LEYLA YAŞARIN HEKAYƏLƏRİ

LEYLA YAŞARIN YAZILARI

TABUTLARIN “SÖHBƏT”İ
Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları “dinc” qoymurdular.
Birinci sağdakı tabut başladı söhbətə.
– Bu il bizim işimiz yaman ” agır” oldu.
Soldakı tabut fikrə daldıgından onu eşitmədi.
– Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan?
– Bizdə xəyal var? Biz reallıgıq.
– Yadıma bilirsən nə düşdü?
– Nə?
– O günkü “qonağ” ım.
– Hə, onu məndə unuda bilmirəm. Uzaqdan gördüm
“qonağ”ını.
– Hə,- deyib ah çəkdi tabut.
Sən sonrasın görəydin.
– Nə oldu ki?
– Əslində bizdə nə yenilik var ki? Daşıdığımız cansız bədənlərdi
“qonağ” ımız. Üstümüzdə ağlayıb göz yaşı tökərlər, bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar. Bəlkə də, bizə qarğış edərlər ,bəlkə də, əzizlərini incitmədən daşıdığımız üçün təşəkkür edərlər bilmirəm.
– O gün nə olmuşdu ,demədin.
– Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir ” qonağ” ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım. Anasını bir görsəydin. Məni necə bəzəmişdi… Üstümə atdığı qırmızı xalatları görsəydin. Evin tək oğlu idi deyəsən, atası da yox idi. O zərif çiyinlərə toxundum mən. Bilirsən bu nə deməkdi? Qadın çiynində getdim məzarlığa mən.
– Eh , biz nələr görmədik? Tək ayaq daşıdığım , baş daşıdığım vaxtlar olub.
– Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki?
-Bax yenə neçə tabut gətiriblər bura. Əvvəllər burda bizdən başqası olmazdı.
– Hə bu son ildə bizi çox ” yordu” lar.
– Elədi, hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar.
– Əvvəllər ” qonaq” larımızın əksəriyyəti yaşlılar olardı.
– Sənə bir əhvalat danışım. O gün məni tez-tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı. Aparıb tez basdırdılar. Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam.
– Eh, sən nə qoyub, nə axtarırsan? Bu dünya durduqca bizlər də olacağıq. İnsanın son yol yoldaşıyıq biz.
– Düzdü, bir gün biz də olmayacayıq. Sınıb ,dağılandan sonra görən bizlərin son mənzili hara olacaq.
– Həyat budu dostum, sonu olan heç nə yoxdu!
Söhbətləri yarımçıq qaldı. Yenə qara maşın gəlmişdi. Bu dəfə
” qonaq” ları çox idi deyəsən. İkisini də ehmalca maşına qoydular. Deyəsən, başqalarını da aparacaqdılar.
– Görəsən, nə baş verir?
– Bilmirəm, bax, bizdən başqa 12 tabut da var burda.
– Ay aman, nə olub belə?
– İndi biləcəyik, sakit ol.
– Deyəsən, qəzadı. Təyyarə qəzası. Hərbiçilərdi “qonağ” ımız.
14 tabut yan-yanaydı.
– Sizlər də burdasınız ?
– Hə .
– Yaman ağır dərddi.
– “Qonaq” larımız, deyəsən, elə-belə adamlar deyil?
– Hə..
– Yaxınlarına bax. Saçını yolan qadının oğludu mənim “qonağ” ım.
– Mənim “qonağ” ım o balaca uşaqların atasıdı. Bayaq məni qucaqlayıb doyunca ağladılar.
– Bizlər onların sonuncu dəfə qucaqladığı anası, atası, bacısı, qardaşı,
yoldaşı, əzizləriyik.
– Nə yaman dərdlərə ortağıq biz.
Tabutlar bayraqlara büründü. Yola salındı. Hər biri öz son mənzilinə .
Yenə də çiyinlər dəyişəcək, tabut bu çiyindən o birisinə keçəçək. Yollar gah uzanacaq, gah qısalacaq.
Kim bilir , bizlərin çəkdiyini. Həm fiziki yük daşıyırıq, həm mənəvi.
– Nə olar, bizə qarğış etməyin. Axı biz sizlərlə həmdərdik!

ŞAXTA BABAYA MƏKTUB
(Kiçik qəlblərin böyük sevgisi)
Dekabr son günlərini yaşayırdı. Bayırda baharı xatırladan, zəif günəşli hava vardı.
Jurnalı götürüb yeyin addımlarla sinif otağına doğru irəlilədi. Sevimli şagirdlərini hər gün görmək üçün belə səbrsizlənirdi.
Çox fərqli, maraqlı uşaqlar idi dərs dediyi sinfin uşaqları.
Bu ildən uşaqlara tarix fənninin incəliklərini öyrədirdi.
Çalışırdı dərs saatı maraqlı keçsin. Uşaqları yormasın. İcazə vermişdi, ona başqa sahələrdən də suallar verə bilərdilər. Hətta kiçik problemlərini belə onunla bölüşməkdə azad idilər. Bir sözlə uşaqlarla dost olmağa çalışmışdı, əməyi hədər getməmişdi .
Axşam ağlına yeni fikir gəlmişdi. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə uşaqlarla bir tədbir təşkil etsin.
Uşaqların buna çox sevinəcəklərinə əmin idi.
Sinifə girib uşaqlarla salamlaşdı. Şagirdlərin üzündə xoş təbəssüm yarandı .
-Necəsiniz?
Hər tərəfdən səs qalxdı:
– Yaxşıyıq!
– Siz necəsiniz? – zəif bir səs otağa həzin musiqi kimi yayıldı. Günay idi. Hamı çönüb bu arıq, çəlimsiz qıza baxdı. Müəllimi gülmək tutdu .
– Yaxşıyam, qızım. Səsinə nə olub?
– Hər şey yaxşıdı, müəllim.
Yenə həmişəki kimi maraqlı keçən vaxtdan onları zəngin səsi ayırdı. Uşaqlar yerindən tərpənmək istəmirdi.
Uşaqlara yeni illə bağlı planının ucundan-qulağından deyib onları tənəffüsə buraxdı .
Bu günə çatmayacaqdı onsuzda, sabah ətraflı məlumat verərəm deyib sinifdən çıxdı.
Bu gün başqa dərsi yox idi. Həyətdə bir az gəzişib evə gedəcəkdi. Birdən ağlına bir fikir gəldi . Bu gün 5-ci sinif 4 dərsdən sonra evə gedəcək. Bəlkə, müdriyyətdən icazə alıb 5-ci saatı uşaqlarla keçirtsin ?
– Yaxşı fikirdi, gedim görüm neyniyirəm. Sevincək yuxarı qalxdı. Adil müəllim onu görüb təəccübləndi:
– Samir müəllim, nəsə olub?
Heç nə olmadığını, uşaqlarla 1 saat məşğul olmaq istədiyini dedikdə direktor razılığını bildirdi .
Sevinərək yenidən həyətə qayıtdı, zəngin çalınmasını gözlədi .
Uşaqlar yenidən onu görəndə sevindilər . Müəllimin yeni illə bağlı planı onları çox sevindirmişdi .
– Oturun uşaqlar. Tədbirimiz iki hissəli olacaq. Həm deyib-gülmək, oynamaq, həm də …
– Nə ? Nə? Yerdən səslər ucaldı .
– Həm də şaxta babaya məktub yazacaqsınız, mən də onları şaxta babaya çatdıracam, o da cavablabdıracaq .
– Şaxta baba? O axı buralara gəlmir?
– Siz yazdığınız məktuba mütləq cavab verəcək, – deyib bığaltı gülümsündü .
– Nə zaman yazaq?
– Elə indi.
Uşaqlar sevinə-sevinə parta arxasına qısılıb, öz istəklərini xəlvətcə ağ vərəqə yazmağa başladılar .
– Tələsməyin uşaqlar, rahat-rahat yazın, səliqəli yazın ki, şaxta baba oxuya bilsin.
Özü də bilmədən ağır bir işin altına girmişdi. Birdən uşaqların istəklərini yerinə yetirə bilməsə, necə olacaq?
Fikirdən Günayın səsi ayırdı onu.
– Müəllim mən yazdım, buyurun!
– Sağ ol, qızım, keç əyləş .
Uşaqlar bir-bir vərəqləri gətirib ona verirdilər. Ən axıra Zəhra qalmışdı. Bu sakit təbiətli, göygöz qız bütün uşaqlardan seçilirdi. Gözünün dərinliklərində yığılıb qalmış kədər, uşağı yaşından daha böyük göstərirdi.
Vərəqləri səliqə ilə bir yerə topalayıb, çantasına qoydu.
Sağollaşıb otaqdan çıxdı.
Məktublara əsasən tədbirin ikinci hissəsini təşkil edəcəkdi .
Bu gün çox yorğun idi .
– Bəlkə, məktubları oxumağı sabaha saxlayım?- deyə düşündü. Bu fikirlə də oturduğu yerdəcə yuxuladı. Oğlunun səsi onu şirin yuxudan oyatdı :
– Ata, ata, oyan.
Gözlərini birtəhər açıb oğluna baxıb, gülümsündü :
– Nə olub, ay dəcəl?
– Gör harda yatmısan?
– Harda?
– Stulda adam yatar?- Bayram dodaqlarını incik şəkildə büzdü.
– Yox yatmaz. Ağıllı balam indi dururam. Çox sağ ol ayıltdığın üçün.
Bayramın başını sığallayıb otağına keçdi. Zərif əllərlə yazılmış məktubları ürəyi əsə-əsə oxumağa başladı .
Birinci məktub Muradın idi:
– Salam, Şaxta Baba! Necəsiniz? Bilirsiniz biz sizi çox görmək istəyirik. Samir müəllim bizə sizə məktub yazarsaq gedib çatacağını dedi. Mənim arzularım çoxdu, şaxta baba . Amma məni anam öyrədib həmişə nəyisə istəyəndə Allah babadan istəyirəm. Həm də dərslərimi yaxşı oxuyuram ki, Allah baba böyüyəndə arzularıma çatdırsın. Sizdən oyuncaq istəyə bilərəm? Özüm üçün yox , qonşumuzda Əlvan adlı oğlan üçün . Mən də bütün oyuncaqlarımı ona vermişəm. Su maşını istəyir, mənim olmadığı üçün verə bilmədim. Xahiş etsəm onun üçün su maşını alarsınız? Əvvəlcədən təşəkkür edirəm, Şaxta baba!
Qonşunun ünvanını qeyd etməyi unutmamışdı Murad.
Fəridin məktubunu oxumağa başladı .
Şaxta babaya salam yazandan sonra Fərid də özü üçün heç nə istəmədiyini yazmışdı. Atasını körpə ikən itirən dayısı qızı Saraya kukla istəmişdi.
Çox maraqlı istəklər vardı bu ağ vərəqlərdə. Müəllim uşaqlardakı qürura heyran qalmışdı .
Fateh yazırdı :
– Şaxta baba, əsgərlərimiz üçün əlcək gətirə bilərsiniz?
Saleh yazırdı :
– Əsgərlərimiz üçün isti geyimlər lazımdı, axı indi çox soyuqdu . Gətirə bilsəniz sevinərəm.
Oxuduğu məktubların hamısında hər bir şeyin Allah babadan istəmək lazım olduğunu, həmçinin yaxşı oxumaq, valideyinə qulaq asmaq , böyüklərə hörmət etməklə nail olmaq olar deyə yazmışdı uşaqlar. Şaxta babadan istədikləri xırda-para oyuncaqları ya qonşu, ya qohum üçün istəmişdilər.
Qızların məktubuna keçməmişdən gözündən eynəyi çıxardıb göz yaşını sildi. Uşaqlardakı böyük ürəyə məəttəl qalmışdı .
Qızlar da təxminən eyni məzmunda məktub yazmışdılar.
Maddi heç nə istəmirdilər Şaxta babadan.
Aygün yazırdı ;
– Salam, Şaxta baba, necəsiniz? Məktubum sizə çatsa mənə kömək edərsiniz? Anam xəstədi, atam bizi uşaq vaxtı qoyub gedib. Neçə dəfə yanına gedib evə qayıtmağını xahiş etsəm də geri dönməyib.. Bəlkə, siz onun yanına getsəniz geri dönər, anamla barşar? Ayrı bir istəyim yoxdu. Əvvəlcədən təşəkkür edirəm.
Fidan yazırdı:
– Salam, Şaxta baba, necəsiniz? Anam bizə deyib ki, heç kimdən heç nə istəməyim. Nə lazım olsa o mənə alır . Həm də Allah baba bizə nə istəsək verir. Amma nə vaxtdı qar istəyirəm, yağmır. Siz olan yerdə qar varsa, gələndə bizə bir az gətirin, çox yox , bir az olsa bəsdi.
Samir müəllimi gülmək tutdu.
Həyat yoldaşının gətirdiyi pürrəngi çaydan bir qurtum içib oxumağa davam etdi .
Nazlının məktubu onu kövrəltdi .
Nazlı Şaxta babaya üzünü görmədiyi , rəhmətə getmiş anasını bircə dəfə görmək istədiyini yazmışdı.
Sahilə evdə tez-tez dalaşan ata-anasının mehribançılığını istəmişdi .
Jalə atasının ona aldığı, böyük qız olduğu üçün oynatmadığı oyuncağı uşaq evinə aparıb vermək istədiyini, bu işdə Şaxta babanın köməyinə ehtiyacı olduğunu yazmışdı . Ata-anasının vaxtı olmadığından onu uşaq evinə aparmadıqlarından Şaxta babaya gileylənmişdi.
Səbinə Şaxta babaya küçələrinin təmirsizliyindən, hər gün dərsə gələndə anasının əziyyətlə yuyub qurutduğu paltarlarının çirklənməsindən şikayətlənmişdi. Şaxta babadan xahiş etmişdi ki, bu işlə məşğul olanlarla görüşüb, onlara arzusunu çatdırsın.
Məktublardan o da məlum olurdu ki, uşaqlar Şaxta babanın varlığına inanmırlar. Ancaq şaxta baba obrazının kim olduğunu da dəqiq bilmirlər.
Uşaqların kasıb ailədə böyüdükləri, ancaq varlı tərbiyə ilə qidalandıqları məlum idi.
Uşaq ağılları ilə hər şeyi olduğu kimi dərk edib, olanlara qane olmuşdular. Həmçinin bu balaca insanlara Vətən sevgisi, valideyn sevgisi, müəllimə hörmət, insanlara, heyvanlara mərhəmət hissi çox gözəl aşılanmışdı.
Həmçinin uşaqlarda Allaha olan sevgi xüsusi seçilirdi.
Ayşən məktubunda sevdiyi pişiyinin ayağının sındığını, Şaxta babanın ona gəlib baş çəkməsini istəmişdi.
Aysel Şaxta babaya yazırdı :
– Əziz Şaxta baba , əgər gələsi olsanız əvvəlcədən məktub
yazın. Anam sizə dadlı yeməklər hazırlasın. Baxın görün Azərbaycanın nə gözəl mətbəxi var! Başqa ölkələrdə bizim yeməklərin gözəlliyindən danışarsınız.
Mahirə yazırdı :
– Şaxta baba, biz bu il yeni ili Şuşada qeyd edəcəyik, Sizi də dəvət edirəm! Gəlib gözəl Şuşamızı görə bilərsiniz.
Müəllimin sinəsi qürurdan qabardı.
Zəhra yazırdı :
– Salam Şaxta baba, necəsiniz? Mən sizdən bir xahiş edəcəm. Mənim atam Şəhid olub. Mən onun üçün çox darıxıram. Düzdü, onu görmək çox istərdim , amma bilirəm ki, o göylərdədi, yerə enə bilməz ! O Vətənimiz üçün canını fəda edib. Mən onunla fəxr edirəm ! Düzdü, hər gecə ağlayıram. Atamsız çox çətindi. Yox, yox bilirəm siz onu geri qaytara bilmərsiniz. Mən də onun yanına getmək istəmirəm! Axı mən balacayam. Oxuyub təhsil alacam, atam kimi hərbçi olacam. Bax onda atam məni görəcək, sevinəcək ! İndi də görür , amma mən onu görmürəm. Bilirsiniz, Şaxta baba, mən anamı istəyirəm. Yox, o ölməyib sağdı. Amma atamdan sonra bizi qoyub getdi. Hər gün ağlayır, başını divara vururdu. Atamsız qala bilmirdi. Bir gün onu atamın məzarı üstündə tapdılar. Vəziyyəti ağır idi. Ağıl xəstəxanasına yerləşdiriblər. Yanına gedirəm, məni tanımır.
– Əfqan ( atam ) nə vaxt qayıdacaq ? – deyir.
Deyirəm, ana mənəm, Zəhra, bu da qardaşım Hikmət .
– Əfqan gələndə gələrsiniz, – deyir .
Mən anamı istəyirəm. Hər gün Allaha dua edirəm, o sağalsın, bizi anasız qoymasın.
Şaxta baba, bəlkə, siz onun yanına getsəniz, bizim onun uşaqları olduğumuzu desəniz o inanar.
Əvvəlcədən təşəkkür edirəm!
Samir müəllim hönkürtü ilə ağladı. Tez özünü ələ alıb, fikrə getdi :
– İlahi , bu balaca ürəklərə nələr sığırmış?
Sonuncu Fərəhin yazısı idi.
Şaxta babanı tarix dərsinə dəvət edirdi. Samir müəllimi əməllicə tərifləmişdi. Gəlib dərslərində oturmağı Azərbaycanın tarixini öyrənib, başqa ölkələrə gedəndə danışmağı tövsiyyə edirdi Fərəh .
Uşaqların iç dünyasına az-çox bələd olan müəllim onlarla qürur duydu.
Oturub onların istəklərini necə həll etmək yollarını axtarmağa başladı.
Bu gündən onlarla dost olacaq, onlara mənəvi, gücü çatdığı qədər maddi dəstək olcaqdı. Balaca ürəklərdəki mətinlik, qürur, sevgi ona qüvvət verdi. Kiçik qəlblərin böyük sevgisi onu uşaqlara daha da doğmalaşdırdı. Kiçik qəlblərin “böyük insanlıq dərsi” onu məmnun etmişdi.

MEŞƏDƏ BİR GÜN
Qarlı, şaxtalı bir qış günü idi. Yer üzünə ağ xalısını sərən qış təbiətə gözəllik verirdi. Ağacların yarpaqlarında topalaşan qar cənnət meyvəsinə bənzəyirdi. Damlardan üzüaşağı sallanan sırsıra pəncərələri öz himayəsinə götürmüşdü. Evlərin damından çıxan tüstü qarı nə qədər çirkləndirməyə çalışsa da, yeni yağan quşbaşı qar onu havadaca ağ rəngə çevirirdi.
Havadakı təmizlik, qarın üstündəki ayaq izləri insan ruhunu oxşayırdı.
Məmməd kişi ov ovlamaq üçün meşəyə yol almışdı. Ayaqlarını qarın üstünə basdıqca, qarın ətrafa yaydığı səs meşəyə yayılır, sakitliyi pozurdu. Tüfəngini çiyninə aşırıb yavaş-yavaş addımlarla irəlləyən Məmməd kişi nədənsə bikef görsənirdi.
Neçə illərdi ov ovlamağı yadırğamışdı. Axırıncı dəfə ceyrana dəyən gülləsindən sonra neçə illər özünə gələ bilmirdi. Ceyranın gözlərindəki o iki damla yaşı illərdi unuda bilmirdi. Yuxusuna tez-tez girən o ceyran dil açıb imdad diləyirdi ondan. Hər dəfə yuxuda balalarını xilas etməyi xahiş edirdi. Neçə illərdi eyni yuxunu görən Məmməd kişi bu gün yuxunun iziylə düşmüşdü.
Özü də bilmirdi, hara niyə gedir. Yolu əlinə alıb gedirdi.
Birdən kolluqdan quş uçdu. Səksənən ovçu bir anlıq dayanıb, sonra yoluna davam etdi.
Qarın üstündə ləpirlərilə iz salan ovçu sanki bir xalça toxumuşdu.
Dayanıb bir az nəfəs aldı, qışın özünə məxsus gözəlliyinə heyran-heyran baxdı . Qarlı havanı ciyərlərinə çəkdi. Havadakı təmizlik, saflıq nəfəsinə doldu sanki. Bir kötük tapıb üstünün qarını təmizləyib oturdu. Ətrafa nəzər saldı. İlahi, təbiət necə də gözəl idi. Hər tərəf ağappaq, hər tərəf səliqəli, cənnətdi sanki. Şam ağaclarının, kolların üstündəki qar topaları, yerlə axan çayın üzərində donmuş buz, qırılıb yerə düşən budaqların, kəsilmiş kötüklərin üstündəki qar topaları bir rəssamın əl işi idi. Tanrının yer üzündə yaratdığı gözəlliyin bir parçasını seyr edirdi ovçu.
Birdən nərilti səsi gəldi. Diksinən ovçu tez ayağa durub, tüfəngini hazır vəziyyətə gətirdi. Ətrafa nəzər salıb, dərindən ah çəkdi.
Hər şey birdən-birə baş verdi. Anidən kolluqdan çıxan ayı ona hücum etdi. Gözlənilməz zərbə ovçunu karıxdırdı. Ayı onunla əlbəyaxa döyüşə çıxdı.
Tüfəngi əlindən yerə düşən ovçu var qüvvəsiylə ayıya qalib gəlməyə çalışırdı. Ayı onu yerə yıxıb, cırmaqlamağa başladı. Pəncəsinin zərbələri ovçunun üzünü görünməz hala salmışdı. Dərisi cırıq-cırıq olmuş, əllərindən qan süzülürdü. Ayı onu parçalamaq üçün paltarını dartışdırır, ayaqlarından tutub sürüyürdü. Taqəti kəsilən ovçu təslim olmaq istəmirdi. Heysiz bədənilə ayının ağzından birtəhər çıxır, yenidən ayının güclü zərbəsinə tuş gəlirdi. 15 dəqiqə olardıkı ayı ilə əlbəyaxa savaşırdılar. Həyat eşqinin güc gəldiyi ovçu asanlıqla təslim olmaq fikrində deyildi. Ayının çəkdiyi nərələr meşəni yerindən oynadırdı. Ovçunun partarları qanın içindəydi. Ayı onu öldürməmiş əl çəkməyəcəkdi. Ovçu da asanlıqla can təslim edən adam deyildi. Ayının caynaqları boğazına keçmişdi. Son nəfəsi olduğunu düşünən ovçunun ümidi onu tərk etmişdi. Artıq heç nə edə bilməyəcəyini düşündüyü anda Tanrı möcüzəsini göndərdi. Ovçunun qollarına pəhləvan gücü gəldi. Ayının üstündən itələyib, onun üstünə çıxdı. Xirtdəyindən yapışıb var gücüylə bogmaga başladı . Bayaqdan nərildəyən ayının xırıltısı gəlməyə başladı. Ovçunun gücü ona qalib gəlirdi. Ayının öldüyündən tam əmin olan ovçu, qarın üstünə yıxılıb qaldı. Süd kimi ağ qar, qırmızı qana boyandı.
Bu dəmdə şıqqıltı gəldi. İki bala ceyran ürkək-ürkək ona baxırdı. Ovçu əvvəl heç nə anlamadı. Birdən yuxusu yadına düşdü. Ondan imdad diləyən ceyran..
İndi o ceyranlardan imdad diləyirdi. Danışmağa halı yox idi. Ceyranlar hürküb qaçmağa başladılar. Güllə səsləri eşidildi. Səs yaxınlaşırdı. Ceyranlar qaçıb getdilər. Qarın üstündə gəzən ayaq səsləri gəldi. Yaxınlaşan iki ovçu onu görüb kömək etdilər. Birtəhər ayağa durğuzub, üz-gözünün qanını sildilər.
Məmməd kişi başına gələnləri danışdı.
Ayı ilə mübarizəsindən, sağ qalma ümidi olmadığından, birdən-birə qollarına gələn gücün səbəbinə indi ayaq üstündə olmağından ağızdolusu danışdı.
Ovçulara öz təşəkkürünü bildirdi.
Sən demə ovçular ceyranların dalıyca gəlirlərmiş. Ceyranların yerini təzəcə tapıblarmış . Hər şey alt-üst oldu. Onlar ceyrana çata çatda Məmməd kişinin iniltisinə qulaq verib, tüfəngi aşağı salıblar. Həmən anda ceyranlar qaçıb canlarını qurtara biliblər.
Məmməd kişi yuxusunın məğzini indi anladı. Demək onun ayı ilə mübarizəsi, iki ceyranı ovçu gülləsindən xilas edibmiş. Özünün günahını bu gün ayının hücumu ilə yumuş olub. Ayı ona hücum etməsə idi, ovçular onu görüb, ceyranları rahat buraxmayacaqdı.
Məmməd kişi vicdan əzabından qurtulmuşdu.

YER ÜZÜNÜN CƏNNƏTİ
Fərəh taleyi kimi qaranlığa qərq olmuş həyətə girdi. Gözlərinin yaşını silib, əlləri əsə-əsə qapını açdı. İçəri keçib bir-bir otaqların işıqlarını yandırdı. İllərin köhnəliyini, daşın-divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh. Yarıac-yarıtox, əziyyətli, amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi, görəsən? Nə qədər haraylasa da geri dönmədi?
Fərəhgil ailədə beş nəfər idilər. Ata-anası, bir bacısı, bir qardaşı vardı Fərəhin.
Var idi, amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale.
Bir gün məktəbdən sevinərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi .
Kəndlərində məktəb olmadığından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcığazın o zaman yeddi yaşı vardı. Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı.
Mehriban, sakit, kasıb ailədən idi Fərəh. Ailədə olan o sevgi, o mehribançılıq ailənin xoşbəxliyi idi.
Təzə-təzə xəbər yayılmışdı ki, mənfur qonşular müharibəyə başlayıblar. Hər kəs ehtiyyatlı olmağa çalışırdı.
Səhər-səhər anası onun məktəbə getməyini istəməsə də, Fərəh bu gün getməsi üçün icazə istəmişdi.
– Qızım, bu gün dərsə getmə. Vəziyyət heç ürəkaçan deyil.
– Olar ana, bu gün gedim? Sabah getməyəcəm söz verirəm.
Anası balaca qızcığazın elmə olan sevgisi qarşısında ərimişdi. Qızının gələcəyinin parlaq olacağını hiss edirdi. Ona görədə heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı. Bu onun ailəsi ilə son görüşü idi.
Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz. Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda, bir Allah bilir. O da onlarla “ölmüş”dü. Gah atasının, gah anasının, gah körpələrin yanına qaçan zavallı öz balaca ağlıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadığını görən Fərəh qorxmağa başlamışdı artıq. Qaçıb qonşuları Talıb babanı çagırdı. Cavab olmadığından Nüsrət əmini, Lalə xalanı harayladı. Yox heç kim yox idi. Yaxınlıqda güllə səsləri eşidilirdi. Qorxuya düşüb evə qaçdı. Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi. Öz aralarında nəsə danışırdılar. Budur biri evə doğru gəlir. Fərəh qaçıb sınıq çarpayının altında gizləndi. Evdə salamat heç nə yox idi. Əvvəlcədən evi ələk – vələk etdikləri bəlli idi. Evə girən yaraqlı türkcə o birinə :
– Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi.
Çıxıb getdilər. Fərəhin ömrünü çalıb getdilər. Xəyallarını, ümidlərini, taleyini məhv edib getdilər.
Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada-islada sınıx-salxaq bir bel tapıb gətirdi. Uşaqların sevərək oynadığı yerdə onlara balaca çala qazdı. Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə, beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu.
Yaşından tez böyümüşdü Fərəh. Hər şeylə maraqlanır, uşaq ağlıyla mükəmməl qərarlar verirdi. Çox səbrli, fərqli bir uşaq idi Fərəh . Bəlkə də, Tanrı onu əvvəlcədən verəcəyi bu “ mükafat”a hazırlayırdı.
Burada qalmağın təhlükəli olduğunu da yaxşı bilirdi. Onların üstünü torpaqlayıb yerdə əyləşdi. Sanki yuxuda idi. Dayanmadan hıçqıraraq ağladı. Üzü gecəyə gedirdi. Cansız bədənlər yanında qalmaq onu qorxutmağa başlamışdı. Ona görə tez-tələsik onları basdırmalı idi. Birinci atasına yaxınlaşdı. Alnından öpdü. Sonra anasına yaxınlaşıb gözündən öpdü.
Buza dönmüş cəsədlər onu üşütməyə başladı. Onlara qəbir qaza bilməyəcəyini bilirdi. Nə edəcəyini də bilmirdi. Çox çarəsiz qalmışdı. Onları burda qoyub getməliydi. Son dəfə ata – anasının qana bulaşmış soyuq bədənlərini qucaqladı. Onlara kömək edə bilmədiyi üçün üzr istədi. Arxaya baxmadan kənd boyu qaçdı. Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bağrına basaraq ağacların arasında oturdu. Qaranlıq düşmüşdü. Kəndi heyvanların səsi götürmüşdü. Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi.
Tale üzünə gülmüşdü bu balaca mübariz qızın. Əsgərlərimiz onu tapıb xilas etmişdilər.
İllərlə vətən eşqi ilə, ata – ana yanğısı ilə yaşamışdı Fərəh.
Fərəhi tanıyanlar bu savadlı, talehsiz qızcığazdan köməklərini əsirgəmirdilər. İllərlə üzərində qaçqın damğasıyla yaşayan Fərəhin bir arzusu vardı. Evlərinə dönmək .
Artıq ali təhsilini də almışdı. Jurnalist idi acı tale yaşayan o balaca qızcığaz artıq.
Və günlərdən o gün gəldi. 44 günlük, ordumuzun zəfər çaldığı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu.
Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi. Hər yer dağınıq, sınıq – sökük. Yerə tullanmış əşyalardan bir-ikisini qaldırdı. Hamısı nəmişlikdən tələf olmuşdu. İllərin izi vardı üzərlərində. 23 il.. Acılı, ağılı, nakam illərin.
Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da. Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir-bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sığallayırdı. Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dağılmış kiflənib yumağa dönən ərzaqlar.
Fərəh həyətə düşməkdən qorxurdu. Ata – anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?..
Əlinə saralmış, amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür-hönkür ağladı.
– Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda.
-Qaçqın olmaq bilirsənmi nədi, ay ata? Öz vətənində qaçqın olmaq qədər ağrılı heç nə yoxdu.
– Qaçqın adını bizə kim qoydu, ay ana?
– Öz vətənimizdə niyə yad olduq, ay ata?
– Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq, yardımlarla yaşadıq.
Burunumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata-ana, bacı – qarda nisgili ilə yaşaqdıq. Öz Vətənimzdə vətənimizi axatardıq. Doğulduğumuz torpağımızın həsrətini illərlə çəkdik.
– Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə?
Şəkillərlə danışa-danışa həyətə düşdü. Zərif, zəif əlli, şir ürəkli, 7 yaşlı Fərəhin qazdığı çalaları axtardı.. Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpağı qoxladı, öpdü. Əllərilə yavaş-yavaş torpağı qazmağa başaldı. Bir möcüzə gözlədi. Bir möcüzə.. Axtardı, axtardı uşaqların sümüklərini tapdı. Ürəyi əsə-əsə gətirdiyi torbaya yığıb maşına qoydu. Kənd məzarlığında basdıracaqdı .
Geri dönüb yenidən həyətə uzun-uzadı baxdı. Baxdı.
– Sağ ol, mənim uşaqlığım, sağ ol mənim varlığım, sən sadiq oldun. Bacı- qardaşımı qorudun … Yer üzününün cənnəti sən idin.. Atamın, anamın, bacı- qardaşımın hüzur tapdığı, mehribançılığı, sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz, Cənnət qoxulu torpağım…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir