TANRIM, SƏN KÖMƏK OL BİZƏ Qohumlar çevrilib yada, Dostlarım yetməyir dada, Başı bəlalı dünyada, Tanrım, sən kömək ol bizə! * * * Ulaq bəyənmir palanı , Eşitmək olmur yalanı. Gədələr saymır ananı, Tanrım, sən kömək ol bizə! * * * El yolunda yanmayırlar. Halal-haram qanmayırlar. Böyük-kiçik saymayırlar, Tanrım, sən kömək ol bizə! * * * Nələr olmur, nələr olur. Yaxşılardan pis doğulur. Kişilər dərddən boğulur, Tanrım, sən kömək ol bizə! * * * Qardaş-qardaşını söyür, Haqsıza bax haqsız söyür. Əbülfət üz tutub deyir. Tanrım, sən kömək ol bizə!
NƏDƏN UNUTMUSAN Çıxdığın budağı niyə kəsirsən? Haçansa bu yerə çıxarsan, oğlan. Deyilən düz sözdən niyə küsürsən? Yıxılıb, halına baxarsan, oğlan. * * * Sənə əl tutublar, yiyə durublar Söylə, nədən belə nadansan, oğlan? Səni yıxılanda çox qaldırıblar , Niyə unutmusan, adamsan, oğlan?!
YANILIR İNSAN Gələnin getməyi həyat qanunu, Düz yolu unudub yanılır insan. Adam niyə tökür insan qanını? Nədən olub ölüm bir belə asan? * * * Dedilər sakit ol, adam oğulsan, Səbrlə hər işin asanlaşacaq. Xislətin dəyişməz, bir də doğulsan, Adamlar yol gedər… İnsanlaşıncan!
GÜLSÜMÜM (İlk nəvəm Gülsümə) Gəlişinlə sən bizə. Bol sevinc gətirmisən. Çoxdankı arzumuza. Sən, bizi yetirmisən. Mənim xoş təbəssümüm, Gözəl-göyçək Gülsümüm. * * * Sən mənə gəlişinlə, Baba rütbəsi verdin. Baldan şirin dilinlə, Hələ baba da dedin. Mənim xoş təbəssümüm, Gözəl-göyçək Gülsümüm. * * * Dadlı balam, duzumsan, Ayımsan, ulduzumsan, Baharımsan, yazımsan, Anam, bacım, qızımsan, Mənim xoş təbəssümüm, Gözəl-göyçək Gülsümüm.
VALLAH KƏHRİZDƏN AYIBDI… Turist kimi gəzmişəm, Qarış-qarış Yurdumu! Hələ yada salmıram, Süründüyüm Ordumu! * * * Əlimdə qayçı, dəryaz, Toz-torpaq uda-uda! İstəyirəm mən dönəm, Nisgilli, dərdli Yurda! * * * Gözümüzü açandan, Eşitdik: “Araz”, “Araz”… O vaxtlar Qarqar bizə, Dayaz idi, damdayaz… * * * İndi keçilməz olub, Dərindən də dərindi… Yeganə təsəllimiz, Bu dərdimiz sərindi… * * * Bir də ümid çırağı, Qurumayan o kəhriz… O vaxtlar düşünərdik, – “Nə ərköyün bu kəhriz…”- * * * Kənkanlarla qol-boyun, Yaşamaqdan zövq alır. Onlar nazın çəkməsə, Suyu tez-tez azalır… * * * İndi bu fikrə görə, Utanıram özümdən… Düz otuz il sərasər, Yaş axıdıb gözündən… * * * Arınıb zir-zibildən, Xirtdəyinə çıxsa da… Axıdıb göz yaşını, Öz içinə axsa da… * * * İndi mən o kəhrizin Yanına turist kimi… Yaxası zınqırovlu, Muncuqlu artist kimi… * * * Necə gedim, a Millət!? Dilə gəlib deməzmi: -Hanı sənin külüngün?!- Göz yaşını yeməzmi?! * * * Ya evimin divarı, Qarqarın qara daşı, Şahbulağın ağ daşı, Atıb-tutmazmı başı?! * * * Soruşmazmı, nə vaxtdır, Hardasan, “İşlərbaşı”!? Qalmayıb xanəgahın, Artıq daş üstə daşı… * * * Hanı malan, şuğulun!? Ya isgənən, sığırğan!? Neçə vaxtdır, hardasan!? – Burda hamı bağrı qan… * * * Bəlkə də kəhriz kimi, Arılar da vəfalı… Kötüklər ta çürüyüb, Pətək arar səfalı… * * * Kol-kos basmış arxların İtib bəndi-bərəsi… Məni görcək deməzmi, – Hanı bunun dəhrəsi!?- * * * İndi mən o kəhrizin Yanından turist kimi… Yaxası zınqırovlu, Muncuqlu artist kimi… * * * Ötüb keçə bilmərəm, Bəlkə bir “ajıqıjı” İllərdi yol gözləyir, – Harda qaldı bu “Qıjı”!? * * * Məndən dastan gözləyən, Mən “Zəfər dastanım”ı Bax, orda yazacağam, – Əkəcəm bostanımı… * * * Hər tutumu çırpanda, Ya da üzüm dərəndə… Axtalıq zoğalları Kölgəliyə sərəndə… * * * Gözü bıçaqlı əzgil Batsın sənin gözünə… Buz quyumdan içməmiş Söz baxarmı sözümə!? * * * Ən sonuncu adamsan, Bu işdən söz açmağa! Qısqı bərk gələn kimi, Yer gəzərsən qaçmağa… * * * Öz işinlə məşğul ol!!! Qoy, dərdli dərdin çəksin… Gilas da dəriləcək, Döz, barı bir ting əksin… 17.04.2022. – Bakı.
TƏZƏ SÖZ Təzə söz eşitmişəm, Göydən Yerə gəlmədi. Yəqin ki, maraq etdin, Görən hansı kəlmədi? * * * Səbr et, indi deyərəm, Kökü Loqos, logiya. Təptəzəcə elmdir, Adı “Tapdalogiya”. * * * Çox mötəbər ağızdan Eşitdim lap indicə. Pek anlamlı kəlmədi, Mənasına gəlincə. * * * Cığıra düşüb getmək, Olub tipalogiya. Ənənəni yaşatmaq İndi Tapdalogiya. * * * Afərin, bərəkAllah! Gorun çatlasın, Sabir! İndi daha sabahdan Qazilmayacaq qəbir. * * * Yandırıb Ataları Sovuracayıq külün… Mən bu işə ağladım, İstərsəniz siz gülün… 30.04.2022. – Bakı.
QONAQ (hekayə) May ayının ilk ongünlüyüydü. Cah-cəlallı bir yaz günüydü. Günəşin sarı-qızılı şəfəqləri hər yana nur səpələyirdi. Qızıloba yurdunun təbiəti kimi insanları da qayır-qayır qaynaşırdı. Bu mənzərəni səmadan seyr edən olsaydı, bircə adamın da dayanıb-durduğunu görməzdi, hamı qarışqa kimi hərəkətdə, işində-gücündəydi. Valeh atası Qəzənfər kişi ilə yonca biçirdi. Bu il yaz yağışının bolluğundan yoncanın ilk biçini on-on iki gün qabağa, mayın ilk günlərinə düşmüşdü. Axşamüstü yoncanı biçib qurtarmaqdaydılar ki, Qəzənfər kişi oğlunu evə göndərmək istədi. Valeh axıradək qalıb kömək edəcəyini bildirsə də atası razılaşmadı. -Sən get, bala. – dedi. – Mən oraqla qıraq-bıcağı da qaşıyım, kərənti girməyən yerləri də sivirim, sonra gələrəm. Heyifdi, qalmasın. Sən də get, bir havır kitablarına göz gəzdir. İki ay nədir ki, bir də gördün bir göz qırpımında gəlib keçdi… baxdın ki, səhər imtahandasan… Valeh daha inadkarlıq göstərmədi, üst-başını səliqəyə salıb evə yollandı. Kəndə çatanda aralıqda bir neçə nəfərin bir yerə toplaşdığını gördü. Addımlarını yeyinlədib onlara yaxınlaşdı. Poçtalyon Səməndər idi, adamlar onun başına yığışmışdılar, qızğın söhbət gedirdi. Səməndər qonşu kənddən idi, elə poçt şöbəsi də orda yerləşirdi. Bir poçt şöbəsi sovetliyin üç kəndinə xidmət göstərirdi. Səməndər həftədə bir dəfə Qızılobaya gəlir, bir dəfə də sovetliyin o biri kəndinə gedər, qəzet-jurnalları, məktubları, ayda bir dəfə də adamların təqaüdlərini çatdırardı. Səməndər Valehi aradan görən kimi əlini yellədi. -Yaxın gəl. – dedi. – Sənə məktub gətirmişəm. Valeh həyəcanla Səməndərə yaxınlaşdı. Əl tutub görüşdülər. Səməndər bir quş qıvraqlığı ilə əl atıb boz meşin çantasından məktubu çıxardaraq Valehə uzatdı. Valeh dərhal alıb konvertin üstünə baxdı, məktub əsgərlik dostu Orxandan gəlmişdi. -Kimdəndi? – Həmkəndliləri soruşdular. Kəndə az-az məktub gələrdi. Odur ki, məktub hamını maraqlandırırdı. -Əsgərlik dostumdandı. – Valeh qısa cavab verib onlardan aralandı. Valeh Orxanla Bakıda tanış olmuşdu. Onlar orta məktəbi bitirəndən sonra ikisi də bir instituta sənəd verib bir imtahan qrupuna düşmüşdülər. Bunların tanışlıq tarixçəsi də elə o tarixdən başlamışdı. İyirmi gün ərzində mehribanlıqları dostluğa çevrilmişdi. Tale ikisini də eyni sınağa çəkmişdi. Dörd imtahanın dördündən də qiymət alsalar da müsabiqədən keçib instituta qəbul ola bilmədilər, necə deyərlər, konkursa düşdülər. Hər ikisi Bakıda qalıb işləmək arzusunda olsa belə, valideynlərinin təkidi ilə kəndə qayıtmalı olmuşdular. “Nə olar, bu il keçə bilmədiniz, daha yaxşı hazırlaşıb gələn il qəbul olunarsınız. İnstitut qaçmır ki…” – Hər ikisinin valideynləri kənd adamlarının əksəriyyəti kimi eyni fikirdəydi. “Təki övladım gözümün qabağında olsun!” Valehlə Orxan başqa-başqa rayonlarda yaşayırdılar. Biri dağ, digəri aran ərazisi hesab olunan rayonlararası məsafə, bəlkə də, yüz əlli kilometrdən bir az da çox olardı. Dostlar kəndlərinə qayıtdıqdan sonra bir-birləri ilə məktub vasitəsilə əlaqə saxlayır, Bakıda qalmadıqlarına heyfslənirdilər. İş elə gətirdi ki, hər ikisinin on səkkiz yaşı tamam olan kimi hərbi komissar çağırış vərəqi göndərdi. Çağırışın vaxtı çatan kimi möhlət vermədən hərbi xidmətə yolladı. Valideynləri çox çalışsalar da komissar gənclərə instuta qəbul olunmaq üçün daha bir şans vermədi. Xoş təsadüfdən onlar Biləcəri çağırış-toplanış məntəqəsində də qarşılaşdılar, ikisinin də adı bir komandaya yazılmışdı. Ukraynaya yola salınan qatarda da bir vaqonda yol getdilər. Karantinləri də, əsgərlikləri də bir yerdə keçdi. Onların dostluğu bu müddət ərzində daha da möhkəmləndi, mükəmməlləşdi, sarsılmaz qalaya çevrildi. Ay ötdü, il dolandı, əsgərlikləri başa çatdı. Dostlar hərbi xidmətdən qayıtdılar. Ayrılanda məktubla əlaqə saxlayacaqlarına söz verdilər. Bir də nəyin bahasına olursa, olsun, yayda Bakıya gedib instituta qəbul olunacaqlarını qərarlaşdırdılar. Əsgərlikdən ayrılarkən komandirlərindən xahiş edib yaxşı xasiyyətnamə, bir də ali məktəbə sənəd vermək üçün zəmanət də götürmüşdülər. Zəmanət instituta qəbul olunmaq üçün ən mükəmməl sənəd hesab olunurdu. Zəmanət kafi qiymətlərlə də instituta qəbul olunmağın qarantıydı. Daha heç bir konkurs-müsabiqə onların qarşısını kəsə bilməzdi. Valeh kəndə gələn kimi Orxana məktub yazıb yollamışdı. Cavabını gözləmədən on beş gündən sonra ikinci məktubunu da yazmışdı, birincinin çatıb-çatmadığından çox nigaran idi. Bu günlərdə üçüncü məktubu yazmağa hazırlaşırdı ki, poçtalyon onu qabaqladı. Valeh bilmədi ki, Orxan hansı məktubuna cavab yazıb. Ümumiyyətlə, onun məktublarını alıbmı? Evə qədər getməyə hövsələsi çatmadı, poçtalyondan beş addım aralanan kimi konverti açıb içindəki məktubu çıxartdı. Həyəcandan qəhərləndi, sanki uzun illər ayrı düşdüyü əziz-giramından xəbər gəlmişdi. Orxan yazırdı: “Əvvalə Bayat ellərindən sənə şanlı salamlar yollayıram, əziz dostum Valeh! Məktubunu aldım. Oxuyub şad oldum. Sənin də həmişə şad və xürrəm olub firavan yaşamağını qoca təbiətin varlığından arzu edirəm. Sevinirəm ki, sənin kimi bir dostum var. Orxan, məni qonaq dəvət edirsən. İnan ki, gəlməyə ürəyim uçunur, quş kimi qanad axtarıram ki, uçub gələm. Lakin vəziyyət elədir ki, mən sizə heç cürə gələ bilmərəm. Əsgərlikdən qayıdan kimi atam məni Pendir zavoduna işə düzəltdi, heç üç gün də dincəlməyə imkan vermədi. Hərbi komissarlığa qeydiyyata saldırmağa apardı, ordan da zavoda döndük. “Sahə müvəkkili danışıq edir”, deyib adımı işə yazdırdı. Bir gün sonra da “direktor sifariş edib ki, oğlun səhər işə çıxsın”, deyib zavoda apardı. Bir sözlə… Yüz əlli manat maaşımdır. Siftə eləmişəm, birinci ayın maaşın almışam. Müdirimiz də əlaçıq adamdır, hərdən kefinin yaxşı vaxtı beş-on manat cibxərcliyi verir. Bir də həftədə bir dəfə üçkiloluq balonla çiyə verirlər, onu da mamam bazarda satır. Bir sözlə, işlərim yaxşıdır, bircə institut məsələsi müəmmalı qalır. Gələndən atam bir dəfə də olsun institutun adın tutmayıb. Belə getsə, atam məni oxumağa buraxmayacaq. Yaxşısı budur, sən imkan tap, bizə qonaq gəl, bəlkə ikimiz atamı yola gətirə bildik. Hələlik. Səbirsizliklə yolunu gözləyirəm. Xudafiz! Dostun Orxan. 28 aprel 1985-ci il” Valeh həyətlərinə çatan kimi anası ilə qarşılaşdı. -Bəs atan necoldu? -İndilərdə gələr. -Bəs sən nə yaxşı tez gəldin? – Anası cavab gözləmədən əlavə etdi. – Əlindəki kağız nədir? Valeh məktubdan söhbət açdı, ürəyindən keçənləri anasına bildirdi. -Ana, atama özün deyərsən. Birdən mən deyərəm, alınmaz, ortalığa inciklik düşər. O boyda əsgərlik dostum qonaq çağırır. Çox ləngimərəm, tez gedib Bayatlıya dəyib qayıdaram. -Elə deyirsən ki, elə bil Bayatlı dəyirmanın o tayıdı, bircə saata gedib dəyib qayıdacaqsan… – Anası narazılığını bildirdi. -Bircə saata olmasın, iki günə olsun, bir gün o tərəfə, bir gün də geriyə… -Atana da yazığın gəlsin də, ay bala. Köməyi bircə sənsən. Gör nə boyda təsərrüfatı tək hərləyir. Mal, heyvan nobatına ayrı-ayrılıqda gedir, bağı, bostanı suvarır, otu biçir, yarpağı gülləyib qurudur, hələ hökumətin də işinə gedir… -Demirəm ki, atama kömək etməyim… -Heç olmasa, yoncanı yığışdırın, sonra get. Birdən yağış yağar, yonca qaralıb xarab olar, zəhmətiniz hədər gedər. Yazın bu vaxtları yaman yağış olur. Elə bil göyün gözündən muncuq tökülür. -Yaxşı da, ay ana, onu bilirəm. Bu gün biçdik, sabah çevirərəm, quruyar, birisi gün də bağlayıb gətirib yığarıq dama. Ta birisi gün də “Ya Allah” deyib düşərəm yola. Uzaqda deyillər ha… -Uzaqda olmadıqlarını bilirəm, ancaq naqolay yerdədilər, gedib-gəlmək çətin olur. -Bir gün o tərəfə getsin, bir gün də bu tərəfə… Gedib gəlməyim uzağı iki gün çəkər. Orda bağlanıb qalası deyiləm ha… Yoncanı yığışdıran günün ertəsi obaşdan Valeh yola çıxdı. Kənd avtobusu rayon mərkəzinə çox erkən gəlirdi ki, adamları başqa yerlərə gedən avtobuslara çatdıra bilsin. Ordan Bayat rayonuna birbaşa avtobus işləmədiyindən əvvəlcə Qaradizə rayonuna, ordan da Avşarabada yollanası oldu Valeh. Bayata gəlib çatanda gün batmaq üzrəydi. Orxanın yaşadığı Baharlı kəndinə avtobus işləmədiyini eşidəndə qanı lap qaraldı. Yaxşı ki, bazarın qabağından gec qalanları yığıb-aparan taksilərin getdiyini öyrəndi. Vaxt itirmədən soraqlaşıb bazarın qabağına gəldi. Taksi sonuncu adamını gözləyirmiş, Valeh oturan kimi Baharlıya yol aldı. 25-30 evdən ibarət Baharlı kəndi Kürlə Araz çaylarını birləşdirən Qarabağ kanalının sol sahilində düzənlikdə yerləşirdi. Suyun bolluğundan kənd ərazisi yamyaşıl dona bürünmüşdü. Axşam düşməsinə baxmayaraq kənd Valehin xoşuna gəldi. Orxangilin evini elə onu gətirən taksi sürücüsü nişan verdi. Xəbərsiz gələn qonağı gülərüzlə qarşıladılar. -Orxan, bəs sənin belə bir dostun var, indiyənəcən bizə niyə deməmisən? – İntiqam kişi oğlunu məzəmətlədi. – Qonaq çağırmısan, gərək əvvəlcədən xəbər eliyəydin… Orxan pərtliyini büruzə vermədi. -Gündüzdən gələcəyini bilsəydim, elə rayon mərkəzində qarşılayardım. Dağbəyinin kafesində hər gün quzu kəsilir, ordaca kabablıyardıq. – İntiqam kişi üyüdüb tökürdü. – Qonağın hesabına bizim də damağımıza kabab dəyərdi, ağzımız tama gələrdi. İntiqam kişi toyuq kəsdi, arvadı Səmayə tez-tələsik əl-ayaq edib onu hazırladı. Bir-iki saat keçər-keçməz süfrə hazır oldu, ailə süfrə başına toplaşdı. Orxanla Valehin yerini kəllayı otaqda saldılar. Dostlar gecə yarıyadək uzun-uzadı söhbətləşdilər, olub-keçənləri xatırladılar. -İntiqam dayı sərt adama oxşayır, deyəsən… – Valeh hər ehtimala qarşı soruşdu. -Hə, son vaxtlar kişinin dəfi dönüb. Əvvəllər belə deyildi, indi ona nə olub, bilmirəm. Elə hey deyir, işlə, pul qazan. Sənin tayların evə xışma-xışma pul gətirir, sən də gözünü döyürsən. Qorxuram məni oxumağa da buraxmasın. -Bəlkə mən deyim? -Yox, yox! İndi desək, acığı tutar. Anam bir-iki dəfə söhbət açmaq istəyib, atam ağzının üstünə vurub, “oxumaq nədi” deyib. “İndi dövran dəyişib. Oxumaq zamanı getdi. Oxuyub gəlib cırıq, yamaqlı şalvarda gəzəcəksə, mənə elə oxumaq lazım deyil. Qoy, getsin işləyib pul qazansın…” Nə vaxt yuxuya getdiklərindən xəbərləri olmadı. Səhər tezdən İntiqam kişinin gur səsinə oyandılar. -Ay bala, cavan adam da bu vaxta qədər yatarmı? Gün günorta oldu axı… Tələsik durub əl-üzlərini yudular. Anası ilə atası obaşdan qalxıb bütün işləri görmüşdülər. -Bizdə də belədi. – Valeh Orxana söylədi. – Mən yuxudan oyanana kimi anam inəkləri sağıb naxıra ötürür. Tövləni, qapı-bacanı süpürür. Samovarı qaynadıb süfrə hazırlayır. Atam heyvanları kənddən çıxardıb nobata qoşur. Tələsik səhər yeməyini yeyib yola çıxdılar. İntiqam kişinin köhnə ağ rəngli “Jiquli”sində rayon mərkəzinə tərəf istiqamət götürdülər. Axşam gələndə Valeh fikir verməmişdi, yol çox kələ-kötür idi. Ya yük maşınları yolu bu günə salmışdılar, ya da yağan yağışlar… Səmayə arvad qabaqda əyləşmişdi. Valehlə Orxan isə arxa oturacaqda yanaşı oturmuşdular. Yol boyu ancaq İntiqam kişi gur-gur guruldayırdı. Səmayə arvad da “hə”, “yox”la onun dediklərini təsdiqləyir, bir sözlə, yola verirdi. Orxanla Valeh imkan düşdükcə astadan pıçıldaşır, gah da him-cimlə bir-birini başa düşürdülər. Rayon mərkəzinə gəlib çatanda İntiqam kişi maşını əvvəlcə Pendir zavodunun qabağına sürdü. -Orxanın işi dövlət işidir, ona gecikmək olmaz. – dedi. Orxan Valehlə sağollaşıb düşmək istəyirdi ki, İntiqam kişi dilini sürüdü: -Orxan, səhər-səhər siftə səndən… Maaşını da alıbsan… Bir dəfə də sənin əlinin bərəkətini sınayaq… -Siftəni həmişə mən vermişəm, bu dəfə də özüm verəcəm. – Səmayə arvad ərinə deyindi. – Uşağı qonağın yanında utandırma. Bəlkə heç cibişdanına pul qoymayıb. -Sən narahat olma. Öz əvəzinə yenə də verərsən. Orxan day yekə kişidir. Gəlir-çıxarını bəri başdan bilsə, yaxşıdır. Orxan cibindən yaşıl üçmanatlıq çıxardıb sürücünün sağ böyründəki dördkünc qutunun üstünə qoydu. -Ay bərəkallah! – Atası razılığını bildirdi. – Bu oldu başqa məsələ… İntiqam kişi maşını yol ilə sürməkdə davam etdi. Bir də bazarın qabağında saxladı. Valeh buraları tanımasa da bazarı tanımağa ehtiyac yoxdur. Səmayə arvad belinə bağladığı adyalın arasında eşələndi, eşələndi, bir göy beşlik çıxardıb sükanın qabağında bardaçokun üstünə şappıldatdı. Arvadın pulu şəst ilə şappıldatması Valehi çaşdırdı. -On ildir bazardayam, hələ də uyğunlaşa bilmirəm. Bir gün belə bazarda olmamısan, ancaq əsl bazar adamısan. – Arvad bunu deyən kimi maşının qapısını çırpıb getdi. İntiqam kişinin heç vecinə də olmadı. -İndi də gedək avtovağzala, səni yola salım, get. Ordan uzaqlaşdılar. İntiqam kişi nəsə dodaqaltı mızıldanırdı. “O çubuşun, bu toyuğun, daha nə qaldı, nə qaldı…” Gəlib avtovağzalın qabağına çatdılar. Valeh avtobusları görcək cəld əlini cibinə salıb bir göy beşlik çıxartdı və yavaşca bayaq Orxan pul qoyan qutunun üstünə qoydu. Bunu elə elədi ki, İntiqam kişi görməsin. İntiqam da İntiqam idi, dörd gözü vardı. -Boyy, heç yaxşı olmadı… – deyib etirazını bildirdi. – Sən pulunu götür, bala. Bizim yerin öz adəti var. Bizdə qonaqdan pul götürməzlər. Valeh özünü eşitməməzliyə vurub maşından aralandı, yavaş-yavaş avtobuslara tərəf getdi. Arxasınca gəlib gəlmədiyini öyrənmək üçün yerişini yavaşıtdı. Bu zaman İntiqam kişinin “Jiquli”si sürəti artırıb oradan uzaqlaşdı. Bu zaman Valehin qulaqlarında bir cingilti əmələ gəldi, atasının sözlərinin əks-sədası sürət götürən maşının təkərlərinin qıjıltısında əriyib yox olmaqdaydı. “İnsanlar müxtəlif cür olur. Bəziləri düşdükləri mühitə uyğun davranır, bəziləri də əhatələrində olan adamlara müvafiq hərəkət edirlər. Bəlkə heç getməyəsən? Gedib elə bir səhnə ilə rastlaşarsan ki, sənə çox pis təsir bağışlayar. Ömrünün sonunadək unuda bilməzsən!” Atası bunları demişdi Valehə. Vəssalam! Avtobuslara çatıb dayandı. Padpreslərə yapışdırılmış trafaretlərə baxıb öyrənmək istəyirdi ki, görsün hansı avtobusla getmək lazımdır. Sükan arxasında oturan sürücülərin hamısı ona baxırdı. Qəfildən qulağına bir səs gəldi: “Qonaq!” Valeh elə bildi ki, bunu sürücülərin hamısı birdən səsləndirdi.
TİMSAH DƏRİLİ AYAQQABI (hekayə) Unudulmaz müəllim Mir Cəlal Paşayevin əziz xatirəsinə Bu əhvalat XX əsrin səksəninci illərində, təxminən qırx il əvvəl baş verib. Ötən müddət ərzində şəxsən mən özüm bunu müxtəlif yerlərdə, bəlkə də, dörd yüz dəfədən çox danışmışam. Ağızdan-ağıza dolaşaraq təhriflərə, əlavə bər-bəzəklərə tuş gələn əhvalatı bəzən mənim özümə də danışırlar, özü də elə bəzək-düzəklə ki, adamın xoşu gəlir. Payız fəsliydi, universitetin birinci kursunda oxuyurdum. Bizim qrupda qızlar çoxluq təşkil edirdi, oğlanlar cəmi yeddi nəfər idi. Orta sırada arxa cərgədə əyləşirdim. Qarşımdakı partada Turanə otururdu, yanındakı qızın adı isə Cəmilə idi. Turanə ilə qəbul üçün sənədlərimizi də birlikdə təqdim etmişdik, elə onda da tanış olduq. Heç ağlıma da gətirməzdim ki, bir yerdə oxuyacağıq. Qəbul imtahanında da bir yerdə idik, hətta bir partada oturmuşduq. Qrupda da gəlib onu görəndə, lap ağlım başımdan çıxdı. Bu qədər təsadüfmü olardı? Zöhrə qocam həmişə deyərdi ki, əgər bir qız bir oğlanın qabağına gözləmədiyi halda üç dəfə çıxırsa, bu onun qismətidir, qismətdən qaçmazlar. Qocamın sözləri beynimə hakim kəsilmişdi, lakin mən qismətimin hayında deyildim, Bakıya oxumağa gəlmişdim, mənə ali təhsil almaq lazımdı. Universitetdə oxumaq isə orta məktəbdəkindən qat-qat çətin idi. Dərsliklər hamıya çatmırdı. Kitabxanadakı dərs vəsaitlərini isə sən gələnə kimi kimsə götürürdü və günlərlə gözləməli olurdun. Müəllimlər də mühazirəni sürətlə oxuyub keçir, yazıb çatdırmaq olmurdu. Kimdənsə alıb köçürməyi də özümə sığışdırmırdım. Odur ki, bütün fikrim tədris prosesinə uyğunlaşmaq üzərinə yönəlmişdi, amma elə hey Turanəni də fikirləşirdim. Turanə gülərüz, qarayanız, suyuşirin bir qız idi. Saflığı üzündən-gözündən oxunurdu, adamı ilk baxışda özünə cəlb edirdi. Çox astadan danışardı, deyəsən, bir az da utancaqdı, mənim kimi ünsiyyətdən qaçaqdı. Bir məğrur duruşu vardı, ciddi təsir bağışlayırdı. Danışanda, yanaqları azca allanardı, bu onu daha yaraşıqlı, daha cəzbedici göstərərdi. Qrup qızlarının heç birində olmayan gur saçları çiyinlərinə tökülər, kürəyini ortasınadək örtərdi, o vaxtlar dəb idi saçları açıq saxlamaq. Saçlarının qəribə ətri vardı, bilmirəm ətir vururdu, yoxsa yuduğu şampunun rahiyəsiydi, hər nə idisə, məni məftun edirdi. Bəzən dəqiqələrlə dərsdə olduğumu unudur, gözlərimi onun saçlarına zilləyib qalardım. Ədəbiyyatşünaslığın əsaslarını Mir Cəlal müəllim aparırdı. Bu insan ilk tanışlıqdan mənə nəsə bir başqa təsir bağışlamışdı. Dərs boyu elə Turanə ilə mənə baxırdı. Çox qısa müddətdə başqalarına tərəf çönsə də tez qayıdıb bizə tərəf baxar, dərsi davam etdirərdi. Hərdən gözümü ondan çəksəm də baxışını daima başım üzərində hiss edərdim. Onda bizə qarşı bir doğmalıq duyulurdu, mənə elə gəlirdi ki, Mir Cəlal müəllimin simasında qədəm qoyduğumuz universitetdə özümüzə doğma, bizə çox əziz olan bir adamımızı tapmışıq. İlk tanışlığımızdan Turanə də mənə xoş təsir bağışlamışdı, lakin özümü ona tay tuta bilmirdim, o, geyimindən imkanlı ailənin övladına oxşayırdı. Mənə elə gəlirdi ki, onun təkcə saçlarına vurduğu ətir mənim əynimdəki paltarlardan bahadır. Odur ki, tərəddüd edirdim; həm onunla ünsiyyət qurmaq istəyirdim, həm də yaxın durmağa qorxurdum. Bir dəfə mühazirə zamanı Turanə mənə bir vərəq uzatdı. Karandaşla yazmışdı: “Qələmim evdə qalıb. Səndə əlavə qələm olmaz ki?” Çantamdan tez bir qələm çıxardıb həmin kağızla bərabər ona uzatdım. Dinməzcə aldı, elə mənim verdiyim qələmlə “təşəkkür” yazıb kağızı yenidən mənə qaytardı. Uzun müddət həmin kağızı dəftərimin arasında saxladım. Beləcə, günlər gəlib-keçirdi, mən isə Turanə ilə “salam, sağ ol”dan başqa heç cürə ünsiyyət qura bilmirdim. Həmişə ondan tez gəlib yerimdə əyləşir, dərs qurtaranda hamıdan sonra çıxıb gedərdim. Bunun da əsas səbəbi ayaqqabımın köhnə və yöndəmsiz olması idi. Birtəhər ötüşürdüm ki, bir azdan havalar soyuyacaq, atam qış ayaqqabısı alacaqdı. Qrup yoldaşlarımın çoxu o vaxt dəbdə olan timsah dərisindən ucubiz ayaqqabı geyinir, tənəffüsdə də o tərəf-bu tərəfə gəzişir, forslanırdilar. Bir gün seminara hazırlıqdan danışırdıq, mənə də sual ayırmışdılar. Birdən Turanə arxaya çevrildi və mənə bükülü kağız uzatdı. Tez açıb baxdım. “Bu gün Mərkəzi Kitabxanaya gedəcəyik. Getmək istərdinmi?” İlişib qalmışdım, həm getmək istəyirdim, həm də bu yöndəmsiz, əyri, dabanları bir tərəf üstə sürtülüb sıradan çıxmış ayaqqabımla Turanənin yanına düşüb hara gedəcəkdim… Yox, gedə bilməzdim. “Siz gedin, vacib işim var, mən sonra gedərəm…” Elə həmin kağızın arxasına bu sözləri yazıb qaytardım. Turanə oxuyub kağızı dəftərinin arasına qoydu. Mir Cəlal müəllim sinifdə asta-asta gəzərdi, o qədər asta ki, adamın yanından keçəndə ayaqqabısının səsi eşidilməzdi. Mənə elə gələrdi ki, ayaqqabısının döşəməsi padoş deyil, heç rezin də deyil, keçədir, axı padoş və rezin altlı ayaqqabı ilə necə bu qədər asta keçib getmək olar? Heç yadımdan çıxmaz, bir gün seminarda o, Turanənin danışığını – cavabını çox diqqətlə dinləyir, adəti üzrə cərgələr arasında o tərəf-bu tərəfə gəzişir, heç nə demirdi. Nəhayət, Turanə hazırladığı cavabı izah edib yekunlaşdırandan sonra Mir Cəlal müəllim ona yaxınlaşdı. -Qızım! – deyib əlini çiyninə qoydu. Bu dəm sanki Turanənin boyu bir az da ucaldı, gözləri büllur kimi parlaq oldu, saçları daha dolğun göründü, bu, bəlkə də mənə belə gəlirdi. -Bəli! – Turanə astadan cavab verdi, bəlkə də cavabının qaneedici olmadığından, müəllimin razı qalmadığından belə sönük dilləndi. Amma mənə elə gəlirdi ki, Mir Cəlal müəllim cavabdan razı qalıb, çünki onun çox diqqətlə dinlədiyini müşahidə etmişdim. -Sən artıq orta məktəb şagirdi deyilsən! – Bu, təkcə Turanəyə deyil, bütün qrupa ünvanlanmışdı, hamımız diqqət kəsilmişdik, görəsən, sonra nə deyəcək. – Mən xeyli vaxtdır sənin dərsə hazırlığını dinləyir, özlüyümdə müqayisə edirəm. Dərslərinə mükəmməl hazırlaşırsan, buna iradım yoxdur. Dərslikdəki məlumatlardan əlavə kitabxanadan da nəsə əlavələr axtarıb tapırsan. Bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq sən hələ də özünü orta məktəbdəki kimi hiss edirsən. Elə bilirsən ki, lövhəyə çıxanda yalnız sualları cavablandırmaq, dərsi danışmaq lazımdır… Hamımızı təəccüb bürümüşdü. Görəsən, Mir Cəlal müəllim bununla nə demək istəyir? Əslində bəs necə olmalıdı? -Ali məktəbdə siz özünüzü ifadə etməyə alışmalısınız. Cavab verdiyiniz yalnız sizi dinləyən müəllim və qrup yoldaşlarınız deyil, həm də müxtəlif təbəqədən olan çoxsaylı insanlardı. Siz onların qarşısında danışdığınızı, çıxış etdiyinizi düşünməlisiniz. Turanənin də, elə bizim də üstümüzdən, sanki ağır bir yük götürüldü. Səhərdən nəfəsimizi içimizə çəkib gözləyirdik, indi rahat nəfəs aldıq. -Qardaşın varmı? – Növbəti sual lap gözlənilməz oldu, bəlkə də onu tanımayanlar üçün yersiz görünərdi, amma dəqiq bilirdik ki, o, heç vaxt boşuna sual verməz. -Bəli! – Turanə yenə də astadan dilləndi, hiss olunurdu ki, o da sualın məğzini anlamayıb. -Adı ya Azərdir, ya Turan! – Mir Cəlal müəllim isə Turanədən fərqli olaraq heç kimin gözləmədiyi halda tam əminliklə bildirdi. -Elədir! – Turanənin həyacanı səsinin titrəyişindən bəlliydi. – Böyük qardaşımın adı Azərdir, məndən balacanın isə Turan. Turanənin cavabı hamını heyrətləndirdi. Sinifdə sanki teatr göstərilirdi və hamı diqqətlə səhnəni izləyir, indicə möcüzə baş verəcəyini gözləyirdi. -Başqa cür ola da bilməzdi. – Mir Cəlal müəllim sözünə davam etdi. – Tək-tək də olsa belə ailələr var. Onlar Vətən fədailəridir. Bu dəm mənə ad qoyan valideynlərim gözümdə dağ boyda ucaldı. Deməli, mənim də valideynlərim vətən fədailərindəndir. Bunu eşitmək necə də xoş idi, özü də Mir Cəlal müəllimin dilindən… Birdən yadıma düşdü ki, Turanədən sonra seminarın bir sualını mən cavablandırmalıyam. Hazırlıqlı olsam da heç qabağa çıxmaq istəmirdim. Mir Cəlal müəllimin ciddi baxışlarından hiss edirdim ki, indicə məni çağıracaq və mən məcburən Turanə ilə yanaşı duracağam. Elə əyri, yöndəmsiz köhnə ayaqqabıma yaraşırdı Turanə ilə yanaşı durmaq… Pis vəziyyətə düşəcəyimdən qorxurdum. -Keç, əyləş! Mir Cəlal müəllimin əlini Turanənin çiynindən çəkməsi ilə zəngin vurulması üst-üstə düşdü. Sevincdən gözlərim yaşardı. Turanə sevinc dolu baxışlarla düz gözümün içinə baxa-baxa gəlib çantasını yığdı və “hələlik” dedi. Nə fikirləşdisə: -Biz bir azdan biz kitabxanaya gedəcəyik. Sən də getmək istərdinmi? – deyə əlavə etdi, bu, artıq çağırış, dəvət idi, cavab verməliydim. -Üzrlü hesab edin. Bu gün çox vacib işim var. – Üzünə baxmadan pıçıldadım. – Başqa vaxt gedərəm, siz gedin. Turanə daha heç bir söz deməyib getdi. Guya nəsə yazdığımı bəhanə edib gözləyirdim ki, hamı çıxıb getsin. Birdən Mir Cəlal müəllimin yanımda əyləşdiyini gördüm. O, heç vaxt tələbələrdən əvvəl sinifi tərk etməzdi. Həmişə zəng vurulandan sonra iş dəftərində nə isə qeydlər aparar, tələbələr çıxandan sonra portfelini götürüb gedərdi. Elə mən də hamıdan sonraya qalmaq fəndini ondan öyrənmişdim. -Sən heç kitabxanaya getmirsən, Azər? – Qəfil sual məni fikirdən ayırdı, elə bildim ki, Turanə deyəndə o da eşidib. -Hərdən gedirəm. – Tələsik cavab verdim. -Ora tək getmək lazım deyil. Qrup qızlarından da aparmaq lazımdır ki, onlar da kitabxanadan istifadə edə bilsinlər. Yaxşı, siz oğlanlar aparmırsınız, qızlar da tək getməyə çəkinirlər. Belə olmaz axı… Mir Cəlal müəllimin söhbəti xoşuma gəldi. -Azər, sən niyə timsah dərili ayaqqabı alıb geyinmirsən? Xoşun gəlmir? Bax, qrupda səndən başqa oğlanların hamısı alıb geyinib. Sıxıldığımdan bilmədim nə deyim. Ayağımı ayağıma sıxdım ki, Mir Cəlal müəllim ayaqqabımın cırıldığını görməsin. Ancaq o, deyəsən, bunu görmüşdü. Elə buna görə də qabağa, dərs danışmağa çıxartmamışdı. Təəccüb içindəydim, o, bunu necə görə bilərdi? -Yəqin, kənddən hələ pul göndərməyiblər. Təqaüdünü də kitab-dəftərə xərcləmisən? -Bəli. -Eybi yoxdur. Birinci kursda belə sıxıntılar olur, sonra yoluna düşəcək. Mir Cəlal müəllim əlini sol cibimə saldı. -Oğlum, Azər, hamınız mənə doğmasınız. Sıxılma, burdan çıxan kimi get, özünə timsah dərili ayaqqabı al. dərsdə heç kimdən geridə qalmadığın kimi geyimdə də qalma. O, bunu elə etdi ki, karıxıb qaldım, “sağ ol” da deyə bilmədim. Uçmağa qanadım yox idi. Ertəsi gün adətim üzrə sinifə hamıdan tez gəlsəm də keçib yerimdə oturmamışdım, ortada var-gəl edir, gələnlərlə hal-əhval tuturdum. Mənə elə gəlirdi ki, otağı işıqlandıran çilçıraqdakı lampa deyil, timsah dərili ayaqqabımın parıltısıdır. Birdən Turanə qapıda göründü, az qaldım ki, qabağına yüyürüm. Salamlaşan kimi astadan soruşdum: -Dünən kitabxanaya getdiniz? -Yox, Azər. – dedi. – Qızlar getdi, mən gedə bilmədim, bu gün getmək istəyirəm. -İstəsən, birlikdə gedərdik. -Hə… Sevincdən Turanənin gözləri parladı. Hər ikimiz keçib yerimizdə əyləşdik.
(Azər Qismətin “İlbizlər” romanı üzərinə notlar) Yazıçının söz dağarcığı boşdursa, dili yalın, yavan olacaq. Hər yazıçı öz daxilindəki intonasiyanı tapıb sözlərlə sanki bir nəğmə bəstələyir. Bu da fərdi üslubun yaranmasına gətirib çıxarır. Biz imitasiyadan, qrafomanlıqdan danışmırıq, söz konusu bu deyil. Ciddi ədəbi mətnlərdən söhbət gedir.
Bu günlərdə yazıçı Azər Qismətin “İlbizlər” romanını oxudum, dilin ağırlığına rəğmən müəllifin söz dağarcığının bu qədər zəngin olması məni heyrətləndirdi və məmnun etdi. Mütaliə prosesində hiss olunmadan atmosferə düşürsən və şüur axını səni qabağına qatıb hadisələrin dərinliklərinə aparıb çıxarır. Çex yazıçısı Milan Kundera yazır ki, “roman fərdlərin xəyali cənnətidir”. Azər Qismət isə bizə xəyali cəhənnəmi təqdim edir. Romanda sovetlərin çökdüyü xaotik dövrün bütün ziddiyyətləri, faciələri, sosial bəlaları təfərrüatlarına qədər tünd boyalarla təsvir edilir. Təxəyyüllə gerçəklik bir-birinin içində əriyib itir. Təsvir edilən zamanın ruhu romanın hər cümləsinə hopub. Azərbaycan nəsrində bu romanı hansısa əsərlə müqayisə etmək çətindir. Çünki bu mövzuda indiyədək hansısa bir əsər yazılmayıb. Azər Qismət populyar kültürün insanı deyil, bu səbəbdən bir az “görünməyən” yazıçılardandır. O, Azərbaycan nəsrində unudulmaqda olan novella janrının ustasıdır. “Duman”, “Xanım taksi” kitablarında toplanmış novellaları bunu deməyə əsas verir. Bundan əvvəl yazdığı “Çuğullar” romanı da ədəbi tənqidin “möhtəşəm sükutu” ilə qarşılandı. Amma yazanlar yazdı: Ceylan Mumoğlu, Aygün Cəfərova. “Çuğullar” sambal və siqlətinə görə məqsədyönlü şəkildə tərif selinə qərq edilən romanların əksəriyyətindən qat-qat üstün keyfiyyətlərə malikdir.
Xarakterlərin mənsub olduğu çevrə
Bəri başdan deyim ki, “İlbizlər” kütləvi oxucu üçün deyil. Roman mütaliə prosesində oxucudan səbr və hövsələ tələb edir. Əlbəttə, səbr edən muradına yetir. Yazıçının ekfrasis təhkiyəsi metafora prinsipi əsasında müxəlif səciyyəli hadisələri və faktları bədii sintezə cəlb edir və bu simbioz sonda bütöv, bitkin bir təsəvvür yaradır. Məhz metaforik düşüncə, mübaliğədən gen-bol istifadə, təxəyyülə geniş meydan verilməsi romanı naturalizmdən ayıran incə bir xətdir.
Hadisələr SSRİ dağıldıqdan sonra Azərbaycanın şimal mərkəzində yerləşən dağ kəndində baş verir. Əhvalatların unikallığı ondadır ki, qarınayaqlılar sinfinə aid olan ilbizlər obrazların qarın uğrunda gedən amansız savaşının yeganə gəlir mənbəyidir. İqtisadiyyat çöküb, kişilər işsizlik girdabında ömür çürüdür, çarəsizliklərini əyyaşlıqla ovudurlar. İndi işbazların əyyamıdır, onlar xaotik zaman tunelində daha da varlanmaq ehtirası ilə alışıb-yanırlar. Hansısa oliqarx gənclik iksirini axtarır ki, qocalığa qalib gəlib əbədi cavan qalsın. Məlum olur ki, ilbizlərdən götürülən genlər insan orqanizminə yeridildikdə o, ən azı, 300 il yaşaya bilər. İlbiz seliyi qocalmanı ləngidirmiş. “Fal göstərir ki, ilbizin seliyi səni uzunömürlü edəcək”. Fal əsasında gəlinən qənaətlər korazehin və debil milyonçunu səxavət kisəsinin ağzını açmağa sövq edir. O, haram yollarla qazandığı milyonlarından bir qəpik də kasıb-kusuba ianə etməz. Bu tipli adamlar kasıb təbəqəyə qarşı xüsusi qəddarlıqlarıyla seçilirlər. Beləcə, dağ kəndindəki meşədə ilbizlərin soyqırımı başlayır. Sosiumun amansız qayda-qanunları içində insani dəyərlər sıradan çıxır. Qadınlar canavar təhlükəsi altında sübhün iliyə işləyən soyuğunda vahiməli meşəyə yollanırdılar ki, çoxlu ilbiz yığıb əvəzində çörək pulu alsınlar. Bir qarın çörək uğrunda gedən mübarizə onlara qadınlıqlarını da unutdurmuşdu. Yaşamaq instinkləri onları bu əzaba qatlaşmağa məcbur edirdi.
Kəndin icarəyə götürülmüş yerində tikilmiş stansiyada xidmət edən zabitin arvadıyla eşq macərası yaşayan Həşimin xəbəri yox idi ki, arvadı hər səhər meşəyə ilbiz yığmağa gedir ki, evdəkilər ac qalmasın. Hər gün evdən çayxana adıyla çıxıb Klavdiyanın ağuşuna atılan alfonsun dünya-aləm vecinə deyildi. Pəricahan və onun kimi əzabkeş qadınlar isə ailələrin yükünü zərif çiyinlərində daşımaq zorunda qalmışdılar.
Meşə yunan mifologiyasındakı yeraltı dünya kimi əzablar məkanıdır, milyonçu Aid zavallı qadınları ora sürgün edib. Qorxu, vahimə bu qadınların bütün hüceyrələrinə yayılıb. Hələ ki, kəndi və qadınları inam ağaclarına edilən dualar qoruyur. Çarəsizliyin sınırında aclıq adlı düşmənə təslim olmayan Pəricahan bu yolda ilk cığıraçanlardandır və qadınlığına rəğmən cəsarət simvoludur. Fikirdən, qüssədən yığılıb dərd yumağına dönən kişilər bu cəsarətin hesabına ayaqda qala bilmişdilər. İlbiz yığan qadınların sayı çoxalırdı. Onların həyatları güzgü kimi çiliklənib xəzəllərin üstünə səpələnirdi. Onların iş rejimini şaxtada kömürçıxaranların ağır əməyi ilə müqayisə etmək olar.
Azər Qismətin hansı yazıçılardan bəhrələndiyini deyə bilmərəm. Sarkazm, ironiya, intellektualizm, bədii təsvirlərə bürünmüş informasiya bolluğu bir növ, Herman Melvilin “Mobi Dik” əsərini xatırladır. Azər dilin açılmayan qatlarına nüfuz edir, dildən, işarələr sistemindən sənətkarcasına faydalanır, sözlərə yeni məna çalarları qazandırır. Bu da ayrıca bir araşdırma mövzusudur.
İnsanın davranışlarının mahiyyətinə varmaq üçün ilk növbədə ətraf mühiti öyrənmək lazımdır. Ruhi-mənəvi keyfiyyətlərin formalaşmasında mühit önəmli rol oynayır. Qeyri-sağlam mühit infantil insan yetişdirir. Obrazların təsnifatına gəldikdə isə Pəricahanın əri Həşim yerüstü dünyada öz məşuqəsi ilə kef çəkir. O, xaraktercə zəif, Pəricahan isə iradəlidir. Hər ikisi ağrılı keçid dövrünün qurbanlarıdırlar. Meşəbəyi mənfəətcil, kəmfürsət adamdır. Klavdiya əxlaq yoxsuludur.
“Taleyi puç olan adamlar bunun səbəbini yerdə yox, göydə axtarırdılar”. Bu komformist düşüncə onlara sağlam mühakimə yürütməyə imkan vermir. Müstəmləkə illərinin irsi qalığı olan gözüqıpıqlıq onların etiraz hissini çoxdan netrallaşdırıb.
Pəricahan və ər sarıdan yarımayan kənd arvadları yaşam savaşının amazonkalarıdır. Uçurumlara qohum olmaq duyğusu onları mətinləşdirib. Kor bəxtin şıltaqlığı və daxili böhranlar onları əysə də sındıra bilmir. Bəs ilbizlərin xilaskar missiyası nə vaxta qədər davam edəcək? “Meşə kinoteatrı”nda faciə janrında nümayiş etdirilən filmin sonu nəylə bitəcək?
Azər Qismətin mürəkkəb sintaksisi oxucunun nəfəsini kəsir, amma təfərrüatlarla yüklənmiş cümlələr situasiyanı analiz edir, onu mikroskop altında təqdim edir. Bu, yeni narrativ üslubdur, ikimərtəbə, üçmərtəbə cümlələr dilin leksik bazasını fasiləsiz olaraq təzələyir. Əbəs yerə deyilmir ki, yazıçı dilin yaradıcısıdır. Romandakı fellərdən, sifətlərdən Azərbaycan dilinin yeni izahlı lüğətini hazırlamaq olar.
Uzun-uzadı təsvirlər çökmüş imperiyanın qalıqları altında qalmış respublikaların ümumiləşdirilmiş obrazının yaradılmasına xidmət edir. Müstəqilliyin uzun və əzablı yollarında şikəst edilmiş talelər, qırılmış ömürlər, partladılmış körpülər, müharibə içində müharibə apokalipsis təəssüratı yaradır. Hərə bir tərəfdən ölkəni talayır, möhtəkirlər milli sərvətləri dünya bazarına çıxarır, un milyonçuları süni qıtlıq yaradır, kənddə quraşdırılmış stansiya radiaktiv şüalarıyla genefondumuzu məhv etməkdədir, at izi it izinə qarışıb. Bu xaotik durumu təsvir etmək gerçəkdən çətindir. Azər Qismətin gözündən heç nə yayınmır, bütün ictimai-sosial bəlalar ilbiz yığımı fonunda təsvir edilir.
Yazıçı proza məkanında tamamən fərqli bir düşüncə metodologiyası tətbiq edir, təhkiyə boyu öz konsepsiyasına sadiq qalır. Şüur axını formasında yazılmış dialoqsuz roman əslində daxili dialoqlarla zəngindir. Bu daxili dialoqlar obrazların gündəlik yaşamını, mənəvi dünyasını kifayət qədər dolğun şəkildə əks etdirir. Bəs romanda niyə dialoq yoxdur? Dünya nəsrində dialoqsuz romanlar çoxdur. Amma “İlbizlər”də dialoqların olmaması başqa bir səbəblə bağlıdır. Məsələ burasındadır ki, yazıçı 462 səhifəlik romanı köhnə mobil telefon vasitəsilə yazıb. Tire, defis kimi durğu işarələrini mobil telefonda tətbiq etmək mümkün olmadığından müəllif süjet xəttindən kənara çıxmamaq şərtilə düşüncələrinə sərbəstlik verib. Yəqin ki, Azər Qismət mobil telefonla roman yazan ilk yazıçımızdır. O, “Çuğullar”ı da metroda telefonla yazıb.
Zaman – sovet imperiyasının dağıldığı dövr
Məkan – dağ kəndi, meşə
Çağdaş romanının ana xarakteri zamandır, süjet xətti zaman tunelindən keçir. Yazıçı zamanda və məkanda möcüzə yaradan sehrbazdır. Zamaniçi və məkaniçi fiqurların ipi yazıçının əlindədir. Məsələn, Azər Qismət pudrasifət ekoloqla “dəli” İsmayılın yerlərini dəyişə bilərdi. Ekoloq da, İsmayıl da Pəricahanın qızı Firəngizə aşiq olurlar və aşiqlər arasındakı rəqabət ilbiz biznesinə proyeksiya olunur. Bu zaman hadisələrin inkişaf xətti tamamilə başqa istiqamətə yönələcəkdi. Ekoloqların ilbizyığanlarla toqquşması düyün nöqtəsidir, onların meşəyə gəlişindən sonra vəziyyət daha da mürəkkəbləşir. Obrazlar iki cəbhəyə bölünür və bir-birlərinə müqavimət göstərirlər. Prosesin yükü əsasən Pəricahanın üzərindədir. İlbiz yığımının qəhrəmanı odur.
Firəngiz neytral zonada qərarlaşıb, köməkçi obrazdır, o, atasının çayına yuxu dərmanı qatıb onu yatızdırır ki, anasının meşəyə ilbiz yığmağa getməsindən xəbər tutmasın. Pəricahanın arzuları məkanın ötəsində, gələcəyə fokuslanıb. Kefinəqulu Həşimin deyəsən heç arzuları yoxdur, o, cari öhdəliklərini yerinə yetirməklə (Klavdiyanın və özünün cinsi ehtiraslarını söndürməklə) məşğuldur. Onun üçün zaman indidən, məkan isə Klavdiyanın yataq otağından ibarətdir.
Zamanı dərisində, hüceyrələrində hiss edən təkcə milyonçudur, o, haram yolla qazandığı pulların hesabına zamana müqavimət göstərmək, əbədi cavan qalmaq istəyir. Dirilik suyunu axtarmağa çıxan İsgəndər kimi o da bəri başdan məğlubdur.
Müəllif zamanın və məkanın fövqündədir, o, gözə görünmür. Kamerasını elə yerdə quraşdırıb k, nə oxucu, nə də obrazlar onu görə bilmir. İnsanların yaşam uğrunda mücadiləsi, ilbizlərin özünümüdafiə strategiyası paralel xətlə davam etdirilir. İlbizlər insanları aclıqdan çıxarır, eyni zamanda özlərini də xilas edirlər. Onların da öz yaşam qaydaları, arzuları, istəkləri var. Belə deyək, ədəbiyyatımıza ilbiz obrazını məhz Azər Qismət gətirdi. Müəllifin düşüncələrində, təhkiyəsində oxucunu məmnun edən intellektual enerji, heyranlıq hissi doğuran bir dərinlik var. İlbiz diskursu romanın panoraması boyu yayılır və yazıçının təxəyyül gücü zərrə qədər də zəifləmir. Bu tipli geniş diapazon hər yazıçıda olmur. Azər Qismətin güclü tərəflərindən biri də budur. Onun təhkiyəsində vərdiş olunan reallıqlar başqa anlamlar qazanır. Müəllif yaxşı mənada “bir budaqda oturub min budağı” silkələyir.
Bir məqamı da qeyd edim. Romanı oxuduğum vaxt yolda ayağımın altında nəsə xırçıldadı və mən bərk həyəcanlandım. Bir anlıq mənə elə gəldi ki, ilbizi tapdalamışam. Təsvir edilən hadisələr artıq mənm daxili dünyama nüfuz etmişdi. Bundan belə harda ilbiz görsəm, Azərin obrazlarını xatırlayacam.
Canavar təhlükəsi Demokl qılıncı kimi ilbizyığanların başı üzərindən asılıb. Məkan savaş meydanıdır. Canavarlar da, insanlar da, ilbizlər də yaşamaq istəyir. Bu mübarizə romanda olduğu kimi həyatda da bütün canlıların hərəkətverici qüvvəsidir. Romanın girişindəki “çərçivə xəbər”də canavarın Pəricahanı parçalaması ehtimalı duman kimi kəndin üzərinə çökür. 462 səhifə qət etmiş səbrli oxucunu əsərin sonunda daha bir “çərçivə xəbər” gözləyir. Məkan zamanın 20 illik uzaqlığından daha aydın görünür…
“İlbizlər” müstəqillik dövrü ədəbiyyatımızın ən qiymətli əsərləri sırasında durmağa layiqdir. Çox güman ki, ədəbi tənqid romana layiq olduğu qiyməti verəcək.
Qeyd: “İlbizlər” “BİZklub” tərəfindən nəşr edilib.
AVTOPORTRET (təcnis) Elə söz yazaq ki, Qələm sevinsin, Oxuyan desin ki, ayə bu nədir! Örkəni salmayaq sözün başına, Doğanaq dillənər, ayə bu nədir? *** Ehtiyac qalmasın çəkə, çevirə, Sözün ünvanını çək, ə, çevir, ə! Fəhmin başqa yerə çəkə-çevirə, Söz üzə qayıdar, ayə bu nədir? *** Hər sözün başına açma oyunu, Hər sapma oyunu, saçma oyunu. Hər yetən çubuqla açma o yunu, Bitraqdır, güzəmdir, ayə bu nədir? *** Düşüb bolluğuna qələm, kağızın, Əgər bacarırsan gəl əm, kağızın! Gəlsən öhdəsindən qələm-kağızın, Bir kimsə deyərmi, ayə bu nədir? *** Gəl, sözün boynuna salmayaq ipi, Sürüşkən eləyər, salma, yağ ipi. Sözün ilgəyinə sal mayaq* ipi, Sərraflar deməsin, ayə bu nədir? *** Sısqa ilhamlılar qalar geridə, Sənə bir ünvandır, bax bu geri də! Çoxalıb dəstədən qalan geridə, Əbülfəz, ta demə, ayə bu nədir?! * mayaq( mayak), istiqamət bildirən işıq, divarın hamarlığı üçün qoyulan işarə.
ADİL CƏFAKEŞƏ Göndər bu məktubu ustad Adilə, Sənətə gəlibdir ustad, ad ilə. Tanrının verdiyi yaşam payından, Sağlıqlı bir ömür ustada dilə!
RÜBAİLƏR Narından, heyvandan, ay alma yanaq, Qonağa bəxşişin varmı, dayanaq? Nazını çıxarma dağın başına Ətrini, dadını bəlkə sınayaq? *** Nə qədər çəksən də məni sınağa, Olmaz bir əlyeri vallah, qınağa. Danışma əlimin uzunluğundan, Arabir çəkəndə sığal yanağa. *** Məni bərkə salma, dönən deyiləm, Alışan bir adam, sönən deyiləm. Sən də arxayın ol sabahkı gündən, Mən bir qələndərəm, ötən deyiləm. *** Qınama ləngidim mən gülüstanda, Gördüm gözəlliyin hər büsatın da. Gəl məni danlama, gülü çox aldım, Xoşuma gəlirdi, gülü satan da! *** Aza da qaneyəm, çoxa da, gözəl, Vara da qaneyəm, yoxa da, gözəl. Qarğış eləmirəm, Allah işidir, Axırda bir zayın çıxa da, gözəl!
DƏRGAH ƏSİNTİLƏRİ Yerli-yersiz işlətməyin “mən-məni”, İnsana lənəti gətirər yəni, Yerində söylənsə bir bax, gör nədir, Mənsurun “mən”iylə, Fironun “mən”i. *** Dünyada yığdığın hər şeyin hədər, Ən yaxın olanın məzara qədər Yalnız əməllərin buraxmaz səni, Səninlə darısqal məzara gedər. *** Dünyanın malına salıb tamahı, Belə unuduruq qadir Allahı. Bir cibsiz kəfəndən savayı, söylə, Nədir sənə qalan dünya mətahı?! *** Hər şey o ucanın əmirlərində, Tikan gülə dönər dilədiyində. Bizə yaraşmayır əndişə etmək, Dərdin özü belə dərman yerində. *** Yay ilə oxdakı nədir bu hallar, Məntiqin yanlışı burda tapılar. Doğrunü, düzgünü ox tək atanda, Əyrini yay kimi əldə tutarlar. *** Əbülfəz adında aciz kimsənəm, Haramı, yalanı bilməz kimsənəm. Sən ki, himayədə saxladın məni, Görməz gözlərimdə görməz kimsə nəm! *** Başımın üstü də uyğundur sənə, Daima açıqdır müsaidənə. Ayağım altı da sənə yaraşar, Sən özün qərar ver bəyəndiyinə. *** Min il oxusaq da bir gün sual var, “Nələri bilirsən”? deyə sorular. Sadəcə “həddimi bilirəm” desən, Bütün suallara bu cavab olar.
GÜLŞƏNƏ Gözündə yaş gördüm, qoynunda uşaq, Ağlama, gözünün yaşına qurban. Sənin ayağının tozu olacaq, Sizləri sevməyən gör neçə nadan! *** Sevinc yaşlarıdır gözündən axan, Gözlərin sevincdən ağlasın, qızım. Sizi pənahında vardır saxlayan, Kədər yollarını bağlasın, qızım. *** Bir oğlun, bir qızın, bir sevən ərin, Çəkəcək nazını yüz eləsən də. Ay qızım, onların sən də bil qədrin, Qayğı, nəvazişi yüz elə sən də! *** Bütün arzularım cəm olub burda, Oğlumu mən sənə verdim əmanət Hələ xoş sədanız gələcək yurda, Olun bir-birinə qızım, muğayət! *** Gerisi asandır sevgi var isə, Hər şeyi yerinə mümkündür qoymaq . O uca yaradan bizə yar isə, Nəvədən, gəlindən olarmı doymaq! *** …Gözündə yaş gördüm, qoynunda uşaq, Ağlama, gözünün yaşına qurban. Evimdə gəlinlər qızım olacaq Onlar da muğayət olar oğuldan!
TABUTLARIN “SÖHBƏT”İ Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları “dinc” qoymurdular. Birinci sağdakı tabut başladı söhbətə. – Bu il bizim işimiz yaman ” agır” oldu. Soldakı tabut fikrə daldıgından onu eşitmədi. – Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan? – Bizdə xəyal var? Biz reallıgıq. – Yadıma bilirsən nə düşdü? – Nə? – O günkü “qonağ” ım. – Hə, onu məndə unuda bilmirəm. Uzaqdan gördüm “qonağ”ını. – Hə,- deyib ah çəkdi tabut. Sən sonrasın görəydin. – Nə oldu ki? – Əslində bizdə nə yenilik var ki? Daşıdığımız cansız bədənlərdi “qonağ” ımız. Üstümüzdə ağlayıb göz yaşı tökərlər, bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar. Bəlkə də, bizə qarğış edərlər ,bəlkə də, əzizlərini incitmədən daşıdığımız üçün təşəkkür edərlər bilmirəm. – O gün nə olmuşdu ,demədin. – Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir ” qonağ” ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım. Anasını bir görsəydin. Məni necə bəzəmişdi… Üstümə atdığı qırmızı xalatları görsəydin. Evin tək oğlu idi deyəsən, atası da yox idi. O zərif çiyinlərə toxundum mən. Bilirsən bu nə deməkdi? Qadın çiynində getdim məzarlığa mən. – Eh , biz nələr görmədik? Tək ayaq daşıdığım , baş daşıdığım vaxtlar olub. – Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki? -Bax yenə neçə tabut gətiriblər bura. Əvvəllər burda bizdən başqası olmazdı. – Hə bu son ildə bizi çox ” yordu” lar. – Elədi, hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar. – Əvvəllər ” qonaq” larımızın əksəriyyəti yaşlılar olardı. – Sənə bir əhvalat danışım. O gün məni tez-tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı. Aparıb tez basdırdılar. Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam. – Eh, sən nə qoyub, nə axtarırsan? Bu dünya durduqca bizlər də olacağıq. İnsanın son yol yoldaşıyıq biz. – Düzdü, bir gün biz də olmayacayıq. Sınıb ,dağılandan sonra görən bizlərin son mənzili hara olacaq. – Həyat budu dostum, sonu olan heç nə yoxdu! Söhbətləri yarımçıq qaldı. Yenə qara maşın gəlmişdi. Bu dəfə ” qonaq” ları çox idi deyəsən. İkisini də ehmalca maşına qoydular. Deyəsən, başqalarını da aparacaqdılar. – Görəsən, nə baş verir? – Bilmirəm, bax, bizdən başqa 12 tabut da var burda. – Ay aman, nə olub belə? – İndi biləcəyik, sakit ol. – Deyəsən, qəzadı. Təyyarə qəzası. Hərbiçilərdi “qonağ” ımız. 14 tabut yan-yanaydı. – Sizlər də burdasınız ? – Hə . – Yaman ağır dərddi. – “Qonaq” larımız, deyəsən, elə-belə adamlar deyil? – Hə.. – Yaxınlarına bax. Saçını yolan qadının oğludu mənim “qonağ” ım. – Mənim “qonağ” ım o balaca uşaqların atasıdı. Bayaq məni qucaqlayıb doyunca ağladılar. – Bizlər onların sonuncu dəfə qucaqladığı anası, atası, bacısı, qardaşı, yoldaşı, əzizləriyik. – Nə yaman dərdlərə ortağıq biz. Tabutlar bayraqlara büründü. Yola salındı. Hər biri öz son mənzilinə . Yenə də çiyinlər dəyişəcək, tabut bu çiyindən o birisinə keçəçək. Yollar gah uzanacaq, gah qısalacaq. Kim bilir , bizlərin çəkdiyini. Həm fiziki yük daşıyırıq, həm mənəvi. – Nə olar, bizə qarğış etməyin. Axı biz sizlərlə həmdərdik!
ŞAXTA BABAYA MƏKTUB (Kiçik qəlblərin böyük sevgisi) Dekabr son günlərini yaşayırdı. Bayırda baharı xatırladan, zəif günəşli hava vardı. Jurnalı götürüb yeyin addımlarla sinif otağına doğru irəlilədi. Sevimli şagirdlərini hər gün görmək üçün belə səbrsizlənirdi. Çox fərqli, maraqlı uşaqlar idi dərs dediyi sinfin uşaqları. Bu ildən uşaqlara tarix fənninin incəliklərini öyrədirdi. Çalışırdı dərs saatı maraqlı keçsin. Uşaqları yormasın. İcazə vermişdi, ona başqa sahələrdən də suallar verə bilərdilər. Hətta kiçik problemlərini belə onunla bölüşməkdə azad idilər. Bir sözlə uşaqlarla dost olmağa çalışmışdı, əməyi hədər getməmişdi . Axşam ağlına yeni fikir gəlmişdi. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə uşaqlarla bir tədbir təşkil etsin. Uşaqların buna çox sevinəcəklərinə əmin idi. Sinifə girib uşaqlarla salamlaşdı. Şagirdlərin üzündə xoş təbəssüm yarandı . -Necəsiniz? Hər tərəfdən səs qalxdı: – Yaxşıyıq! – Siz necəsiniz? – zəif bir səs otağa həzin musiqi kimi yayıldı. Günay idi. Hamı çönüb bu arıq, çəlimsiz qıza baxdı. Müəllimi gülmək tutdu . – Yaxşıyam, qızım. Səsinə nə olub? – Hər şey yaxşıdı, müəllim. Yenə həmişəki kimi maraqlı keçən vaxtdan onları zəngin səsi ayırdı. Uşaqlar yerindən tərpənmək istəmirdi. Uşaqlara yeni illə bağlı planının ucundan-qulağından deyib onları tənəffüsə buraxdı . Bu günə çatmayacaqdı onsuzda, sabah ətraflı məlumat verərəm deyib sinifdən çıxdı. Bu gün başqa dərsi yox idi. Həyətdə bir az gəzişib evə gedəcəkdi. Birdən ağlına bir fikir gəldi . Bu gün 5-ci sinif 4 dərsdən sonra evə gedəcək. Bəlkə, müdriyyətdən icazə alıb 5-ci saatı uşaqlarla keçirtsin ? – Yaxşı fikirdi, gedim görüm neyniyirəm. Sevincək yuxarı qalxdı. Adil müəllim onu görüb təəccübləndi: – Samir müəllim, nəsə olub? Heç nə olmadığını, uşaqlarla 1 saat məşğul olmaq istədiyini dedikdə direktor razılığını bildirdi . Sevinərək yenidən həyətə qayıtdı, zəngin çalınmasını gözlədi . Uşaqlar yenidən onu görəndə sevindilər . Müəllimin yeni illə bağlı planı onları çox sevindirmişdi . – Oturun uşaqlar. Tədbirimiz iki hissəli olacaq. Həm deyib-gülmək, oynamaq, həm də … – Nə ? Nə? Yerdən səslər ucaldı . – Həm də şaxta babaya məktub yazacaqsınız, mən də onları şaxta babaya çatdıracam, o da cavablabdıracaq . – Şaxta baba? O axı buralara gəlmir? – Siz yazdığınız məktuba mütləq cavab verəcək, – deyib bığaltı gülümsündü . – Nə zaman yazaq? – Elə indi. Uşaqlar sevinə-sevinə parta arxasına qısılıb, öz istəklərini xəlvətcə ağ vərəqə yazmağa başladılar . – Tələsməyin uşaqlar, rahat-rahat yazın, səliqəli yazın ki, şaxta baba oxuya bilsin. Özü də bilmədən ağır bir işin altına girmişdi. Birdən uşaqların istəklərini yerinə yetirə bilməsə, necə olacaq? Fikirdən Günayın səsi ayırdı onu. – Müəllim mən yazdım, buyurun! – Sağ ol, qızım, keç əyləş . Uşaqlar bir-bir vərəqləri gətirib ona verirdilər. Ən axıra Zəhra qalmışdı. Bu sakit təbiətli, göygöz qız bütün uşaqlardan seçilirdi. Gözünün dərinliklərində yığılıb qalmış kədər, uşağı yaşından daha böyük göstərirdi. Vərəqləri səliqə ilə bir yerə topalayıb, çantasına qoydu. Sağollaşıb otaqdan çıxdı. Məktublara əsasən tədbirin ikinci hissəsini təşkil edəcəkdi . Bu gün çox yorğun idi . – Bəlkə, məktubları oxumağı sabaha saxlayım?- deyə düşündü. Bu fikirlə də oturduğu yerdəcə yuxuladı. Oğlunun səsi onu şirin yuxudan oyatdı : – Ata, ata, oyan. Gözlərini birtəhər açıb oğluna baxıb, gülümsündü : – Nə olub, ay dəcəl? – Gör harda yatmısan? – Harda? – Stulda adam yatar?- Bayram dodaqlarını incik şəkildə büzdü. – Yox yatmaz. Ağıllı balam indi dururam. Çox sağ ol ayıltdığın üçün. Bayramın başını sığallayıb otağına keçdi. Zərif əllərlə yazılmış məktubları ürəyi əsə-əsə oxumağa başladı . Birinci məktub Muradın idi: – Salam, Şaxta Baba! Necəsiniz? Bilirsiniz biz sizi çox görmək istəyirik. Samir müəllim bizə sizə məktub yazarsaq gedib çatacağını dedi. Mənim arzularım çoxdu, şaxta baba . Amma məni anam öyrədib həmişə nəyisə istəyəndə Allah babadan istəyirəm. Həm də dərslərimi yaxşı oxuyuram ki, Allah baba böyüyəndə arzularıma çatdırsın. Sizdən oyuncaq istəyə bilərəm? Özüm üçün yox , qonşumuzda Əlvan adlı oğlan üçün . Mən də bütün oyuncaqlarımı ona vermişəm. Su maşını istəyir, mənim olmadığı üçün verə bilmədim. Xahiş etsəm onun üçün su maşını alarsınız? Əvvəlcədən təşəkkür edirəm, Şaxta baba! Qonşunun ünvanını qeyd etməyi unutmamışdı Murad. Fəridin məktubunu oxumağa başladı . Şaxta babaya salam yazandan sonra Fərid də özü üçün heç nə istəmədiyini yazmışdı. Atasını körpə ikən itirən dayısı qızı Saraya kukla istəmişdi. Çox maraqlı istəklər vardı bu ağ vərəqlərdə. Müəllim uşaqlardakı qürura heyran qalmışdı . Fateh yazırdı : – Şaxta baba, əsgərlərimiz üçün əlcək gətirə bilərsiniz? Saleh yazırdı : – Əsgərlərimiz üçün isti geyimlər lazımdı, axı indi çox soyuqdu . Gətirə bilsəniz sevinərəm. Oxuduğu məktubların hamısında hər bir şeyin Allah babadan istəmək lazım olduğunu, həmçinin yaxşı oxumaq, valideyinə qulaq asmaq , böyüklərə hörmət etməklə nail olmaq olar deyə yazmışdı uşaqlar. Şaxta babadan istədikləri xırda-para oyuncaqları ya qonşu, ya qohum üçün istəmişdilər. Qızların məktubuna keçməmişdən gözündən eynəyi çıxardıb göz yaşını sildi. Uşaqlardakı böyük ürəyə məəttəl qalmışdı . Qızlar da təxminən eyni məzmunda məktub yazmışdılar. Maddi heç nə istəmirdilər Şaxta babadan. Aygün yazırdı ; – Salam, Şaxta baba, necəsiniz? Məktubum sizə çatsa mənə kömək edərsiniz? Anam xəstədi, atam bizi uşaq vaxtı qoyub gedib. Neçə dəfə yanına gedib evə qayıtmağını xahiş etsəm də geri dönməyib.. Bəlkə, siz onun yanına getsəniz geri dönər, anamla barşar? Ayrı bir istəyim yoxdu. Əvvəlcədən təşəkkür edirəm. Fidan yazırdı: – Salam, Şaxta baba, necəsiniz? Anam bizə deyib ki, heç kimdən heç nə istəməyim. Nə lazım olsa o mənə alır . Həm də Allah baba bizə nə istəsək verir. Amma nə vaxtdı qar istəyirəm, yağmır. Siz olan yerdə qar varsa, gələndə bizə bir az gətirin, çox yox , bir az olsa bəsdi. Samir müəllimi gülmək tutdu. Həyat yoldaşının gətirdiyi pürrəngi çaydan bir qurtum içib oxumağa davam etdi . Nazlının məktubu onu kövrəltdi . Nazlı Şaxta babaya üzünü görmədiyi , rəhmətə getmiş anasını bircə dəfə görmək istədiyini yazmışdı. Sahilə evdə tez-tez dalaşan ata-anasının mehribançılığını istəmişdi . Jalə atasının ona aldığı, böyük qız olduğu üçün oynatmadığı oyuncağı uşaq evinə aparıb vermək istədiyini, bu işdə Şaxta babanın köməyinə ehtiyacı olduğunu yazmışdı . Ata-anasının vaxtı olmadığından onu uşaq evinə aparmadıqlarından Şaxta babaya gileylənmişdi. Səbinə Şaxta babaya küçələrinin təmirsizliyindən, hər gün dərsə gələndə anasının əziyyətlə yuyub qurutduğu paltarlarının çirklənməsindən şikayətlənmişdi. Şaxta babadan xahiş etmişdi ki, bu işlə məşğul olanlarla görüşüb, onlara arzusunu çatdırsın. Məktublardan o da məlum olurdu ki, uşaqlar Şaxta babanın varlığına inanmırlar. Ancaq şaxta baba obrazının kim olduğunu da dəqiq bilmirlər. Uşaqların kasıb ailədə böyüdükləri, ancaq varlı tərbiyə ilə qidalandıqları məlum idi. Uşaq ağılları ilə hər şeyi olduğu kimi dərk edib, olanlara qane olmuşdular. Həmçinin bu balaca insanlara Vətən sevgisi, valideyn sevgisi, müəllimə hörmət, insanlara, heyvanlara mərhəmət hissi çox gözəl aşılanmışdı. Həmçinin uşaqlarda Allaha olan sevgi xüsusi seçilirdi. Ayşən məktubunda sevdiyi pişiyinin ayağının sındığını, Şaxta babanın ona gəlib baş çəkməsini istəmişdi. Aysel Şaxta babaya yazırdı : – Əziz Şaxta baba , əgər gələsi olsanız əvvəlcədən məktub yazın. Anam sizə dadlı yeməklər hazırlasın. Baxın görün Azərbaycanın nə gözəl mətbəxi var! Başqa ölkələrdə bizim yeməklərin gözəlliyindən danışarsınız. Mahirə yazırdı : – Şaxta baba, biz bu il yeni ili Şuşada qeyd edəcəyik, Sizi də dəvət edirəm! Gəlib gözəl Şuşamızı görə bilərsiniz. Müəllimin sinəsi qürurdan qabardı. Zəhra yazırdı : – Salam Şaxta baba, necəsiniz? Mən sizdən bir xahiş edəcəm. Mənim atam Şəhid olub. Mən onun üçün çox darıxıram. Düzdü, onu görmək çox istərdim , amma bilirəm ki, o göylərdədi, yerə enə bilməz ! O Vətənimiz üçün canını fəda edib. Mən onunla fəxr edirəm ! Düzdü, hər gecə ağlayıram. Atamsız çox çətindi. Yox, yox bilirəm siz onu geri qaytara bilmərsiniz. Mən də onun yanına getmək istəmirəm! Axı mən balacayam. Oxuyub təhsil alacam, atam kimi hərbçi olacam. Bax onda atam məni görəcək, sevinəcək ! İndi də görür , amma mən onu görmürəm. Bilirsiniz, Şaxta baba, mən anamı istəyirəm. Yox, o ölməyib sağdı. Amma atamdan sonra bizi qoyub getdi. Hər gün ağlayır, başını divara vururdu. Atamsız qala bilmirdi. Bir gün onu atamın məzarı üstündə tapdılar. Vəziyyəti ağır idi. Ağıl xəstəxanasına yerləşdiriblər. Yanına gedirəm, məni tanımır. – Əfqan ( atam ) nə vaxt qayıdacaq ? – deyir. Deyirəm, ana mənəm, Zəhra, bu da qardaşım Hikmət . – Əfqan gələndə gələrsiniz, – deyir . Mən anamı istəyirəm. Hər gün Allaha dua edirəm, o sağalsın, bizi anasız qoymasın. Şaxta baba, bəlkə, siz onun yanına getsəniz, bizim onun uşaqları olduğumuzu desəniz o inanar. Əvvəlcədən təşəkkür edirəm! Samir müəllim hönkürtü ilə ağladı. Tez özünü ələ alıb, fikrə getdi : – İlahi , bu balaca ürəklərə nələr sığırmış? Sonuncu Fərəhin yazısı idi. Şaxta babanı tarix dərsinə dəvət edirdi. Samir müəllimi əməllicə tərifləmişdi. Gəlib dərslərində oturmağı Azərbaycanın tarixini öyrənib, başqa ölkələrə gedəndə danışmağı tövsiyyə edirdi Fərəh . Uşaqların iç dünyasına az-çox bələd olan müəllim onlarla qürur duydu. Oturub onların istəklərini necə həll etmək yollarını axtarmağa başladı. Bu gündən onlarla dost olacaq, onlara mənəvi, gücü çatdığı qədər maddi dəstək olcaqdı. Balaca ürəklərdəki mətinlik, qürur, sevgi ona qüvvət verdi. Kiçik qəlblərin böyük sevgisi onu uşaqlara daha da doğmalaşdırdı. Kiçik qəlblərin “böyük insanlıq dərsi” onu məmnun etmişdi.
MEŞƏDƏ BİR GÜN Qarlı, şaxtalı bir qış günü idi. Yer üzünə ağ xalısını sərən qış təbiətə gözəllik verirdi. Ağacların yarpaqlarında topalaşan qar cənnət meyvəsinə bənzəyirdi. Damlardan üzüaşağı sallanan sırsıra pəncərələri öz himayəsinə götürmüşdü. Evlərin damından çıxan tüstü qarı nə qədər çirkləndirməyə çalışsa da, yeni yağan quşbaşı qar onu havadaca ağ rəngə çevirirdi. Havadakı təmizlik, qarın üstündəki ayaq izləri insan ruhunu oxşayırdı. Məmməd kişi ov ovlamaq üçün meşəyə yol almışdı. Ayaqlarını qarın üstünə basdıqca, qarın ətrafa yaydığı səs meşəyə yayılır, sakitliyi pozurdu. Tüfəngini çiyninə aşırıb yavaş-yavaş addımlarla irəlləyən Məmməd kişi nədənsə bikef görsənirdi. Neçə illərdi ov ovlamağı yadırğamışdı. Axırıncı dəfə ceyrana dəyən gülləsindən sonra neçə illər özünə gələ bilmirdi. Ceyranın gözlərindəki o iki damla yaşı illərdi unuda bilmirdi. Yuxusuna tez-tez girən o ceyran dil açıb imdad diləyirdi ondan. Hər dəfə yuxuda balalarını xilas etməyi xahiş edirdi. Neçə illərdi eyni yuxunu görən Məmməd kişi bu gün yuxunun iziylə düşmüşdü. Özü də bilmirdi, hara niyə gedir. Yolu əlinə alıb gedirdi. Birdən kolluqdan quş uçdu. Səksənən ovçu bir anlıq dayanıb, sonra yoluna davam etdi. Qarın üstündə ləpirlərilə iz salan ovçu sanki bir xalça toxumuşdu. Dayanıb bir az nəfəs aldı, qışın özünə məxsus gözəlliyinə heyran-heyran baxdı . Qarlı havanı ciyərlərinə çəkdi. Havadakı təmizlik, saflıq nəfəsinə doldu sanki. Bir kötük tapıb üstünün qarını təmizləyib oturdu. Ətrafa nəzər saldı. İlahi, təbiət necə də gözəl idi. Hər tərəf ağappaq, hər tərəf səliqəli, cənnətdi sanki. Şam ağaclarının, kolların üstündəki qar topaları, yerlə axan çayın üzərində donmuş buz, qırılıb yerə düşən budaqların, kəsilmiş kötüklərin üstündəki qar topaları bir rəssamın əl işi idi. Tanrının yer üzündə yaratdığı gözəlliyin bir parçasını seyr edirdi ovçu. Birdən nərilti səsi gəldi. Diksinən ovçu tez ayağa durub, tüfəngini hazır vəziyyətə gətirdi. Ətrafa nəzər salıb, dərindən ah çəkdi. Hər şey birdən-birə baş verdi. Anidən kolluqdan çıxan ayı ona hücum etdi. Gözlənilməz zərbə ovçunu karıxdırdı. Ayı onunla əlbəyaxa döyüşə çıxdı. Tüfəngi əlindən yerə düşən ovçu var qüvvəsiylə ayıya qalib gəlməyə çalışırdı. Ayı onu yerə yıxıb, cırmaqlamağa başladı. Pəncəsinin zərbələri ovçunun üzünü görünməz hala salmışdı. Dərisi cırıq-cırıq olmuş, əllərindən qan süzülürdü. Ayı onu parçalamaq üçün paltarını dartışdırır, ayaqlarından tutub sürüyürdü. Taqəti kəsilən ovçu təslim olmaq istəmirdi. Heysiz bədənilə ayının ağzından birtəhər çıxır, yenidən ayının güclü zərbəsinə tuş gəlirdi. 15 dəqiqə olardıkı ayı ilə əlbəyaxa savaşırdılar. Həyat eşqinin güc gəldiyi ovçu asanlıqla təslim olmaq fikrində deyildi. Ayının çəkdiyi nərələr meşəni yerindən oynadırdı. Ovçunun partarları qanın içindəydi. Ayı onu öldürməmiş əl çəkməyəcəkdi. Ovçu da asanlıqla can təslim edən adam deyildi. Ayının caynaqları boğazına keçmişdi. Son nəfəsi olduğunu düşünən ovçunun ümidi onu tərk etmişdi. Artıq heç nə edə bilməyəcəyini düşündüyü anda Tanrı möcüzəsini göndərdi. Ovçunun qollarına pəhləvan gücü gəldi. Ayının üstündən itələyib, onun üstünə çıxdı. Xirtdəyindən yapışıb var gücüylə bogmaga başladı . Bayaqdan nərildəyən ayının xırıltısı gəlməyə başladı. Ovçunun gücü ona qalib gəlirdi. Ayının öldüyündən tam əmin olan ovçu, qarın üstünə yıxılıb qaldı. Süd kimi ağ qar, qırmızı qana boyandı. Bu dəmdə şıqqıltı gəldi. İki bala ceyran ürkək-ürkək ona baxırdı. Ovçu əvvəl heç nə anlamadı. Birdən yuxusu yadına düşdü. Ondan imdad diləyən ceyran.. İndi o ceyranlardan imdad diləyirdi. Danışmağa halı yox idi. Ceyranlar hürküb qaçmağa başladılar. Güllə səsləri eşidildi. Səs yaxınlaşırdı. Ceyranlar qaçıb getdilər. Qarın üstündə gəzən ayaq səsləri gəldi. Yaxınlaşan iki ovçu onu görüb kömək etdilər. Birtəhər ayağa durğuzub, üz-gözünün qanını sildilər. Məmməd kişi başına gələnləri danışdı. Ayı ilə mübarizəsindən, sağ qalma ümidi olmadığından, birdən-birə qollarına gələn gücün səbəbinə indi ayaq üstündə olmağından ağızdolusu danışdı. Ovçulara öz təşəkkürünü bildirdi. Sən demə ovçular ceyranların dalıyca gəlirlərmiş. Ceyranların yerini təzəcə tapıblarmış . Hər şey alt-üst oldu. Onlar ceyrana çata çatda Məmməd kişinin iniltisinə qulaq verib, tüfəngi aşağı salıblar. Həmən anda ceyranlar qaçıb canlarını qurtara biliblər. Məmməd kişi yuxusunın məğzini indi anladı. Demək onun ayı ilə mübarizəsi, iki ceyranı ovçu gülləsindən xilas edibmiş. Özünün günahını bu gün ayının hücumu ilə yumuş olub. Ayı ona hücum etməsə idi, ovçular onu görüb, ceyranları rahat buraxmayacaqdı. Məmməd kişi vicdan əzabından qurtulmuşdu.
YER ÜZÜNÜN CƏNNƏTİ Fərəh taleyi kimi qaranlığa qərq olmuş həyətə girdi. Gözlərinin yaşını silib, əlləri əsə-əsə qapını açdı. İçəri keçib bir-bir otaqların işıqlarını yandırdı. İllərin köhnəliyini, daşın-divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh. Yarıac-yarıtox, əziyyətli, amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi, görəsən? Nə qədər haraylasa da geri dönmədi? Fərəhgil ailədə beş nəfər idilər. Ata-anası, bir bacısı, bir qardaşı vardı Fərəhin. Var idi, amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale. Bir gün məktəbdən sevinərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi . Kəndlərində məktəb olmadığından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcığazın o zaman yeddi yaşı vardı. Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı. Mehriban, sakit, kasıb ailədən idi Fərəh. Ailədə olan o sevgi, o mehribançılıq ailənin xoşbəxliyi idi. Təzə-təzə xəbər yayılmışdı ki, mənfur qonşular müharibəyə başlayıblar. Hər kəs ehtiyyatlı olmağa çalışırdı. Səhər-səhər anası onun məktəbə getməyini istəməsə də, Fərəh bu gün getməsi üçün icazə istəmişdi. – Qızım, bu gün dərsə getmə. Vəziyyət heç ürəkaçan deyil. – Olar ana, bu gün gedim? Sabah getməyəcəm söz verirəm. Anası balaca qızcığazın elmə olan sevgisi qarşısında ərimişdi. Qızının gələcəyinin parlaq olacağını hiss edirdi. Ona görədə heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı. Bu onun ailəsi ilə son görüşü idi. Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz. Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda, bir Allah bilir. O da onlarla “ölmüş”dü. Gah atasının, gah anasının, gah körpələrin yanına qaçan zavallı öz balaca ağlıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadığını görən Fərəh qorxmağa başlamışdı artıq. Qaçıb qonşuları Talıb babanı çagırdı. Cavab olmadığından Nüsrət əmini, Lalə xalanı harayladı. Yox heç kim yox idi. Yaxınlıqda güllə səsləri eşidilirdi. Qorxuya düşüb evə qaçdı. Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi. Öz aralarında nəsə danışırdılar. Budur biri evə doğru gəlir. Fərəh qaçıb sınıq çarpayının altında gizləndi. Evdə salamat heç nə yox idi. Əvvəlcədən evi ələk – vələk etdikləri bəlli idi. Evə girən yaraqlı türkcə o birinə : – Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi. Çıxıb getdilər. Fərəhin ömrünü çalıb getdilər. Xəyallarını, ümidlərini, taleyini məhv edib getdilər. Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada-islada sınıx-salxaq bir bel tapıb gətirdi. Uşaqların sevərək oynadığı yerdə onlara balaca çala qazdı. Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə, beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu. Yaşından tez böyümüşdü Fərəh. Hər şeylə maraqlanır, uşaq ağlıyla mükəmməl qərarlar verirdi. Çox səbrli, fərqli bir uşaq idi Fərəh . Bəlkə də, Tanrı onu əvvəlcədən verəcəyi bu “ mükafat”a hazırlayırdı. Burada qalmağın təhlükəli olduğunu da yaxşı bilirdi. Onların üstünü torpaqlayıb yerdə əyləşdi. Sanki yuxuda idi. Dayanmadan hıçqıraraq ağladı. Üzü gecəyə gedirdi. Cansız bədənlər yanında qalmaq onu qorxutmağa başlamışdı. Ona görə tez-tələsik onları basdırmalı idi. Birinci atasına yaxınlaşdı. Alnından öpdü. Sonra anasına yaxınlaşıb gözündən öpdü. Buza dönmüş cəsədlər onu üşütməyə başladı. Onlara qəbir qaza bilməyəcəyini bilirdi. Nə edəcəyini də bilmirdi. Çox çarəsiz qalmışdı. Onları burda qoyub getməliydi. Son dəfə ata – anasının qana bulaşmış soyuq bədənlərini qucaqladı. Onlara kömək edə bilmədiyi üçün üzr istədi. Arxaya baxmadan kənd boyu qaçdı. Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bağrına basaraq ağacların arasında oturdu. Qaranlıq düşmüşdü. Kəndi heyvanların səsi götürmüşdü. Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi. Tale üzünə gülmüşdü bu balaca mübariz qızın. Əsgərlərimiz onu tapıb xilas etmişdilər. İllərlə vətən eşqi ilə, ata – ana yanğısı ilə yaşamışdı Fərəh. Fərəhi tanıyanlar bu savadlı, talehsiz qızcığazdan köməklərini əsirgəmirdilər. İllərlə üzərində qaçqın damğasıyla yaşayan Fərəhin bir arzusu vardı. Evlərinə dönmək . Artıq ali təhsilini də almışdı. Jurnalist idi acı tale yaşayan o balaca qızcığaz artıq. Və günlərdən o gün gəldi. 44 günlük, ordumuzun zəfər çaldığı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu. Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi. Hər yer dağınıq, sınıq – sökük. Yerə tullanmış əşyalardan bir-ikisini qaldırdı. Hamısı nəmişlikdən tələf olmuşdu. İllərin izi vardı üzərlərində. 23 il.. Acılı, ağılı, nakam illərin. Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da. Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir-bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sığallayırdı. Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dağılmış kiflənib yumağa dönən ərzaqlar. Fərəh həyətə düşməkdən qorxurdu. Ata – anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?.. Əlinə saralmış, amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür-hönkür ağladı. – Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda. -Qaçqın olmaq bilirsənmi nədi, ay ata? Öz vətənində qaçqın olmaq qədər ağrılı heç nə yoxdu. – Qaçqın adını bizə kim qoydu, ay ana? – Öz vətənimizdə niyə yad olduq, ay ata? – Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq, yardımlarla yaşadıq. Burunumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata-ana, bacı – qarda nisgili ilə yaşaqdıq. Öz Vətənimzdə vətənimizi axatardıq. Doğulduğumuz torpağımızın həsrətini illərlə çəkdik. – Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə? Şəkillərlə danışa-danışa həyətə düşdü. Zərif, zəif əlli, şir ürəkli, 7 yaşlı Fərəhin qazdığı çalaları axtardı.. Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpağı qoxladı, öpdü. Əllərilə yavaş-yavaş torpağı qazmağa başaldı. Bir möcüzə gözlədi. Bir möcüzə.. Axtardı, axtardı uşaqların sümüklərini tapdı. Ürəyi əsə-əsə gətirdiyi torbaya yığıb maşına qoydu. Kənd məzarlığında basdıracaqdı . Geri dönüb yenidən həyətə uzun-uzadı baxdı. Baxdı. – Sağ ol, mənim uşaqlığım, sağ ol mənim varlığım, sən sadiq oldun. Bacı- qardaşımı qorudun … Yer üzününün cənnəti sən idin.. Atamın, anamın, bacı- qardaşımın hüzur tapdığı, mehribançılığı, sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz, Cənnət qoxulu torpağım…