
BAHAR ÇƏLƏNGLİ, MİLLİ ATRİBUTLU NOVRUZ TƏDB
Uşağın şəxsiyyət kimi formalaşmasında valideynlərin, ailənin üzərinə böyük bir yük düşür. Ailə ilk məktəbdir, ailə xalqımıza xas bütün milli-mənəvi dəyərləri, vətənpərvərliyi, ədəb-ərkanla davranmağı, böyüyə böyük, kiçiyə kiçik kimi münasibət göstərməyi öyrədən mənəvi məktəbdir. Müxtəlif ailələr var. Bu ailələrdən yığışan bütün uşaqların yuxarıda sadaladığımız keyfiyyətləri daha sonra məktəbdə davam etdirilir, ortaq doğru bir şəklə salınır. Bu günkü müasir müəllimin öhdəsinə təkcə şagirdlərə təhsil vermək düşmür. Həmçinin müasir müəllimin vəzifəsi şagirdlərə milli təəssübkeşliyi, dosta vəfalılığı, düşmənə yenilməzliyi, vətənin hər qarış torpağı uğrunda canlarından keçməyi aşılamaqdı. Bunlarla yanaşı, müasir müəllim onları muzeylərə, tamaşalara aparmaq, tədbirlər hazırlamaqla şagirdlərdə dünyagörüş formalaşdırır.
Bu sadalananları layiqincə yerinə yetirən müəllimlərdən biri də, Bakı şəhəri 100 nömrəli məktəbin ibtidai sinif müəllimi Aynurə Qəhrəmanovadır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” tədbirlər planına uyğun olaraq 17.03.2022-ci il tarixində sinif rəhbəri Aynurə Qəhrəmanovanın təşkilatçılığı sayəsində 2d sinif şagirdləri Novruz bayramı münasibətilə tədbir qeyd etdilər.
Tədbir milli adət-ənənələrimiz çərçivəsində təşkil olunmuşdu. Sinfi milli əşyaların dekoruyla bəzəyən şagirdlərin sevinci birə-min olmuşdu. Tədbirdə Bahar qızı obrazını canlandıran Xədicə Xanlarzadənin “Novruz gəlir” mahnısını ifa etməsi bayrama xüsusi rəng qatdı. Şagirdlər kosa, keçəl obrazını yaratmaqla, haxıştalar, yanıltmaclar, tapmacalar söyləməklə, milli musiqi sədaları altında rəqs etməklə xüsusi ovqat yarada bildilər.
Bütün bu gözəlliklər, qayda-qanun, nizam-intizam ən başda məktəb direktorunun təhsilə olan ciddiyyətindən formalaşır. Direktor Gülnarə Məmmədova məktəbdə sağlam düşüncəli şagirdlər mühitinin yetişməsini daim nəzarətdə saxlayır.
Savadlı müəllim – cəmiyyətin gələcəyi, yarana biləcək bilikli peşə sahiblərinin özülüdür. Heç unutmaram, məktəb dövründə müəllimi, müəllimliyi təqdir edən onlarla şeirləri əzbərlərdik. Xalq şairi Bəxtiyar Vahabzadənin “Müəllim” şeirində yazıldığı kimi, müəllimin “hər könüldə yerinin olduğunu, hər kənddə, hər şəhərdə davamçılarının olduğunu” öyrənmişdik. Şeiri birinci sinfə qədəm qoyduğumuz zaman əzbərlədiyimiz üçün çox güman ki mənası, ideyasını bir o qədər dərk edən yaşda olmamışdıq. Lakin yaşa dolduqca, anladıq ki, savadlı müəllim gələcəyin təməli, bünövrəsidir. Böyük şair və dramaturq Hüseyn Cavid “Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”.
Doğrudur ki, bu günün məktəbi və müəllimi gələcək həyatın tablosudur.
“Xan sarayı” əfsanəsində müəllim bilik və bacarığını öyrətdiyi onlarla şagirdləriylə fəxr edir, onun sənətini yaşatmasını qürur hissiylə dilə gətirir. Əfsanədə oxuyuruq ki, sarayın bənnası hazırcavablığı ilə padşahın qəzəbinə tuş gəlir. Padşah qəzəblənib ustanın əllərini kəsir. Usta cavab verir: “Siz hesab etməyin ki bu əllərin yoxluğuna görə qalib sayılırsınız. Əsla! Mənim əllərim olmasa belə, məni əvəz edən yüzlərlə şagirdlərim bundan gözəl sarayları tikəcəklər”. Doğrudur ki, müəllimin öyrətdikləri yüzlərlə şagirdlərdə dövr edir. Odur ki yaşı bitib-tükənməyən, könüllərdə yaşayan, ömrü ömürlərə calanan yeganə peşədir müəllimlik peşəsi!
Bir sözlə, müxtəlif peşə sahibinə çevrilə bilərik. Amma bizim hər birimizin öyrənmək üçün başlanğıc nöqtəmiz, öyrədənimiz məhz müəllimdir. Bir sinifdən çıxan, müxtəlif peşə sahibinə çevrilən şagirdləri birləşdirən də eyni müəllimdən öyrənmələridir! Elə buna görə də bütün peşələrin alisidir müəllimlik!



Bu gün ictimaiyyətdə ümumişlək sözə çevrilib hər kəsə müəllim deyə üz tutmağı qınayırıq. Sözün məcazi variantının öz həqiqi mənasına bir oxşarlığı olduğu kimi, bu gün həyatda gördüyümüz nümunəvi bir insana müəllim deməyimiz də yəqin peşəyə verdiyimiz dəyərdən irəli gəlir. Çünki bu, müəllimdə şərəfi, ləyaqəti görmək istəyimizlə bağlıdır! O təkcə savad, elm vermir, həm də doğru yol göstərir.
Buna görə də, bu adı daim qorumalıyıq. Elm öyrədən mayakdır müəllim. Şandır, şöhrətdir, ləyaqətdir müəllim!
Öz biliyindən 2d sinfinin şagirdlərinə pay verən Aynurə Qəhrəmanova müəllimlik peşəsinin şərəfini daim qoruyur.
Şagirdlərinin sevimlisi, valideynləri qədər onların doğma bildiyi insandır Aynurə müəllim!
Bütün nümunəvi xüsusiyyətləri öyrəndikləri insandır Aynurə müəllim! Təhsillə bərabər təlim də alırlar ondan. Bir sözlə, müəllim adına örnəkdir- Aynurə Qəhrəmanova!
Hind folklor nümunəsi “Kəlilə və Dimnə”də belə bir maraqlı məqam var: Döyüşçünün qüdrəti sərkərdəsinə görə, şagirdin biliyi müəlliminə görə bilinir”. Bu günün ikinci sinif şagirdlərinin tədbirdəki yüksək səviyyədə çıxışları sinif rəhbəri Aynurə Qəhrəmanovanın 2d sinif şagirdlərini yüksək səviyyədə hazırlamasını göstərir və onların gələcəkdə uğurlar qazanmasından işarə verir.
Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru,
BDU-nun əməkdaşı
YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru