Zaur Ustac – “Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı”

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


RUHU DURU, SÖZÜ BÜTÖV ƏSGƏR ORDUBADLI

QIRX BEŞİNCİ YAZI
Azərbaycanın ən qədim yurd yerlərindən biri olan Ordubad qədimliyi qədər də təbiəti və insanı ilə olduqca unikaldır. Ərazicə elə də böyük olmayan Ordubad əslində sözün tam mənası ilə sanki elə bütöv Azərbaycandır. O Azərbaycan ki, onu Araz ikiyə bölməyib. Əksinə birləşdirib. Ordubad bütün təbiəti, tarixi, insanı, dili ilə vahid, bütöv Azərbaycanın kiçik modelidir mənim üçün. Ordubad insanı bir başqadır. Tamdır. Bütövdür! Sizi bu ecaskar yurdun qəlbi təmiz, ruhu duru, sözü bütöv şair oğlu Əsgər Ordubadlı ilə tanış etmək istəyirəm.
Əsgər Ordubadlı – Əliyev Əsgər Ramazan oğlu 1995 – ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Dəstə kəndində anadan olub. Təxəllüsü Əsgər Ordubadlıdır. 2001-ci ildə Ordubad rayon Dəstə kənd 1 nömrəli tam orta məktəbinə daxil olub və 2012 – ci ildə oranı bitirib. 2012-ci ildə hərbi xidmətə gedib. Uşaq yaşlarından ədabiyyata maraq göstərib, elə həmin vaxtlardan da bədii yaradıcılığa başlayıb. “Bizim məhəlləmiz” adlı ilk şeirini 2006 cı ildə yazıb. Mətbuatda ilk çap olunan şeiri “Xocalı soyqırımı ” (“El Həyatı” qəzeti. 2010) . Bundan sonra dövrü mətbuatda şeir və məqalələri, eləcə də onun haqqında yazılar dərc olunub. Məktəb illərində dəfələrlə Ordubad və Naxçıvan müəllif şeir müsabiqələrində uğurla iştirak edib. Naxçıvan dövlət televiziyasının verlişlərində qonaq olub.
“Qələm nə danışır”(2009) ,”Axırda peşman sən olacaqsan”(2010) kitabçalarının, “Zülmətdən doğan işıq” (2021) şeirlər kitabının müəllifidir. Bir sıra qəzetlərdə və “Telli Sənəm”, “Yazarlar”, “Xəzan” jurnallarında şeir, məqalə və hekayələri çap olunub. Telli Sənəm jurnalının “Bölgə müxbiri” (2021) olub. “Yazarlar” jurnalının Ordubad bölgə təmsilçisi, YİNŞ – nın Ordubad rayon üzrə sədridir. AKİVİ-nin “Qızıl Qələm “, “Yazarlar”-ın “Ziyadar” və bir çox digar mükafatlara layiq görülüb. Müəllifin kitablarından əlavə “Gözüm yolda könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ “, “Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880”, “Həyat bizi səsləyir”, “Sevgilim, yuxunu dənizə danış” Poeziya Antologiyalarında şeirləri çap olunub. Hazırda Ordubad rayonunun Dəstə kəndində yaşayır. Subaydır.
Özü haqqında belə qısa arayışdan sonra sözü ilə tanış olaq:

KEÇDİ ÖMRÜN İLLƏRİ

Keçdi ömrün illəri
Ən xoş bir xatirətək.
Xatirəyə aldanıb
Ömrü verməzdik gərək.

Yel qanadlı illəri
Buraxmazdıq boş keçə.
Dünyamız seyrələcək
İnsanlar köçə-köçə?

Yox onların yerinə
Yeni nəsil gələcək.
Qış gedəndə nə olar
Başqa fəsil gələcək.

… Mən bir bahar fəsliyəm
Doğulmuşam baharda
Baharda çiçək açıb
Boğulmuşam baharda.

Əsgər çəkmə bu qəmi
Vaxtsız gələn dərd keçər.
baxma mənə ey gözəl,
yoxsa ala gözlərdən
Mənə məhəbbət keçər.

Bu ən ağır xəstəlik.
Dərmanı yox üstəlik.
Dərmansız dərd mən bilən
Tez keçsə də sərt keçər…


GEDİR

Yox, mən bu dünyaya bel bağlamaram.
Görürsən həyası, arı da gedir.
Payızın yağışı əbədi deyil
Yaz gəlir dağların qarı da gedir.

Zərrəcə qalmayıb düzlük, etibar,
Bəzən sənin olmur səni sevən yar.
Bu gün əllərindən bərk-bərk tutanlar
Sabah səni qoyur yarıda gedir.

Əsgər var-dövlətə aldanma, qəti,
Gördüm sahibi yox neçə şirkəti.
Sonunda ağ kəfən olur qisməti
Dövləti də gedir, varı da gedir.

BƏXTİM GƏTİRMƏDİ SEVGİDƏ

Əzab imiş bu həyatın hər yanı,
Məcnun olub hey axtardım Leylanı.
Min yol oldum o gözlərin qurbanı,
Mənim bəxtim gətirmədi sevgidə.

Sevgi verdim, əvəzində nə gördüm?
Öz dərdimi misralara keçirdim.
Şeir oldu, vərəqlərə köçürdüm
Mənim bəxtim gətirmədi sevgidə.

Hey əl açdım əllərinə çatmadı,
Əl açdığım əllərimdən tutmadı.
Sevən könlüm xoşbəxtliyi dadmadı,
Mənim bəxtim gətirmədi sevgidə.

Doğma idi, özgələşdi yad oldu,
Yad ürəkdən ona sevgi doğuldu.
Arzularım gözlərimdə boğuldu,
Mənim bəxtim gətirmədi sevgidə.

Əsgər bəlkə sevdi deyə suç etdi?
“Ömrüm” deyən həyatımı puç etdi.
Özgəsinin əlin tutdu, quc etdi,
Mənim bəxtim gətirmədi sevgidə.

TARİX YAZAN QƏHRƏMANIM
(İntiqam Abdullayevin əziz xatirəsinə)

Tarix yazan qəhrəmanım
Tarixini yazıb gəlir.
“Köçkün” adın, “qaçqın” adın
Alnımızdan pozub gəlir.

Milyonların sevgisindən,
inamından güc alıb o.
Ucalardan uca olan
Pak məqama ucalıb o.

O, can verib, O, qan verib,
Qoy yaşasın ana torpaq.
Ana torpaq yaşadıqca
Öz oğlun da yaşadacaq!

Yox, İntiqam ölməmisən
Ürəklərdə adın sağdır.
Şəhidliyə ucalanlar
Daima sağ qalacaqdır!


QÜRURLA OXU
(Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin ifasından təsirlənərək)

Oxu, mərd döyüşçüm, qürurla oxu!
Ana vətən gur səsini eşitsin.
Vətənin yol çəkən aranı, dağı
Qoy Xudayar nəğməsini eşitsin.

Bitsin bu gün həsrət adlı dünənin,
Yadın deyil, bu mənimdir, bu sənin.
Xəbər yayın hər yanına vətənin
Öz oğlunun gəlməsini eşitsin.

Yağı düşmən qaça bilməz əlindən,
Hamımıza əziz olan bu vətən
Sizin kimi oğulların dilindən
“Sən azadsan! ” kəlməsini eşitsin.
QƏHRƏMAN OĞLUM
(Vətənin adından Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)

Uyu məzarında nurlar içində
Ey vətən sevdalı qəhrəman oğlum.
Xalqın ürəyində, xalqın dilində
Adın yaşayacaq hər zaman, oğlum.

Tarix oxumadın, yazdın bir başa.
Yeni həyat verdin torpağa, daşa.
Dedin:- Azərbaycan müstəqil yaşa!
Ey vətən eşqindən yaranan oğlum.

Düşmənin başına odlar ələdin,
Məhv etdin yağını, qana bələdin.
Yalandan vətənə canım demədin,
Sən onun yolunda verdin can, oğlum.
EŞQ OLSUN!
(Yenilməz ordumuzun şanlı Zəfərinə)
Ön cəbhədə tarix yazır durmadan
Ordumuzun zəfərinə eşq olsun!
Düşmənini hər addımda qorxudan
Azərbaycan əsgərinə eşq olsun!

Ver komandir daim müjdə xəbəri,
Səndə qalıb milyonların nəzəri.
Hər gün yeni kənddə açır səhəri
Ordumuzun zəfərinə eşq olsun!

Keç Arazın sahilindən sırayla,
Zəngilandan qardaşları harayla.
Dəstək verir bax Arazdan o tayda
Qardaş deyən dillərinə eşq olsun!

İrəli get, səninlədir qayıdış.
Ata-baba torpağıdır hər qarış.
Bu millətin ordusuna min alqış,
Yenilməyən rəhbərinə eşq olsun!

Ümidvaram ki, ünün bütün Azərbaycana yayılacaq, Əsgər. Bütöv Azərbaycanın tanınmış söz adamı, sözü bütöv şairi olacaqsan. Yolun açıq, uğurların bol olsun!

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir