“Cəlal və Humay” haqqında
(…hər kəs öz işi ilə məşğul olsa yaxşı olar…)
Sərdar Cəlaloğlu gücü çatmayan daşdan yapışıb qaldırmaq istəyir, amma bilmir ki, Allah eləməsin, gücə düşər, daha sonrası nə olar hamı yaxşı bilir.
Əvvala, heç olmasa soyadından abır-həya eləsin. XX əsr Azərbaycan poeziyasının klassiki, nəhəng, azman sənət korifeyinin “Cəlal və Humay” (şərti olaraq “Komsomol” poeması adlandırmışdı) poemasında, dastanında o cürə – xalqın sevimlisinə çevrilən möhtəşəm Cəlal obrazı yaradıb ki, onun da adını götürüb Sərdarın atasına qoyublar! Adam olan dədəsinə, dədəsinin adını qoyana daş atmaz!
Sonrası, o istəyir ki, Səməd Vurğunun vertolyotuna minib yuxarılara qalxsın, məşhurlaşsın!Görünür, yanılmayıb, gündəmdə adı hallanır… Amma xalqımızın bir məsəli var: “…….karvan keçər, yel qayadan nə aparar?!”
Sonrası, ulu Səməd Vurğun millətimizin, xalqımızın kimlik pasportu olan “Azərbaycan” şeirində o misranı ulu Məmməd Əminin ünvanına həqiqətən işlədibdir. Amma bu barədə Məmməd Əminin özünün fikri və münasibəti hamıya cavabdır. Məmməd Əmin təxminən öz məqaləsində yazır: “Mənə söylədilər ki, bəs Səməd Vurğun şeirində səni “düşmən” adlandırıb. Səməd Vurğunun yaradıcılığına, şəxsiyyətinə, kişiliyinə yaxşı bələd olduğumdan gülümsəyərək cavab verdim: “Oralarda mənim adımın çəkilməyi qadağandır, yasaqdır! Səməd Vurğun onu bilərəkdən edib! Məni Azərbaycanda tanıyan tanıyır, amma gənc nəsil adımı eşitməyib, mən kiməm bilmir! Şeiri oxuyan gənclər, cocuqlar evlərində ata-analarında soruşacaqlar ki, bu Məmməd Əmin Rəsulzadə kimdir ki, Səməd Vurğun onun adını belə çəkir? Onda həqiqət üzə çıxacaq, Azərbaycanın hər evində, hər mənzilində mənim söhbətim düşəcək, kimliyim bilinəcək, beləliklə mən dönə-dönə yada düşəcəyəm, unudulmayacağam!”
Təsadüfi deyildir ki, Məmməd Əminin ən dəyərli, yüksək elmi təhlillərlə, qiymətlərlə yazdığı ən yaxşı məqalələrdən biri də böyük Səməd Vurğun haqqındadır… O, bu məqaləsində “Vaqif” dramını ustalıqla təhlil edib, bu əsəri ədəbiyyatımızın incisi adlandırıb…
Sərdar yazıq bunları hardan bilsin? Siyasi konyuktura onun gözlərini kor edib, atasına, babasına, müqəddəsliyə əl aparır, nakorluq edir, Əkrəmiyanın gününə düşür…
Mən bunları – həqiqəti gənc oxuculara bildirmək üçün yazdım! Səməd Vurğun xalq arasında əbədiyyət qazanmış sənətkardır, onun heç kimin müdafiəsinə ehtiyacı yoxdur, heç kim də onun şəxsiyyətinə zərrə qədər də xələl gətirə bilməz!..
Səməd Vurğun əbədiyyət üfüqlərində parlaq bir ulduzdur…
Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru