KƏNAN HACININ ŞUŞA ŞEİRİ

ŞUŞA
Şuşa! Ruh bədənə qovuşan kimi,
Vüsalın can verir Azərbaycana.
Səninçün köklənib qəlbimin simi,
Ruhlar müjdə verir Seyyidə, Xana.
* * *
Vaqif türbəsindən əl edir bizə,
Ruhu salamlayır igid əsgəri.
Xan qızı Natavan çıxıbdır düzə,
Köksünə sıxıbdır ər oğlu əri.
* * *
Uğrunda igidlər can fəda edir,
Silir torpağından düşmən izini.
Dikəlir Vətənin qəddi, dikəlir,
Biz qanla yazırıq zəfər sözünü.
* * *
Ürəyim ağactək çiçək-çiçəkdi,
Bu payız çağında ey bahar Şuşam!
Baxma ki, yolların çəndi, çisəkdi,
Bu səhər bəxtinə gün doğdu, Şuşam!
* * *
Bu gün təbiət də döyüşür orda,
Kəsir bənd-bərəni, bağlayır yolu.
Təpələr dumanı atır üstündən,
İgidlərin yolu aydınlıq olur.
* * *
Ömrün də dağı var, yal-yamacı var,
Vaxtın atlarıyla həsrət düzündən
Keçdik, vüsalına yetdik, Qarabağ,
Öpdük hər çiçəyin, gülün üzündən.
* * *
Ali Baş Komandan xalqa üz tutub
Müqəddəs savaşdan xəbərlər verir.
Onun hər sözündə qətiyyət, qürur,
Sənin haqqın idi bu zəfər! – deyir.
* * *
Gözün aydın olsun, Azərbaycanım,
Gözündə çağlayan sevinc yaşıdır.
Bu savaş yenilməz Azərbaycanın
Vətən savaşıdır, haqq savaşıdır!

Müəllif: Kənan HACI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir