Azərin son gülü
Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim.
Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub.
O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər.
O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər.
Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar.
Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü.
2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır.
Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız.
Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb.
– Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara.
İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır.
“Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır.
Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib.
Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz.
Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi.
– Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər.
O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər.
Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub .
Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi…
Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır.
Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm.
İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.
Müəllif: Təranə MƏMMƏD
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>>>