Gəray Göyyurd – Mənim Bu Bahardan Umacağım Var

GƏRAY GÖYYURDUN YAZILARI
  • GƏLƏRSƏN
    (Sevənlərə bayram töhvəsi)
    Belə gözəlliklə, işvəylə , nazla
    Qorxuram nəzərə , gözə gələrsən .
    Öyünmə cüyürtək dağda dolanıb
    Gün gələr sevgimlə düzə gələrsən .
    * * *
    Mehmanı olaram ənbər telinin ,
    Bülbülü olaram açan gülünün ,
    Şəhdinə bataram şəkər dilinin ,
    Şirin söhbətində məzə gələrsən .
    * * *
    Yüz ilin doğması , dostu olarsan ,
    Bulaqtək qaynayar , daşar , dolarsan .
    Axtarıb , arayıb məni bularsan ,
    Ürəkdə duyğular təzə gələrsən !
    * * *
    Sinəmi qəmzənlə oxla , nişanla ,
    Sevən ürəyimi yarala , qanla !
    Sonra sarımağa toyla – nişanla ,
    Geyib ağ donunu bizə gələrsən !
    * * *
    Eşqi , məhəbbəti dərk eyləyərsən ,
    Hicranı , həsərəti tərk eyləyərsən,
    O qədər sevərsən , ərk eyləyərsən ,
    Hərdən də Gərayla sözə gələrsən !

    MƏN İLK GÖZÜNÜ SEVMİŞƏM
    İllərin həsrətlisiyik ,
    Özünü gizləmə məndən .
    Bilirəm sən də yanırsan,
    Közünü gizləmə məndən .
    * * *
    Sənsiz ürəyim qəmdədir,
    Gözlərim daim nəmdədir ,
    Dağların bu sinəmdədir ,
    Düzünü gizləmə məndən.
    * * *
    Görmürsənmi sən halımı ?
    Puç etmə xoş xəyalımı !
    Daldalama camalını ,
    Üzünü gizləmə məndən .
    * * *
    Nanə yarpağıtək əsək ,
    Özümüzü asaq, kəsək .
    Yaxına gəl kəlmə kəsək ,
    Sözünü gizləmə məndən .
    * * *
    Gülər üzünü sevmişəm ,
    Şirin sözünü sevmişəm ,
    Mən ilk gözünü sevmişəm ,
    Gözünü gizləmə məndən !

    GEDİRƏM
    Sinəm yanıq -yanıq olan vələsdi ,
    Qəlbimi tonqal tək çatıb gedirəm.
    Yanan ürəyimi pərvanə edib
    Alova , atəşə atıb gedirəm.
    * * *
    Ömrümü -günümü mən bilə-bilə ,
    Sal kimi salmışam qanlı bir selə !
    Günləri , ayları verirəm yelə ,
    İlləri illərə çatıb gedirəm .
    * * *
    Zalım zaman divan tutur Gəraya ,
    Bir kimsə yetişmir haya , haraya .
    Bilmirəm üzümü tutum haraya ?
    Tanrım ,göz görəti batıb gedirəm !

    TUMURCUQLADI
    Bir qız baxışından, yaz yağışından,
    Tale qismətindən, bəxt naxışından
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Qönçə ümidlərim gözünü açdı,
    Bir göyqurşağının dalınca qaçdı,
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Dayandı üstümdə tanrının əli,
    Ürəyimə axdı ayın nur seli,
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Başdan ayağadək nur içindəyəm,
    Sehirli,ofsunlu qor içindəyəm,
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Özüm də bilmirəm heç nədir adı,
    İlk eşqə bənzəyir ləzzəti, dadı,
    Qəlbimdə bir sevgi tumurcuqladı.

    HARAYA GEDİRSƏN ?
    Zalım qızı , kəklik kimi
    Səkib haraya gedirsən ?
    Məni məhşər ayağına
    Çəkib haraya gedirsə ?
    * * *
    Qıyma mənə bu sitəmi ,
    Qurumaz gözümün nəmi!
    Qəlbimə kədəri , qəmi
    Əkib haraya gedirsən ?
    * * *
    Sən soyuqsan -sanki qar=buz ,
    Mən yanıram ulduz – ulduz ,
    Baxışınla yarama duz
    Töküb haraya gedirsən?
    * * *
    Baxdım sənə güman kimi ,
    Yapışdım bir saman kimi ,
    Gözlərimə duman kimi
    Çöküb haraya gedirsən ?
    * * *
    Dağları basma sinəmə ,
    Gözümü öyrətmə nəmə .
    Ürəyimi ilmə -ilmə
    Söküb haraya gedirsən?
    * * *
    Dərd üstümə alar ayaq ,
    Gecələrim keçər oyaq .
    Gərayı bir kaman sayaq
    Büküb haraya gedirsən ?

    MƏNİM BU BAHARDAN UMACAĞIM VAR
    Çayına qoşulub axdım bəlkə də ,
    Şimşəyinə dönüb çaxdım bəlkə də ,
    Yağışıyla göyə çıxdım bəlkə də ,
    Mənim bu bahardan umacağım var .
    * * *
    Zülümü , zilləti yorub çıxacaq ,
    Bir şir qəfəsini qırıb çıxacaq ,
    Ədalət torpağı yarıb çıxacaq ,
    Mənim bu bahardan umacağım var .
    * * *
    Torpağım yad gözdə quma dönəcək ,
    Sevgi ək , ürəyim şuma dönəcək ,
    Bu bahar daşlar da muma dönəcək ,
    Mənim bu bahardan umacağım var !
    * * *
    Qoy toruna düşüm bir dilbilməzin ,
    Ayağına gedim gülün , nərgizin .
    Allahda gizli döy , sizdən nə gizlin ,
    Mənim bu bahardan umacağım var .
  • Müəllif: Gəray GÖYYURD

GƏRAY GÖYYURDUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir