ƏBÜLFƏZ ƏHMƏDİN ŞEİRLƏRİ

ƏBÜLFƏZ ƏHMƏDİN YAZILARI

AVTOPORTRET
(təcnis)
Elə söz yazaq ki, Qələm sevinsin,
Oxuyan desin ki, ayə bu nədir!
Örkəni salmayaq sözün başına,
Doğanaq dillənər, ayə bu nədir?
***
Ehtiyac qalmasın çəkə, çevirə,
Sözün ünvanını çək, ə, çevir, ə!
Fəhmin başqa yerə çəkə-çevirə,
Söz üzə qayıdar, ayə bu nədir?
***
Hər sözün başına açma oyunu,
Hər sapma oyunu, saçma oyunu.
Hər yetən çubuqla açma o yunu,
Bitraqdır, güzəmdir, ayə bu nədir?
***
Düşüb bolluğuna qələm, kağızın,
Əgər bacarırsan gəl əm, kağızın!
Gəlsən öhdəsindən qələm-kağızın,
Bir kimsə deyərmi, ayə bu nədir?
***
Gəl, sözün boynuna salmayaq ipi,
Sürüşkən eləyər, salma, yağ ipi.
Sözün ilgəyinə sal mayaq* ipi,
Sərraflar deməsin, ayə bu nədir?
***
Sısqa ilhamlılar qalar geridə,
Sənə bir ünvandır, bax bu geri də!
Çoxalıb dəstədən qalan geridə,
Əbülfəz, ta demə, ayə bu nədir?!
* mayaq( mayak), istiqamət bildirən işıq, divarın hamarlığı üçün qoyulan işarə.

ADİL CƏFAKEŞƏ
Göndər bu məktubu ustad Adilə,
Sənətə gəlibdir ustad, ad ilə.
Tanrının verdiyi yaşam payından,
Sağlıqlı bir ömür ustada dilə!

RÜBAİLƏR
Narından, heyvandan, ay alma yanaq,
Qonağa bəxşişin varmı, dayanaq?
Nazını çıxarma dağın başına
Ətrini, dadını bəlkə sınayaq?
***
Nə qədər çəksən də məni sınağa,
Olmaz bir əlyeri vallah, qınağa.
Danışma əlimin uzunluğundan,
Arabir çəkəndə sığal yanağa.
***
Məni bərkə salma, dönən deyiləm,
Alışan bir adam, sönən deyiləm.
Sən də arxayın ol sabahkı gündən,
Mən bir qələndərəm, ötən deyiləm.
***
Qınama ləngidim mən gülüstanda,
Gördüm gözəlliyin hər büsatın da.
Gəl məni danlama, gülü çox aldım,
Xoşuma gəlirdi, gülü satan da!
***
Aza da qaneyəm, çoxa da, gözəl,
Vara da qaneyəm, yoxa da, gözəl.
Qarğış eləmirəm, Allah işidir,
Axırda bir zayın çıxa da, gözəl!

DƏRGAH ƏSİNTİLƏRİ
Yerli-yersiz işlətməyin “mən-məni”,
İnsana lənəti gətirər yəni,
Yerində söylənsə bir bax, gör nədir,
Mənsurun “mən”iylə, Fironun “mən”i.
***
Dünyada yığdığın hər şeyin hədər,
Ən yaxın olanın məzara qədər
Yalnız əməllərin buraxmaz səni,
Səninlə darısqal məzara gedər.
***
Dünyanın malına salıb tamahı,
Belə unuduruq qadir Allahı.
Bir cibsiz kəfəndən savayı, söylə,
Nədir sənə qalan dünya mətahı?!
***
Hər şey o ucanın əmirlərində,
Tikan gülə dönər dilədiyində.
Bizə yaraşmayır əndişə etmək,
Dərdin özü belə dərman yerində.
***
Yay ilə oxdakı nədir bu hallar,
Məntiqin yanlışı burda tapılar.
Doğrunü, düzgünü ox tək atanda,
Əyrini yay kimi əldə tutarlar.
***
Əbülfəz adında aciz kimsənəm,
Haramı, yalanı bilməz kimsənəm.
Sən ki, himayədə saxladın məni,
Görməz gözlərimdə görməz kimsə nəm!
***
Başımın üstü də uyğundur sənə,
Daima açıqdır müsaidənə.
Ayağım altı da sənə yaraşar,
Sən özün qərar ver bəyəndiyinə.
***
Min il oxusaq da bir gün sual var,
“Nələri bilirsən”? deyə sorular.
Sadəcə “həddimi bilirəm” desən,
Bütün suallara bu cavab olar.

GÜLŞƏNƏ
Gözündə yaş gördüm, qoynunda uşaq,
Ağlama, gözünün yaşına qurban.
Sənin ayağının tozu olacaq,
Sizləri sevməyən gör neçə nadan!
***
Sevinc yaşlarıdır gözündən axan,
Gözlərin sevincdən ağlasın, qızım.
Sizi pənahında vardır saxlayan,
Kədər yollarını bağlasın, qızım.
***
Bir oğlun, bir qızın, bir sevən ərin,
Çəkəcək nazını yüz eləsən də.
Ay qızım, onların sən də bil qədrin,
Qayğı, nəvazişi yüz elə sən də!
***
Bütün arzularım cəm olub burda,
Oğlumu mən sənə verdim əmanət
Hələ xoş sədanız gələcək yurda,
Olun bir-birinə qızım, muğayət!
***
Gerisi asandır sevgi var isə,
Hər şeyi yerinə mümkündür qoymaq .
O uca yaradan bizə yar isə,
Nəvədən, gəlindən olarmı doymaq!
***
…Gözündə yaş gördüm, qoynunda uşaq,
Ağlama, gözünün yaşına qurban.
Evimdə gəlinlər qızım olacaq
Onlar da muğayət olar oğuldan!

Müəllif: Əbülfəz ƏHMƏD

ƏBÜLFƏZ ƏHMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir