YARALI ŞEİRLƏR, ŞƏHİD ŞEİRLƏR…
(Şəhid Nəzir Osmanova ithafən)
Dinmir buraların göz yaşı…
Damcı-damcı, asta-asta “sən” axır …
Həsrət yağır küçənizin küncündən,
Elə bilirəm, dilə gəlib ad çağırır …
* * *
Axı hardadır dünən gördüyüm?
Yollarımda gülə-gülə gəzdiyim,
Qoxusuna həsrət qalıb bitdiyim…
Eh….Ləpir izi…
A ləpir izi?
Sənə qurban, yadlaşma…
Yağış yuyub aparmasın,
Külək olub uçurmasın ,
İstəmirəm, istəmirəm …
Toxumasın,
İgidimin ayaq izinə …
Maşınlar şütüməsin,
Adamlar təntiməsin,
Qoy itməsin qədəmləri …
Yoxsa böyük dərd olar,
Bu sərsəri başıma…
Ey, sən !
O küçədəki həmin ağac…
Daha yığılmayacaq xəzəllərin
Uçacaq uzaqlara,
Elimizdən lap uzaqlara…
Görən apararmı sədamızı
Bilinməyən sonsuzluqlara,
Görünməyən adamlara….
A torpaq …
İsitdiyin canlara ömür qurban,
Qoru, oğlunu …
Qoru, körpəni …
Qoru …
Qoy qəribsəməsin qoynunda…
A başdaşı,
A daşlar,
Bir az yüngül olun,
Çökməsin ağırlıq …
Axı yaraşmır,
Siz daşların, qara mərməri,
Onun düz 23 yaşına…
* * *
Neçə vaxtdır qanamırdı yaralar…
Bu gün oldu,
elə bu gün son olsun…
Çəkilmişdi başım üstdə buludlar,
Gəldi,
doldu,
tez gedər olsun…
Dinmişdi, əzizim,
dinmişdi gözümün yaşı…
Elə bilmişdim,
Tökmüşəm qəlbimdən,
bu möhkəm daşı!
Ay Allah,
bu qədər işgəncə nədir axı?!
Boğasan,
aparasan,
tərk edəsən bu başı!
Sızlayır könlümdə
yuva quran kəpənək.
Ömrü də az qalıb,
o da gedir deyəsən…
Azacıq bir ömürdə ,
gərəkdir ki, gün görəsən,
Yoxsa bu imtahan,
o dünyaya qədərmi, nədir?!
Donub hisslərimin hər bir nöqtəsi.
İtələyirəm,
bağırıram ,
getmir ki getmir!
Varlığımdan,
yoxluğumdan,
elə özümdən də bezmişəm…
Ümiddir e vallah,
dünyadan kəsilmək
bilmir ki bilmir…
* * *
Ömrümün hansı payızından kəsim,
22ilin qırılıb qol-qanadı…
Hər xoşluğun arxasınca bədbəxtlik,
Saxla burda…
Saxla !Xoş günlərimi kəsim…
İtirəcəyim nə var ki,onsuz,
Qazandıqlarım ki itib,batıb…
Biriləri yıxar,ümidlər quruyar,
Yetim qalar bizsiz xəyallar…
Ömrümün hansı payızından kəsim,
Hansı yaşımı dondurum,
Hansı yaşda cavan qalım..
Bəlkə də bəsdi artıq
Onsuz da quruyub canım,
Yaxın gəlin…
Ruhumun ehsanından sizə pay çəkim…
* * *
Uzaqların min dərdi olur,əzizim
Hərdən fəryad çəkib hayqırır…
Uzaqların həsrət qoxusu olur,
Elə hey yaraları qanadır…
Əl uzatdıqca itib,batır,
Cızılır kol-kosla biləklər
Uzaqların yarası böyük
Qanadıqca iz bağlayır…
Burda bir gün isti günəş
Bir gün də soyuq ay
Bir-biri ilə yarışır..
Günlər də keçir ,aylar da
Diləklər görmür gərçək üzü…
Hərdənbir şişmək çaxır,
Hərdənsə tufan olur…
Aparır bütün ümidləri…
Burda həyat başqadı,
Saniyədə dəyişir fəsillər…
Burda insanlar olmur
Nə də kirli bədənlər…
Ruhlardır,gəzib tozur…
Bir azadlıq uğrunda
Çırpınır illər boyu…
* * *
Fərqli sandığın fərqlənmir,
Sən yenə pislərə yaxşı de…
Zamanla insan düzəlmir,
Burax əlimi,çıx get!
Tanımırsan can deyəni,
Canını alıb gedir…
Diliylə bal tökənlər,
Əli ilə zəhər gətirir…
Əcələ gərək yoxdu,
Yaşarkən öldürürlər…
70illik ömrünü,
Tabutda gəzdirirlər…
* * *
Səhər də açılmır,
Gəlmir birinin səsi…
Sən ki yaxşı bilirsən
Hərkəsin varkən,
kimsəsiz olmaq nədir!
Soyuq əllərinlə
Tanrıya getmək nədir…
Bir gün;
Susacaq günahların,
Bağırmayacaq üstümə
Yanaqların su içəcək
Gözyaşından birtəhər…
Müəllif: Aytac İBRAHİM
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru