Distant təhsil: təhsilin dinamikliyi – “Ömürlük təhsildən” “ömürboyu təhsilə” keçid prinsipi

ZÜLFİYYƏ VƏLİYEVA

“Son on il müddətində informasiya texnologiyaları bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. Artıq bugünkü gündə gündəlik həyatımızı internetsiz, e-mailsiz və qlobal rabitənin imkanları olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycanda informasiya texnologiyalarının yaradılmasına və eyni zamanda, infor­ma­siya tex­no­­logi­ya­la­­rının infrastrukturunun qurulma­sı­na böyük əhə­miyyət ve­ri­lir. Bizim ölkədə həm elmi po­ten­sial möv­cuddur, həm də texnoloji nailiyyətlər imkan ve­rir ki, Azər­baycan bu yöndə regionda aparıcı ölkə olsun”.
İlham Əliyev 


Gözümüz önündə dünya dəyişir. Dünya təcrübəsində həyata keçirilən müasir təhsil pro­qram­larına müvafiq müasir təhsilin tələblərinə cavab verən və bu tələblərin ödənilməsinə xidmət edən müasir təhsil “öyrədənlərin öyrədilməsi” proqramının re­al­laşdırılması, məsafədən informasiya ötürülməsi – distant təhsil mexanizmi­nin tətbiqi; in­ternetdən istifadənin genişləndirilməsi, informasiya və kommuni­kasiya tex­no­lo­giyalarından müasir tələblərə cavab verən səviyyədə istifadə edil­məsi mə­sə­lə­lərini əsas məqsəd kimi nəzər­də tutur. 
Distant təhsil sintetik, inteqral, humanist təhsil forması olmaqla  bütün tədris növlərinə təbii şəkildə inteqrasiya edir, müxtəlif təhsil strukturlarının inte­qrasiyasının gücləndirilməsində və vətəndaşların mün­təzəm təhsilinin inkişafı prosesində mühüm yer tutur. XXI əsrdə əhalinin ge­niş dairələri üçün ən pespektiv, cəmiyyətin tələbatına ən çevik şəkildə cavab verən və ölkənin hər bir vətəndaşının təhsilə olan konstitusiya hüququnu daim təmin edən təhsil növü olan distant təhsilin həyata keçirilməsi aşağıdakı vacib şərtlərdən asılıdır:
Məlumati: informasiya bankının yaradılması, distant təhsilin xüsusi pro­­qramlarla və dərs vəsaitləri ilə təmin edilməsi; 

  1. Metodiki: metodiki təminat elə bir səviyyədə olmalıdır ki, konkret fənn müstəqil şəkildə, hər suala görə müəllimə müraciət edilmədən mənim­sə­nilsin; 
  2. Təşkilati: distant təhsil almaq istəyənlərin qəbulu, onların tədris pro­se­sində iştira­kının qeydiyyatı, lazım gələn təqdirdə distant məsləhət­ləş­mə­lərin tə­min olunması, distant təhsilə cəlb olunanların konkret tələbat­la­rı­nın öyrənil­mə­si, buraxılış testinin keçirilməsi, eləcə də buraxılış işlərinin təşkil edilməsi; 

4.Texniki: Bütün tədris-metodiki materialların əvvəlcədən hazırlanması, təd­ris-meto­diki vəsaitlərdən istifadə etmək məqsədilə təhsil alanların is­tənilən vaxt kompüter şəbəkəsinə daxil olmasının təşkili, təhsil alanlarla məs­ləhət­ləş­mə keçirmək üçün ope­rativ əlaqələrin təşkili.
Qoyulan məqsədlərə tam şəkildə cavab verən distant təhsil sisteminin ya­radılması ümumdövlət məsələsi olmaqla, mürəkkəb bir prosesdir. Bu məsələnin həllində tədris müəssi­sələrində toplanmış tədris-metodiki, kadr və istehsal po­ten­­sialından, informasiya vasitələri və texnologiyalarından, distant təhsilin apa­rılma təcrübəsindən, mövcud olan telekommuni­kasiya infrastrukturundan və tə­lim-tərbiyə müəssisəsinin, o cümlədən ixtisasartırma və yeni­dənhazırlanma təd­ris müəssisələrinin təşkilati strukturundan geniş istifadə olunmalıdır.
 İlkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma sistemində distant təhsil zaman və məsafə baxımından uyuşqanlığı nəzərdə tutur və təhsilin fərdiləşdirilməsinin müstəqilliyini təmin edir. O, öyrənənlər tərəfindən yeni tədris materiallarının is­tifadəsində qarşılaşan tələbatlar üzərində cəmləşir. Burada əsas məqsəd dis­tant təhsilə yalnız texniki yanaşma deyil, həm də yüksək özünütəhsil səviyyə­sin­də nəticələrini texnoloji prosesin tələb etdiyi tapşırıqların tərtib edilməsinə və psixoloji möhkəmliyə keyfiyyət yanaşmasıdır. Distant təhsil nizamlı, tə­mi­natlı, maddi-texniki, elmi-metodiki, strateji və kadrların toplanmasını təmin edən prosedurdur və uzunmüddətli tətbiq üçün nəzərdə tutulur. Texnoloji tərəqqinin təsiri altında təhsil prosesi təkcə texnologiya və bilik mübadiləsi üçün deyil, eləcə də sərmayə qoyulması və bazar müna­si­bət­lərinin həyata keçirilməsi üçündür. Məhz bu mənada distant təhsilin priori­tet­ləri açıq-aşkardır, onun inkişafı aşağıdakı proseslərlə əks olunan təhsil sis­te­mi üçün xüsusi əhəmiyyət kəsb edir:

  • təhsil prosesində yeni münasibətlər yaradan iqtisadi islahatların davamlılığı;
  • yeni texnologiyalar və müasir təhsil kontekstində əhalinin yeni tə­ləbatlarının formalaşması; 
  • təhsil prosesinin iştirakçıları arasında verilənlərin mübadiləsini təmin edəcək yeni texniki imkanların yaradılması və inkişaf et­di­rilməsi. 

Fasiləsiz təhsilin daha yüksək uyuşqanlıq sisteminin mövcudluğu,  ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma qısa dövrdə cəmiyyətin tələbatları ilə qarşılaşa bilər. O, yeni şəraitə uyğun pedaqoji fəaliyyətdə kadrların treninqi və müəl­lim­lərin peşə bacarığına aid olan krizislərin aradan qaldırılmasına kömək et­mə­yə qabildir. 
İxtisasartırma təhsilində distant təhsil müxtəlif pilləli tədris müəssisələrinin, müntəzəm ixtisasını artırmağa imkanı olmayan, uzaq region və kəndlərdə yaşayan, yeni açılmış ixtisasları tədris edən, vaxtilə müvafiq ixtisasa yiyələnmiş, lakin müxtəlif səbəb­lərdən uzun müddət əmək fəaliyyətinə başlamayan, yaşadığı və işlədiyi yerdə ixtisasını artırmağa və ya müntəzəm özünütəhsilə ehtiyac duyan pedaqoji kadrlara qabaqcıl psi­xoloji-pedaqoji, elmi-metodiki informasiya, kommunikasiya və digər texnologiyalardan istifadə etməyi mənimsətməklə kompleks təhsil proqramlarını həyata keçirir. 
Internet şəbəkəsi və ondan istifadənin genişlənməsi, məlumatların veril­məsində texni­ki imkanların daha da artması nəticəsində müasir dövrdə distant təlimin həyata keçirilməsi daha aktual görünür. Təlim prosesində, eləcə də prak­tik və laboratoriya işlərinin yerinə yeti­rilməsində müdavimlər bu və ya di­gər problemləri kurs müəllimləri ilə məsləhətləşir, öz həmkarları ilə mübahisəli məsələləri müzakirə edirlər. Real olaraq, əlaqə üçün onlar bütün texniki im­kan­lardan istifadə edə bilirlər. Butelefon, e-mail, onlineregimində diskussiya­lar­da iştirak, interaktiv telekommunikasiya texnologiyaları və hal-hazırda da­ha geniş texniki imkanları olantelekonferensiya, telekörpü, tekst və qrafik informasiyaları, səsli, video (multimedia) informasiyaları vasitəsilə həyata ke­çirilir.
Məlim olduğu kimi, Təhsil Nazirliyi tərəfindən 10 illik Təhsil Islahatı Strategiyası (2003-2013-cü illər) hazırlanmışdır. Bu strategiyanın əsas məqsədi təhsil sektoru ilə bağlı bir çox mühüm məsələləri müvəffəqiyyətlə həll etmək, təhsilin keyfiyyətini yüksəltmək, təhsil sektorunun fəaliyyətini tədricən formalaşan bazar iqtisadiyyatı tələblərinə, sosial vəziyyətə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Dünya bankının yardımı ilə reallaşan Təhsil Sektorunun Inkişaf Layihəsi beş komponentdən ibarətdir. Bu komponentlərdən biri də “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” problemidir. “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” komponentinin tərkib hissələrindən biri “Müəllim hazırlığı alt komponent”dir. Həmin alt komponent çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən biri də “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” istiqamətində araşdırmaların aparılması, bu əsasda pedaqoji təhsilin modernləşdirilməsi və ən nəhayət müəllim hazırlığı prosesini dünya standartları səviyyəsinə qaldıraraq son nəticədə keyfiyyət göstəricilərinin yüksəldilməsidir.
İnformasiya resurslarının intensiv şəkildə inkişaf etdirildiyi bir şəraitdə əhalinin artan təhsil tələbatları artıq ənənəvi təhsil formaları ilə tamlıqla təmin edilə bilmir. Cəmiyyətin informasiyalaşma­sı, dünyada gedən qloballaşma prosesləri yeni təhsil modeli – Distant Təhsil (DT) modelini formalaşdırır. Bu modelin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, “ömürlük təhsildən” “ömürboyu təhsil” prinsipinə keçid ideyası təşkil edir. DT modeli informasiya cəmiyyətinin inkişaf və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirə salınmaz tələblərdən biridir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları sürətlə DT siste­minə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır, müasir modellərin prosesə tətbiqi günün tələbinə çevrilir.
Azərbaycan Respublikasında Distant Təhsil Sisteminin (DTS) yaradılması və inkişafı təhsil sahəsində dövlət siyasətinin öncül istiqamətlərindən biridir. 1999-2004-cü il­lər ərzində qəbul edilmiş bir çox dövlət sənədlərində bu məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Təhsil Sisteminin Təkmilləşdirilməsi” fərmanı, “Azərbaycan Res­publikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları inki­şafının milli strategiyası” Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” və sairə bu kimi mühüm dövlət sənədlərində DT-nin yaradılması, inkişafı, onun vacib atributları olan informasiya-təhsil məkanın, “İNTERNET” məktəbin, elektron kitabxanaların, elektron dərsliklərin yaradılması zərurəti və s. bağlı vacib və aktual məsələlər öz əksini tapmışdır. Qeyd edilən bu amillər “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” müəllim hazırlığı sisteminin real praktikasında DT texnologiyalarınin tətbiqini aktuallaşdırır.  Bu qabaqcıl texnologiyadan müəllim hazırlığı prosesində geniş istifadə həm təlim prosesinin keyfiyyətini yüksəldməsinə, gələcəkdə informasiya cəmiyyətində yaşayıb yaradan müəllimləri ən müasir təlim texnologiyaları ilə daha yaxından tanış etməklə yanaşı, DT sahəsində müəllimləri məlumatlandırmaq, onların diqqətini XXI əsrin təhsil texnologiyası olan DT-ə cəlb etməkdir. Bu məqsədlə 2006-cı ildə AMİ-nin “Müasir təlim və Distant təhsil” kabinetinin müdiri Əməkdar müəllim Z.Ə.Vəliyeva,  kabinetin metodistiAvropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresinin üzvü Əhməd Məmmədov tərəfindən respublikada ilk olaraq  pedaqoji kadrların maarifləndirilməsi, onların informasiya texnologiyaları sahəsində bilik və məlumatlıq səviyyəsinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və insanın inkişafı üçün yeni imkanların yaradılması məqsədilə hazırlanmış  “DİSTANT TƏHSIL TEXNOLOGİYALARI” (pedaqoji işçilərin özünütəhsilinə kömək üçün) vəsait, “DİSTANT TƏHSİL TEXNOLOGİYALARI” (ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma təhsili üçün (24 saatlıq))Treninq proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının 22.12. 2006-cı il tarixli iclasında müzakirə edilərək (protokol №_18_)  çap olunmuşdur.
        Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.Bu gün müəllim  elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmalı, elektron təlimin təşkilinin əsaslarını mənimsəməklə özünün rəqabətə davamlılığınıartırmalı,  müasir ünsiyyət üsullarında mobilliyin olması səbəbi ilə tələbələr üçün maraqlı və arzu ediləndir. Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur. Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir. Müəllimlərə kömək məqsədlə hazırlanmış vəsaitdə qeyd edildiyi kimi  Distant Təhsil – təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edil­məsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistem­li təşkilidir. DT öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. Distant Pedaqoji Təhsil (DPT) dedikdə fasiləsiz müəllim hazırlığı (ilkin pedaqoji, ixtisasartırma və yenidənhazırlanma) prosesində DT texnologiyalarının tətbiqi nəzərdə tutulur. DPT texnologiyasından fasiləsiz müəllim hazırlığının bütün səviyyə və formalarında istifadə edilə bilər. DPT ənənəvi pedaqoji təhsilin elektron variantı və ya mövcud təlim formalarının telekommu­nikasiya üçün uyğunlaşdırılması deyil. DPT ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal inkişaf etdirməklə, informasiya cəmiyyətində müasir müəllim hazırlığı qarşısında duran strateji məsələləri səmərəli həll edir.
DPT-nin əsas texnologiyaları aşağıdakılardır: 

  • Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi “keys” formasında komplekləşdirilir, müstəqil mənimsənilməsi üçün öyrənənə göndərilir. Öyrənənlə məsləhətçi-müəllim, tyutor arasında müntə­zəm məsləhətləşmə aparılır.
  • TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
  • Şəbəkə texnologiyası. Öyrənənləri tədris metodik materiallarla təmin etmək, həmçinin öyrənən və öyrədən arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir. 

Sonuncu halda distant dialoq İnternet resursları vasitəsilə həyata keçi­rilir. Təlim ünsiyyətinin əsasını xüsusi hazırlanmış və distant təhsil kursu şəklində tərtib edilmiş vasitələr təşkil edir. DPT sistemində bu texnologiyaların hər üçünün tətbiqi mümkündür. Azərbaycan Respublikasında DPT sisteminin inkişafının ilkin mərhələsində əsasən keys texnologiyasının tətbiqi nəzərdə tutulur. DPT sisteminin keys texnologiyasının tətbiqi üzrə təcrübə topladıqdan sonra, bu əsasda DPT Internet və TV texnologiyasınınyaradılması və inkişafı daha asan olar. Təhsil sistemi üçün Vahid İnformasiya-Təhsil Mühitinin (məkanının) yaradılması prosesi (vahid DT platformasının – xüsusi hazırlanmış proqram kompleksinin formalaşması)  tədris müəssisələrində zəruri maddi-texniki bazanın təminatı, müxtəlif ixtisaslar üzrə elektron kursların tərtibi və onların eksperimental sınağının təşkili, bu sahə üzrə kadrların hazırlanması, zəruri hüquqi-normativ bazanın yaradılması, beynəlxalq təcrübəninin daha da ətraflı öyrənilməsi və yerli təhsil sistemi xüsu­siyyətləri nəzərə alınmaqla adaptasiyası, DT texnologiyalarının cəmiyyətdə geniş təbliği işinin aparılması, bu problem üzrə elmi-tədqiqat işlərinin təşkili və aparılması və s. kimi məsələlərin müvəffəqiyyətli həlli reallaşar.
DT-nin mövcud texnologiyalarının (keys, Internet, TV texnologiyaları) hər biri ilkin müəllim hazırlığında müvəffəqiyyətlə istifadə edilə bilər. Lakin Internet texnologiyası və TV texnologiyalarının real tətbiqi üçün respublikada xeyli hazırlıq işləri görülməlidir (xüsusən də sistemli hüquqi-normativ bazanın yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, elektron kursların hazırlanması, DT üzrə kadrların kompleks hazırlanması və s.). Keys texnologiyası isə az vaxt ərzində, az məsrəflə, az resurs sərf etməklə reallaşa bilər. Bu səbəbdən “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası çərçivəsində DT və əlaqədar sahələr” alt komponentin hazırlanması və praktik tətbiqi məqsədilə ilkin mərhələdə keys texnologiyasından istifadə nəzərdə tutulur. Bu texnologiyanın tətbiqinə hazırlıq mərhələsi nisbətən asan olub, praktik tətbiqi ciddi çətinliklər törətmir. Bu texnologiyanın tətbiqi zamanı toplanmış təcrübə digər texnologiyaların tətbiqi zamanı fundament ola bilər, sonrakı mərhələdə daha da inkişaf etdirilə bilər. DT keys texnologiyasi tələbələrə keys formasında təqdim edilən çap və multimedia tədris-metodik materiallarin müstəqil surətdə öyrənilməsini nəzərdə tutur, bu zaman əyani məşğələ formaları üstünlük təşkil edir. Müəyyən kurs üzrə bu məşğələlər başlanğıc mühazirə, fəal seminar, treninq, məshələt, nəzarət yoxlama formalarını əhatə edir. Əsas diqqət xüsusi hazırlanmış müəllim-tyutorla tələbələrin qrup halinda məşğələlərinə yetirilməlidir.
Ilkin müəllim hazırlığında DT keys texnologiyaları əyani, qiyabi və DT formalarında tətbiq edilə bilər. Tədris müəssisəsinin imkan və məqsədlərindən asılı olaraq təhsil sistemində bu texnologiyan az və ya çox istifadə oluna bilər. Tədris planında olan bir və ya bir neçə kurs tam distant formada (bu halda ixtisas Distant formada müəllim hazırlığında isə DT həm forma, həm texnologiya ola bilər.
Ümumiyyətlə, yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi yaxşı səmərə verə bilər. Çünki, bu kateqoriya öyrənənlərin dünyagörüşü, həyat və peşə təcrübəsi, müstəqil işləmək vərdişləri, peşə seçimində qətiyyət və məsuliyyəti, ilkin müəllim hazırlığına cəlb edilmiş tələbə kateqoriyasına nisbətən daha yüksəkdir. Yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi bu sistemdə oxuyan müdavimlər üçün çox əlverişlidir, onlar ailələrindən, yaşadığı bölgədən, əmək fəaliyyətindən ayrılmadan, əlavə xərclər çəkmədən, rahat şəkildə öz həyat ahəngini pozmadan keyfiyyətli təhsil ala bilər.
Müəllimlərin yenidənhazırlanmasını tam distant formada həyata keçirmək mümkündür. Bu iş bir çox cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən DT formasına uyğun həyata keçirilə bilər. Təşkilatı baxımdan uyğunluq çox olsa da, məzmun baxımından müəyyən fərqlər özünü göstərə bilər. Belə ki, öyrənilən materialların məzmununda, sturukturunda müəyyən fərqlər özünü göstərə bilər. Digər tərəfdən burada müdavim şüurlu şəkildə, öz professional ehtiyaclarına uyğun olaraq, fərdi tədris planı (fərdi təhsil trayektoriyası) tərtib etməklə, özəl kurs keçmək imkanına malikdir. Beynəlxalq təcrübə göstərir ki, bu kateqoriya müdavimlərin təhsil keyfiyyəti daha yuksək olur. Müəllimlərin yenidəhazırlanmasını qismən DT-nin keys texnologiyası əsasında həyata keçirmək mümkündür. Bu, bəzi cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən analoji işə uyğun həyata keçirilə bilər.Müəllimlərin ixtisasartırma kursunda da DT-nin keys texnologiyaları uğurla tətbiq edilə bilər. Bu məqsədlə tədris edilən qısamüddətli kurslar üzrə xüsusi tədris materialları, test tapşırıqları, audio-vidio materiallardan istifadə edilə bilər (yenə də xüsusi keys tərtib edərək müdavimlərə göndərməklə). Müəllimlərin elektron poçtun imkanlarından maksimum istifadəsi də əhəmiyyətli ola bilər. Bu zaman hər bir müəllim il boyu işlədiyi məktəbin və ya dayaq məntəqəsi olan hər hansı məktəbin kompüter sinfindən sistematik olaraq, distant formada zəruri tədris-metodik, elmi əhəmiyyətli informasiya resusları əldə edə bilər. Təbii ki, əvvəlcədən zəruri ”INTERNET” resusları hazırlanmalıdır. Burada icmal şəklində (lakonik formada), müəllim hazırlığında DT-nin keys texnologiyalarının bəzi imkanlarını sadaladıq. Bütün dünyada olduğu kimi respublikamızda da  pandemiya şəraitində bütün təhsil müəssisələrində o cümlədən ,    Azərbaycan Dövlət  Pedaqoji Universitetində  tədrisin təşkili  onlayın formada davam etdirilir. İnformasiya texnologiyaları öz inkişafı ilə bəşəriyyətin sahib  olduğu zaman və məkan kimi fiziki məhdudiyyətlərini ortadan qaldıraraq  mövcud dünyamıza paralel yeni bir dünya , dəyişərək bu anlayışlara yeni bir məna gətirdi. Bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən istifadə edərək çalışmaq və fəaliyyət göstərmək mümkündür. İnformasiya texnologiyaları nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişdi. Bəşəriyyətin inkişafı boyu yaradıb ortaya çıxartdığı bəzi texnologiyalar, sonradan bəşəriyyətin özünün inkişafını, insanın həyatını, düşüncə tərzini, onun ətraf aləmin reallıqlarını dərketməsini və ətraf mühitə qarşı davranışını köklü surətdə dəyişmişdir. Bu isə müasir dövrdə müəlliminin əsas vəzifəsinin tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivasiya edə bilmək kimi mühüm elementləri ehtiva edir. Şübhəsiz  bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olması günün tələbidir. ADPU-nun  Elmi Şurasında  qəbul etdildiyi  kimi , müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və 100 illiyi yubileyi  ərəfəsində   pedaqoji kadr hazırlığını həyata keçirən ilk ali məktəb olan  ADPU-nun yeni missiyasıdır.

 
  Müəllif: Zülfiyyə VƏLİYEVA 
      

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir