər nifrət dolu imiş görəsən? -Sonralar hər şeyi öyrəndim, Nicat. – Sakitləş, qardaş, sonra danışarsan. -Bir fincan su gətirərsən? -Yaxşı, Mətləb. Nicat gedəndən sonra Mətləb üzünü əllərinin arasına alıb, gözlərini yumdu. O gecəni xatırlayıb qeyri-ixtiyari yellənməyə başladı. Nicat suyu gətirib Mətləbə uzatdı. Mətləb birnəfəsə suyu içib davam etdi: – Hə, Nicat, anamı basdırdığım yerə gedə bilmirdim. Elə bilirdim ora gedən kimi anam duracaq məni danlayacaq, küsəcək, ağlayacaq. Atam öz işində idi. Elə bil evdə belə bir hadisə olmayıb. Məni hədələməyindən də qalmırdı. İllərlə belə bir tufanı içimdə yaşatdım. Bu gün artıq dözə bilmədim. – Bayaq demişdin atanın anana nifrətinin səbəbini bilirsən. – Hə Nicat, sən demə cavan vaxtlarda atam anamı dəlicəsinə sevirmiş. Anamın ona qarşı istəyinin olmadığını bilən atam inadından əl çəkmiyib. Hər gün elçi göndərən atamın geri çəkilmədiyini görən anamın valideyinləri bu məsələyə razı olublar. Anam atamı heç vaxt sevməyib. Bu da atamda ona qarşı şübhələr yaradlb. Bu məsələ şübhədən nifrətə, nifrətdən ölümə qədər uzanıb. >>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<< -Ananın intihar məsələsi nəsə qəribə gəldi. O çox dözümülü qadın idi. Birdən- birə nə baş verə bilərdi, ananı son yola əl atmağı üçün? – Nicat? – Bəli. – Mən çox sonralar hər şeyi olduğu kimi öyrəndim. – Yəni? – Anam ölmüyübmüş, öldürülübmüş. – Sənə nə olub Mətləb – Nicat, onu atam öldürübmüş. Şübhə yaratmamaq üçün səhnəciyi qurubmuş. Deməli anam Həsrət əmimlə evlənməyə hazırlaşırmış. Əmimlə bir- birini çox sevən cütlüyün atamın hisslərindən xəbəri yox imiş. Atamın anama etirafından sonra, əmim ondan kiçik olduğu üçün, həmçinin atamdan qorxduğu üçün geri çəkilib. Əslində atamda bu məsələdən bixəbər imiş. Ailə qurandan sonra anam onu sevmıdiyini, məcbur olub evləndiyini deyəndən sonra atam ona qarşı qəddarlaşır. Olmazın işgəncələr başlayır. İçki zəhirmara da o vaxtdan qoşulur atam. Anamın intiharı günü isə Həsrət əmi bizə gəlmişdi. Bilirsən o heç vaxt bizə gəlməzdi. Atamı bir az danladı: – Məndən böyük də olsan ay Nəsib, bir az məni dinlə. Yazıqdı axı, o. Olmazın işgəncə verirsən. Uşaqlar da yazıqdı, qorxu altında böyüyürlər. Atam başını aşağı salıb heç nə demədi. Sən demə atam anamın Həsrət əmimə qısqanırmış. Əmim gələn günü anam çıxıb xoşgəlmisən dəyibmiş. Atam deyirki; -Ananın gözlərindəki o işıltını illərdi həsrətin çəkmişdim. Bir dəfə də olsun anan mənə qarşı o sevgiylə baxmayıb. Elə həmən günü planı cızıb, axşam da həyata keçirib. Bir sevgi qığılcımı alova çevrilib anamın ömrünə son qoyub – Bəs bunu hardan öyrəndin? – Atam danışdı. İnan o hələ də peşman deyil. Sirr oyununu pozmamağı bərk-bərk tapşırdı. Amma artıq bacarmıram. İllərdi bu tərəfliyə gəlmirəm. Nicat üşəndi. – Niyə? Olmuya? – Hə, Mətləb, yaxınlıqdakı o təpəcik atamın “məharətinin göstəricisidi”. – Bu gün bu sirri açma səbəbim ulduzlar oldu. Onların “işığında” son dəfə görmüşdüm anamı. Gözəl anamı. – Görürsən, uzaqdan sirrimi ört- basdır edən ulduzlar, illər sonra Sirr oynunu pozdular. Atam qədər,bəlkə də çox,mən günahkaram. Yığ məlumat ver,gəlib aparsınlar məni.