MUSA ƏLƏKBƏRLİNİN ŞEİRLƏRİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI
  • Gözəlliyə baxanda
    Gözəlliyə baxanda yorğun gözüm dincəlir,
    Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir.
    Qalxır ərşi-əlaya, ruhum göyə yüksəlir,
    Bu vurğunluq tanrıya can almağımdı mənim.
    * * *
    Mənzilə çatdırmadı yollarımın kəcliyi,
    Vədəsiz yola saldım rahatlığı, dincliyi,
    Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi,
    Ürəyimi yer-yerdən qanatmağımdı mənim.
    * * *
    İndi peşman, pəjmürdə öz qəlbini dinləmək,
    Bu sozalan yaddaşı təzələmək, çinləmək.
    Odu sönən illəri təzədən yelpikləmək,
    Uyumuş duyğuları oyatmağımdı mənim.
    * * *
    Gözümün vərdişidi bulaqtək duru axmaq,
    Qəlbi içdən közləmək, ruhu yandırıb yaxmaq.
    Yaşımın bu çağında gözəl qız sənə baxmaq,
    Yanar lalə üstünə qar atmağımdı mənim.
    * * *
    Sürəklərdə teylənib ovdan aralı qalan,
    Ocağı öləziyən, gülü saralı qalan.
    Nə yarada bilər ki, yardan yaralı qalan,
    Bu andığım ğrılar yaratmağımdı mənim.

    ÜRƏYİM
    Sevgi uma-uma daşa yamandı,
    Taleyi, iqbalı daşlı ürəyim.
    Döndü bir ümmana, çağladı, coşdu,
    Kükrədi, köpürdü, daşdı ürəyim.
    * * *
    Göz açdığım gündən sevgiyə çəkdi,
    Bu boyda ağrını o niyə çəkdi?!
    Məni toya çəkdi, şənliyə çəkdi,
    Bircə yol gülmədi yaslı ürəyim.
    * * *
    Əyri cığırlarda vaxtı yubatdı,
    Nə mənzilə yetdi, nə kama çatdı.
    Gecəni əritdi gündüzə qatdı
    O qançır gözləri yaşlı ürəyim.
    * * *
    Yaralı bir quşdu qəfəs sinədə,
    Baxmır saçlarıma düşən dənə də.
    Kövrək bir buluda dönüb yenə də
    Payızlı, çiskinli, qışlı ürəyim.
    * * *
    Ilahi bir gözəl durur qarşımda,
    Təzə bir sevdanın odu başımda…
    Anamı ağladır əlli yaşımda
    Mənim bu on yeddi yaşlı ürəyim!!!

    SƏN…
    Sən taleyin bəxş etdiyi töhfəsən,
    Bir təkrarsız, bir ilahi lövhəsən.
    Şairini aparanda məhvə sən
    İnsafı da, mürvəti də unut get
    Üzündə ay, saçlarında bulud get.
    * * *
    Nə şumalsan, rəndədənmi çıxmısan,
    Allahdanmı, bəndədənmi çıxmısan?
    Aymı, günmü yoxsa sənmi çıxmısan?
    Dünya belə yaraşığı görməyib,
    Üzündəki bu işığı görməyib.
    * * *
    Səni gördüm huşum çıxdı başımdan,
    Bir qərinə yaşım çıxdı yaşımdan.
    Alov qalxdı torpağımdan, daşımdan,
    Közlənərsən, alışarsan çıxıb get,
    Mən fağırı birdəfəlik yıxıb get.
    * * *
    Mən üzülsəm möcüzədən, sehirdən
    Sənin kimi tanrı yazan şeirdən,
    Əzrail da gəlib çıxar böyürdən.
    Varağından qaralayar adımı,
    Gözlərimdə kül eləyər odumu.
    * * *
    Musa, bəlkə sözün çatdı hədəfə,
    İnci düzdün, ürək üzən sədəfə
    Nişangahda əlin əsir hər dəfə,
    Ömrün boyu vurammırsan onluğu,
    Sona qədər izləmirsən sonluğu!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir